Səhifə 8 / 10 · 70%

Açma könül düyməsini,
Öz əlimlə vurulmuşam.
İçib eşqin badəsini,
Qızıl gülə vurulmuşam.

Gümrü bir gözəl diyardı,
Dağlarının başı qardı.
Eşq atəşi bağrım yardı,
Qara telə vurulmuşam.

Gümüş kəmər belindədi,
Eşq kitabı əlindədi,
Haqq kəlməsi dilindədi,
Tuti dilə vurulmuşam.

Gedin deyin o Leylana,
Yastığım döndüb ilana.
Nə aqiləm nə divana,
Bir gözələ vurulmuşam.

Söz tamama yetər - yetməz Lalə dedi:

  • Zalım oğlu, məni də babanı da qorxutdun. Daha denən ki, bir erməni və ya rum qızına vurulmuşam.
    Mustafa:
  • Ay ana, o qız rum qızı deyil, əsil türk qızıdı, adı Leyladı, əlində qızıldan düzəldilmış “Müqəddəs Quranı Kərim” var.
    Sərdar dilləndi:
  • Ay bala, mənə hər şey məlumdu, bircə o müqəddəs kitab məlum deyil axı, qızıldan müqəddəs kitab olmaz.
  • Ay baba, öz gözlərimlə görmüşəm. Hətta kitabın üzərində altunla həkk olumuş sözləri özüm öz gözlərimlə oxumuşam. Onu Leylan göz bəbəyi kimi qoruyur, deyir ki, atamın bizlərə qalan yeganə yadigarıdı. Hətta bu günə kimi atasi və anası barədə mənə heç nə deməyib, bircə şərti var ki, Gümrü şəhri nə vaxt abad olsa, mən də sənə o vaxt arvad olacam.
    Sərdarın dili topuq vura - vura dilləndi; -Bala, ağrın alım, o müqəddəs kitabın üzərinə nə yazılmışdı, deyə bilərsənmi?
    Baba, necə varsa, kəlmə - kəlmə deyirəm.

“Qiyamətə Qədər qoruyun”

Bu sözləri eşıdən Sərdar tir - tap yerə yıxıldı. Şah divanında hamı bir, birinə dəydi. Hər şey yaddan çıxdı, cammat düşdü Sərdarın üstünə. Hannan – hana Sərdar özünə gəldi. Gözlərindən yaş axa-axa dedi:

  • Bala, ölmədim, bu günü də gördüm, şad xəbərdən başım hərlənıb yıxıldım. Mustafa sən burada qal, mən günü səhərdən Gümrü şəhrinə yola düşəcəyəm. İki dünya bir olsa da, mən Leylanı sənə almalıyam.
    Sərdar:
  • Ay bala, bu şad xəbəri gələn kimi mənə deyə bilməzdinmi?
    Bəli, Sərdar bir sayil qiyafəsində Gümrüyə daxil oldu.
    Gümrünün dağılmış məhəllələrini gəzdikcə dərdi birə min artırdı. İyirmi illik ayrılıqdan sonra Sərdar ilk dəfə idi ki, Gümrü şəhərini görürdü.
    Sərdar öz yaşadığı mülkü tapdı. Xarabalıqlar üstündə oxuyan bayquşları görüb, sazını köynəkdən çıxardı. Üzünü bayquşlara tutaraq qəmli - qəmli aldı görək nə dedi:

Dəli könül, bayquş görüb ağlama,
Gəl bu yerdə sən sinəmi dağlama,
Bəxtin yatıb ona ümid bağlama,
Başa gələn yaradana bəllidi.

Dəli könül, qanadını qırdı qəm,
Kədər sənin, qədər sənin, yoxdu dəm,
Arvad - uşaq itgin düşüb, yox həmdəm,
Başa dələn yaradana bəllidi.

Dəli könül, Ağbabaya yön çevir,
Pərvaz elə o dağlara bir hovur.
Ürəyimi gizlin - gizlin dərd ovur,
Başa gələn yaradana bəllidi.

Sərdar bütün məhəllələri ələk - vələk elədi, ancaq Mustafanın nişan verdiyi yer öz dostu, həm də qohumu Nağdəlinin evi olduğuna artıq heç bir şübhə qalmadı.
Sərdar gördü ki, bağ həmin bağdı. Bağda bir qadın və iki gözəl qız oturub. Qadın qızın birinin başına tumar çəkir.
Bu qadın qanlı Alının arvadı Nazlı xanım idi. Sığal çəkdiyi qız öz qızı, yanındakı isə Leyla idi.
Sərdar: - Ay ev yiyəsi, qonaq qəbul edə bilərsinizmi? - deyib dilləndi, lakin cavab almadı, bir də Sərdar dilləndi:

  • Salam əleyküm, xanım, qapı – qapı gəzib, dilənirəm, mənə bir parça çörək verin, uşaqlarım acından batır.
    Yenə qadın dinmədi. Sərdar öz-özünə deyindi, yox, bu Sona ola bilməz, Sona son tikəsini kasıblara paylayan bir qadındı. Bu qadın lap kafirin qatısıdı ki, ona bir - iki atmacalı söz deyim bəlkə dili açıla.

Aldı görək Sərdar bu qadına nə dedi:

Gözəllər məkanı Gümrü şəhrində,
Saldı sinəm üstə od, Gümrü qızı.
Salam verdim, salamımı almadı,
Baxa-baxa qaldı mat Gümrü qızı.

Eyvanda durmuşdu bir su sonası,
Bağrına basmışdı çeyran balası.
Dedim qonağınam, zalım balası,
Al məni qoynuna, yat Gümrü qızı.

Niyə dillənmirsən, dilin lal olub?
Kim sənə deyər ki, əhli – hal olub.
Demə ki, saildi kəmxəyal olub,
Məni qul eylədin, bat Gümrü qızı.

Bir suyu oxşayır o nazlı yara,
Bilirəm bəxtimi yazıblar qara.
Sözümü deyirəm daşa - divara.
Xoşbəxt ol arzuna çat, Gümrü qızı.

Söz tamama yetdi. Nazlı üzünü Leylaya tutaraq dilləndi:

  • Ay Leyla, a bala get evdən kütdən - külədən gətir ver bu dilənçiyə, qoy cəhənnəm olub buradan getsin, yoxsa zəhləmizi tökəcək.
    Leyla əlində bir parça çörək dərvişə uzadaraq dilləndi:
  • Buyurun baba, elə olub - qopanımız budu, vallah- billah biz də buraladra çörəyi güclə tapırıq.
    Sərdar:
  • Əstəfurullah, əstəfurullah, mən nə görürəm, bu röyadı, yoxsamı nədi, şükür məsləhətinə Allahım, nə qəşəng, nə gözəl, ay maşallah, elə bil, bir su pərisidi çıxıb qarşıma.
    Allah səni xoşbəxt etsin ay qızım, bu çörəyin əvəzini Allah tala sizlərə artıqlığı ilə qaytaracaq, - deyib Sərdar oranı tərk etdi.
    Elə bil bu qız Sonanın özüydü, çıxmışdı onun qabağına.
    Bu qızı görəndən sonra Sərdarın dərdi birə min artdı. Oradan geri qayıdan zaman dağılmış evinin xarabalıqlarına baxıb Sona xanımı yadına salaraq Sərdar aldı görək nə dedi:

Əcayib sevdaya düşdüm, Allahım,
Ölürəm, ilqarım söylə, hardasan?
Bilmirəm dilbərim nədi günahım,
Təbibim, loğmanım söylə, hardasan?

Bir bağban olmuşam, bağ bar gətirmir,
Əkdiyim gülləri torpaq bitirmir,
Mən çəkən yükü heç fil də götürmür,
Ey nazlı ceyranım söylə, hardasan?

Sevdasız günlərim yadıma düşür,
Cismim də, ruhum da, titrəyir üşür,
Hər dəfə ömrümdən bir yarpaq düşür,
Xınalı maralım söylə, hardasan?

Axtardım sevdamı günüm il oldu,
Hara qədəm qoydum ora, gül oldu,
Sərdar eşq odunda yandı kül oldu,
Mehriban soltanım, söylə, hardasan?

Sərdar bu qızın kimlərdən olduğunu bilmirdi. İndi ona tam məlum oldu ki Mustafanın dediyi Leyla bu qızdı.
Artıq hava qaralmışdı. Sərdar qərara aldı ki, gedib xanda bir az dincəlsin.

Yeddinci hissə
Artıq hava qaralmışdı. Sərdar qərara aldı ki, gedib xanda bir az dincəlsin.
Qeyd: Ağbaba mahalında mehmanxanaya “xan” deyirdilər.
Xanda cəmi on nəfərə qədər adam var idı.
Sərdar adamların icərisindən o dəqiqə yetim Tapdığı tanıdı.
Yetım Tapdıq həzin - həzin tırınqı çalıb oxuyurdu. Sərdar Yetim Tapdığın sözünü kəsərək dilləndi:

  • Ayə, ay Yetim Tapdıq, bir əməlli başlı söz desən! Bizi lap qəm dəryasında boğdun axı, bir o telli sazı mənə ver görüm.
    Yetim Tapdıq başını qaldırıb dərvişə baxdı.
  • Ay zalım oğlu, mən hansı günümüzə yaxşı söz deyim, görürəm, sən buralar adamı deyilsən, bu telli sazım məni qoymur yasdan çıxam. Buyur sazı, kəramətini göstər, dənciyində nəyin varsa, tök ortaya.
    Sərdar sazı sinəsınə basıb aldı görək nə dedi:

Ay ərbablar, gəlin sizə söyləyim,
Qərib - qərib dolanıram elləri.
Fələk qəm zəncirin salıb boynuma,
Qərib - qərib dolanıram elləri.

Yeridim, yürüdüm qürbətə sarı,
Geriyə boylanıb baxmadım barı.
Ələndi saçıma dünyanın qarı,
Qərib - qərib dolanıram elləri.

Bir quşa dönəydim, uçaydım geri,
Gəzib dolanaydım o doğma yeri.
Qanan da, qanmaz da hökm edir, kiri,
Qərib - qərib dolanıram elləri.

Söz tamama yetdi.
Yetm Tapdıq qəmli-qəmli dilləndi:

  • Eh, a dərviş, bu yerlərdə səni kimi çoxlarının günü, ayı qara gəlib, burada hamı qəribdi.
    Yetim Tapdığın ağzında sözü yarımçıq qaldı.
    Sərdar aldı dübarə görək indi nə dedi:

Yatmışdım yuxuda... ayıldım gecdi,
Karvanın getmişdi, yollarda qaldım.
Yaxşı adım - sanım hörmətim vardı,
Batdı şan – söhrətim, dillərdə qaldım.

Taleyim tərs oyun açdı başıma!
Baxmadı gözümün qanlı yaşına!
Müxənnət fələyin bu gərdişinə
Qərib diyarlarda, çöllərdə qaldım!

Itirdim ağ günü, qohum – qardaşı,
Əydim qamətimi, ağartdım başı.
Gəzirəm tapmıram yarı – yoldaşı,
Doğma evim yoxdu, ellərdə qaldım.

Söz tamama yetən kimi Yetim Tapdıq dərindən bir ah çəkdi.
Ay dərviş, Allah sənə insaf versin, lap tüstümü təpəmnən çıxartdın. Sən mənnən yaxşı söz istəyirdin, bəs nə oldu, mənnən də betər qəmli sözlər deyirsən. Deyəsən, sən elə mənnən də betər dərddəsən.
Sərdar:

  • Hələ yenə sözüm var, Yetim Tapdıq, qulaq as gör nə deyirəm.
    Yenə Sərdar sözə başladı, nə başladı:

Fələyin qəzası tapandan məni,
Tutdu əllərimdən belə apardı.
Atəşli zənciri saldı boynuma,
Dözülməz dərdlərə, hala apardı.

Aradım yarı mən qəmə tuş oldum,
Hicran dərdi çəkib, bağrı daş oldum.
Bir qanadı qırıq, yalqız quş oldum,
Gəldi boran vurdu, yola apardı.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri