Borçalı ilə deyişmə
Borçalı:
Gözüm yolda, könlüm səsdə qalıbdı,Görünmürsən, sən hayana çəkildin?Nə qürbətdə qərar tutdun, nə burda,Gah o yana, gah bu yana çəkildin.
Zəlimxan:
Bir müxənnət ürəyimə ox atdı,Ara yerdə düşdüm qana, çəkildim.Ovxarımı, kəsərimi aldılar,Qılınc kimi yatdım qına, çəkildim.
Borçalı:
Çəmənlikdən silinməyib izlərin,Qayalara çox toxunub dizlərin.Gözlərini yolda qoyub düzlərin,Gedib hansı biyabana çəkildin?
Zəlimxan:
Ağlatdılar, küsdürdülər, küsdülər,Gözlərimi kor eylədi tüstülər.Eldən gedən öz canına qəsd eylər,Oz canımı saldım qana, çəkildim.
Borçalı:
Nə inildə, nə sızılda, nə zarı,Oğulların yoxdu behi-bazarı.Sən getmisən, mən çəkirəm azarı,Məni qoydun, şöhrət-şana çəkildin.
Zəlimxan:
Məhəbbət sən, mərhəmət sən, kərəm sən,Ərzurumda qara batmış Kərəmsən.Əlli ildi ürəyimdə vərəmsən,Bağrım oldu şana-şana, çəkildim.
Borçalı:
Gözəllərin sirdaşıydın, yarıydın,Dağın gülü, zirvələrin qarıydın.Hər gün mənə bal gətirən arıydın,Uçub getdin, özgə şana çəkildin.
Zəlimxan:
Heç nə çıxmır döyüşümdən, davamdan,Qan tökülür rüzgarımdan, havamdan.Ozbaşına ayrılmadım yuvamdan,Tüstüləndim, yana-yana çəkildim.
Borçalı:
Çox toxumlar göyərmədi, bitmədi,Çox bülbüllər oxumadı, ötmədi.Borçalıtək dünya sənə yetmədi,Ad axtardın, ada-sana çəkildin.
Zəlimxan:
Yarpaq tökdüm qara yellər əsəndə,Dözəmmədim qəm qarşımı kəsəndə.Çölümdəki Zəlimxandan küsəndə,İçimdəki Zəlimxana çəkildim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-borcali-ile-deyisme
Клавиши ← → для перехода, R — случайное стихотворение