Şuradan əlim çıxdı, lap oldum evi bərbad,Faş etdi bütün sirrimi mürtəd qızı arvad.

Sədr olmağıma razı idi, məncə, xəlayiq,Məndən bu sayaq yox idi qəti-əlayiq.Ancaq məni arvad bu işə görmədi layiq,Nöqsanımı bir-bir üzümə eylədi tedad,Faş etdi bütün sirrimi mürtəd qızı arvad.

Alçaq bir adam olduğumu anladı hər kəs,İş başına keçməkliyimə vermədilər səs.Birdən-birə tapdandı “hüququm”, nə edim bəs?Yüz dadü fəğan eyləsəm, olmaz mənə imdad,Faş etdi bütün sirrimi mürtəd qızı arvad.

Arvaddan əgər etməsə hər bir kişi nifrət,Hərgiz deyil o həzrəti peyğəmbərə ümmət.Arvaddan həmişə həzər etmiş özü həzrət,Var naqisi-əql olmağına ayələr inşad,Faş etdi bütün sirrimi mürtəd qızı arvad.

Gəldim evə ondan sora seçgi qurtarandək,Aldım əlimə saçlarını əfi ilantək.Vurdum o qədər baş-gözünə qıllı qabantək,Fəryadına kənd əhli gəlib eylədi imdad,Faş etdi bütün sirrimi mürtəd qızı arvad.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира