Содержание
  1. Kənd məişəti
  2. Tağı əmi
  3. Quş tutma
  4. Məmmədağanın alaçəhrəsi
  5. İlanlarla mübarizə
  6. Tağı əminin tərlanı
  7. Axtar və Şənkül
  8. Çərik səfəri
  9. Balıq yerinə ilan
  10. Talesiz quşçuğaz
  11. Qayıbın iti

Страница 6 из 7 · 71%

Talesiz quşçuğaz

Taxıl biçilib döyülmüşdü. Qalmışdı dəyirman işi. Tağı əmi asudə idi. Günlərinin çoxunu ovda keçirirdi. Yaxında ov etdikdə məni də özü ilə aparırdı. Bir gün Məmmədağa anası ilə Seyidliyə getmişdilər. Onlar bir də axşam qayıdacaqdılar. Tağı əmi dedi:

– Dur, biz də onlar gəlincə bildirçin ovuna gedək.

Mən bu təklifdən artıq şad oldum, çünki axşama kimi yoldaşsız nə edəcəyimi özüm də bilmirdim. Tağı əmi ov torbasını boynundan asaraq dedi:

– Vəzifələrimizi ayıraq. Axtar ilə Şənkül bildirçini izləyib qaldıracaqlar, mən də qırğını vaxtında vuracağam. O da ovu tutacaqdır. Sən də onları bu torbaya dolduraçaqsan.

Mən Tağı əminin sözünə gülüb dedim:

– Mənim işim hamısından asandır.

Ov üçün uzaq getmək lazım deyil. Biçilmiş tarlaların küləşliyindən bildirçinlərin – «bit-billit» səsləri gəlirdi. Tağı əmi zəmilərə çatdığda:

– Axtar, tet! Şənkül, tet! Ha burda, ha burda, Şənkül qaldı! – deyə tulaları ovlatmağa başladı. Bu gün Şənkül Axtara üstün gəlmişdi. Birinci ovu qaldıran o oldu. Tağı əmi bildirçinin başını kəsib mənə verdikdə Axtarın ayağı altından bir bildirçin də qalxdı. Qırğını buraxmağa fürsət olmadı. Bildirçin uçub yaxın bir kolun içinə girdi.

– Eybi yoxdur, o da bizim malımızdır, hara getsə axırda sənin torbanda olacaqdır, – deyə Tağı əmi kola tərəf üz qoydu. Bizdən irəli tulalar yüyürüb kola çatdılar. İkisi də başlarını kolun içinə soxduqdan sonra dal-dalı çəkilməyə başladılar. Bu vaxt biz onlara çatdıq.

– Tağı əmi, tulalar nə üçün geri çəkildilər, – deyə soruşdum.

– Yəqin ilan görmüşlər, bu saat bilərik, – deyə Tağı əmi kola diqqətlə baxmağa başladı. – Səhv etməmişəm, ilandır, özü də kürzə. Qıvrılıb yatmışdır. Bu saat onu tutacağam, – deyə Tağı əmi qırğını mənə verdi.

Tağı əmi ilandan əsla çəkinməzdi. Bir balaca ağac ilə başından basıb, tutardı. İndi də tənbəki çubuğunu çibindən çıxarıb içindən bir qədər qır çıxartdı. Sonra həmin çubuğun sapı ilə ilanın başından basıb boğazından yapışdı. Hazır etdiyi çubuq qırını ilanın boğazına salıb onu bir qədər əlində saxladı. Sonra yerə qoydu. İlan hərəkətsiz qaldı. Mən təəccüb edərkən Tağı əmi dedi:

– İlanın zəhərindən başqaları öldüyü halda, ilan öz tənbəkinin qırından zəhərlənib tələf olur. İndi bu ilan şişib kötük kimi olacaqdır. – Bunu deyə Tağı əmi ilanı götürüb kolun üstünə qoydu. Sonra qırğını məndən alıb:

– Axtar, tet! Şənkül, tet! – deyə tulaları kola girməyə çağırdı. Şənkül ilanın ölüsündən də qorxaraq kola yaxın düşmədi. Axtar isə özünü kolun içinə soxdu. Lakin bildirçini orada tapmadı. Mə’lum oldu ki, bildirçin ilan fəgərəsindən istifadə edərək özünü başqa yerə vermişdir. Axtar da ovdan əl çəkən hərif deyildi. Tezliklə onun izinə düşüb tapdı. Tağı əmi deyən kimi bu da bizim malımız oldu. Günəş qürubə enirdi. Torba da getdikcə şişirdi.

– Daha kifayət edər, – deyə Tağı əmi evə tərəf döndü. Bir az getmişdik ki, Şənkül ayağını qaldıraraq Tağı əminin üzünə baxdı.

– Bu da Şənkülün xatiri üçün, – deyə Tağı əmi qırğını ovçuna aldı. Şənkül bunu gördükdə özünü bildirçinin üstünə atdı. Qırğı bu son bildirçini də tutdu. Tağı əmi bunu qırğıya vermək istədikdə:

– Tağı əmi, o bildirçini öldürmə, mənə ver, onu evə diri aparacağam, – deyə rica etdim.

– Yaxşı, al bunu. Torbadan bir bildirçin ver, qırğıya yedirdim.

Mən Tağı əmiyə bir ölü bildirçin verdim, o da diri bildirçini mənə verdi. Bildirçini çibimdə əlimlə tutmuşdum. Zavallı heyvançığın ürəyi elə döyünürdü ki, deyəsən bu saat partlayıb, canı çıxacaqdı.

Fikrim daim bunda olaraq necə qayıdıb ilan olan kola çatdığımızı bilmədim. Tağı əmi ilanı göstərərək dedi:

– Görürsən necə şişmişdir?

Mənim yenə də fikrim çibimdəki quşda olaraq, ilana məhəl qoymadım. Tağı əmi məni fikirli görərək dedi:

– Görürəm, həm yorulmusan, həm də acmısan, belə mi? Səbir elə, evə yaxınlaşmışıq.

– Yox, Tağı əmi, mən yorulmamışam, amma acmışam.

Yorulmağımı boynuma almadım ki, Tağı əmi bir də məni ova aparmaz. Lakin məni qəmkin və pərişan edən çibimdəki quşçuğaz idi, ona çox acıyırdım. İndi bunu Tağı əmidən almağıma peşman idim. Bu torbada başları kəsilmiş quşlara heç də acımırdım. Onları bu diridən xoşbəxt hesab edirdim. Onlar ölüb getmiş, daha bir də dirilib oxumayacaqlar, yuva tikib bala çıxarmayacaqlar... Yenə də quşçuğazın ürəyi döyünürdü. Bir an rahat olmurdu. Bu isə mənə tə’sir edirdi. Nə edim? Buraxımmı? Onda Tağı əmi mənə nə deyər? Məni sevməz, bir də ova aparmaz. Yox, bu yaramaz, – deyə fikrimi dəyişdirmək istədim. Lakin çibimdə ürəyi döyünən heyvançıq mənim də ürəyimin döyünməsinə səbəb oldu. Daha səbrim tükənmişdi. Quşu azad etməkdən artıq, özümü bu əzabdan xilas etmək fikrində idim. Axırda belə bir hiylə gəldim: bir az Tağı əmidən kəriyə qalaraq, əlimi çibimdən çıxarıb:

– Vay, yıxıldım! – deyə özümü yerə atdım. Bildirçin çibimdən çıxıb pırıltı ilə uçmağa başladı. Qırğı bunu gördükdə çırpınıb Tağı əminin əlindən çıxdı. Ayaqlarından uzun qayış sallana-sallana bildirçini tutub yerə endi. Tağı əmi onu qırğının əlindən alıb başını kəsdi. Sonra iki bölük edərək tulalara atdı.

– Görürəm, çox yorulmusan. Düz yerdə ayağın büdrəyir, yerə yıxılırsan, – deyə Tağı əmi gülməyə başladı. Mənim fikrim ölən quşda ikən, soruşdum:

– Tağı əmi, tox qırğı da ov dalınca gedərmi?

– Sənin quşun kimi bəxtsizlərin dalınca gedər, – deyə Tağı əmi təbəssüm ilə cavab verdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов