Beşinci pərdə
Страница 3 из 3 · 67%
On birinci şəkil
Dağlarda düşmən qərargahı. Polkovnik Slavçinski, Səlim bəy, Mahmud bəy, Koxa və qeyriləri. Ətrafda vuruşma gedir.
Mahmud bəy
Yaman zor göstərir qaçaqlar yenə,
Qurbanlar istəyir bu dağlar yenə.
Naçalnik
Gəl mənə bu qədər tökmə dil, ağız,
Bir ovuc mujiklə bacarmırsınız!
Yox, belə bilməzdim Mahmud bəy səni,
Yetər, çıxartmayın özümdən məni!
Mahmud bəy
Doğru sözə, nə söz, güclüdür düşmən,
Polkovnik, başımı itirmişəm mən.
Doğrusu, halımız yamandır, yaman.
Naçalnik
Səndən gözləməzdim, sözündən utan!
Mahmud bəy, özünə ürək ver, ürək!..
Mahmud bəy
Vallah, məhv olarıq gəlməsə kömək.
Naçalnik
Mahmud bəy, nə kömək? İgidlərə bax!
Bəylərə batarmı yüz motalpapaq?
Bu haqda bir qədər düşünün dərin,
Kəsin qabağını o asilərin
Dəmirdən, poladdan bir hasar kimi,
Bəli, bu sıldırım qayalar kimi!
Səlim bəy (Gəlir.)
Polkovnik, nə edək?
Naçalnik
Nə olub məgər?
Səlim bəy
Getdi əlimizdən ən qabaq səngər,
Elə bil hamısı dəlidir, dəli...
Qırıla-qırıla cumur irəli.
Naçalnik
Qorxmayın, vuruşun, vallahi sizdən
Birbaş Peterburqa yazacağam mən.
Qazaq təngnəfəs gəlir.
Qara xəbərləmi gəlmisən sən də?
Qazaq
Qaçaqlar girdilər yuxarı kəndə.
Naçalnik
Sus, itin balası, itil, sərsəri,
Tez olun, onları oturdun geri!
Qazaq gedir.
Mahmud bəy
Vəziyyət ağırdır, polkovnik, düşün,
Bəs nə vaxt gələcək Tiflisdən qoşun?
Naçalnik
Bu qoşun söhbəti əbəs deyilmi?
Mən özüm burdayam, bu, bəs deyilmi?
Mahmud bəy
Bu doğrudur, lakin...
Naçalnik
Yeri deyil, sus!..
Səlim bəy
O gün beş yüz atlı boyun oldunuz,
Bu günsə davanın qızğın çağında
Dodaq büzürsünüz kömək haqqında.
Biz sizə güvənib girdik savaşa,
Qorxuram, arzumuz yetməsin başa.
Naçalnik
Kömək, kömək, kömək... Sözünə bir bax!
Bu haqda danışmaq nahaqdır, nahaq.
Onlardan on dəfə çoxsunuz ki siz,
Nə cürətiniz var, nə qeyrətiniz!
Ağalar, inanın, budur həqiqət,
Udar bu davanı hünər, cəsarət!
Səlim bəy
Mahmud bəy, yubanma, sənədir ümid,
Yanınca götürüb bir dəstə igid
Tez dələduzların ver cəzasını.
Yerlə yeksan elə, yurd-yuvasını!
Mahmud bəy
Divan tutacağam o azğın kəndə,
Rəhmim gəlməyəcək körpələrə də.
İnanın, onlara qan uddurmasam,
Böyükdən kiçiyə tamam qırmasam,
Alt-üst eləməsəm yuvalarını,
Külə döndərməsəm obalarını,
Mahmud bəy deyiləm, inanın mənə!
Naçalnik
Afərin, Mahmud bəy, afərin sənə!
Mahmud bəy gedir.
Koxa
Məni də yerimdən dəbərdir qisas,
Gedək, özümüzçün atışaq bir az.
(Gedir.)
II Qazaq (Gəlir.)
Düşmən səngərindən qoca bir qaçaq
Bizim qazaqları səslədi rusca.
Keçdi o tərəfə iyirmi qazaq,
Polkovnik, şübhəsiz rusdur o qoca.
Naçalnik
Ya ölü, ya diri, keçirin ələ.
Başına min manat qiymət qoyuram.
Qazaq gedir.
Səlim bəy
Naçalnik, ora bax, çevrilib yelə
Qazaqlar geriyə çəkilir tamam.
Əgər bu təpə də gedərsə əldən
Yaxa qurtarmarıq əsla əcəldən.
Polkovnik durbinlə döyüşü seyr edir. O həyəcan və təlaş içindədir.
Naçalnik
Dostum, qoy sənin tək vuruşsun hamı,
Əldən buraxmayın bu istehkamı!
Artıq aydın oldu vəziyyət mənə,
Kömək çatdıraram tezliklə sənə.
(İki qazaqla aradan çıxır.)
Səlim bəy
Get, get! İt canıymış Səlimin canı,
Vaz at dovşan kimi, dil pəhləvanı!
Koxa (Vahiməylə gəlir.)
Evimiz yıxıldı, atamız yandı,
Səlim bəy, gəl qaçaq, tez ol, amandı!
Səlim bəy
Nə dedin?
Koxa
Gəl qaçaq.
Səlim bəy
Anqırma, heyvan!
Koxa
Ayrı çarə yoxdur, sözümə inan.
Nəbi dəstəsiylə cumur yel kimi,
Gəlir üstümüzə daşqın sel kimi.
Səlim bəy
Gör kimə vermişəm süfrəmdə çörək,
Gör kimdən ummuşam özümə kömək,
Gör kimə inanıb, bel bağlamışam,
Gör kimi qapımda it saxlamışam.
Koxa
Səlim bəy... gəlirlər... Mən qaçdım.
Səlim bəy
Dayan!..
Alçaq, al payını!..
(Vurur.)
Koxa
Ölürəm, aman...
Səlim bəy qaya dibində atəş açır, Nəbi yüngül yaralanır. Nəbi də atır. Səlim bəyin gülləsi qurtarmışdır. Tapançanı Nəbiyə tərəf tuşlayır və başını qurtarmağa can atır.
Nəbi (Ətrafa səslənir.)
Həcərim, sağa cum, qurbanın olum.
(Qaçaqlara)
Başınıza dönüm irəli, hücum!..
Səlim bəyin hər yandan yolu kəsildiyindən qayaların dibində geri çəkilərkən Nəbi ilə üzbəüz olur.
Nəbi
Aha, xoş görmüşük Səlim bəy səni,
Niyə öldürmədin vaxtında məni?
(İstehza ilə)
Artıq əlimdəsən, bir an içində
İndi üzəcəksən al qan içində.
Səlim bəy
İgid qan-qan deməz gələndə üstün,
Nəbi, söz verirəm kişi tək bu gün,
Bir də əl qaldırsam mən sənə...
Nəbi
Gecdir.
Hesabı çürüdək, bu, son görüşdür.
Səlim bəy
Nəbi, bir fikirləş, səni görərəm,
Ağırlığın qədər qızıl verərəm.
Nəbi
Yun murdar ağzını, buna bax, buna!
Səlim bəy
Batırma əlini nahaqdan qana.
Sənə neyləmişəm?
Nəbi (İstehza ilə)
Heç bir şey... Qorxaq!
Yanır bütün aləm, ətrafına bax.
Mənəm, mənəm deyib söz başında sən,
Boğdun yoxsulları göz yaşında sən.
Nə dövlətdən doydun, nə qandan doydun,
Dərdli anaların canına qıydın.
Çevirdin zindana vətən mülkünü,
Boyadın al qana vətən mülkünü.
Mən ellər adından almasam qisas
Nakam ölənlərin ruhu şad olmaz!
Səlim bəy lapdan xəncərə əl atmaq istərkən Nəbi onu vurur. Qaçaqlar səhnəyə doluşur.
Alı
Bu dərdli torpağın çörəyi sənə
Halal olsun, bala!
Həcər (Gəlir.)
Düşməndən yenə
Xeyli əsir aldıq.
(Onu bağrına basır.)
Alı
Qəhrəman qızım,
Gəl, öpüm alnından, mehriban qızım!
Vasili
Heyif ki, polkovnik çıxdı aradan,
Onu parça-parça elərdim, inan.
Mürsəl tüfənginin başına Koxanın papağını keçirib oynaya-oynaya gəlir.
Vəli
Söylə, Mürsəl kişi, bu nə oyundur?
Kimin papağıdır bu papaq
Mürsəl
Gen dur!
Əclaflıq, məclaflıq çanağıdır bu,
Gorbagor Koxanın papağıdır bu!
(Papağı yerə çırpıb təpikləyir.)
Nəbi
Qaçaqlar, qəhrəmanlar, düşmən basıldı, ancaq,
Dava qurtarmamışdır, unutmasın hər qaçaq.
Dostlarım, arxayınlıq əsla yaraşmaz bizə,
Düşmən qüvvə toplayıb gələcək üstümüzə.
Ən dəhşətli, ən ağır döyüşlər qabaqdadır!
Ağ günümüz, baxtımız bu ana torpaqdadır!
“Koroğlunun dəliləri” mahnısı altında qaçaqlar hərəkət edirlər.
Alı
Get, oğlum, get, mənim dağlar qartalım,
Vuruş aslan kimi, qadanı alım.
Get, sənə desinlər, ay Qaçaq Nəbi!
Dostları özündən ay qoçaq Nəbi!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-qacaq-nebi-besinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ah çəkib qan yaş tökrəm,Səndən ötrü maral gözlüm,
Sizlərsiniz! Ey qövmi-macar, bizlərə ixvanSizlərsiniz ey qövmi-Macar, bizlərə ixvanƏcdadımızın müştərəkən mənşəyi Turan.
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,