Məzmun
  1. I. arvad əziz məxluqdur
  2. Iı. analıq hissi müqəddəsdir
  3. Iıı. arvadlara hörmət etməlidir
  4. Iv. arvada ixtiyar verməlidir
  5. V. analıq
  6. Vı. evdar arvad
  7. Vıı. arvad zövcəlikdə
  8. Vııı. arvadlar elmli gərək olsunlar
  9. Ix. anasız uşaqlar
  10. X. analı yetimlər
  11. Xı. analı uşaqlar
  12. Xıı. həqiqi ana

Səhifə 6 / 7 · 71%

X. analı yetimlər

Bir müsəlman məktəbində dərs deyirdim. On beşədək şagirdim var idi. Bunların heç birində təmizlik, nizam və tərbiyə yox idi. Əlləri tozlu, mürəkkəb qaralı, üzləri yuyulmamış, paltarları çirkli. Tər qoxusundan və üfunətdən yanlarından keçmək belə mümkün deyil idi. Əxlaqları pozğun idi. Bir-birinə latail söyləməklə, biədəb hərəkətlər törətməklə ömürlərini keçirirdilər. Dərs otağında bir növ bunları nizamla saxlamaq mümkün olurdu. Tənəffüs zamanı həyətə çıxdıqda cəmi tərbiyəsizlikləri büruzə verilirdi. Yırtıcı qurda dönüb bir-birlərinin canına düşürdülər. Budur, görürdün ağlaya-ağlaya biri şikayətə gəldi. Bir az keçməmiş bir ayrısı başının və ya ağzının qanı axa-axa müəllimə tərəf üz qoydu. Bu tərbiyəsizlərin rəftarında o qədər qabalıq, vəhşilik və əxlaqsızlıq var idi ki, adamı özlərindən tamam nifrətləndirirdilər...

Bu biçarə uşaqlara baxdıqda həmişə fikrə gedirdim. Ev tərbiyəsinin böyük mənasını düşünürdüm. Hərgah analar övladlarına tərbiyə versə idilər, bilirdim ki, məktəbdə nizamsızlıq, uşaqların rəftarında qabalıq və vəhşilik görünməzdi. Gördüklərim getdikcə mənim bu əqidəmi möhkəmləşdirdi. Təcrübəm artdıqca əqidəm də qəviləşdi. Məsələn, yaylaqda bir hacının iki oğluna dərs deyirdim. Bunlardan savayı bir neçə əcnəbi uşaqlarının təlimi ilə də məşğul idim. Müsəlman balaları ilə əcnəbilərin arasında nə qədər təvafüt olmağı gözə çarpırdı. Əcnəbilərin dərsini qurtarıb müsəlman evinə rəvan olduqda elə bil zindana gedirdim. Bilirdim ki, qanım xarab olacaq. Heç müəyyən vaxtda bunları dərs üçün hazır görməzdim. Çox vaxt qaçıb gizlənirdilər ki, dərs oxumasınlar. Qaçmasa idilərsə də “kitabları itirdi”. Dərslərini dürüst əzbərləməzdilər. Özləri də nə halda müəllimin qarşısına çıxırdılar – görməsəniz bilməzsiniz. Başdan ayağa çirk, üfunət, toz. Burunlarını qollarına silərdilər, fırtlıq quruyub həftələrlə orada qalardı. Üstünə yüzlərlə milçək yığılardı. Tər üst libasa çıxıb quruyardı, ağ izi qalardı. Rəftarları daha da xarab, iki qardaş həmişə bir-birləri ilə deyişib söyüşərdilər.

Mən elə bilirdim ki, hacının arvadı yoxdur. Sonra bildim ki, arvadı var imiş, bir də deyil, iki imiş. Lakin iki arvad iki uşağı ləyaqətli bir sayaqda saxlamağa müqtədir deyilmiş. Halbuki təmizliyə bir o qədər də xərc və zəhmət lazım deyil idi.

Çəpərin altından çay axırdı. Uşaqları gündə çimizdirib paltarlarını yumaq böyük bir iş deyil idi.

Belə analı yetimlərə ömrümdə çox rast gəlmişəm. Bir mərizxanaya gətirilən azarlılara diqqət yetirirdim. Bunların əksəri müsəlman uşağı idi. Budur, görürdük gətirib həkimin qabağına yarımcan bir uşağı uzatdılar, gözləri yumulub, özü lal və tərpənməz bir haldadır. Uşağı başına buraxıblar, gedib küçədəki çərdəkləri sındırıb yeyib. Üstündən əlinə düşən zibili töküb qarnına.

Bir ayrı uşaq gətirirlər. Üstünə lampa tökülüb və ya qaynar samovar əndərilib, yanıb. Biçarənin rəngi qaçıb, yaraları sızıldayır. Bədəninin dərisini həkim qayçı ilə kəsib götürdükcə min əzab çəkir. Mərizxanada gözü ağrıyanlara hər addımda rast gəlmək olar. Toza-torpağa bələşmək, çirkli əlini gözlərinə vurmaqdan bu dərdə düşüblər. Kiminin gözünə bıçaq batıb, “qeyrətli” anası üstünə quyruq bağlayıb. Kimi yara çıxardıb, anası üstünə əvəlik yarpağı yapışdırıb və i. a. və i.a.

Bunların hamısı anasızlığa, tərbiyəsizliyə dəlalət edir. Elmli, qeyrətli, asudə analar olsa, bu halətlərə düçar olmarıq.

Tumları (müəllif)

Rusiyanın böyük şəhərlərinə ayağınız düşsə günorta zamanı bir bağçalara gedin, uşaqlar oynayan meydançalara bir nəzər yetirin. Görün oralarda nə lətif, nə gözəl və tərbiyəli balalar var.

Hamısı təmiz geyinmiş, bədənləri salamat, özləri totuq, qırmızıyanaq. Rəftarları xoş, dolanışıqları sevməli. Anaları və mürəbbiləri bunlarla mülayim bir sayaqda söhbət edirlər. Bunların şadlığı üçün çalışırlar, bilmədiklərini öyrədirlər.

Bu gözəl balalara tamaşa etdikdə həmişə insan olmağımla fəxr eləyirdim. Nikbin hisslər ürəyimi bürüyürdü. Deyirdim: insaniyyət tərəqqi edir, ruhən və cismən salamatlaşır. Bir də yadıma bizim yazıq asiyalılar düşürdülər. O saat insaniyyətin nə dərəcələrə varınca alçaqlanmağını düşünüb xəcalət çəkirdim. Yadıma azarlı, çəlimsiz, rəngi qaçmış analı yetimlərimiz düşürdü. Bunların dəqiqədə bir döyülüb söyülmələrini, küçələrdə hamisiz veyllənmələrini yad edib dərdləşirdim.

Xı. analı uşaqlar

Böyük adamların tərcümeyi-hallarını oxuduqda görürük ki, istedad və qabiliyyətləri uşaqlıq və cavanlıq zamanlarından aşkar olmağa başlayar. Napoleonun hüsn-təsirinin qüvvət və qorxusu məktəbdə ikən büruzə verilirdi. Yoldaşları Napoleondan qorxub həmişə ona tabe olardılar.

Deməli sonralar milyonlarca adamlar onun əmrinə baxaraq ölüm şərbətini içdikdə həmən uşaqlıqda büruzə verilən qüvvəyə tabe olurmuşlar.

Teymurləng uşaq vaxtında yoldaşları ilə oynadıqda onları iki yerə bölüb bir-birilə dava elətdirərmiş və özünü də əmir adlandırıb sərkərdə olarmış.

Məşhur nemsə musiqikarı Motsart dörd yaşında uşaq ikən havacatlar icad edərmiş. Altı yaşında konsert təlifinə müvəffəq olub, on iki yaşında isə opera yazmağa qədəm qoyub (...).

Пpoф. A.C.Tpaчeвckий. Haпoлeoн, эгo жизнь и гocyдapcтвeннaя дeятeльнocть.
«Aвтoбиoгpaфия Taмepлaнa». Пepeвoд c тюckoгo H.Лыkoшинo

Firənglərin böyük filosof Volter on iki yaşında həcv yazarmış. Iyirmi yaşında isə Firəngistan hökmdarını həcv elədiyi üçün həbsə alınıb.

Ədib Viktor Hüqo ilk faciəsini on beş yaşında yazıb qurtarıb. Italyanların böyük heykəltəraşı Kanova da qabiliyyətini uşaqlığında büruzə verib: nağıl edirlər ki, dörd yaşında şit yağdan şir düzəltməyə başlayıb. On dörd sinnində isə mərmərdən heykəllər qayırarmış.

Belə-belə bir çox tərcümeyi-hallar göstərir ki, təbii vergilər ilk uşaqlıqdan büruzə verilməyə başlayır. Onun üçün lazım gəlir ki, uşaqları ən balaca vaxtlarından etinamızdan salmayıb onların meyl və həvəslərinə diqqət edək. Burada da ana yada düşür. Bu böyük və məsul vəzifə də ona həvalə olunur. Çünki analar övlada tərbiyə verib həmişə ömürlərini onlarla keçirirlər. Tərbiyədən də ümdə məqsəd uşaqlarda olan təbii vergilərə meydan verib onların tərəqqisinə çalışmaqdır. Ana savadsız və avam olsa balalarının istedad və qabiliyyəti məhv olub gedər. Elmli və qanacaqlı olduqda balalarının təbii vergilərinin vüsətlənməsinə inanıb gələcəyinə ümid bağlamaq mümkündür.

Aləmi-islamda üç yüz milyon adamdan fövqəladə istedada malik bircəsi çıxıb yeni bir şey ixtira və icad etməməyinin səbəbi həmən avam arvadlardır ki, övladlarının şövq və həvəsini öldürüb fövt edirlər.

Bizlərdə qabil və mahir uşaqlar az deyildir. Lakin bunlar ev tərbiyəmizin yoxluğundan və dolandıqları mühitin müzür havasından istedadlarına meydan tapa bilmirlər. Uşaqlar rəssamlığa meyl göstərdikdə “o dünyada çəkdiyin şəkillərə necə can verəcəksən?” – deyə yoldan çıxardırlar. Kağıza, karandaşa və rəngə verilən pul hədər yerə sərf edilmiş hesab olunur. Musiqi ilə məşğul olanları bikar və arsız sayırlar. Bir tərəfdən də ləhvü ləəb deyə onu qəbih əməllər cərgəsinə gətirirlər.

Fövqəladə istedada malik uşaqları bizlərdə sevmirlər. Onları allah bəlası bilirlər. Belə ittifaq düşüb ki, neçə aylıq uşaq başlayıb danışmağa, anası bunu bir müsibət hesab edib uşağa süd verməkdən çəkinib. Halbuki, belə uşaqlar gələcəkdə istedadları ilə həm özlərinə, həm də insaniyyətə böyük xidmət edə bilərlər. Lakin nə etməli ki, avam arvadlarımızın dövlətindən işıqlar qaranlığa dönür.

C.Cмaйльc. Ум и энeнpгия, т.1
2 Ləhvü ləəb – faydasız iş
3 Bunun üçün “əllamə” sözü bizlərdə qarğış yerinə işlənir (müəllif)

Mədəni millətlər arasında isə işlər tamam ayrı cürdür. Orada təbii vergiyə artıq etina olunub tərəqqisinə çalışırlar. Əlbəttə ən əvvəl övladın zəka və istedadı anaların nəzərini özünə cəlb edir. Odur ki, Avropanın bir çox böyük şəxslərinin gələcəyinə analarının artıq təsiri olub. Buna dəlil Şiller, Şenye, Lamartin kimilərinin tərcümeyi-hallarıdır.

Məşhur nemsə şairi Şillerin də ədəbiyyatda böyük ad qazanmağına ümdə səbəb anası Yelizaveta olub. Bu arvad oğluna oxumaq və yazmaqdan savayı bir xeyli məlumat da verib. Tövrat səhifələri ilə tanış edib, ədəbiyyat tarixinə, şairlərə dair biliklər verib, şeirlər öyrədib, onların qüsurlarını və gözəl tərəflərini də bildirib. Oğlunu məşğul etmək üçün Yelizaveta ona nemsə həyatına dair hekayələr də oxuyardı. Bu minval ilə əlbəttə Şillerin ədəbiyyata olan həvəsi daha da artacaq idi.

Böyük Hötenin də anası oğluna artıq etina edirdi. Vaxtının çoxunu ona hekayə oxumağa sərf eləyirdi. Bunun nəticəsi olaraq balaca Höte də yoldaşlarını toplayıb özü təlif etdiyi hekayələri nağıl eləyirdi.

Deməli, hər ana övladlarının istedadlarını uca bir mərtəbəyə çıxartmağa qadir ola bilər. Bu şərtlə ki, ana özü elmli və qanacaqlı ola. Ana ki, istedadın nə olduğunu düşünmədi, daha o zəkalı övlad yetirə bilməz. Hərgah Şillerlər, Hötelər bizim arvadların tərbiyəsi ilə böyüsə idi, baqqaldan ya hambaldan biri olub adları çoxdan itib getmişdi. Məhz qanacaqlı anaların və həyatbəxş mühitin dövlətindən onlar məhv olmadılar, özlərinə və millətlərinə əbədi ad qazandılar. Ananın övladına olan təsiri çox böyükdür (...).

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri