Uşaqlıq həyatımdan xatirələr
Содержание
Страница 3 из 7 · 29%
Quş tutma
Tağı əminin göstərişi ilə mən və Məmmədağa qaratoyuq, alaçəhrə, sərçə kimi quşları tutmağı öyrənmişdik. Qaratoyuq tutmaq üçün at qılından cələ hörüb, bağda, ağaclar altında çox gözəl olan yerdə qururduq. Özümüz də uzaqda, ağac altında gizlənib, pusquda dururduq.
Qaratoyuq bağın xəzəllərini toyuq kimi eşələyə-eşələyə gəlib axırda cələ qurduğumuz yerə çıxırdı. Eşələndiyi vaxt ayağı cələnin qıldan qayrılmış gözünə düşürdü. Qaratoyuq ayağını çəkdikdə qıl halqa daralıb onu bənd edirdi. O zaman quş ayağını azad etmək üçün dartınırdı və çapalayırdı. Bunu gördükdə biz qaratoyuğun üstünü alırdıq. Sevinə-sevinə aparıb qəfəsə salırdıq. Qaratoyuq əsarətə tez öyrənişir, sonra oxumağa başlayır. Hətta onu tar ilə oxumağa öyrədirlər.
Sərçə tutmaq üçün heç cələ də lazım gəlmirdi. Həyətin bir küncündə xəlbirin altına və yanlarına dən tökərdik. Xəlbirin bir yanını qaldırıb altına karandaş kimi hamar çubuqdan dirək verərdik. Çubuğun alt ucuna uzun sap bağlayıb pusquda durardıq. Sapın ucu əlimizdə olardı. Sərçələr dənləyə-dənləyə gəlib xəlbirin altına girdikdə birdən sapı çəkərdik. Sərçələr nə qədər cəld qaçsalar da, yenə bir-ikisi xəlbirin altında qalardı.
Bunların maraqlısı çərtmə ilə alaçəhrə tutmaq idi. Bütöv qozu iki parça edərdik. Parçanın birinin tam ortasından deşərdik. Bu deşiyə çöp taxardıq. Onun ucuna da birçə dənə at qılından kəmənd kimi halqa qayırıb bağlayardıq. Çöpün ucunu qoz ləpəsindən yuxarı çıxartmırdıq. Çərtməni bağda ya yerə sancardıq, ya da ağacda budağa bağlardıq. Alaçəhrə qoza çox aşiqdir. Çərtməni görə-görə yenə də özünü onun üstə atır. Lakin qoz ləpəsini dimdiklərkən, həmişə ayaqlarını halqanın içinə düşməkdən gözləyir. Nə qədər cəldlik etsə də axırda dadlı qoz ləpəsi onun əsir düşməsinə bais olardı. Ayağı tora düşüb asıla qaldıqda, qışqırıq salardı.
Məmmədağanın alaçəhrəsi
Çox köçəri quş var ki, qış mövsümü Qarabağda qalıb, isti yerlərə köçməyir. O cümlədən biri də bağ quşu alaçəhrədir. Nağıl etdiyim il qış bollu qar və çovğun ilə gəldi. Hər növ havaya öyrənmiş sərçələr belə qışa davam gətirə bilirdilər. Onlar gündüzlər özlərini həyətə, tövləyə, pejinliyə, evlərin dəhlizlərinə soxaraq yem tapırdılar. Gecələr də samanlığa, dəyələrə, daxmaların, külaş damların deşiklərinə girərək özlərini soyuqdan müdafiə edirdilər. Lakin bağlarda yaşayan şux, sevimli alaçəhrəçiklər belə havada həm acından, həm də soyuqdan artıq əziyyət çəkirdilər. Bunların bütün pənah yerləri bağların qaratikan çəpərləri idi ki, orada az-çox yem tapa bilirdilər. Gecələr də orada yatırdılar. Həmin qış, yoldaşım Məmmədağanı çiçək azarı tutdu. Bu xəstəliyə düşəni soyuqdan saxlamaq lazımdır. Məmmədağa Tağı əminin tək övladı idi. Ona görə onun xatiri əziz idi.
Məmmədağanın çox gözəl xasiyyəti var idi. Mən onu hər vaxt müdafiə edərək qoymazdım ki, uşaqlar ona əziyyət versinlər.
Əmizadələrimin köhnədən qalma bir qara damı var idi. Orada heç kəs olmurdu. Məhsul saxlamaq üçün anbar idi.
Qara damlar qışda çox isti olarlar. Necə də olmasın! Dərin quyu kimi yerin içinə girən damlara ortadan bir baca qoyub üstünə bir metroya qədər qalın torpaq tökürdülər. Bu ağırlığa davam gətirməsi üçün dama çox böyük tirlərdən dirək vururlar. İçəriyə girmək üçün torpaq pillələr qazırlar. Onun üstünü örtürlər. Buna dəhliz deyirlər. Babalarımızın bu köhnə «imarət»inə nədən «qara» adı verildiyini bilirsinizmi? İki şeydən: biri üstünə tökülən qara torpaqdan, o biri tüstüdən, içərisi hislənib qurum tutaraq, qaralmağından.
Tağı əmi Məmmədağanı soyuqdan saxlamaq üçün arvadı Bacıxanımla dama yığışdı. Ocağa böyük kötüklər qoyub yandırırdılar. Gecə-gündüz damda ocaq sönməzdi. Bacadan içəri girdikdə sanki bir hamama girirdin. Mənim günlərimin çoxu burada keçirdi. Tağı əmi ovdan çürbəçür hadisələr söyləyirdi.
Məmmədağanı sevindirmək üçün bir dəfə çərtmə qurub bir alaçəhrə tutdum. Məmmədağa buna çox şad oldu. Qəfəs olmadığı üçün alaçəhrəni bir gün aşsüzən altında saxladıq: zavallı quşçuğaz o qədər aclıq çəkmişmiş ki, azadlığı üçün əsla çalışmayıb, ancaq qarnını doydururdu. O biri gün ayağına uzun sap bağlayıb damın içinə buraxdıq. Quşçuğaz yenə də qaçmaq fikrində deyildi. Damın içində, dəndən tutmuş çörək, qənd qırıntılarına kimi nə düşürdü dimdikləyib yeyərdi. Məmmədağaya elə öyrənmişdi ki, ona süd doğraması, südlü aş, firni və qeyri xörək verdikdə alaçəhrə də boşqabın qırağına qonub onunla bərabər yeyərdi. Bir azdan sonra sapı da ayağından açdıq. Buna çox şad idi. Çünki damda sap ilə rahat gəzə bilmirdi. Həmişə dimdiyi ilə sapı ayağından çıxartmaq istəyirdi. Bu gündən sərbəst olaraq, damın içində çik-çik edə-edə kah uçurdu, kah yorğan-döşək yükünün üstə oturub mürküləyirdi. Lakin damdan bayıra çıxmırdı.
Bir səhər damda oturmuşduq. Birinci gün idi ki, hava açılıb gün çıxmışdı. Günəşin şəfəqi damın bacasından içəriyə düşmüşdü. Alaçəhrə çik-çik edərək damda uçurdu. Birdən bacadan çıxıb getdi.
– Ah, quşum qaçdı! – deyə Məmmədağa qışqırdı.
– Qorxma yenə gələcəkdir. Belə isti yeri, yemək-içməyi buraxıb getməz, – deyə Tağı əmi onu sakit etdi. Doğrudan da bir azdan sonra yenə də çik-çik edərək bacadan içəri uçdu.
Bu sevimli quşçuğaz tamam qış damda yaşayıb, baharda bağa uçdu. Lakin köhnə məkanını və dostlarını unutmayıb kahdan-bir ziyarət edirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-sani-usaqliq-heyatimdan-xatireler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Birinci pərdənin səhnəsi. Pərdə qalxdığda Səfdərqulu bəy görünür.*Səfdərqulu bəy** (saata baxır). İndi seçki gərək qurtara. Nəbi! Nəbi!..
Eşq və intiqamBeş pərdəli yeddi şəkildə faciə*İştirak edənlər
Birinci pərdəSəhnə meşə içində ağac çəpərlə həsarlanmış bir həyət göstərir. Həyətin sağ tərəfində Piri babanın komasi, sol tərəfdə meşə sahibi Həsənqulu ağanın ikimərtəbəli evi görünür. Həyətdə neçə yerdə skamyalar qoyulmuşdur. Yasəmən komanın önündə oturub özünü günə verir. Yanında bir beşik. Pərdə qalxdıqda Piri baba çiynində tüfəng, əlində qırqovul, daxil olur.*Piri baba**. Yasəmən, gör sənə nə kök qırqovul ovlamışam.
İkinci pərdəBirinci pərdənin mənzərəsi. Birinci pərdədən iyirmi il keçibdir.*Pir baba**. Ey vəfalı silahım, sahibin tək sən də köhnəlmisən, paslanmısan. Keçmişdə sənin güllən heç puça çıxmazdı. Ağzından od parladığda ovu yerdə görmüşəm. İndi sinnim həştada çatmış, gözlərimin nuru getmiş, qollarımın qüvvəti azalmış. İndi səni qaldırıb qırğovulu nişana aldığda qaqqıltı ilə uçub uzaqlaşır. O qaqqıltı ilə sanki deyir, ey pir-natəvan, nə vaxta kimi bizləri ovlayacaqsan? Çəkil, rahat ol, daha vaxtın keçmiş. Bəli keçmiş... (*Yasəmən samavarı gətirib süfrəyə qoyur*). Yasəmən, Qəmər durubdurmu?
Стихи других поэтов
— Həsən:Göstərəndə qaşlarının tayını,
Deyişmə: Başına döndüyüm, qurban olduğum— İsmayıl:Başına döndüyüm, qurban olduğum
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.