Köhnə şeirlərimlə söhbət
Həkimlər qadağan edib yazmağı,Dəyirman daşı tək hərlənir başım.Susmaq şair üçün ölümdür axı,Görəsən dərdimi kimə danışım?
Sizə danışıram, ey şairlərim,Ey mənim sınanmış, köhnə dostlarım.Gözümün işığı, bəhərim-barımDünyada yeganə dövlətim-varım.
Bir zaman gecəni qatdım gündüzə,Dedim üzülməsin əlim fürsətdən.Ömür bahasına can verdim sizə,Şirin ləzzət aldım bu əziyyətdən.
Siz üzə çıxınca əsərdi ürək,İmzamı görməyə mən tələsirdim.Pəncərə önündə durub sübhədək,Günəş nə gec doğur, – deyib küsərdim.
Səhərlər yürüyüb qəzet köşkünə,Tutardım növbədə birinci yeri.Beş-altı sətirlik şerin eşqinə,Bir qucaq qəzetlə dönərdim geri.
Ayağım altında qalardı şəhər,Uçardım, sizə mənim qolum-qanadım,Heyrətlə baxardı yoldan keçənlər,Sanardım hamıya tanışdır adım.
Şerimi oxuyur bütün binalar,Hər ev dost eviydi, qohum eviydi.Duyar sevincimi əziz analar,Sinəm nəğmələrin doğum eviydi.
Mən indi dünyanın ən bəxtəvəri,Atam hər şerimə məclis qurardı.Anam da eşidib bu şad xəbəri,Başıma üzərrik dolandırardı.
Oğlun şair olub, gözlərin aydın! –Axışıb gələrdi tanış-bilişlər.(Deyirəm ay ata, kaş sağ olaydın,Dolaydı evimə həmin gülüşlər).
İndi o günlərim dönüb nağıla,Ummuram əvvəlki umacağımı.Bir də o nəğmələr çətin doğula,Bir də kim qaytarar gənclik çağımı?
Şeir var, heyif ki, söhbəti yoxdur,Girmir otaqlara xoş xəbər kimi.Əvvəlki oxucu heyrəti yoxdur,Şairə baxmırlar peyğəmbər kimi.
Yazdığım ilk şerin ləzzətini mən,İndi on kitabdan almıram, düzü,Hər gecə gözümə çökür duman, çən,Qorxuram görməyəm bir də gündüzü.
Əlimdə tutar yox, qələmdən tuta,Qələmə nə var ki, dərd mənim olur.Stolum qaralıb dönür tabuta,Ağaran varaqlar kəfənim olur.
O mən deyiləmmi təbim gələndə,Hazırdım daş üstə oturub yazım?Elə ki, qurudu qələm əlimdə,İstərdim qanıma batırıb yazım.
İndi utanıram, ey şeirlərim,Varmı bundan ağır cəza, bilmirəm.Qoy çıxsın aşkara ürək sirlərim! –Əvvəlki həvəslə yaza bilmirəm.
Dünyaya baxmıram əvvəlki gözlə,Üzünü görməyim necə namərdin.Yanmıram əvvəlki atəşlə, közlə,Əlində girincəm azarın, dərdin.
Şeir əvəzinə, kitab yerinə,Dərman kağızları çıxır cibimdən.Şəhərin mötəbər həkimlərinəBaxıram Allaha baxan kimi mən.
Onlara deyilir hər ağrım, acım,Ərkim çatmayanda üç övladıma.Hər şəfqət bacısı öz anam, bacım,Simurq quşu kimi çatır dadıma.
Dilimə yad olub iynəli sözlər,Bədənim iynədən deşik-deşikdir.Durur başım üstə xətri əzizlər,Körpəyəm, çarpayım sanki beşikdir.
Bax, buna görə də ey şeirlərim,Sizdən xəcalətəm, özümdən bezar.Şeir məclisində görünür yerim,Məni dustaq edib qocalıq, azar.
Nə vaxtdır qalmışam yoldan, səfərdən,Yadıma gəzdiyim ölkələr düşür.Bir zaman uçduğum təyyarələrdən,İndi pəncərəmə kölgələr düşür.
Ən uca kürsüyə mən yaraşardım,Sənət meydanına gəldiyim gündən.İlham təzyiqiylə aşıb-daşardım,İndi boğuluram qan təzyiqindən.
Hamını maqnit tək çəkərdi sözüm,Daş-divar dözməzdi həyəcanıma.Qızların dilində şəkərdi sözüm,Qurd kimi daraşıb şəkər canıma.
Zəhərə döndərib o şirin ömrü,Hər ağrım sonuncu əzab kimidir,Yataqda çürüyən şairin ömrü,Bir küncə atılmış kitab kimidir.
Onu kim oxusun, kim varaqlasın?Yaxınlar duyurmu uzaqlığımı?Bədxahım tələsir gəlib ağlasın,Qəzetdə axtarır başsağlığımı.
Kim ki, qiymət verib, məni sayıbdır,Həmişə gələrdi, az gəlir daha.Dostlar ünvanımı yadırğayıbdır,Telefon zəngləri seyrəlir daha.
Görəsən nə imiş günahım mənim?Bəlkə azara da günah deyirlər.Sizsiniz sonuncu pənahım mənim,Ey məni yaşadan köhnə şeirlər!
Sizə övladımdan çox inanıram,Övladlar böyüyüb dəyişə bilər.Birini aldadır əyrilik, haram,Həyatdır, yolları səhv düşə bilər.
Ancaq siz dəyişməz qalın eləcə,Mən də bu dünyadan köçüm arxayın.Ayları, illəri almayın vecə,Necə var səsimi ellərə yayın.
Bəziniz yollarda köhnələrsiniz,Yaxşınız bir yana, pisiniz də var.Demirəm hamınız ləl-gövhərsiniz,Sizin tuncunuz da, misiniz də var.
Sizə şəkər verib, bal qatmaq üçünƏlləşdim, canımı şəkər tez aldı.Sizin ömrünüzü uzatmaq üçünArtdı qan təzyiqim, ömrüm qısaldı.
Məlhəmim sizsiniz, ey şeirlərim,Siz mənə ən doğma, ən əzizsiniz.Sənət dünyasında boş qalmaz yerim,Özümdən sonrakı həyat sizsiniz!
Kitabxana.az · https://kitabxana.az/ru/works/tofiq-bayram-kohne-seirlerimle-sohbet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Mən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Ahu baxışlı bir qızFüsuli-ərbəədə mən fəda olum yayə,Mənim güzarımı saldı Qara Kəlisayə.
Britaniya muzeyindəÜrəkdən sevirəm muzeyləri mən,Orda tarixi var xalqın, millətin,
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,