Bağışlaya bilmirəm, yaman sınıbdır ürək,Sevirdim, sevdiyimi indi sevə bilmirəm.Məhəbbəti, ilqarı özü qırdı şüşətək,Yenə qədəm qoyummu, mən bu evə? Bilmirəm...

Bir şeir yazammıram yuxusuz qalsam belə,Həm də rahatlıq duyub bir an yata bilmirəm.Ünsiyyət tapammıram ilham ilə, təb ilə,Həm də dönüb qadıntək təbi ata bilmirəm.

Məhəbbətmi, həvəsmi çəkir sizin tərəfə,İki addım atmamış qayıdıram geriyə.“Getməyəcəm!” inamla söz versəm də bu dəfəYenə sizə gəlirəm mən yeriyə-yeriyə.

İstəyirəm birbəbir ürəyimdən keçəniÇırpam onun üzünə bir amansız şillətək.Lakin onu görüncə buruluram küçəni,Fövrən yana dönürəm bir çovumuş güllətək.

Ziddiyyətlər içində keçir ömür, keçir gün,Çöhrəmdə göz yaşıyla gülüş ünsiyyətdədir.Bəlkə mən yanılıram, bəlkə insan ömrününMənası, gözəlliyi elə ziddiyyətdədir?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri