Səhifə 2 / 2 · 50%

Güldü, lakin budəfəki gülməyində nəsə bir sınıqlıq var idi, yazıçıyam axı, o saat tutdum. «– Mürşüd, – dedi, – axı, sənə bir işim düşüb...» Qulaqlarıma inanmadım, yəni bunun da mənə işi düşə bilər?.. Bu qədər müddətdə birinci dəfəydi mənə belə söz deyirdi... Fikirləşdim ki, yəqin indi bu da bir fırıldaqdı. «– Buyur» – dedim. « – O sənin bir dostun var e, professor...» «– Hansı professor?» – soruşdum. «– Əşşi, Səmədbəylidi, Əhmədbəylidi, nədi?» «– Mürsəlbəylini deyirsən bəlkə?» «– Hə, – dedi. – Mürsəlbəyli. İstəyirəm bir səninlə gedək, özümü ona göstərim». At kimi sağlam adamdı, toyuğun budunu sümüyüylə bir yerdə yeyir, buna nə olub belə? « – Sən hara, həkim hara, ay Əbdül?» – dedim. Güldü, lakin yenə də sınıq güldü – yazıçıyam də!.. « – Yox, – dedi, – elə, bir şey yoxdu. Dünən həkim Bronşteynin yanına getmişdim, məsləhət gördü ki, özümü bir yaxşı mütəxəssisə göstərim...» Şahların saray həkimi olan kimi, həkim Bronşteyn də bunların ev həkimidi. Harayhəşirçinin biridi. Ömərgilə də on beş gündə bir dəfə gəlib o baxır. Tanıyıram, tərifləyirlər, nədi, nədi, yəhudidi... Yəhudi ki, oldu, deməli, yaxşı həkimdi...

Azərbaycanlı psixologiyasıdı də... Lakin sən bu Əbdülün öz canından qorxmağına bax də, at kimi də sağlamdı!.. Altı ildi arvadı ölür, heç vecinə deyil, lakin həkim Bronşteyn ki, özünə bir söz deyib, düşüb əl-ayağa... « – Gedək də, – dedim, – nə böyük işdi... Mən də deyirəm görəsən nə olub? Vallah, qorxutdun məni, ay Əbdül...» Neyləyim, mən də məcburam ki, belə danışım də... Mürsəlbəyli bizim kəndlidi, özü də demaqoqun biridi, elə demaqoqluqla da gəlib o mərtəbəyə çatıb. Danışığınızadını da bilən deyil, naqqalın biridi. Bir-iki ay bundan qabaq küçədə rastlaşmışıq, mənə baxıb gülür: «– Mürşüd, – deyir. – qırx ildi canımı qoymuşam elmin yolunda, mən də professoram: sənin oğlun da...» Yəni sataşır ki, Əbdül Qafarzadənin sayəsində Ömər olub konservatoriyada professor... Sonra da, guya ki, zarafat eləyir, lakin, əslində, ürəyindəkiləri deyir: « – O qudavın deyirlər o qədər pulu var! Bir az da versin sənə də, ay Mürşüd!.. Özünə bir şlyapa alasan, qırx ildi elə bu əzik şlyapada gəzirsən.» Mən də onun o zarafatına guya ki, zarafatla cavab verdim: «– Əşşi, quda olanda nə olar, xəsisin biridi!» O da güldü, mən də, lakin mənim o zarafatım da, əslində, zarafat deyildi, həqiqət idi. Bu Əbdül Qafarzadə ki, var, xəsisin biridi. Uşaqlara ev almaqla, maşın almaqla deyil ki, xəsislik yaman şeydi, lap kiçik bir işdə də görürsən ki, özünü göstərir. Yazıçıyam axı, mənim gözümdən şey yayınar? Bunun o üzdəniraq idarəsində bir makinaçı var, Bədurə, çox diqqətlə, səliqəli yazır. Çoxdan tanıyıram onu, əllinci illərdə redaksiyada işləyirdi, bütün Bakı onun gözəlliyindən danışırdı. Bu Əbdül onu tovlayıb öz yanına apardı, aşnası elədi, o səfeh arvad da bədbəxt oldu, ərə getmədi, tək-tənha qaldı... Şüursuz həyatın axırı belədi də... Nə isə, deyirəm Əbdülə ki, Bədurə yaxşı çap eləyir, təzə romanımı istəyirəm verəm ki, makinada o yazsın. Deyir ki, yox, mənə görə səndən pul almaz, yaxşı deyil, qoy çax-çuxunu eləyib özünü dolandırsın. Deyir: «– Apar başqa makinaçıya ver romanını, pulun yoxdu? Bir elə kitabın çıxır, yoxundu pul, mən verim!» Sən ki, belə pul paylayansan, elə o Bədurənin özünü dolandır də. Sıxıb, sıxıb şirəsini çıxarmısan (onda bir gözəllik, bir bədən varıydı ki, gecə adamın yuxusuna girirdi), indi qocalıb heydən düşüb, belə ki, səxavətlisən, ay vicdansız, dolandır özün də, onu. Nə olacaq, məndən pul almayanda kasıb düşəcək Bədurə? Tək adamdı də, pul nəyinə lazımdı onun? Əbdül elə bilir ki, arvadbazlığından Qaratelin xəbəri yoxdu, hər şey gizlin qalır, day demir ki, ətdən olan divara etibar yoxdu. Nə eləyirsə, Bədurə hamısını bir-bir zəng çalıb Qaratelə danışır. Bu Əbdül Qafarzadə camaata ağıl dərsi verir, lakin özünün heç ağlına da gəlmir ki, Bədurədən əl çəkdiyi, Bədurədən bıqdığı vaxtdan bəri, həmin Bədurə ilə Qaratel cici-bacıdırlar, həftə səkkiz, mən doqquz, zəngləşib dərdləşirlər, telefonda ağlayırlar... Bir dəfə Ədilə (mənim arvadım) özü bunun şahidi olub... Qaratelin özü də elə az aşın duzu deyildi, oğlu öləndən sonra düşdü. Düzdü, mən dəqiq bir şey bilmirəm, lakin belə bir hadisə olmuşdu: Ömərgilin toyuna o şair Ərəstun Bozdağlını da çağırmışdım. Düzdü, bekara adamdı, özündən də müştəbehdir, lakin camaatın arasında tanınır də. Ərəstun Bozdağlı da həmişəki kimi, boğazının yoğun yerinə salıb toyda məhəbbət haqqında uzun bir şer oxudu. Toydan sonra bir dəfə nəşriyyatda ona rast gəldim, kefli idi, mənə dedi ki, ustad, oğlunun qayınanası yaman şorgözdü... «– Toydan iki gün sonra, – dedi. – Telefonumu tapıb, mənə zəng eləyib şer istəyirdi... Oğluvun qayınanası olanda, nolar, ustad, nənəm yaşındadı. Ona məhəbbət şeri düşmür, ustad, incimə məndən!.. Ərəstun Bozdağlı qaynar bulaqdı, amma təzə-tər çiçəklər üçün, ustad!..» Adını şair qoyub, özü heyvandı də... Nə isə... Hə, Əbdül xahiş elədi ki, bir yerdə gedək Mürsəlbəylinin yanına. Görüşüb getdik. Bunu, bu Əbdülü, ömrümdə belə təlaş içində görməmişdim, can doğrudan da, şirin şeydi də, sarısını udmuşdu. Mürsəlbəyli də, arsızın biridi axı, bizi gülə-gülə qarşıladı. O vaxt Ömərin elçiliyinə gedəndə bu Mürsəlbəylini də tapıb aparmışdım ki, hörmətli olsun, odur ki, tanış idilər, görüşdülər, hal-əhval tutdular. Mürsəlbəyli iki daşın arasında mənə sataşdı: «– Mürşüd Gülcahani də ki, maşallah, bir-birinin dalınca romanlar yazır. Kişiyə ikinci dıxaniye gəlib!» Ürəyimdə: «– Sən nə bilirsən, ay bisavad, – dedim. – Roman nədir, zad nədir? Əsər oxuyansan sən? Əsər başa düşənsən?» Ürəyimdə dedim, üzünə vurmadım, lakin elə üzünə də möhkəm dedim. «– Sizinçün yazıram də...» – dedim, yəni ki, oxu, adam ol, professor olmaqnan deyil. Əbdül o qədər canının hayında idi ki, bu söhbətə qarışmadı, yaman boz gözləri var, canavar gözünə oxşayır, lakin Mürsəlbəylinin yanında o canavar gözlərində bir məlulluq vardı, bir təlaş vardı ki, ateist olsam da, doğrusu, Allaha pis getməsin, mənim ürəyimdə intiqamıydı-nəyidi, bir hiss yarandı, heç özüm də bilmirəm necə yarandı... Nə isə... Mürsəlbəyli porsuğa oxşayır, düşdü qabağa, bu Əbdül də taqətsiz dəvə kimi düşdü onun dalınca, getdilər yapon aparatlarında müayinə keçirməyə. Mən də oturdum Mürsəlbəylinin kabinetində, başladım onları gözləməyə. İndi belə qorxuya düşmüşdü, lakin oğlu ölən günü gözündən bir damcı da yaş axmadı, zalım, adam deyil ki, canavardı də, canavar. Gözlərini görmürsən?! Lakin bir hadisə yadıma düşür, mən yazıçıyam axı, Əbdül olanda nolar, gərək gördüyümü deyim. O vaxt ki, bunun oğlu ölmüşdü, cənazəni hələ basdırmamışdılar, indiki kimi yadımdadı, yaman yağış yağırdı. Bu da bütün günü oturmuşdu oğlunun cənazəsinin yanında, heç kimə fikir vermirdi, bir kəlmə də dinib-danışmırdı. Gecənin bir aləmi birdən-birə ayağa qalxıb otaqdan çıxdı. Xeyli keçdi, gəlmədi. Mən elə başa düşdüm ki, gedib yatıb – bundan nə desən gözləmək olar, oğlunun cənazəsini qoyub gedib yatar. Gecənin yarısıydı, tualetə getmişdim, arakəsməyə çıxanda bir də gördüm ki, qapı açıldı, bu girdi içəri.

Doğrusu, onu görəndə qorxdum. Təpədən dırnağacan suyun, palçığın içində idi, sifəti də elə bil ki, meyit sifətiydi. Yazıçıyam də, ona baxan kimi, hər şeyi başa düşdüm, başa düşdüm ki, özünü öldürməyə gedibmiş, bunu onun sifətindən oxudum, lakin qeyrəti çatmayıb, öldürə bilməyib özünü... Əbdül Qafarzadə olanda nə olar, yazığım gəldi ona. Gedib ürək-dirək vermək istədim, istədim ki, özünü bir az toxdatsın, lakin birdən-birə it kimi üstümə hürdü. Mənə elə qışqırdı ki, altı ildi keçib, lakin indi də yadıma düşəndə tüklərim biz-biz olur. Təhqir elədi məni. Lakin neyləyəsən, uddum... Səhəri özümü o yerə qoydum ki, elə bil, heç nə olmayıb. Mən neyləyim ki, İslamzadə kimiləri üçün sənətin heç bir əhəmiyyəti yoxdur. Mənim kitablarımı bu Əbdül Qafarzadəyə görə nəşr eləyir, yoxsa eləməz, mən də məcburam udum da bütün təhqirləri, neyləyim... Mənim başım çox çəkib. Redaksiyalarda məni çox incidiblər, çünki indi əsl sənətkarın qədrini bilən, əsl sənətkara qiymət verən yoxdur. Lotu-potunun işi keçir indi. Az qala, sovet hökumətinin əleyhinə əsərlər yazırlar, həyatımıza qara yaxırlar, mənfi qəhrəmanlar yaradırlar, müsbət qəhrəmanlar qalır bir tərəfdə, bunların da həmin əsərlərini çap eləyirlər, əvvəlcə jurnallar buraxır, sonra kitabları çıxır, bir sözlə, hərc-mərclikdir. İndi müsbət qəhrəmanlardan əsər yazan yazıçının özünə mənfi qəhrəman kimi baxırlar! Stalinin vaxtında belə şeylər ola bilərdi? Adamın atasını yandırardılar. O gün bizdə işləyən o cavan yazıçı, sırtıq ki, deyirəm, Səlim Bədbin, camaatın içində bağıra-bağıra: «– Bizim yazıçıların çoxu, – deyir. – kapitalist ölkələrində olsaydılar, acından ölərdilər. Kimdi onları çap eləyən? Mərkəzi Komitəyə şikayət yaza bilməyəcəkdilər ki, əsərimizi çap eləmirlər... Özlərinə tanış-biliş axtarmayacaqdılar ki, bezdarnı əsərlərini çap elətdirsinlər, sonra da tökülüb qalsın mağazalarda, axırda spisat eləyib yandırsınlar. Bu cür ziyankarlığa ancaq Sovet hökuməti dözür. Kapitalist deyir ki, çap eləmirəm, vəssalam, sən yazıçı döyülsən! Lap istəyirsən kiminsə qohumu yox, lap Allahın bacısı oğlu ol! Sən mənə ziyan vurursan, mən səni niyə çap eləyim?» Bu sözləri deyir, vicdansız, özü də mənə baxır. İstədim deyəm ki, ay alçaq, sən bizim hökumətin qeyrətini çəkirsən? Yazdıqlarının hamısı rüşvətxorlardan, əliəyrilərdən, mənfilərdəndi! Lakin bir söz demədim. Axı, nə mənası var? Doğrusu budur ki, Stalindən sonra sovet sənətinin atasını yandırıblar. O kişinin vaxtında belələrinin ixtiyarı nə idi, cınqırıqlarını çəksinlər? Vallah, başlarına bir oyun açardılar ki, anadan əmdikləri süd burunlarından gələrdi! Mir Cəfər Bağırov bilirsən neyləyərdi bunları? Baş barmağıyla, bunları taxtabiti kimi elə sıxardı ki, heç yerlərində izləri də qalmazdı. Lakin indi nə eləyəsən? Biri sovet adamına qara yaxır, onu rüşvətxor kimi göstərir, olmazın çirkabına baş vurur, yazdığını nəinki çap eləyirlər, hətta tərifləyib göyə qaldırırlar, ən dəhşətlisi də budur ki, iş o yerə çatıb ki, bəzən hökumət özü bunlara mükafat da verir!.. Əsl sovet mükafatları Stalin mükafatlarıydı ki, adamın döşündə bərq vururdu!.. Mən də alacaqdım də, lap az qalmışdı, lakin mənimki həmişə gətirmir!.. ««Şən həyat» kolxozunda» romanımı onda yazmışdım. Mir Cəfər Bağırov o romanın adını məruzəsində qeyd elədi; dedi ki, bizim sovet ədəbiyyatına həyatımızın işıqlı cəhətlərini vəsf edən bu cür əsərlər lazımdır! Bütün mətbuat mənim romanımdan yazırdı. İki ilin içində üç dəfə çap elədilər, dərsliyə ondan parçalar saldılar, rus dilinə tərcümə olunub. Moskvada nəşr edildi, erməni dilinə tərcümə edildi, Stalin mükafatına təqdim edildi... Lakin mənim baxtımdan Stalin öldü... Mir Cəfər Bağırovu da Stalin öləndən sonra, əvvəlcə Siyasi Büroya namizəd seçdilər, üç-dörd ay keçəndən sonra da işdən çıxartdılar, tutdular, məhkəmə elədilər, güllələdilər. O boyda kişini!.. Mənim mükafatım da çıxıb getdi işinin dalınca... O cür romanı o vaxtdan bəri bir dəfə də olsun təzədən nəşr eləmədilər. Bu hələ bir yana, üstünə də düşdülər ki, ««Şən həyat» kolxozunda» romanı konfliktsizlik nəzəriyyəsinin bariz nümunəsidir... Mənimki əvvəldən gətirmir... Dünya dəyişib... Dəyişib deyəndə xaraba qalıb... görmürsən, ruslar o boyda Semyon Babayevskinin indi heç adını da çəkmirlər?.. İndi antisovetçiklər moddadı, bir azdan əsl kommunistləri tutub güllələyəcəklər... Nə isə, bu elə bir dərddi ki, deməklə qurtaran deyil. Xalqın sözü var: biri soruşur: «– O hünərli atlara nə oldu, hanı onlar?»; cavab verirlər: «– İgid kişilər o hünərli atları çapıb getdilər!..» Stalin elə bir adam idi ki, ona hər şey yaraşırdı, cəmi iki dənə qəhrəman ulduzu var idi döşündə, amma adam baxanda elə bilirdi ki, göyün üzündə nə qədər ulduz var, hamısı onun döşündədi. Brejnev indi döşünü qursağına qədər orden-medalla doldurub, beş dənə qəhrəmanlıq ulduzu taxıb, daha sinəsində bir sıraya sığışmır, iki sıra düzüb, müharibədə polkovnikin biriydi, indi özünə «Qələbə» ordeni verib, marşal olub (ay Allah, dünyanın işlərinə bax də, vallah, doğrudan da Stalinin ölən günləridir!), yəqin generalissmus da olacaq, lakin nə olsun e, nə olsun? İosif Vissarionoviç bığının bir tükünü tərpətsəydi, Brejnev kimisinin mini yox olardı! Camaat bilmir bunu? Lap yaxşı bilir, xalq sevir Stalini, həmişə də sevəcək! Brejnevi kimdi ürəkdən istəyən, bütün təriflərin hamısı elə-belə, sözdü! Nə etmək olar, mən də o gün partiya iclasında onu o ki, var, təriflədim... Sülh uğrunda sarsılmaz mübariz, zəmanəmizin böyük dövlət xadimi, Leninçi rəhbərlik stilinin bariz nümayəndəsi!.. Neyləyim? Yorğana bürün, ellə sürün!.. Hətta dedim ki, təbiət özü rəmzi eynilik yaradıb: Lenin də İliç idi, Brejnev də İliçdir! Düzdür, mən bu sözləri dedim, lakin kim bilmir ki, Brejnev təsadüfi adamdı?.. Xruşşovu ki demirəm, lənətə gəlmiş, aləmi batırdı getdi! Antisovetçikin biri idi, partiyanı ləğv eləmək istəyirdi! Görmədin, BMT-də ayaqqabısını çıxarıb xitabət kürsüsünü döyəclədi?! Gör kimlər gəldi tutdu Stalinin yerini?! Görməli günlərimiz varıymış!.. Gədə-güdə zəmanəsidi indi!.. Ode, Ərəstun Bozdağlı kimisinə fəxri ad verirlər, «Əməkdar incəsənət xadimi» olur, amma mən öz romanımı nəşr elətdirməkdən ötrü Əbdülə dayı deyirəm... Nə isə... Bir saatdan çox oturub gözlədim Mürsəlbəyliynən Əbdülü, axırı ki, gəlib çıxdılar. Əbdülün sifəti ağappaq ağarmışdı, görürdüm ki, ürəyi də tıp-tıp içindədi. – «Axı, məndə nə var, professor?» – soruşdu, özü də elə soruşdu, elə bil, dünyada bundan fağır adam yoxdu. Mürsəlbəyli yoğun qarnını qabağa verib: «– Sənin kimi kişidə nə ola bilər?!» – dedi, elə də bərkdən güldü ki, elə bil, zalım oğlu, «Məşədi İbad»a baxır, Məşədi İbadı da rəhmətlik Mirzəağa oynayır... Əbdülün sifətinin rəngi göz-görəti dəyişməyə başladı, gözlərindəki o təşviş də yavaş-yavaş yayındı. «– Yəni heç bir şey yoxdu məndə?» Mürsəlbəyli: «– Heç bir şey! – dedi. – Bütün için şüşə kimi tərtəmizdi! Nümunəvi!» «– Bir dərman-zad lazım deyil? Heç nə atmayım?» Mürsəlbəyli gödək qolunu (bu gödək qollarıyla, bu gödək barmaqlarıynan necə cərrahlıq eləyir, ay canım?..) irəli uzadıb, ətli əlini tərpədə-tərpədə: «– Heç bir dərman lazım deyil!» – dedi. «– Bəs, yeməyim-içməyim necə?» «–Ürəyin nə istəyir, ye, ürəyin nə istəyir, iç!» Mürsəlbəyli bu sözləri deyəndə, Əbdül mənə baxdı, onun o boz gözlərində bir təntənə varıydı: yəni ki, hə, Mürşüd Gülcahani, görürsən də, mən neyləyim axı, sən otuz ildi yazvasan, gərək hər gün yemək-içməyini, pəhrizini gözləyəsən, lakin mənim kefim nə istəyir, onu da indiyə qədər necəydisə, eləcə də yeyib-içəçəyəm. Nə eləyəsən, mədəm də məni bu cür harın adamların yanında xəcil eləyir... Əbdül yekə əlini şalvarının cibinə soxub üç dənə – yazıçıyam axı, mənim gözümdən heç nə yayınmaz, – o saat saydım – üç dənə şax-şax yüzlük çıxarıb Mürsəlbəylinin xalatının cibinə basdı. O üç yüz manat mənim düz iki aylıq maaşımdı, vergiləri çıxandan sonra, əlimə gələn puldu, düz ikicə ayımın zəhmət haqqıdı. On illərlə mən o maaşa baxmışam, bununla qohum olana qədər, o əclaf İslamzadə mənim kitablarımı nəşr eləməyə başlayana qədər. O vaxtlar yavanlıq olmadığı üçün, o qədər çörəklə turşu-şoraba yedim ki, axırda mədəm də oldu beləcə yara. Mürsəlbəyli yalandan: « – Bay!.. Bu nəyə lazımdı?..» – dedi. Elə dedi ki, elə bil, üzr istəyirəm, əxlaqsız arvad təzə kişi ilə yaxınlıqdan əvvəl naz eləyir. Heç olmasa, məndən də utanmır e, vicdansız!.. Ay canım, gör gəlib nə vəziyyətə düşmüşük də... Professora bax də, professora!.. Bircə saatın içində mənim iki aylıq maşımı, cibinə basır, üstündən bir əxlaqsızcasına naz da eləyir!.. Əbdül də: «– Sənin üçün halaldır, professor!» – dedi. İşə bax, gör halallıqdan kim danışır də!.. Mənim iki aylıq maaşımı, elə bil, tumdu, çırtlayır, özü də halallıqdan dəm vurur!.. Bizim nəşriyyatda işləyən o sırtıq gədənin, o Səlim Bədbinin sözü olmasın, vallah, billah, Sovet hökumətidi ki, dözür bu zırıltıya! Nə isə, Mürsəlbəylidən ayrıldıq, xəstəxanadan çıxdıq. «– Əşşi, – dedim, – sən də yaman vasvasıymışsan e!..» «– Day demə!..» – dedi və güldü, həmişəki gülüşüylə güldü, daha sınıqlıq-zad yoxuydu bu gülüşdə «– Yaxşı, Gülcahani, xudahafiz! Get təzə romanını yaz...» Elə bil, bayaq mənə zəng eləyib təlaş içində bura gələn adam deyildi. Bağda ərik var idi, salam-məleyk var idi, bağda ərik qurtardı, salam-məleyk qurtardı!.. Ayrıldıq, o getdi qəbiristanlığa, mən də getdim nəşriyyata. Böyük adamlardan kimsə deyib ki, adamın xoşbəxt olmağı üçün iki şərt vacibdir: bir işə gedəndə həvəslə getsin, bir də evə qayıdanda həvəslə qayıtsın. Lakin mənim, doğrusu, nəşriyyatdan lap zəhləm gedir (otuz ildən artıqdır, orada redaktor işləyirəm), Ədilə də ki, pis adam deyil, lakin elə hey deyinir, deyinir, deyinir... Otuz beş ildir ki, deyinir... Faytonçu Əliməmmədin qızıdı də.... Mən obyektiv adamam, qayınatam olanda nə olar, o rəhmətlik faytonçu Əliməmməd də ətiacının biri idi... Nə isə... Axşam nəsə gözlənilməz bir hadisə baş verdi (kimin ağlına gələrdi?): bir də gördüm ki, telefon zəng çaldı, dəstəyi götürdüm, gördüm ki, Mürsəlbəylidi. «– Sənə vacib sözüm var. – dedi. – gedirəm bulvara hava almağa. Sən də gəl «Kukla teatrı»nın qabağına». «– Xeyir ola?» – soruşdum. «– Gələrsən, eşidərsən». – dedi. Dəstəyi də asdı. Geyinib getdim, görüşdük. «– Bilirsən nə var, Mürşüd? – dedi. – Sənin qudanın işləri xarabdı». «– Necə yəni xarabdı?» – soruşdum. «– Qudan xərçəngdi!» – dedi. Doğrusu, məhəttəl qaldım. «– Bəs, günorta dedin heç nəyi yoxdu?» – soruşdum. «– Nə deyəydim bəs? – dedi. – Adını da yazıçı qoymusan!.. Deyəydim ki, Əbdül Qafarzadə, xərçəngsən, cəmi də bir ay-iki ay ömrün qalıb?» «– Bəlkə səhv eləyirsən?» «– Nə səhv, a kişi? Yaponların aparatına söz yoxdu! Ağ ciyərini xərçəng basıb, hər tərəfə metastaz verib. Xərçəngin ən pisindəndi». «– Axı, sir-sifətində bir dəyişiklik yoxdu, qıvraqdı!..» «– Bir azdan ağrısı başlayacaq, heç bir əlacı yoxdu, cərrahiyyə-zad kömək eləməz. Yazıq əzabla öləcək!» Fikirləşdim ki, Mürsəlbəyli indi çıxarıb üç yüz manatı verəcək ki, apar qaytar özünə. Lakin nə üç yüz manat? Mənimlə ağızucu sağollaşıb, çıxıb getdi dəniz kənarında hava almağa. Belə-belə işlər... Ömərə xəbər verərəm, çatdırar Əbdülün arvadına, qızına, çatdırmaz, öz işləridi... Mənim nə borcuma?.. Tərs kimi, əlimdəki roman da yarımçıqdı... Nikbin, işgüzar, yenilikçi bir kolxoz sədrinin fəaliyyətindən bəhs edir. Kolxoza sadə ad qoymuşam, indi təmtəraqlı adlar keçmir: «Göytəpə kolxozu» Bu kolxozda 1400 hektar pambıq becərirlər. Qərara alıblar ki, bunun 90 faizini maşınlarla toplasınlar. Bitkilərin yarpağını rayonda ilk dəfə yerüstü aparatların qüvvəsiylə tökürlər. Buna görə də 9 ədəd OVX-14 markalı aqreqat hazırlayıblar, nə avadanlıq lazımdı, alıblar, dərman tədarük ediblər. Təkcə «Göytəpə kolxozu»nda yox, bütün rayonda pambıq yığımına ciddi hazırlıq işləri gedir.

Pambıqyığan maşınları təmir eləyib qurtarıblar. Çoxlu təzə maşın alıblar, ümumi sayı 880-dir. Pambıq məhsulunun 70 min tonunu maşınlarla yığmağı qərara alıblar. Bir sözlə, qiyamət bir əsər olacaq. Axı, mən müasir yazıçıyam – ictimai problemlər mənasında. Doğrusu, hələ indiyə qədər bu kolxoz sədri kimi sanballı müsbət qəhrəman surəti yaratmamışam, hətta bəzi səhvləri də olacaq... Lakin bu Əbdül öləndən sonra, İslamzadə o romanı nəşr edəcək? Mənimki, deyirəm də, bünövrədən gətirməyib, gətirməyəcək də... İşə bir bax, ay canım, Əbdül Qafarzadə də ölə bilərmiş... Vallah, ateistəm, düzdü, lakin görünür, nəsə bir qüvvə var ki, belə cəzalandırır də... Ədiləgilin dədə-baba evi Bakının yuxarı məhəllələrindən birinin həyətində idi. O həyətdə Molla Əsədullla adında bir dələduz yaşayırdı. İndi də hərdən görürəm onu, fırıldağın biridi. Gününü Tülkü Gəldi Qəbiristanlığında keçirir. Birdən yadıma düşdü... Bax də, Əbdül Qafarzadə öləcək, o Molla Əsədulla da, olsun ki, gəlib onun üstündə yasin oxuyacaq, Allahdan təvəqqe edəcək ki, onu behiştə göndərsin. Dünyadı də, behiştə getmək istəyənə bax, təvəqqe eləyənə bax... O qəbiristanlıqda bir fotoqraf var, Əbülfəzdi -nədi adı, tanıyıram, qabaqlar redaksiyalarda işləyirdi, avaranın biridi!.. Qəbiristanlıqda şəkil çəkib, ölü yiyələrinə sırıyır. Əbdül Qafarzadənin də dəfn mərasimində şəkillər çəkəcək yəqin, sonra da satacaq Ömərə... Yazıq Ömər, Qafarzadə öləndən sonra da bunların əsarətindən qurtarmayacaq... Orda-burda da pul gizlədib yəqin, qoca tülküdü, onlar kimə qalacaq?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri