Sevgilim, əksin düşüb peymanədən-peymanəyə,Artırıbdır zövqümü meyxanədən-meyxanəyə.

Leylinin divanəsi Məcnun olubdur, mən sənin,Fərq qoya aqil gərək divanədən-divanəyə.

Şəm ilə pərvanə yandı, mən cəmali-yar ilə,Bir təfavüt qoymalı pərvanədən-pərvanəyə.

Söylənir dillərdə çox aşiqlərin əfsanəsi,Düşməmişlər mən kimi əfsanədən-əfsanəyə.

Yusifi göstərmək istərdi Züleyxa aləmə,Çox gözəllər topladı kaşanədən-kaşanəyə.

Kəbədən bütxanəni hərgiz ayırmaz haqpərəst,Eşqdir yol göstərən cananədən-cananəyə.

Tapmadı, Vahid, hələ heç kəs bu xəttin sahibin:“Qaldı bu dünya evi divanədən-divanəyə”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви