Səhifə 2 / 2 · 50%

⎯ Elə indicə sizin haqqınızda düşünürdüm, inanın. Telepatiyadı, nədi bu? ⎯ Ayağa qalxdı və: ⎯ Xoş gəlmisiz, ⎯ dedi. ⎯ Həmişə siz gələsiz. Buyurun, əyləşin.

İsrafil irəli gələ-gələ rəsmi tonda:

⎯ Bilirəm, bizim haqqımızda son vaxtlar çox tez-tez fikirləşir-siz, ⎯ dedi, ürəyindən isə keçirdi: «Mənəm talançı? Dayan, sənin ananı elə ağladım ki, özün də afərin deyəsən. Alçaq».

⎯ …

⎯ Görürəm, bizim gəlişimizdən məmnunsuz.

⎯ Əlbəttə. ⎯ Udqundu. ⎯ Siz də bizim bu kasıb idarənin qapısını açıb içəri girərmişsiz, yoldaş Quliyev… Buna ancaq sevinmək lazımdı.

⎯ Amma bilsəniz niyə gəlmişik, belə sevinməzsiz.

⎯ Hə? Nə olub ki? Yoxsa bir hadisə baş verib?

⎯ Bəli. Təəssüf ki, elədi. ⎯ Stul çəkib oturdu. Formalı adamlar ayaq üstə dayandılar. Prokuror uzun qıçını qıçının üstünə aşırıb davam etdi: ⎯ Özü də çox pis bir hadisə.

⎯ Axı nə olub?

Quliyev uşağa müraciət edirmiş kimi:

⎯ Oturun, Nəzərli, ⎯ dedi.

Nəzər qeyri-iradi əyləşdi, gözlərini döyə-döyə İsrafilin şüşə gözlərinə baxdı.

⎯ Axı nə olub? ⎯ hövsələsi daralmış halda səsini ucaltdıqda Quliyev milis işçilərinə başı ilə işarə elədi:

⎯ Axtarın.

Nəzərin qulaqları guruldadı, gözləri qaraldı, dodaqları səyridi. Çılğıncasına:

⎯ Nə dediz? Nəyi axtarsınlar? ⎯ deyə xəbər aldı və Quliyevin nə cavab verəcəyini gözləmədən qabağa ⎯ düz onun üstünə gələn kapitanın və kiçik leytenantın üstünə:

⎯ Yaxın gəlməyin, yaxın gəlməyin. Vallah, dünyanı dağıdaram, ⎯ deyə elə qışqırdı ki, onlar bu qeyri-adi səsdən səksənib yerlərində dondular. ⎯ Siz nə eləyirsiz? Siz… ⎯ sözünü yarımçıq kəsib İsrafilə sarı çöndü: ⎯ Bir məni başa salın görüm bu nə oyundu, İsrafil?

⎯ İsrafil yox, yoldaş Quliyev. ⎯ O, Nəzərin sözünə düzəliş verdi.

⎯ Hə, yoldaş Quliyev, deyəsən siz… zarafat eləmək fikrinə düşübsüz, nədi?

⎯ Mən iş başındayam. Mənim zarafat eləməyə nə vaxtım, nə də həvəsim var, Nəzər.

⎯ Onda… onda məni başa sal. ⎯ O da «sənə» keçdi ⎯ bütün bunlar nə deməkdi?

⎯ Pulları hara qoymusan?

Nəzər gözlərini döydü:

⎯ Hansı pulları?

⎯ Özünü avam yerinə qoyma. İndi burdan çıxan oğlandan aldığın pulları deyirəm. Hara qoymusan?

Nəzərin bircə anda qırışığı açıldı, qəfildən, heç kəsin gözləmədiyi halda əlini əlinə çırpıb ucadan şaqqanaq çəkərək elə güldü ki, üçü də döyükdü. Hətta cavan leytenant istər-istəməz düşündü: «Deyəsən, kişinin başına hava gəldi».

İsrafil isə hirslə:

⎯ Nəyə gülürsən? ⎯ dedi. ⎯ Ağlamalıdı bu, Nəzər, gülməli deyil.

Nəzər elə yerindəcə, əyilib düzələ-düzələ, əliylə dizini döyəcləyə-döyəcləyə gülürdü:

⎯ Ay sizin evinizəcən. Ha, ha, ha. Adə, məni öldürdüz ki, gülməkdən. Mən də deyirəm… görəsən… bəs… ⎯ hələ də çiyinləri qalxıb-enən Nəzər cib yaylığıyla yaşarmış gözlərini sildi: ⎯ Mən də deyirəm… bəs… nə olub, nə pul deyir bunlar? ⎯ Və əlini cibinə salıb çıxararaq pulları stolun üstünə atdı; onluqların dəci pozulub səpələndi. ⎯ Bunları deyirsən? Quliyev, bunları deyirsən? Bu, mənim öz pulumdu. Öz pulumdu, Quliyev. Öz halalca maaşımdı, başa düşdün? Yunis srağagün borc almışdı. Gəldi, xahiş elədi, «əlimyandıdayam» dedi, mən də verdim. İndicə, beş dəqiqə sizdən qabaq gətirib. ⎯ İsrafilin dodaqlarını bir rişxəndli təbəssüm gəzib-dolaşdı:

⎯ O nağılları sonra danışarsan, müəllim. ⎯ O, bu «müəllim» sözünü xüsusi vurğu ilə dedi. ⎯ Hamıya əxlaq dərsi deyən, adamları düzlüyə-təmizliyə çağıran, oğrunu-rüşvətxoru tutmaq istəyən mü...əl...limm.

⎯ Sənin məni təhqir eləməyə haqqın yoxdu. Sən səhv gəlmisən, Quliyev… Bu pullar mənimdi.

⎯ Yox, ⎯ o, cibindən çıxardığı bükülü kağıza və stolun üstə dağılmış qırmızı onluqlardan birinə gözucu baxıb: ⎯ Yox, bu pullar bizimdi, Nəzər bəy, ⎯ söylədi.

⎯ Necə yəni sizindi?

⎯ Çox sadə. Başa düşmürsən? Yunis dediyin o oğlan bu pulları bizdən alıb. Bu da nömrələri.

⎯ Həə? Namərd. ⎯ Nəzərin gözləri böyüdü, dartınıb yerindən qalxmaq istədi, ancaq taqəti olmadı, zəif, titrək səslə leytenanta: ⎯ Ay oğul, o əclafı bura çağır, ⎯ deyə bildi.

İsrafil qalib bir ədayla:

⎯ Oğlanı neynirsən? Budu oğlan, ⎯ deyərək cibindən ikinci bir kağız çıxarıb Nəzərin gözləri qabağında oynadaraq ucadan oxudu:

«Rayon prokuroru İ.M.Quliyev yoldaşa Benzindoldurma stansiyasının işçisi Yunis Bayramov tərəfindən

ƏRİZƏ

Nəzərinizə çatdırıram ki, Rayon Xalq Nəzarəti Komitəsinin sədri Nəzər Nəzərli vəzifəsindən sui-istifadə edərək məndən hər ay yüz əlli manat haqq istəyir. Mənim isə buna maddi imkanım yoxdur. Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu rüşvətxoru ifşa etməkdə mənə lazımi köməklik göstərəsiz.

İmza: Yunis Bayramov»

İsrafil kağızı büküb yenə cibinə qoyaraq:

⎯ İndi aydındı, vətəndaş Xalq Nəzarət Komitəsinin sədri? ⎯ deyə eyhamla xəbər aldı.

⎯ …

İsrafil kapitana sarı döndü:

⎯ Otur, aktlaşdır. ⎯ Leytenanta isə: ⎯ Zəng elə, milis maşını göndərsin Ağayev, ⎯ dedi.

Leytenant: ⎯ Baş üstə, ⎯ deyərək Nəzərin stolu üstdəki telefona yaxınlaşdı.

Nəzər heç nə eşitmirdi, heç nə görmürdü.

… İsrafil öz kabinetinə girən kimi, Müseyibə zəng elədi:

⎯ Qızıl balıq tordadı artıq, Müseyib. Uşaqlara tapşır, axşama bir qızıl balıq kababı bişirsinlər.

⎯ Baş üstə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, on beşinci fəsil

Gülmirə Orxandan ayrılandan sonra idarəyə getmədi. «Birdən əlimdə məqaləni görən olar, xətti tanıyar», — deyə düşünüb birbaş evə sarı yollandı. Küçələrdə adam azdı. Hava isti olsa da, o, canında bir yüngüllük və rahatlıq duyurdu...Məqaləni salıb itirəcəyindən qorxurmuş təki, qəzeti sol döşünə bərk-bərk sıxmışdı. Nədənsə qəflətən ona elə gəldi ki, Orxanın əli burda, qəzetin arasındadır, bir anlığa o əlin hərarətini hiss eləyən kimi oldu. Və səksənərək qəzeti sinəsindən ayırdı...

5 dəq
Birinci hissə, on altıncı fəsil

Başı dümağ ağarsa da, gümrahlığını, çevikliyini itirməmiş, gündən-günə artan bir həvəslə elmi işə girişən, kitabxanaların köhnə, toz basmış künclərini, əlyazmalarını araşdıran Cəfər sevincdən dili söz tuta bilmədiyi halda Salmanın otağına girəndə professor uzun illərin sövqi-təbiisi ilə anlamışdı ki, burada nəsə mühüm bir məsələ var. İkicə saniyə sonra zənninin doğru olduğunu görüb özünün indi də məəttəl qaldığı ustalıqla Cəfəri sakitləşdirib onu ətraflı danışmağa qoymamış, əlindəki fotosurəti, əlyazmasını alıb stolun üstünə atmış və demək olar ki, zorla Cəfəri də itələyib bayıra çıxarmış:– İndi çox təcili işim var, prezident çağırıb,— deyərək qapını qıfıllayıb mərtəbələri aşağı enmişdi. Əslində o özü də sevindiyindən nə edəcəyini bilmədiyi üçün və ələ düşən yağlı tikəni itirməmək məqsədi ilə yollar aramaq üçün belə eləmişdi.

10 dəq
Birinci hissə, on yeddinci fəsil

Gülmirə professorun kabinetindən çıxanda artıq axşam düşmüşdü: içəridə, Salman Qurbanzadə ilə üzbəüz oturub onun tələm-tələsik diktə elədiyi sözləri təntiyə-təntiyə yazdığından, bu gözlənilməz təklifin əsil mahiyyətini anlamadığı üçün xəyalında min yerə at çapdığından qız yamanca həyəcanlanmışdı, deyəsən hələ tərləmişdi də. Yaz axşamının yüngül mehi alnında, yanaqlarında gəzdikcə bədənini sərinlədir, bayaqdan naməlum hisslər əlində çırpınan ürəyini toxtadırdı.Kommunist küçəsi ilə azca üzüyuxarı qalxmışdı ki, qeyri-iradi dönüb institutun pəncərələrinə nəzər saldı: Salman Qurbanzadənin dördüncü mərtəbədə yerləşən otağından hələ də işıq gəlirdi, azacıq o tərəfdə, içəri şəhərin qala divarlarının iri «daş dişləri» alaqaranlıq içində güclə seçilirdi. Gülmirə küçədə olsa da, o, işıq gələn pəncərənin arxasında, pardaxlanmış mizin dalında oturub işgüzar bir görkəmlə nə isə yazıb-pozan, əlini iri alnına qoyub tez-tez xəyala dalan Salman Qurbanzadəni təsəvvürünün gözləri ilə görür və Gülmirədə— elm aləminə təzə qədəm qoymuş, onun enişləri-yoxuşları, çəkişmələribərkişmələri, büdrəmələri, yüksəlişləri barədə tam təsəvvürü olmayan, ancaq hələlik zahiri parıltılarını, şan-şöhrətini, gurultu ilə səslənən «elmlər namizədi», «elmlər doktoru», «professor», «akademik» kimi ibarələrin doğurduğu məstedici həzzi uzaqdan-uzağa duyan Gülmirədə professor Salman Qurbanzadənin qeyri-adiliyi, nadirliyi, qadirliyi barədəki fikirlər getdikcə qüvvətlənir və gözlərini qamaşdırırdı. O, bir uşaq sadəlövhlüyü ilə atasının belə bir dostu olması ilə fəxr edir, küçəyə sığışmırdı. Onun nəzərində institutda işlədiyi bu iki-üç il ərzində Salman doğrudan da özünü çox, lap çox ucaltmağa nail olmuşdu — adicə laborant idi Gülmirə, beş ay keçməmiş kiçik elmi işçi keçirtmişdi, mövzu vermişdi, indi də elmi əsərinin vəziyyəti ilə maraqlanır, hətta vaxtilə özünün kəşf etdiyi Füzuli avtoqrafını da könüllü surətdə onun adına çap elətdirmək istəyirdi. Hələ bu nə idi ki, professor Gülmirənin tənbəlliyini bildiyi üçün bu çox vacib işi təxirə salmamaq, başqalarının, məsələn Cəfərin həmin məsələdə qabağa düşməyinin qarşısını almaq xatirinə, məqalənin mətnini də özü diktə eləmiş, yazdırmışdı, Bu yaxşılıq deyildi, bəs nə idi? Kim kim üçün belə edərdi? Heç kəs! «Nadirə mənim xatirimi — özünün dediyinə görə — kiçik bacı kimi çox istəyir. Ancaq o belə eləməzdi. Yox, eləməzdi. O, elə tələb eləməyi bilir, bir partkom kimi ancaq tələb eləməyi bilir. İşləmək lazımdır! Vəssalam, onun sənə qayğısı bundan ibarətdir. Amma Salman əmim... Yoxdur ondan, bir dənədir Salman əmimdən»—deyə Gülmirə ailəvi yaxın olduğu bu ər-arvadı fikrən müqayisə edirdi, istər-istəməz və belə müqayisələr zamanı öz «yaxşılığı», «xeyirxahlığı» ilə Salman onu—arvadı Nadirəni həmişə kölgədə qoyurdu. Gülmirə özünü Salmanla güclü hesab edirdi. Son günlər isə o, Orxanın «əyani» köməyini görəndən sonra büsbütün arxayınlaşmış, keçəcəkdə çətin, dolaşıq, basırıq yollarda həmişə onun üçün yaşıl işıq yanacağını düşünüb rahatlanmış, indiyə qədər qəlbini üzən ümidsizlikdən, inamsızlıqdan yaxasını qurtarmışdı. Demək, iki nəhəng — elmin iki böyük nəhəngi onun arxasında dayanmışdı. Orxan ona dəlicəsinə vurulmuşdu, düzdü, ürəyini hələ açmamışdı, güman ki, heç aça da bilməyəcəkdi— ancaq o bu məhəbbəti xatirinə Gülmirənin bir sözünü iki eləməzdi, deməmiş belə onun «əsərlərini» yazardı — özü də tək birini yox, ömrü boyu yazardı, özü üçün yazmasaydı da, Gülmirə üçün yazardı. Orxanın dilsiz baxışları, yana-yana köks ötürməsi, son yazısını aparıb təzədən yazması və o gün də «mən sirr saxlamağı bacaran oğlanam!»— deməsi bu fikri ona möhkəmcə təlqin eləmişdi. Orxan bu münasibətilə, bu məhəbbəti ilə Gülmirə üçün son dərəcə maraqlı, oxunmamış, ləzzəti bihuşedici bir romana bənzəyirdi və cavan gəlini öz şirinliyi ilə hər gün bir az özünə cəlb eləyirdi. Gülmirə təmkinli, ağıllı olsa da, bu şirinlikdən, o həzzdən imtina edə biləcəkdimi?..

14 dəq
Birinci hissə, on səkkizinci fəsil

Səhəri günü özünü azca nasaz hiss elədiyi üçün Salman işə çıxmadı. Hıqqıldaya-hıqqıldaya, zarıya-zarıya telefona yaxınlaşıb Aslanzadəyə zəng çaldı, icazə alıb yerinə girərək əməlli-başlı uzandı. Ərini kefsiz görən, ümumən evdə xəstə görməkdənsə, özü xəstələnməyi üstün tutan Nadirə əl-ayağa düşüb doktor çağırmaq istəyəndə Salman qoymadı: «Əşi, yüngülvarı şeydi, keçib gedər»,— deyərək onu sakitləşdirdi; buna baxmayaraq Nadirə balaca ev aptekindən aspirin tapıb isti çayla ərinə içirtdikdən sonra nigaran-nigaran idarəyə getdi. Professor darıxacağını hiss eləyib əl ataraq çarpayısının baş tərəfindəki kitab rəfindən «Şərq ədəbiyyatında realizm» əsərini götürdü və mütaliəyə başladı. Ancaq sətirlər gözünün qabağından qaçdığına görə, cümlələr, fikirlər ona dolaşıq və anlaşılmaz görünürdü, buna görə oxuduğu bir cümləni qayıdıb ikinci dəfə də nəzərdən keçirməli olurdu. Çox keçməmiş belə mütaliənin heç bir fayda verməyəcəyini kəsdirib kitabı yorğanının üstünə atdı. Çünki onun diqqəti burada deyil, dünən müvəffəqiyyətlə keçirdiyi «əməliyyatın» yanında idi. Professorun diqtəsi ilə, Gülmirənin öz əlilə yazılan məqalə onun seyfində, köhnə kağızlar yığılmış qovluğun arasındaydı.Salman ehtiyatlı tərpənib Gülmirəyə bəzi başqa məsləhətlər də vermişdi. Bütün bunlara baxmayaraq, Salman gecəni səhərəcən yerində qurcuxmuş, ilan vuran yatmışdısa da, o, çimir belə eləyə bilməmişdi. Bir tərəfdən qurduğu, o biri yandan da belə mühüm məsələnin ümumən əldən çıxması onu yamanca dilxor eləmişdi. Burda şəxsən o heç nə qazanmırdı. Arada əzab-əziyyət çəkən Cəfər, «nə yoğurub, nə yapan, hazırca kökə tapan» isə Gülmirə olurdu. Paxıl adamlar, bərk ayaqda, bununla da təsəlli tapmağı bacarırlar; Salmanın da təsəllisi bu idi. Ötən gecə yerində çalıxıb-çapalayan təkcə Salman deyildi, Gülmirə daha böyük və daha anlaşılmaz bir təlatümə düşmüşdü. Elə bir təlatümə ki, o, bu qurğunun əsil mahiyyətini tam aydınlığı və dərinliyi ilə hələ də anlaya bilmirdi. Bu, nə idi? Professor ona köməklik etmək istəyirdi. Belə köməklik olar? Bəlkə bu, Cəfərə qurulmuş bir tələdir. Elə isə bəs Gülmirə nə üçün onun «çörəyinə» mane olmalıdır? Axı onlar yoldaşdılar, eyni şöbədə işləyirlər. Kimə bu dərdi-sirri açmalı, kimdən məsləhət almalı? Orxana? Yox, axı, o heç kəsə sirr açmayacağına söz verib.

7 dəq

Başqa şairlərin şeirləri