İlləri dən kimi zaman üyütdü,Ocaq heydən düşüb, köz qaralıbdır.Ömrün yayı keçdi, bahan ötdü,Ömrün iztirablı qışı qalıbdır.Onu da bilmirəm, qalıb, qalmayıb?Bəlkə köçəcəyəm qışa çatmamış.Amma həyat eşqi heç azalmayıb,Köçmək istəmirəm qışı dadmamış...

Fəsillər gözəli - bahardı, yaydı.Qış - əzab fəslidir...Barı - şaxta, qar.Ömrün dadı-duzu arxada qaldı,Öndə əzabım var, iztirabım var.

Vaxt boyu kiçiltdi, yaşı böyütdü,Zaman verdiyini birbəbir alar.Başımın üstündən ötdü, nə ötdüİllərin köç edən səfi - durnalar.

Gözümə tor gəlir... Belədi gərdiş.Başıma gələnlər qədərdən gəlib.Demirəm, gözlərim toran gətirmiş,Deyirəm, havaya duman, çən gəlib.

Ağlımla hər şeyi görürəm, nə qəm,Baxmadan seçirəm qaradan ağı.Baxıram, yaxını görə bilmirəm,Uzağı görürəm, ancaq uzağı.

Dəmdən düşdüyümü bildirməsəm də,Zaman öz işində, öz işindədir."Hiss edə bilmirəm yaşı" - desəm də,Bilirəm yaş nədir, ömür, gün nədir?..

Mənim öz məclisim, mənim öz yerim,Çılğın duyğulardan yaşım çəkindi.Gözəl qız görəndə yanan gözlərimOğluma gözaltı axtarır indi.Bəs bu nə sövdadır, bəs bu nə həvəs?Ölümü özümdən gen sayıram mən.Cavanlar yanında bu nədəndi bəsYaşımı deməyə utanıram mən?

Ürək bu dünyadan küsdü, incidi,Yaşımı birisi salırkən yada.Dünya uşaq idi, dünya gənc idi,Mənimlə bərabər qocalır o da.

Ayları, illəri çəkdim tarıma,Yoxsa bezdirmişəm qoca dünyanı?Yaşımı artırıb həmyaşlarımaUşaq tək baxdığım günlərim hanı?

Özümdən irəli baxırdım onda,İndi arxadadır qəsdim, gümanım.Dumanlı xatirə yağışlarındaİslanır ürəyim, islanır canım.

Kədərli anlarda anıram hərdənKimlər gəlib keçdi, dünyadan kimlər?Bu, niyə belədir?Yaşlaşdıqca mənOyanır ruhumda çox-çox qədimlər...

Atam, babam girir yuxuma tez-tez,Ardıqca rəngbərəng əməllərimi.Yuxumda atamla atam kimi yox,İndi danışıram həmyaşım kimi...

Nədir bu təlaşlar, heç sorma, könlüm,Üzməsin bu yolda kədər, qəm səni.İtən gəncliyini axtarma, könlüm,Axtarsan, qorxuram itirəm səni.

Təzə pöhrələrə o məğrur günəşVerib istisini qüruba endi.Mənim itirdiyim o od, o atəşOğlumun gözündə alışır indi.Dünya təzələnsin! Görüşüb qışla,Bu haqqı həm bilən, həm danan mənəm.Köhnə dünyamıza təzə baxışlaÖvladlar gözündən boylanan mənəm.

İyul, 1978

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri