1. An - min il

Anam öldü!
Son nəfəs,
Son hıçqırıq,
Son nida!
Bizə dedi əlvida!
Bir saat əvvəl
duyan,
hiss eləyən
bir insan
Yatağında daş oldu.
Heçliyə doğru axan
Bir axına qoşuldu.

Anamın ölümündən
Bir an keçib,
ancaq o,
Daş olub insan ikən,
Öz-özünü danıbdır.
Bircə anda
O bizdən
Min il aralanıbdır.
Elə bil zaman bizə
Bu ölümlər,
ölümlər,
Arxasından hey gülür.
Kim deyir ki, vaxt -
zaman
Saat ilə ölçülür?!

2. Başdaşı

Anamı dəfn etdik...
töküldü dən-dən
gözümün yaşı,
Həmin gün məzarın baş tərəfindən
Anamın yerinə qalxdı başdaşı.
Anamın əvəzi başdaşı oldu,
Kölgəsi özüylə yanaşı oldu...
Öldümü?
Elə bil o yoxmuş əsla,
Daşların üstdəki neçə yazıyla
seçilir insan
başqalarından.

3. Zaman

Bir ay tamam oldu, düz bir ay,
bir gün
Gəldim qəbiristana...
anamla deyil,
Onun başdaşıyla görüşmək üçün.
Düzü gözlərimə inanmadım mən,
Bir heyrət dalğası ötdü sinəmdən.
Yaxşı yadımdadır...
dəfn ediləndə
Sonuncu qəbirdi anamın qəbri.
Qəbirlə doludur sağ-solu indi.

Nədən məzarlıqda vaxt düşmür yada?
Demə o burda da, burda da varmış!
Ölülər məskəni - məzarlıqda da
Zaman, qədəm-qədəm addımlayırmış!..

4. Bu gün yeddin oldu

Anam öldümü?

Nə tez əllərini üzdün dünyadan,
Balanı tək qoyub hara getdin sən?
Necə yox olurmuş bir anda insan,
Elə bil dünyada heç yox imişsən.

Günəş qürub etdi... otaq qaraldı,
Bir anda yox oldun sən xəyal kimi.
İndi düşünürəm: səndən nə qaldı,
Könlümdə xatirən qara xal kimi.

Məni boya-başa yetirdin, ana
Bizə borclu bildik hər zaman səni.
Sən məni dünyaya gətirdin, ana,
Mənsə yola saldım dünyadan səni.

Sən mənə beşikdə laylay çalmısan
Bu gün laylay çalım sənə məndəmi?
Sənin şirin-şirin laylalarını
Mən sənə qaytarım cənazəndəmi?

"Yuxun şirin olsun" - deyərdin mənə,
"Yuxun şirin olsun" - deyimmi sənə?
Gərək mən başına dönəm-dolanam,
Məni həyat üçün
Yatıran anam,
Söylə ölümçün
Necə yatırım
Səni mən bu gün?
Bu necə dünyadır, anlamıram mən,
Cilvəsi cürbəcür, rəngi cürbəcür.
Dünən nəfəsiylə səni isidən
Bu gün buza dönüb, daşa dönübdür.

Bu necə dünyadır,
İnsan oğlunun
Xəyalı göydədir, özü yerdədir,
Sağ ikən çiynində həyatın yükü
Öləndə cəsədi çiyinlərdədir...
Bu necə dünyadır, bu necə dünya,
Ölümü həqiqət, həyatı röya.

Dərdimin, qəmimin səndin ortağı,
Niyə üz döndərdin, bəs niyə məndən?
"Dərdin mənə gəlsin!" - deyərdin axı,
Niyə dərd caladın dərdimə bəs sən?...

Anam, heç kəs səni incitməmişdir,
Mən səni,
mən səni incidən qədər.
İndi kimə açım dərdimi bir-bir,
Kim mənim dərdimə yanar sən qədər?
Evin hər küncündə görünür yerin.

Gözüm axtarcıdır, ana, ay ana.
"Nənəm hanı?" - deyir körpə Azərin.
Mən nə cavab verim ona, ay ana?

Birmirəm, bilmirəm bu ölüm nədir.
Həyat var ikən?
Nəfəsin, ay anam, hələ evdədir,
Özün yer altında daşa dönmüsən.
Bu gün yeddin oldu...
anam, yeddi gün,
Bizimlə bərabər ağlar otaqlar.
Sənə,
yalnız sənə,
sənə deməkçün
Könlümdə nə qədər mənim sözüm var.

"Kimləri çağıraq bu gün yeddiyə?
" Xalalar, bacılar soruşur məndən.
Anamdan soruşaq, o bilər deyə,
Sənin otağına üz tuturam mən.

Anam, tapşırıldın ana torpağa,
Bu ölüm, sinəmə çəkdi dağ mənim.
Sən mənim arxamda bənzərdin dağa,
Elə bil arxamdan uçdu dağ mənim.

Qızımın adıdır sənin öz adın.
Bu da göz dağıdır mənə bu gün də.
Son dəfə sən mənə baxıb ağladın.
Surətim məzara getdi gözündə...
Ömrü başa vurdun altmış yaşında.
Altmışın üstündə durub yaşın da.
Artıq sənin üçün dayanan zaman
Mənimçün dolanır...
Gün olur axşam.
Vaxt keçir, sən məndən uzaqlaşırsan,
Mən sənə günbəgün yaxınlaşıram.

Fevral, 1963

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm