11. Əbdül Qafarzadə
Səhifə 3 / 6 · 33%
Gözləri bərələ qalmış Ağakərim də, Vasili də, Mirzəibi də ağızlarını açıb bir kəlmə söz deyə bilmədilər, çünki bunun heç bir mənası yox idi. Əbdül Qafarzadə həmişə yüz ölçüb bir biçirdi, sözü ki, dedi,qurtardı, burada ikinci bir söhbət ola bilməzdi.
Burun bu xəbəri eşidəndə özündən çıxdı, Ağakərimi də, Vasilini də, Mirzəibini də söyüb biabır elədi, hədələdi və bu adamların yalvarıb-yaxarmaqlarına baxmayaraq, günorta, qardaşı Gülbala ilə birlikdə Əbdül Qafarzadənin kabinetinə girdi.
Burunun əsl adı Soltanmurad idi, amma burnu həddən artıq böyük olduğu üçün ləqəbinə çevrilmişdi. On səkkiz yaşındaikən adam öldürmüş, on beş il həbsdə yatmış, sonra günün günorta çağı əmanət kassasını qarət etdiyinə görə yenidən on beş il həbsə məhkum olmuş və bu müddətin də on ilini yatıb çıxmış bu adam Bakının bütün yuxarı məhəllələrində məşhur idi. Həmin məhəllələrin «blatnoy» cavanları arasında ən etibarlı andlardan biri Burunun canı idi: «Soltanmurad canı!»
Həbsdən qayıdandan sonra Burun taksi sürücüsü işləyirdi, amma onun taksidən götürdüyü qazanc Tülkü Gəldi Qəbiristanlığındakı gecə həyatından götürdüyü qazancın heç onda biri də deyildi.
Burunun kiçik qardaşı Gülbala təxminən iki metr boyu, yüz əlli kilo da çəkisi olan keçmiş boksçu idi və o da taksi sürürdü. Qardaşlar təkcə taksi sürücüləri arasında yox, ümumiyyətlə, şəhərin sex və restoran müdirlərindən tutmuş, milis işçilərinəcən camaatın arasında tanınan adamlar idi. Burunun sədəf rəngli «Qaz-24»ü də Bakının küçələrində öz sahibindən az məşhur deyildi.
Əbdül Qafarzadə kabinetində tək idi və onda da indiki kimi qəzetləri beləcə dəstəçin yığıb oxumaqla məşğul idi.
Burun özündən xeyli hündür və canlı qardaşını əli ilə kənara itələdi və düz Əbdül Qafarzadənin qabağına yeridi:
– Bağlayırsan morqu, hə?
Əbdül Qafarzadə əlindəki qəzeti mizin üstünə qoydu. Buruna baxdı, qardaşı Gülbalaya baxdı, sonra başını tərpətdi, yəni ki, hə, bağlayıram və ürəyində də fikirləşdi ki, dünyanın qəribə işləri var, iki doğma qardaşdı, amma birinin burnu o boyda, o birisinin isə özü zırpı, burnu adi burun.
Burun hirsdən oynayan gözləri ilə Əbdül Qafarzadəyə baxa-baxa və dərisi qaralıb codlaşmış boğazının iri damarları şişə-şişə:
– Bilirsən mən kiməm?! – qışqırdı.
Əbdül Qafarzadə gözlərini qarşısında dayanmış əlli dörd-əlli beş yaşlı bu dəlisov adamdan çəkməyərək altındakı kürsünü düzəldib yerini rahatladı, dirsəklərinin ikisini də mizin üstünə qoydu, əllərini bir-birinə sürtüb:
– «Domal» bilirsən nədi?– soruşdu.
Burun:
– Yox! – qışqırdı.
Əbdül Qafarzadə həmişəki kimi aram-aram:
– Hardan biləsən? Evdə bişməyib, qonşudan gəlməyib!.. – dedi. – Özü də çətin tapılır. QDR buraxır. İtə-qurda gərək ağız açasan ki, bir yeşik göndərsin evə... Paraşokdu. Zaxodu-zadı yuyurlar onuynan. Bax, Soltanmurad, – Əbdül Qafarzadə diqqətlə Burunun gözlərinin içinə baxdı. – səni elətdirərəm o cür paraşok! O yekə burunun var a, sən öləsən, onu da ət maşınından keçirtdirib yedirdərəm arvaduva, uşaqlaruva!..
Burunun ürəyi az qalırdı sinəsindən qopub çıxsın və bu dəqiqə o öz doğma anasını da öldürərdi, amma indi yerindən tərpənə bilmirdi, ağzını açıb bir söz də deyə bilmirdi, çünki bu dəm Soltanmurad Əbdül Qafarzadənin çeşməyin ardından diqqətlə baxan boz gözlərində elə bir soyuqluq hiss edirdi ki, bu soyuq ömrünün çoxunu həbsxanalarda keçirmiş, kriminal aləmdə canavar hesab olunan bu adamın bütün içini birdən-birə üşütməyə başlamışdı; Soltanmurad təkcə duyğuları ilə yox, bütün bədəni ilə hiss edirdi ki, yumşaq kürsüdə oturub mizə dirsəklənmiş bu boz gözlü, qara qalstuklu, eynəkli adam dediklərinin hamısını indicə yerinə yetirdə bilər.
Ağappaq ağarmış və hirsindən yerində, az qala, uçunan Gülbala, elə bil, birdən özünə gəldi, Əbdül Qafarzadəyə tərəf yerimək istədi, amma Burun gözlərini Əbdül Qafarzadədən çəkməyərək əli ilə qardaşını saxladı və təkcə:
– Baxarıq!.. – deyə bildi, sonra sərt hərəkətlə geri dönüb qardaşını da ardınca çəkə-çəkə kabinetdən çıxdı.
Həmin hadisədən sonra Burun daha Tülkü Gəldi Qəbiristanlığında görünmədi, amma aradan təxminən iyirmi-iyirmi beş gün keçmiş köhnə «İnturist»in restoranında təsadüfən Vasili ilə rastlaşdı, özünü saxlaya bilməyib cavan qızın yanında (Vasili restorana növbəti cavan və gözəl bir qızla gəlmişdi) Vasilinin başına yarımçıq bir şüşə konyak boşaltdı, konyakdan yaşarmış sifətinə də bir dənə yağlı sillə şəkdi. Burun öz aləmində Əbdül Qafarzadədən intiqamını bu cür aldı.
Əlbəttə, Əbdül Qafarzadə bu restoran əhvalatından o saat xəbər tutdu və iki gündən sonra, axşamüstü Burunun sürdüyü taksiyə dörd nəfər cavan oğlan oturdu, maşını Zuğulbaya tərəf sürdürdü, Bakıdan bir az aralanmış maşını saxlatdırdı, dördü də Burunun üstünə düşüb onu huşunu itirənəcən döydülər, sonra da şalvarını çıxardıb çıxıb getdilər. Həmin axşamın səhəri o şalvarı bayraq kimi Burunun yaşadığı evin küçə qapısının üstündən asmışdılar və məhəllənin bütün cavanları, arvad-uşaq – hamı küçədə asılmış o şalvarı görmüşdü.
Bundan sonra Burun da, Gülbala da üç dəfə Əbdül Qafarzadəyə hücum etmək istəmişdilər, amma hər dəfə də elə bir rüsvayçılıqla geri çəkilmişdilər ki, həmin rüsvayçılıq Əbdül Qafarzadəyə ləzzət vermişdi, ürəyi darıxan vaxtlar yadına düşəndə kefi kökəlmişdi. Sonra bir müddət görünməmişdi, amma günlərin bir günü Əbdül Qafarzadənin kabinetinin qapısı açıldı və Burun içəri girdi:
– Mənə kömək elə, Əbdül qədeş!
Məlum oldu ki, Səmərqənddəki fizika müəllimi Sayzulla Mirzəmuhəmmədov Burunu elə aldadıb və Burunun başına elə bir iş açıb ki, indi Burun çapalayır, o işin altından çıxa bilmir.
Və Əbdül Qafarzadə Buruna kömək elədi.
Əbdül Qafarzadə eləcə kömək əlini uzadandan sonra Burun əlində bir qəzet bükülüsü kişinin kabinetinə girdi ki, hörmətini bildirsin və hədiyyə versin. Əbdül Qafarzadə isə boz gözləriylə çeşməyinin altından o qəzet bükülüsünə ötəri bir nəzər salıb:
– Lazım deyil... – dedi. – Bayramlarda təbrik eləyərsən...
Onda Novruz bayramının ərəfəsiydi və həmin vaxtdan etibarən Burun bütün Novruz bayramlarında Əbdül Qafarzadəni hədiyyə ilə təbrik etməyə başladı. Bir dəfə isə Əbdül Qafarzadə Ağakərimi yanına çağırtdırdı:
– Novruz bayramından başqa bayram yoxdu, bəyəm? Burun sovet adamı döyül? 7 Noyabr var, 1 May var, Konstitusiya günü var... Mən yuxarıları təbrik eləyirəm, amma bu özünü elə aparır ki, elə bil, İranda yaşayır, Xomeyninin bacısı oğludu, Novruzdan başqa bayram tanımır... İki yüz milyondan çox sovet adamı necə, Burun da elə!.. Get çatdır ona!
Bundan sonra Burun Əbdül Qafarzadəni bütün bayramlarda təbrik edirdi və Əbdül Qafarzadə də o hədiyyələri gülümsəyə-gülümsəyə xüsusi bir ləzzətlə qəbul edirdi. Bu gözəl və ləzzətli iş o yerə gəlib çıxmışdı ki, Əbdül Qafarzadə ilə nəşə davası eləyən Burun indi onun yanında siqaret çəkməyə cəsarət etmirdi ki, hörmətsizlik olar.
Əbdül Qafarzadə Ağakərimə tapşırdı və morqu hərəsindən ayı 70 manata altı tələbəyə – hər otaqda iki nəfər – kirayə verdilər. Uzaq kəndlərdən gəlib Bakıda texnikumda oxuyan bu tələbələr sakit adamlar idi və Ağakərim, Mirzəibi, Vasili iş çox olanda həmin tələbələrə də alkoqoliklər kimi pulsuz qəbir qazdırırdılar.
Tələbələr hər ay 420 manat pulu qarovulçu Əflatuna verirdilər (kirayənişinlərin məsuliyyəti qarovulçu Əflatunun boynunda idi, yəni işdi-şayət, bu kirayənin üstü açılsaydı, cavabdeh Əflatun idi, Əbdül Qafarzadənin isə, əlbəttə, bu işdən xəbəri yox idi) və Əflatun da o pulu gətirib verirdi Əbdül Qafarzadəyə. Əbdül Qafarzadə bu pulun 20 manatını qarovulçu Əflatuna verirdi (qarovulçu Əflatun da həmişə eyni sözlərlə o pulu alıb cibinə qoyurdu: «–Allah səni, o adı nədi, şey, bizim başımızın üstündən əskik eləməsin!.. Allah sənin cibinə o adı nədir, şey, min bərəkət versin!.. Biz də sənin kölgəndə dolanırıq!..»), qalanını özü götürürdü. Əlbəttə, ayda dörd yüz manat Əbdül Qafarzadə üçün bir şey deyildi, amma hər şeydə gərək qayda-qanun və dəqiqlik olaydı; bir də ki, Əbdül Qafarzadə böyük pullar qazandığı üçün, kiçik məbləğlərdən imtina edən adam deyildi – hər məbləğin öz yeri və öz qiyməti var.
Həmin aprel günü Əbdül Qafarzadə əvvəlcə Fərid Kazımlının, sonra da Burunla qardaşını yadına saldı, qollarını geniş açıb ləzzətlə gərnəşdi, gülümsədi, zəngi basıb o cavan və gözəl katibə qızı çağırdı və katibə qız içəri girəndə Əbdül Qafarzadə on gündə birinci dəfə bu qızı təpədən-dırnağacan əməlli-başlı nəzərdən keçirdi, sonra:
– Vasilini çağır bura... – dedi.
Əbdül Qafarzadənin nəzərləri altında qıpqırmızı qızarıb pörtmüş o katibə qız heç bilmədi ki, kabinetdən necə çıxdı; ömründə heç vaxt və heç kim ona beləcə açıq-saçıq baxmamışdı; eyni zamanda Əbdül Qafarzadə bu qıza elə baxırdı, elə bil, bazarda qarpıza, ya yemişə baxırdı ki, alandan sonra içi necə çıxacaq...
Kitabxana.az · https://kitabxana.az/works/elcin-olum-hokmu-11-ebdul-qafarzade
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Surxay müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağını ilk dəfə 1988- ci ildə – Ermənistan «perestroyka» hərc-mərcliyindən və Qorbaçovun maymaqlığından istifadə edib Qarabağı Azərbaycandan qoparmaq istəyəndə – Şuşadakı etiraz mitinqində, Bazar başında qaldırdı və o bayraq dədəsi kimi uzunboylu olan Uzun Surxayın başının üstündə xeyli müddət dalğalandı, amma üstündən bir ay keçəndən sonra, elə ki, ara bir az sakitləşdi, o bayrağı qaldırdığına görə Surxayı tutub qoduqluğa saldılar, iki gün saxlayıb, buraxdılar, çünki Şuşanın dəliqanlıları Bazar başına yığışıb bir ağızdan qışqırmağa başladı:– Bay-raq-dar!..
IV fəsilVasili Kuzmiçın qızı bir yəhudiyə ərə getmişdi və indi əri ilə birlikdə köçüb ABŞ-da yaşayırdılar, oğlu Vanya hələ sovet vaxtı Tambovda əsgərlik etmişdi, sonra da orada qalmışdı, orada evlənmişdi və orada da yaşayırdı, Kuzmiçin arvadı Vera Arxipovna altı iliydi ki, torpağın altında idi, özü, yəni Vasili Kuzmiç isə beş ildən artığıydı ki, Bilgəhdə, prokuror Əhməd Ağayeviçin bağında yaşayırdı.Sovet vaxtı Vasili Kuzmiç Bakı Lampa zavodunda çilingər işləyirdi və işləməyi sevən adam olduğu üçün, hər ay aldığı maaş onu da, ailəsini də dolandırırdı. Vanya əsgərliyə gedəndən və Tambovda qalandan, qızı ABŞ-a köçəndən sonra, Vera Arxipovna ilə birlikdə dolanışıqları isə lap şah dolanışığı idi – həftədə, heç olmasa, iki dəfə evdə təzə donuz əti bişirdi və həmin günlərdə Vasili Kuzmiç axşam işdən evə gələndə Vera Arxipovna ilə üzbəüz oturub o qızarmış gözəl donuz ətini yanındakı kartof, ya qarabaşaq, ya vermişel qarniri ilə yeyə-yeyə yarımlitrlik bir araq şüşəsi boşaldırdılar – 100, uzaq başı 150 qram Vera Arxipovna içirdi, qalanını da Vasili Kuzmiç. Sonra rus çastuşkaları, Şuljenkonun, ya Utesovun mahnıları yazılmış valları hələ 60-cı illərin əvvəllərində aldıqları patefonda oxudub ləzzətlə qulaq asırdılar, ya da əli dinc durmayan Vasili Kuzmiç çəkicini, kəlbətinini götürüb haranısa təmir edirdi, nəsə düzəldirdi, hərdənbir də elə divanın üstündə cavanlıqlarını yada salırdılar. Bütün bunlara onu da əlavə eləsək ki, Vera Arxipovna özü qış üçün sala düzəldirdi, zels hazırlayırdı, duzlu xiyar qoyurdu, o zaman, əlbəttə, Vasili Kuzmiçin sovet dövründəki həyatına qibtə etmək olardı və indi o həyata birinci qibtə edən adam, elə Kuzmiçin özü idi.
V fəsilOn il bundan qabaq Şuşa camaatının bir hissəsi Buzovna Fəhlə Yataqxanasına yerləşəndə – adamların sayından asılı olmayaraq, hər ailəyə bir otaq – hərə öz otağına əl gəzdirdi, kimi pəncərənin çürümüş çərçivəsini möhkəmlətdi, kimi suvağı qopmuş divarı təzədən suvaqladı, kimi döşəmənin sementin üstündən çəkilmiş lineliumunun yırtılmış yerlərini ört-basdır elədi, bir sözlə, hərə müvəqqəti olaraq (onda elə bilirdilər ki, müvəqqətidi) yaşamaq üçün otağı abıra salmağa başladı və o zaman Surxaygil üçüncü mərtəbədəki otaqda yerləşəndən (doluşandan, doluşdurulandan) sonra Bayraqdar da haradansa göy rəng, qırməzı rəng, yaşıl rəng tapıb gətirdi və otağın qapısının çöl tərəfini (aralığa açılan hissəsini) yuxarıdan aşağı bayrağın rəngi ilə göy, qırmızı, yaşıl rəngə boyadı.Səyyarə Bayraqdarın cidd-cəhdlə o qapını eləcə rəngləməsinə baxa-baxa özünü saxlaya bilməyib ağlamsındı və ağlamsına-ağlamsına da:
VI fəsilYataqxananın həyətində, o iydə ağaclarının yanındakı krantda qab-qacaq yüyan Səyyarə açıq-aşkar bir fəxarətlə Kolxoz kişinin dul arvadı Xədicə xalaya deyirdi:– Əbili (yəni Əbülfət) heç iməkləmədi ki... Bir də gördüm, getdi, küçədə özündən üç dəfə böyük uşaqlarla futbol oynamağa başladı... Küçədə futbol oynayırdı, acanda, qaçıb qucağıma dırmaşırdı, əmməyə başlayırdı...
Başqa şairlərin şeirləri
Sanma, ey dust, sən tək afət canə olmuş, olmamış,Gözlərin tək nərgisi-məstanə olmuş, olmamış.
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.