İşləyir qəlbində şirin bir dilək,Nə əllər yorulur, nə ürək doyur.Şüşəsi göy rəngə çalan bir çeşmək,Qara gözlərini oddan qoruyur,

Alnında qırışlar itir, görünür,Meşin iş pencəyini geymiş əyninə.Gah sola çevrilir, gah sağa dönür,O, tərli üzünü silir çiyninə.

Polad da əlində mum tək yumşalır,Bir işdən tutdumu, çətin daşına.Bilmirəm ağaran ağ saçlarıdır,Ya dəmir tozları qonur başına.

Kürəkdən enlidir, bədəndən doluƏzəmət duyulur tərpənişində.Açılmış yaxası, çırmanmış qolu,Bir döyüş medalı yanır döşündə.

O illər nə qədər uzaq olsa da,Unutmur dünənki kədəri, ahı.Top səsi nifrətlə düşdükcə yada,Sanki sülh nəğməsi çalır dəzgahı.

Nə bir ləkəsi var, nə də bir xalı,Rəngi qaralmayıb illərdən bəri.Zəfər rəmzi olan həmin medalı,Yuyub parıldadır alnının təri.

Vətənə bağlıdır ürəyi, canı,Sabahı yaradır öz əllərilə.Qanıyla qurduğu azad dövranı,Qoruyur müqəddəs alın tərilə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов