11. Əbdül Qafarzadə
Səhifə 2 / 6 · 17%
Ümumi işlərdən başqa bu üç nəfərin hərəsinin öz müəyyən xidmət sahəsi var idi: Mirzəibi Əbdül Qafarzadənin pul məsələlərinə baxırdı, Ağakərim qolugüclü, sərt və kobud adam idi, taksi sürücülərindən tutmuş alkoqoliklərəcən hamı ilə Əbdül Qafarzadənin adından o danışırdı. Tülkü Gəldi Qəbiristanlığındakı nizam-intizam işləri də ona baxırdı və «Əlvida» kababxanasına da o nəzarət edirdi, Vasili Mitrofanov isə, əsasən, Əbdül Qafarzadənin eşq-məhəbbət məsələlərinin həlli ilə məşğul olurdu.
Morqun otaqlarından birinə araq yığılırdı. Bu araqları Mirzəibi, Ağakərim, Vasili günorta adam göndərib xüsusi dükanlardan aldırırdı (dükan müdirləri isə araqları dövlətdən yox, ucuz qiymətə ayrı-ayrı şəxslərdən götürürdü – araqlar əldəqayırma idi). Bundan başqa, Qəbiristanlıq İdarəsinin ayrı işçilərinin də burada öz şəxsi araqlarını saxlayıb satmaq ixtiyarı var idi. İşçilər bu araqları, əsasən, dükandan yox, ölü sahiblərindən pay götürürdülər və hərə də öz arağını tanıyırdı, öz hesabını bilirdi. İşçilərin bu xırda alveri morqda mərkəzləşdirilmiş araq satışının müqabilində, bir növ şəxsi mülkiyyət, şəxsi alış-veriş idi. Hətta bəzən alkoqolik qəbirqazanlar da qırsaqqız olub ölü sahiblərindən qopardıqları və hamısını içə bilmədikləri bir-iki şüşə arağı həmin otaqda saxlayıb satırdılar. Mirzəibi də, Ağakərim də, Vasili də, süpürgəçi Nastyadan tutmuş hərdənbir makinaçı Bədurə xanıma qədər qəbiristanlıq işçilərinin və alkoqoliklərin bu xırda alverinə göz yumurdu, çünki uzun illərdən bəri Əbdül Qafarzadənin əlinin altında işlədikləri üçün, kişinin xasiyyətinin bəzi cəhətləri bu adamlara da keçmişdi: kasıb-kusubda işin olmasın, qoy necə bilirlər, başlarını dolandırsınlar, amma elə ki, qudurdular, başlarından vur.
Morqun ikinci və ən böyük otağı qumarxana idi. Qəbiristanlığın işçiləri, bəzi müştəriləri, taksi sürücüləri (xüsusən, Burun), şəhərin başqa yerlərindən, hətta Kislovodskdan, Rostovdan, Tallinndən, Tiflisdən, İrəvandan buranın sorağını eşidib, tanış tapıb gələn oyunçular (xırda oyunçular) həmin otaqda kart, nərd oynayırdı, aşıq, zər atırdı.
Lap dibdəki üçüncü kiçik otaqda isə içmiş alkoqoliklər, bəzən keflənib qalmış müştərilər yıxılıb yatırdı. Qəbiristanlıq İdarəsinin əsas işçi qüvvəsi alkoqoliklər idi. Bu adamların bir qismi qəbirqazan ştatında idi, qalan qismi isə ştatda deyildi. Mirzəibi, Ağakərim, Vasili ölü sahibləri ilə danışıq aparırdı, qəbrin birinin qazılmasının xərcini təyin edirdi. Bu üç nəfər qəbiristanlığa gəlmiş ölü sahibinin imkanını o saat hiss edirdi və həmin imkandan asılı olaraq da pul tələb edirdilər – aşağısı yüz manat, yuxarısı isə 300-350 manat (bəzən hətta 400 olurdu); bu hələ ancaq qəbir qazmaq əməliyyatı idi... İşi isə alkoqoliklər görürdü. Ailələrindən ayrılmış, dostlarına, qohumlarına yad olmuş bu adamlar, əslində, maaş almırdılar, yalnız iş cədvəlinə qol çəkirdilər, maaşlar isə bir yerdə və bütün köpüyünə qədər Əbdül Qafarzadəyə verilirdi. Alkoqoliklər qazdıqları hər qəbir üçün Ağakərimdən, Mirzəibidən, Vasilidən – hansı onları çağırıb iş tapşırmışdısa – bir-iki manat alırdılar, bir də ki, qırsaqqız olub ölü sahiblərindən bir arağın pulunu qoparırdılar.
Tülkü Gəldi Qəbiristanlığına lap yaxından bələd olanlar bilirdilər ki, gecələr morqda qarovulçu Əflatunun vasitəsilə ikiqat, üçqat baha qiymətə nəşə də almaq mümkündü və burasını da bilirdilər ki, nəşəni gətirən əsas adam Burundur.
Düz dörd il idi ki, Burun, qardaşı Gülbala ilə birlikdə iki aydan, üç aydan bir Daşkəndə, oradan da Səmərqəndə uçurdu, orta məktəblərdə otuz ildən artıq fizika dərsi deyən müəllim Sayzulla Mirzəmuhəmmədovdan əla növlü nəşə alırdı, Bakıya qayıdıb o nəşəni beş-altı taksi sürücüsünün, məhəllədəki beş-altı cavanın vasitəsilə satdırırdı və yol xərcindən, vasitəçilərə verdiyi puldan əlavə, orta hesabla min manata üç min manat təmiz qazanc əldə edirdi. Müəllim Sayzulla Mirzəmuhəmmədov on iki uşağın atası, dünyagörmüş, gülərüz, ağıllı və tədbirli bir adam idi, hər dəfə Burun gələndə özü qollarını çırmalayıb gözəl özbək plovu bişirirdi və düz dörd il idi ki, bu iki nəfərin arasında qarşılıqlı hörmət və etibar var idi: nə Burun aldığı nəşəni tərəzidə çəkib yoxlayırdı, nə də müəllim Sayzulla Mirzəmuhəmmədov aldığı pulu sayardı. Burun hər dəfə Səmərqənddən gətirdiyi nəşənin xeyli bir hissəsini gecələr Tülkü Gəldi Qəbiristanlığında satdırırdı və həmin nəşə alverindən gələn qazancın hər on manatından dörd manatı qəbiristanlığın sahiblərinə (yəni dolayısı ilə Əbdül Qafarzadəyə) çatırdı. Xüsusi cidd-cəhd göstərdiyi üçün hər on manatdan 30 qəpiyi də ayrıca qarovulçu Əflatunun payına düşürdü. Qarovulçu Əflatun bir neçə dəfə burnunu çəkə-çəkə cəhd eləmişdi ki, öz payını bir az artırsın, heç olmasa, hər on manatdan 40 qəpik götürsün, amma bu cəhdlərdən heç bir şey çıxmamışdı, çünki Burun xəsis idi və qarovulçu Əflatun bu barədə çəkinə-çəkinə bir söz deyən kimi, ağzından vururdu. Tülkü Gəldi Qəbiristanlığındakı o nəşə alverindən götürülən qazancdan Ağakərimə, Vasiliyə, Mirzəibiyə məbləği isə Əbdül Qafarzadə özü müəyyən edirdi və lazım bildiyi vaxtlar onlara verirdi.
Gecələr taksi sürücüləri – təxminən on-on iki adam– kefinə içmək düşmüş müştəriləri bura gətirirdilər, hərgah müştəri özü buranı tanımırdısa, maşından düşmək istəmirdisə, taksi sürücüsü əvvəlcə müştəridən özünə üç manat götürürdü, arağın qiymətini Qəbiristanlıq İdarəsinin darvazası ağzındakı keşikdə oturan qarovulçu Əflatun deyirdi, misal üçün arağın şüşəsi 25 manata; pulu Əflatun müştəridən alıb morqa gedirdi, 24 manat verirdi; çünki hər araqdan bir manat onun özünə çatırdı, buna Əbdül Qafarzadə özü icazə vermişdi və arağı qəzetə büküb gətirib müştəriyə ötürürdü. Qarovulçu Əflatun gecələr bura gələn taksi sürücülərini tanıyırdı və xüsusi dəftərində hesab aparırdı: hər alınan araq şüşəsindən 1 manat 50 qəpik taksi sürücüsünün payına düşürdü (müştəridən aldıqları 3 manatdan əlavə); taksi sürücüləri səhər iş vaxtlarını qurtarıb maşını qaraja sürməzdən əvvəl Tülkü Gəldi Qəbiristanlığına baş çəkirdilər və onlara çatacaq məbləği də ya qarovulçu Əflatundan, ya da Vasilidən, Ağakərimdən, Mirzəibidən alırdılar. Bu haqq-hesabda hər şey dəqiq idi və demək olar ki, heç vaxt narazılıq, inciklik olmurdu – yay-qış həmişə burnunu çəkə-çəkə araq dalınca qaçan, müştəriləri hörmətlə yola salan, taksi sürücülərini gülərüzlə qarşılayan qarovulçu Əflatun dəftərdə yalnız özünün başa düşəcəyi bir xətlə doğru-dürüst qeydlər aparırdı. Bu adam hələ müharibədən əvvəl Əbdül Qafarzadəgilin məhəlləsində yaşamış, vaxtıyla Əbdül Qafarzadənin böyük qardaşı Xıdırla oturub-durmuşdu, Bakının ilk tramvay sürücülərindən biri olmuşdu, otuzuncu illərdə partiyaya keçmiş, orta məktəblərdən birinə təsərrüfat işləri üzrə müdir müavini və ilk partiya təşkilatı katibi göndərilmiş, başqa bir məktəbdə müdir işləmişdi, amma bundan sonra Əflatun müəllimin maarif sahəsindəki irəliləyişi dayanmışdı, məktəbdə yeyintiyə yol verdiyi üçün partiyadan çıxarılmış, daha sonralar yüngül fırıldaq üstündə iki dəfə həbs olunmuş, müharibə dövründə özünü axsaqlığa vura-vura çayçı işləmiş, bir sözlə, həyatın hər üzünü görmüşdü və nəhayət ki, çətin yaşanmış o uzun-uzadı illərdən sonra gəlib Əbdül Qafarzadəni tapmışdı və daha on ildən artıq idi ki, canla-başla kişiyə xidmət edirdi, həyatından da razı idi; o qədər razı idi ki, hətta mətbəədə linotipçi işləyən böyük oğlu Kolxoza «Jiquli» maşını almağa söz vermişdi.
Dava-mərəkə hərdənbir qumar gedən otaqda başlamaq istəyirdi, çünki burada bəzən ortalıqda oynanan pulun miqdarı 10-15 min manata qalxırdı, əsəblər gərginləşirdi, amma Burun qoymurdu ki, dava qızışsın. Burun gecələri taksidən çox, morqdakı qumarxanada keçirirdi və onun buradakı nüfuzu tamam sözsüz idi.
Əlbəttə, Əbdül Qafarzadə özü gecələr bir dəfə də olsun ayağını Qəbiristanlıq İdarəsinə basmamışdı və hər həftənin cümə günü ya Ağakərim, ya Vasili, ya da Mirzəibi Tülkü Gəldi Qəbiristanlığının gecə həyatından Əbdül Qafarzadəyə çatacaq bir həftəlik məbləği gətirib verirdi və bu məbləğ az olmurdu: qumarxanadakı kiçikli-böyüklü bütün uduşun 7%-i yer sahibi kimi Əbdül Qafarzadəyə çatırdı, arağın da qazancının hər on manatından altı manatı ona verilirdi. Bu məbləğ də dəqiq hesablanırdı, çünki Ağakərim də, Vasili də, Mirzəibi də çox yaxşı bilirdilər ki, bircə manat da səhv eləsələr (aldatmaqdan söhbət gedə bilməzdi!), Əbdül Qafarzadə bunu o saat biləcəkdi– Tülkü Gəldi Qəbiristanlığındakı qəbir daşları da, elə bil ki, Əbdül Qafarzadənin gizli casusları idi.
Bütün bunlara baxmayaraq, morqdakı bu gecə həyatı Əbdül Qafarzadənin ürəyincə deyildi və gecə-gündüz həmişə oyaq olan fəhmi ona deyirdi ki, bu araq alverinin, qumarın, nəşəxorluğun əvvəl-axır zibili çıxacaq. Düzdü, bilavasitə Əbdül Qafarzadənin özü ilə bağlı heç kim heç nə sübut edə bilməzdi, amma, hər halda, ömründə heç vaxt onu aldatmayan fəhmi morqdakı bu gecə həyatını qəbul etmirdisə, deməli, buna ehtiyac yox idi və günlərin bir günündə Əbdül Qafarzadə Ağakərimi də, Vasilini də, Mirzəibini də kabinetinə çağırıb morqun gecə həyatını – qumarı da, nəşəni də qadağan elədi (araq alverini isə hələlik saxlamışdı).
Kitabxana.az · https://kitabxana.az/works/elcin-olum-hokmu-11-ebdul-qafarzade
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Surxay müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağını ilk dəfə 1988- ci ildə – Ermənistan «perestroyka» hərc-mərcliyindən və Qorbaçovun maymaqlığından istifadə edib Qarabağı Azərbaycandan qoparmaq istəyəndə – Şuşadakı etiraz mitinqində, Bazar başında qaldırdı və o bayraq dədəsi kimi uzunboylu olan Uzun Surxayın başının üstündə xeyli müddət dalğalandı, amma üstündən bir ay keçəndən sonra, elə ki, ara bir az sakitləşdi, o bayrağı qaldırdığına görə Surxayı tutub qoduqluğa saldılar, iki gün saxlayıb, buraxdılar, çünki Şuşanın dəliqanlıları Bazar başına yığışıb bir ağızdan qışqırmağa başladı:– Bay-raq-dar!..
IV fəsilVasili Kuzmiçın qızı bir yəhudiyə ərə getmişdi və indi əri ilə birlikdə köçüb ABŞ-da yaşayırdılar, oğlu Vanya hələ sovet vaxtı Tambovda əsgərlik etmişdi, sonra da orada qalmışdı, orada evlənmişdi və orada da yaşayırdı, Kuzmiçin arvadı Vera Arxipovna altı iliydi ki, torpağın altında idi, özü, yəni Vasili Kuzmiç isə beş ildən artığıydı ki, Bilgəhdə, prokuror Əhməd Ağayeviçin bağında yaşayırdı.Sovet vaxtı Vasili Kuzmiç Bakı Lampa zavodunda çilingər işləyirdi və işləməyi sevən adam olduğu üçün, hər ay aldığı maaş onu da, ailəsini də dolandırırdı. Vanya əsgərliyə gedəndən və Tambovda qalandan, qızı ABŞ-a köçəndən sonra, Vera Arxipovna ilə birlikdə dolanışıqları isə lap şah dolanışığı idi – həftədə, heç olmasa, iki dəfə evdə təzə donuz əti bişirdi və həmin günlərdə Vasili Kuzmiç axşam işdən evə gələndə Vera Arxipovna ilə üzbəüz oturub o qızarmış gözəl donuz ətini yanındakı kartof, ya qarabaşaq, ya vermişel qarniri ilə yeyə-yeyə yarımlitrlik bir araq şüşəsi boşaldırdılar – 100, uzaq başı 150 qram Vera Arxipovna içirdi, qalanını da Vasili Kuzmiç. Sonra rus çastuşkaları, Şuljenkonun, ya Utesovun mahnıları yazılmış valları hələ 60-cı illərin əvvəllərində aldıqları patefonda oxudub ləzzətlə qulaq asırdılar, ya da əli dinc durmayan Vasili Kuzmiç çəkicini, kəlbətinini götürüb haranısa təmir edirdi, nəsə düzəldirdi, hərdənbir də elə divanın üstündə cavanlıqlarını yada salırdılar. Bütün bunlara onu da əlavə eləsək ki, Vera Arxipovna özü qış üçün sala düzəldirdi, zels hazırlayırdı, duzlu xiyar qoyurdu, o zaman, əlbəttə, Vasili Kuzmiçin sovet dövründəki həyatına qibtə etmək olardı və indi o həyata birinci qibtə edən adam, elə Kuzmiçin özü idi.
V fəsilOn il bundan qabaq Şuşa camaatının bir hissəsi Buzovna Fəhlə Yataqxanasına yerləşəndə – adamların sayından asılı olmayaraq, hər ailəyə bir otaq – hərə öz otağına əl gəzdirdi, kimi pəncərənin çürümüş çərçivəsini möhkəmlətdi, kimi suvağı qopmuş divarı təzədən suvaqladı, kimi döşəmənin sementin üstündən çəkilmiş lineliumunun yırtılmış yerlərini ört-basdır elədi, bir sözlə, hərə müvəqqəti olaraq (onda elə bilirdilər ki, müvəqqətidi) yaşamaq üçün otağı abıra salmağa başladı və o zaman Surxaygil üçüncü mərtəbədəki otaqda yerləşəndən (doluşandan, doluşdurulandan) sonra Bayraqdar da haradansa göy rəng, qırməzı rəng, yaşıl rəng tapıb gətirdi və otağın qapısının çöl tərəfini (aralığa açılan hissəsini) yuxarıdan aşağı bayrağın rəngi ilə göy, qırmızı, yaşıl rəngə boyadı.Səyyarə Bayraqdarın cidd-cəhdlə o qapını eləcə rəngləməsinə baxa-baxa özünü saxlaya bilməyib ağlamsındı və ağlamsına-ağlamsına da:
VI fəsilYataqxananın həyətində, o iydə ağaclarının yanındakı krantda qab-qacaq yüyan Səyyarə açıq-aşkar bir fəxarətlə Kolxoz kişinin dul arvadı Xədicə xalaya deyirdi:– Əbili (yəni Əbülfət) heç iməkləmədi ki... Bir də gördüm, getdi, küçədə özündən üç dəfə böyük uşaqlarla futbol oynamağa başladı... Küçədə futbol oynayırdı, acanda, qaçıb qucağıma dırmaşırdı, əmməyə başlayırdı...
Başqa şairlərin şeirləri
Sanma, ey dust, sən tək afət canə olmuş, olmamış,Gözlərin tək nərgisi-məstanə olmuş, olmamış.
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.