Məzmun
  1. I
  2. II
  3. III
  4. IV
  5. V
  6. VI
  7. VII
  8. VIII
  9. IX
  10. X
  11. XI

Səhifə 1 / 3

I

Həkimin odasına girəndə Mirzə Mahmudun rəngi qaçdı: onun üçün ömrün olub-olmamağı qət olunacaq idi.

Həkim çeşməyin üstdən Mirzə Mahmuda baxıb dedi:

– Soyununuz!

Və sonra yavaşca fıştırıq çala-çala kürsünün üstə əyləşdi: Həkim dedi: – Bir az irəli durun, işığa yönəlin. Belə... yaxşı, geyinin! Yara neçə vaxtdır əmələ gəlib?

– Bir həftədir... Doktor, qorxuram...

Doktor Mirzə Mahmudun sözlərini kəsdi:

– Qorxmaq lazım deyil. Qulaq asın. Böyük ehtimal var ki, siflis tutmusunuz. Bu gün qanınızı müayinəyə apararsınız, nəticə nə olsa sabah mənə bildirərsiniz.

Mirzə Mahmudu qan-tər bürüdü; ixtiyarsız kürsünün üstə düşdü.

Otaq başladı gözünün qabağından itməyə. Bir dəqiqəliyə ömür və dünya onun üçün bilmərrə ləzzətini itirdi.

– Deməli, mənim üçün səadət əbədilik olaraq mövt oldu. Axırım yetişdi!

Həkim məşğul adamlara məxsus bir cəldliklə ayağa qalxdı:

– Sabah tezdən gələrsiniz, – dedi.

II

Bədən bahar günəşinin şüalarından həllənirdi, ləzzət çəkirdi. Ağacların ilk nəfis yarpaqları, yaşayış dirildən yel, təbiət sabahının lətif qoxusu küçədən ötüb keçən adamları belə yüngülləşdirmişdi ki, hamı quş kimi səkirdi. Üzlərdə min fərəh, gözlərdə min ümid! Səliqə ilə geyinmiş qızlar ceyran sürüsü kimi baş alıb gedirdilər. Zərif yerişlər, ədalı hərəkətlər, nazlı baxışlar qəlb evini viranəzarə döndərirdilər. Qəribə hisslər duyulurdu: qəmli-dadlı, dadlı-sərli...

Acı bir sancı Mahmudun ürəyinə doldu: – Nə əzəmətlidir həyat, – dedi. – Bu əzəmət içində mən yoxam. Məndən kənar ləzzət çeşmələri bol-bol axmaqda; yaşayış dövran sürmədə; səadət şüadar olmada. Mən də boynu buruq və peşman bir halda şənliksiz guşədə durub, aləmin böyük həngaməsinə tamaşa edirəm. Ömür mənim üçün əziz idi. Yaşamaq istərdim. Ümidlər bəsləyirdim. Tufan qopdu, ümid çiçəklərimi sındırıb əzdi. Sevdiyim bağçam viranəyə döndü... İman etdiyim sənəmlər ağzı üstə çöndü. İndi mənim üçün nə qaldı? Acılıq! Dirilik vurdu acıya döndü... Əbədi acılaşdı... Mahmud getdi. Dünyadan əl üzmüş bir halda evə tərəf üz qoydu. İnana bilmirdi; o murdar adı özünə isnad verməyə cürət eləmirdi. Bəlkə adət eləməmişdi. “Mən azarlıyam” deyə özünə təkid etdi. Əzabın qara əlləri onun ürəyindən yapışıb, sıxıb üzməyə başladı.

III

Gecənin bir yarısı Mahmud yuxudan dik atıldı. Yorğanın altda, ilan vuran tək çəkişib, büzüşdü. Yumruğunu qovzayıb gücü gəldikcə çarpayıya çırpdı. “Əxlaqsız! İradəsiz!” dedi. Peşmanlıq onu götürdü. Deyindi, çırpındı, bu üzündən o üzünə döndü. İnanmamazlığa uğradı. O gecəni bilmərrə yadından çıxartmaq istədi...

“Yox! – dedi. – O gecə yaddan çıxası deyil. O gecə cəmi ömrümün gözəlliyini, paklığını, səlamətliyini beş dəqiqəyə qurban verdim... fövt oldum!..”.

Mahmud gözlərini açıb yatacaqdan qalxıb oturdu. Sinəsinə dərd layları dağlarca yığılmışdı, nəfəs almağa belə imkanı yox idi... Gözünə yuxu gəlmək istəmirdi.

Mahmudun fikir və xəyalı yenə keçmişə qayıtdı. Min dəfə zehnində ehya elədiyi ittifaq yenə gözlərinin qabağına gəldi... O gecə evdə heç kəs yox idi. Mahmudun ağlını nəfs pərdəsi bürüdü. Durub mətbəxə getdi... Qulluqçunun yanına girdi... Mahmud, kəndin təmiz havasında böyümüş Mahmud bəkrini itirdi və əvəzində şədid yadigar aldı... Mahmud çarpayıdan aşağı düşdü. Bir neçə dəqiqə dayandı. Huşu başına gəldikdə qayıdıb, yatağında uzandı...

Bir də əllərini qovzadı: istədi keçmişki həyatından o mənhus dəqiqələri qoparıb atsın... Çox şad olardı, o dəqiqələrdən qabaq onu ağır surətdə yaralaya idilər, döyə idilər... Niyə bir güllə pəncərədən gəlib dəymədi. Onda Mahmudun ağlı və ixtiyarı oyanardı, kor gözlü nəfsin arxasınca getməzdi.

İndi iş-işdən keçib. Hər an, hər dəqiqə onun qulağına dərunindən uçulmaq sədası gəlir. Bir tərəfdən bədəni qırılıb tökülür, o biri tərəfdən əxlaqının binası.

IV

Bu axşam Mahmud dedikcə şad idi; kefi olduqca kök idi. Azar əsla yadına düşmürdü. Daha doğrusu, azarın olduğuna belə inana bilmirdi.

“İki dəfə müayinə nəticəsi mənfi olub, – Mahmud öz-özünə yenə deyirdi, – bu dəfə də mənfi olacaq. Bu həqiqət həkimin imzası ilə isbat olunduqda qəm aləminə “əlvida” deyəcəyəm. Mən indiyədək yaşamamışam, zəlalətli bir ömür sürüb, gələcəyi gözləmişəm. Və həmişə şəxsi həyatıma, şəxsi taleimə üz döndərmək istədikdə cürətsizlik ixtiyarımı qırıb, meylimi yox eləyib. Bu günlər çəkdiyim əzab və qorxu cürətsizliyimi puç etdi və məni şəxsi həyatım üçün səadət binası qurmağa vadar etdi. Evlənmək lazımdır, övladlar bəsləməlidir.

Ömrümün yarısını subaylığa verdiyim daha bəsdir!!.”.

Mahmud dəruni aləminə qərq bir halda sol küçəyə döndü və davaxanaya yaxınlaşdıqda dönüb dala baxdı. Ətrafı dürüst nəzərdən keçirdi və tanış adam olmamağını görüb, cəld içəri daxil oldu. Tərs kimi burada Mirzə Mahmudun şagirdlərindən biri dava alırdı. Bunu görcək müəllim özünü itirdi. Utandı, “Yəqin, – öz-özünə deyindi, – şagird mənim azarlı olmağımı duyacaq”.

İncəvara, şagird ol dəqiqə davanı alıb çıxdı.

Mirzə Mahmud bət-bənizi qaçmış bir halda qəbzi xanıma uzatdı və bir dəqiqədən sonra “nameyi-əmalı” əlinə aldı. Diriliyini itirmiş gözləri qırmızı hərflərlə yazılmış sətri oxudu: “Vasserman müayinəsi müsbət nəticəlidir”. Bu sətirdən aşağı beş yerdə qırmızı xaç çəkilmişdi. Mirzə Mahmud bu sətrin və xaçların nədən ibarət olduğunu düşündü. Lakin artıq məyus olmadı. İndiyədək naməlum halı bir qədər mətanətli şəkil aldı.

– Azarım aşkar oldu, – dedi. – Nə etməli, müalicə lazımdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri