Səhifə 9 / 10 · 80%

Qəribəm, tənhayam, düşmüşəm dara,
Para – para oldu, qövr edən yara.
Dərdimə bir kimsə tapmadı çara,
Əlimdən var – yoxu bəla apardı.

Söz tamama yetən kimi Yetim Tapdıq qəmli - qəmli dilləndi:

  • Ay dərviş, sənin adın nədi?
  • Mədəd.
    Ay zalım oğlu, Mədəd! sənin səsin məni keçmişə apardı. Səsin mənə tanış gəlir, amma səni taniya bilmirəm, üzü qara olsun belə zamanənin! dərd-kədər qoyur ki, qırışığımız açılsın. Ay zalım oğlu, təki sənə gələn mala-pula gəlsin, bu dağılmış yerdə nə qalıb ki, camaat sənə nəsə də versin, camaatın özü indi dilənçi vəziyyətinə düşüb.
    Sərdar dilləndi:
  • Çarəsizəm aşıq, uşaqlar acından qırılır, gərək o başdan durub dağ kəndlərinə gedəm.
    Yetim Tapdıq başını bulaya - bulaya dedi;
  • Ay getdin ha, sən saydığını say, gör fələk nə sayır.
    Yetim Tapdıq sazı sinəsinə basıb aldı görək nə dedi:

İndi Ağbabada betər zamandı,
Gülənin gözünü oyurlar, Mədəd.
Dinəni göndərib gedər- gəlməzə,
Adını yarıtmaz qoyurlar, Mədəd.

Düşmüşəm səhranın qızmar çağına,
Buradan baxıram Öküz dağına.
Mərdləri çəkirlər şər ayağına,
Çəkib dərisini soyurlar, Mədəd.

Yetim Tapdıq deyər dönüb zamana,
Doğru söz söyləsən, düşərsən qana.
Dağlar betər batıb sisə - dumana,
Cücəni payızda sayırlar, Mədəd.

Qeyd: Öküz dağları Ağbaba ilə Gürcüstan respublikası sərhəd məntəqəsi arasındakı dağlardı. ( Qaranamaz kəndinin ( “Yeniyol” kəndi ) yuxarı hissəsindəki dağlar Öküz dağları adlanır.

Söz tamama yetdi. Sərdar birdən dözə bilməyib dilləndi:
-Yetm Tapdıq, deyən sən havalanıbsan nədi, Ağbabanın motalı, qaymağı, balı dillər əzbəridi, bəs aşığa sizlərdə necə hörmət edirlər?
Yetım Tapdıq başını bulaya - bulaya dilləndi:

  • Mədəd, görürəm buralar adamı deyilsən, bir sözlərimə yaxşı qulaq as.
    Yetim Tapdıq sazını kökləyib, aldı görək dübarə nə dedi:

Ağbaba deyilən bir gözəl eldi,
Hər yanı çəməndi, çiçəkdi, güldü.
Böyüyü - kiçiyi çox əhli dildi,
Indi bu vətənin adı qalıbdı!

Ağbaba deyilən uzaqda qaldı,
Tanrı verdiyini geriyə aldı.
Fələk başımıza qarama saldı,
İndi bu vətənin adı qalıbdı!

Ağbaba deyilən Çıldıra yaxın,
Eli pərən oldu bir yaxşı baxın.
Xeyri nə fəryadın, nalənin, ahın,
İndi bu vətənin adı qalıbdı!

Yetim Tapdıq gözlərinin yaşını silib, dilləndi:

  • Mədəd, sən qabağa düş, mən də dalınca gəldim.
    Bir az da gözləsəm, bağrım qana dönəcək.

Aldı Mədəd:
Dərd əyib qəddimi, sənə söylədim,
Deyən tanımadın, ay Yetim Tapdıq.
Səni qınamıram, çox qocalmışam,
Olmuşam qocaya tay, Yetim Tapdıq.

Yetim Tapdıq:
Dərdimi artırdın, birim min oldu,
Açdın ürəyimdə yüz baca, Mədəd.
Amma danışırsan üstü örtülü,
Burda sirri bizlərə kim aça, Mədəd.

Mədəd:
Bir zaman xan idım bu yerlərdə mən,
Qəlbimi açırdı burda çöl – çəmən,
Mən indi piranam, həm də dərd ərkən,
Toyum dönüb olub vay, Yetim Tapdıq.

Yetim Tapdıq:
Səsin yanıqlıdı, xoşdu avazın,
Nədən qışın getmir, açılmır yazın?
Taleyin bəd gəlib, qaradır yazın,
Sən ya bəzirgansan, ya xoca, Mədəd!

Mədəd:
Necə tanıyasan neçə il keçib
Qəzanın qədəri qəlbimi seçib.
Fələk ağ günümü ot kimi biçib,
Istəsən dərdimi yay, Yetim Tapdıq.

Yetim Tapdıq:
Tanışlıq vermirsən, mat eləmisən,
Özünü bizə sən yad eləmisən.
Tapdığın canına od ələmisən,
Dərd səni eyləyib bir qoca, Mədəd!

Söz tamama yetsə də, Sərdar yenə söz deməyinnən qalmadı.

Aldı Mədəd:
Pünhan – pünhan çox dolandım,
Sinəm üstü dərdə bax!
Yağı basan, od vurulan
Obaya bax, yurda bax!
Dərdim çoxdu dəymə mənə,
Od alıban yanıram;
Müxənnətin dövranıdı,
Axtar, ara sən mərdə bax!

Yetim Tapdıq:
Pünhanlarda dolanıbsan,
Çox olubsan girdə bax!
Nə tapıbsan xəlvətlərdə,
Pünhan olan sirdə bax!
Dərdim üstə dərd gətirdin,
Oduma od elədin;
Huş qarışdı, ağıl itdi,
Ataş oldu sərdə, bax!

Mədəd:
Pərən – pərən olan ellər
Harda pənah eyləyib?
Qan ağlayan arvad – uşaq
Gözündən qan ələyib!
Yada əsr düşməkdənsə
Qəfil ölüm diləyib.
Türk deyilən adlı kişi
Qaldı quru yerdə, bax!

Yetim Tapdıq:
El – obadan söz salıban
Qəmi çəkdin ortaya.
Müsibəti yada salıb
Dərdi əkdin ortaya.
Açdın hicran bazarını
Mətah tökdün ortaya;
Alıcıyam aldım deyin
Qan ağlayan dərdə, bax

Mədəd:
Viran könlüm yaralıdı,
Yarasını qanatma;
Bu bir sirdi, mən nəçiyəm,
Nə çarəyəm, can atma...
Faş olacaq bu da bir gün
Bir səbr eylə, unutma;
Tanımırsan, nəzər eylə
Üz-gözümə bir də bax!

Yetim Tapdıq:
Yetim Tapdıq yaralıdı,
Bir yara da sən vurdun.
Nə yaman tərs damarın var,
Dediyin üstə durdun.
Daha heyim qalmayıbdı
Lap qanadım qırdın;
Həqiqəti üzümə de,
Çəkmə gözə pərdə, bax!

Söz tamama yetdi. Amma Sərdarın daha səs – səmiri də cıxmadı. Artıq danışmaq yersiz idi. Çirtma vursan Sərdarın qanı tökülərdi, çünki Yetim Tapdıq onu tanımadı. Artıq gecə yarıdan keçmişdi.
Səhərin ala, qaranlığında Sərdar xanı tərk edib, libasını dəyişərək Gümrü şəhrinin qırağında olan qoşun- ləşkərin yanına qayıtdı. Əsgərlər paşanı salamla qarşıladılar.
Yüzbaşı irəli çıxıb paşanın nə əmr verəcəyini soruşdu. Sərdar dilləndi. Yüzbaşı andın nədir?

  • Hamza.
    Sərdar:
  • Hamza oğlum, adına qurban olum. Mustafa gələ bilməyəcək, qoşunu iki günə kimi döyüşə tam hazırla. Məqsəd-məramımız Ağbabadan başlayıb torpaqları yağılardan təmizləməkdir. Mənim isə iki günlük Gümrüdə görüləsi yarımçıq işlərim qalıb.
    Hamza:
  • Oldu, paşam, baş üstə: “dedi”.
    Səhər açılan kimi Sərdar yenə libasını dəyişib dərviş formasında Gümrüyə qayıtdı.

Səkkizinci hissə
Səhər açılan kimi Sərdar yenə libasını dəyişib dərviş formasında Gümrüyə qayıtdı. Şəhərin bu başından vurub o başına, o başından vurub bu başına çıxdı. Ancaq Mustafa dediyi tək bağça birinci gördüyü rəhmətlik Nağdəlinin bağçasından başqa heç nəyi tapmadı. Çarəsiz qalıb bir də bağçaya yaxınlaşdı. Leyla qızıl güllərə su verirdi.
Ədəb-ərkanla Leylaya salam verdi.

  • Qızım, bir fincan mənə su verərsənmi, ciyərim yanır.
    Leyla su gətirəndə gördü ki, dərviş qızıl gülləri iyləyib nə isə öz-özünə danışır. Gözlərindəndə yaş sel kimi gedir.
  • Bağça həmin bağça, güllər həmin güllər, fincan həmin fincan, amma qızım sən çox cavansan axı. Adın nədi? Leyla.
  • Hə, Mustafa dediyi qız demək sənsən.
  • Ay baba, bağrımı yandırma, sən Allah de görüm Mustafaya nə olub?
  • Heç nə, qızım, qorxub eləmə. Mustafa Ağbabada yağı düşmənlərlə qızğın döyüşə girişib, özü də mənə dedi ki, Leylaya deyərsən ki, bir həftəyə kimi onu mütləq görəcəm. Bax bu altun həmayılı da sənə göndərdi.
    Leyla:- Sağ ol, ay baba, bu nə gözəl boyunbağıdı. Keçın içəri bir fincan cay için.
    Sərdar:
  • Sağ ol qızım, su içdim, ürəyimin közü yatdı.
    Leyla:
  • Baba, mən dərvişləri deyib - gülən görmüsəm, sənin isə iki gündü ki, göz yaşın sel təki axır, axı sənə nə olub?
    Sərdar:
  • Qızım mən çəkən dərdi Allah düşmənimə də qismət eləməsin. Mənim üzüm qiyam, qiyamətda güləcək. Qızım yaralarımı qoparma, qulaq as, gör nə deyirəm.
    Aldi görək bu dəmdə Sərdar nə dedi:

Başına dondüyüm gül üzlü Sonam,
Mən yandım, sən yanma, gül, bu yanda dur.
Yanıb viran olub məhəbbət bağım,
Bağıma qar yağıb,gül, bu yanda dur.

Güllü baxçalara küləklər əsir,
Sünbülün bağrını sarmaşıq kəsir.
Mənə dərd verməyə fələk tələsir,
Az qalır lal olsun dil, bu yanda dur.

Taleyim tərs gəlib, bəxtim dönübdü,
Bacam basılıdı, ocaq sönübdü.
Dərvişin bəlası göydən enibdi.
Axir gözlərimdən sel, bu yanda dur!

Söz tamama yetsədə, Leyla dərvişin dediklərindən heç nə başa düşmədi.
Bu dəmdə icəridən Nazdı xanımın səsi gəldi.

  • Ay Leyla, o nə səs küydü. Leyla gülə - gülə içəri qaçdı. Ay ana, Mustafadan xoş müjdə gəlib.

Sona xanım dərvişə çörək vermək məqsədi ilə çölə çıxdı, amma heç kimi görmədi. Artıq Sərdar oradan uzaqlaşmışdı. Qayıdıb kor - peşman bağçaya girəndə gördü ki, bağça lalələrlə doludur. Leyla əlindəki altun həmayili anasına göstərərək dedi:

  • Ana, bu da Mustafanın mənə hədiyyəsidir, dərviş ilə göndərib.
    Altun həmayılı görən Sona xanım huşunu itirib bağçaya yıxıldı.
    Üç gün üç - gecə huşsuz vəziyyətdə yerindən dura bilmədi. Qanlı Alı Sona xanıma nə oldu deyib, fırfıra kimi fırlanırdı.
    Nazdı isə öz-özünə deyinirdi.
  • Ay kişi, iki gündür ki, bizim evə bir dərviş gəlib gedirdi özünü də çox pis aparırdı, üstəlik hələ bizə də atmacalı sözlər də dedi. Başı batmış Leyla onu içəri çağırıb, güya gəlib anasına deyib ki, deməzsənmi dərviş Mustafadan müjdə gətirib. Sona o altun həmayılı Leylanın əlində görəndə halı pisləşib yerə yıxılıb.
    Sona yatağa düşməkdə olsun, sizə kimdən danışım Sərdar paşadan.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri