Səhifə 7 / 16 · 38%

Əlbəttə, o, ancaq içindən gələcəkdə qəmbərqulu çıxa biləcək məsələləri başqalarına sırıyırdı, tüstüsü düz çıxan işləri isə özü irəli sürür, özü də həll eləyir, «mükafatı»nı, «sağ ol»unu da özü alırdı. O biri ustalığı isə bundan ibarət idi ki, həmişə özündən böyüklərin qabağında mil durardı, yalan-doğru bir sözlərinə etiraz eləməz, səhv də, yanlış da olsa, hətta nəinki başqalarını, onun özünü belə uçuruma aparan təklif, fikir olsa da, əlini sinəsinin üstünə qoyub qul kimi icra edərdi, bəzən onun öz şəxsi fikrini soruşsaydılar da, o, müti bir şəkildə qımışıb: «Mən kiməm ki, öz fikrim də olsun? Mən balaca adamam. Siz düz buyurursuz», ⎯ deyərdi. Hətta bir zamanlar ÜÇÜNCÜ olanda da belə idi, belə olmuşdu. Deyəsən elə bu cür olduğunu görmüşdü ki, BİRİNCİ, o vəzifəyə ac pişik çiy ətə marıdan kimi göz dikmiş həmkarlarının arasından onu xoşlayıb seçmişdi.

Ona görə BİRİNCİnin adıilə həyata keçirilən hər balaca ya böyük işdə istər-istəməz, az ya çox dərəcədə onun da «xidmətlər»i olurdu. Və görünür, onun hər əməlindən, hər xasiyyətindən xəbərdar olan Leyla, son illərdə bu millətin başına gətirilən bu fəlakətlərdən Aslanın da «payı» olduğunu bilməmiş deyildi, yəqin elə onun üçün də Leyla bu sözləri birbaşa ona, onun gözünün içinə deyirdi. Etiraz eləsinmi? Necə? Axı bu yazıq qadın düz deyirdi. «Qoy desin. Qoy ürəyini boşaltsın. Məhkəmə deyil ki, özümü müdafiə eləyim?» ⎯ deyə ürəyindən keçirtdi. Və dərhal qorxusundan susdu, yazıq-yazıq Leylanın gözlərinə baxdı.

⎯ Məhkəmə də olacaq, darıxma. Hər kəs öz əməllərinə cavab verəcək, Aslan. Düşmənin elədiyi pisliyə, qəddarlığa, xəyanətə yenə də birtəhər dözmək olur. Amma sənin özününkü sənə xəyanət eləyəndə, kürəyinə arxadan bıçaq saplayanda çox incidir. Ox, bilmirsən necə incidir. Yaxşı, qismət idimi, taleyimiz idimi, yerimizdən, yurdumuzdan eləmişdilər, gəlmişdik, heç olmasa onda, imkan varkən bizi ora ⎯ Qarabağa göndərəydiz, yerləşdirəydiz ermənilərin böyründə. Demirdilər ki, Qarabağda, erməni çoxdu azərbaycanlılardan, ona görə də Ermənistana birləşmək istəyirik? Yerləşdirəydiz bizi ora, onda görüm nə deyəcəkdilər? Onda görərdilər bizim gücümüzü, üzümüzü. Onda Qarabağda bir erməni qalmazdı, hamısı bizim kimi evini-eşiyini, malını-mülkünü quruluca qoyub canını götürüb gedərdi atasının xarabasına. Biz bura, onlar ora. Bu idi yeganə yolu. Ağıllı olsaydız belə eləyərdiz: orda bir azərbaycanlı qalmadığı kimi, burada da bir erməni dığası qalmazdı, inan. Yox, eləmədiz. Erməninin raykomu da, milisi də, prokuroru da durmuşdu başımızın üstündə. «Gedin» ⎯ deyirdi hamısı. Niyə? Onlar kommunist deyildi sizin kimi? Onlar da Moskvanın «xalqlar dostuğu, qardaşdı» ⎯ deyə çaldığı laylaya qulaq asmamışdı sizin kimi? Onlar sovet adamı deyildi sizin kimi? Yox, onlar hər şeyə qulaq asırdılar, ancaq erməniliklərində qalırdılar. Budu sizdən onların ən böyük fərqi, Aslan. Bəli, o cür eləmədiz, bəhanə də gətirdiz ki, qırğın olar. Bilmirəm bizə yazığınız gəlirdi ya onlara? Sonrakı hadisələr göstərdi ki, bizə yox, onlara yazığınız gəlirmiş sizin, guya biz çox qəzəbliymişik, onları uşaqdan-böyüyə qırıb-çatarıqmış. Avtobus gətirdilər sərhəddə, bizi mindirdilər. Dil çıxardıb yalvardıq ki, bizi aparın Qarabağa, camaat arasında söz gəzdi ki, bizi Bakıya gətirmək fikirləri var, onda tökülüşdük avtobuslardan, «getmirik» ⎯ dedik. Onda o zaman Mərkəzi Komitədə ⎯ satqınlıq, məkr, hiylə, alver yuvası olan o xarabada işləyən ⎯ ona da elə nifrət eləyirəm ki, adını da çəkmək istəmirəm ⎯ kök, tösmərək, başı dazlaşmış kişi irəli çıxıb bizi dilə tutaraq maşina mindirdi: «Sizi elə Qarabağa aparırıq. Narahat olmayın» ⎯ söylədi. Sən demə, burda da aldadırmış bizi o, bunu Bakıya çatanda başa düşdük, onda da gec idi, əlimiz hara çatırdı? İlahi, bizim millətimiz necə avam olub, necə gözübağlı olub, o Mərkəzi Komitə deyilən müzürr aparata müqəddəs bir şey kimi necə inanıb? Biz ömrümüz boyu elə bilmişik ki, orada bizim dərd-sərimizi çəkən təmiz, qeyrətli adamlar, bizim rəhbərlərimiz oturublar, çay-çörək də yemirlər, gecə-gündüz bizi düşünürlər, xalqı düşünürlər.

⎯ O göstərişi Moskvadan vermişdilər, Leyla xanım.

⎯ Bəli, Moskvadan vermişdilər ki, camaatı ⎯ o qaçqınları Qarabağa buraxmasınlar. Bəli, Moskvadan sənin BİRİNCİ-nə demişdilər. O da təcili bir müşavirə çağırıb sizi də toplayıb başa salmışdı ki, necə eləyin. Səsini qaldırmaq, etiraz eləmək, dünyanı köməyə çağırmaq əvəzinə, yenə Moskvanın çaldığı ilə oynamağı üstün tutmuşdu. Bəli, sən demə, siz ⎯ xalqın qulu, rəhbəri olmalıykən, yuxarının, Moskvanın qulu, nökəri imişsiniz. Siz ona görə orda otururmuşsuz ki, ona görə BİRİNCİ, İKİNCİ, ÜÇÜNCÜ olurmuşsuz, ola bilirmişsiz ki, ağalarınıza – Moskvada oturan, balaca xalqları qul eləmək siyasəti yeridənlə-rə «bəli, bəli» deyirdiniz. Hansının ixtiyarı vardı ki, onların dediyindən, göstərdiyi yoldan bir qarış kənara çıxsın. Yox idi elə ixtiyarınız. Eləsəydiniz, oturmazdınız o yumşaq kreslolarda. O böyük BİRİNCİnin sözü yerlərdəki oyuncaq BİRİNCİLƏR üçün qanun idi, sizin BİRİNCİNİZİN də sözü sizin üçün qanun idi. Yoxsa düz demirəm?

⎯ Düz deyirsən, BİRİNCİNİN yanında biz kimik ki, ağız açıb söz deyək?

⎯ Sən deyə bilməzdin bunu, bilirəm. Bəs o birilər? Sizin aranızda heç zaman bir ağıllı kişi olmuyub?

⎯ Ağıllı olan da susub. O birilər də həmçinin. Elə bilirsən onlar məndən təmizdi? O beş nəfərin də hər biri öz dalıyca yeddi-səkkiz nəfər çəkmiş, ortalığa çıxartmışdı. İKİNCİ həmişə olduğu kimi, yenə də Moskvadan gəlmişdi: o, bir qayda olaraq, bizim birincini heç saymırdı, faktiki olaraq hamımızı o idarə eləyirdi. Bizim BİRİNCİ şirma idi, kölgə idi: bunu kim də bilməsə, o özü və biz yaxşı bilirdik.

⎯ Bəli, keçmişdə, inqilabdan əvvəl də belə idi. Və bunlara canişinlər deyirdilər. Əsl xozeyin, əsil ağa, padşah onlar idi. Yəni «xər həmən xər bud, çuləş digər bud».

⎯ Burda… bircə «xər» və bir də «çul» sözünü başa düşdüm, Leyla xanım. Deyəsən sən isə…

⎯ Hə, yəni «eşşək həmən eşşək idi, yalnız çulu başqa idi» ⎯ deməkdi bu. Burda yadıma bir lətifə düşdü.

⎯ Hə? Lətifə? De, sən allah. Bilirsən, mən fikir verirəm, biz bayaqdan danışırıq, amma elə şeylərdən danışırıq ki, bunlar indi balaca uşaqlara da aydındı, ⎯ deyə Aslan qalxıb çayları təzələdi. Bayaqdan söhbətin səmtini dəyişmək istəyən, lakin buna cəsarət etməyən, hətta «Ay kişi, bu nə avam-avam danışır?» ⎯ fikrini ürəyindən belə keçirməyə ehtiyat eləyən ev sahibinin qırışığı açıldı:

⎯ Mən də yaman lətifəbazam, xoşlayıram dadlı-duzlu lətifələri. Əyyami-sabiqdə bir qadın dostum, bağışla də, keçib, onsuz da sən mənim hər sekretimi bilirsən, gizləməyin də mənası yoxdur, hə, bir qadın dostum vardı…

⎯ Daha vardı niyə deyirsən? O qadın elə indi də var, Aslan. İntəhası, aranız bir az sərinləyib…

Aslan ah çəkib ani fikrə getdi:

⎯ Hə, doğrudur, Leyla xanım. Hə, ⎯ Çaydan bir qurtum içib Tanrıgülü gözünün qabağına gətirdi, əzablı düşüncələr içində gülümsündü, onunla bağlı və qəlbini hər şeydən çox incidən o düyünü də Leylanın vasitəsilə nəhayət ki, açacağına arxayın olub sözünə davam etdi: ⎯ Hə, o, yaman lətifəbaz idi o vaxt. Hər dəfə görüş istəyəndə əvvəlcə soruşurdu ki, təzə lətifən var? Varsa gəl, yoxsa… Özü də xoruz səsi eşitməmiş lətifə istəyirdi məndən. ⎯ Aslan güldü. Mən də canımın dərdindən özümü oda-közə vururdum, dostlara-yoldaşlara zəng eləyirdim, xanımın eşitmədiyi bir-iki lətifə tapıb sevinə-sevinə yanına gedirdim.

⎯ Bilirəm.

⎯ Onu da bilirsən?

⎯ Sənin həyatında indiyə qədər olan qadınların ən gözəli və ən ağıllısı odur, Aslan. Sən bu yaşa gəlmisən, çox qadınlarla oturub-durmusan, çox gözəllərə yalandan-doğrudan bağlanmısan, ancaq heç birini onun qədər sevməmisən və innən belə də çətin ki, bir kimsəni elə bir dəli məhəbbətlə sevəsən.

Aslan daha heç nəyə heyrətlənmirdi: Leyla xanımın bir-birinin dalınca onun həyatının, ürəyinin, xatirələrinin ən gizlin, ən məhrəm sirrlərindən, guşələrindən işarələrlə olsa da, danışması, sarsıda-sarsıda onu sanki keyləşdirmişdi.

⎯ Deyəsən lətifən yadından çıxdı, hə?

⎯ Yox. Yadımdan çıxmayıb, Aslan. Mənim yadımdan heç nə çıxmır. Sadəcə o qadını xatırladın, fikrim onun yanına uçdu…

⎯ Hə. Elə mənim də…

⎯ Ancaq… Hələ onu saxlayacağıq sonraya… Sən tələssən də, onun sirlərini bilməyə hər şeydən çox can atsan da, indi o barədə sənə heç nə deməyəcəyəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, on dördüncü fəsil

Əbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:

17 dəq
Birinci hissə, on beşinci fəsil

Zərrintac xanım gözlərini açdı—nəzərinə ilk sataşan şey tavan oldu. Pəncərənin açıq pərdəsindən içəri günəş şüası düşmüşdü, qızıl şərf kimi uzanıb döşəmədən keçərək çarpayısının baş ucuna dirənmişdi. Demək səhər çoxdan açılmışdı.Başı dumanlı idi, ağrıyırdı. «Nə bir tünd qəhvə içərdim!» — deyə ürəyindən keçirtdi. Köhnə adəti üzrə ya Elməddin, ya da Siminbəri səsləmək istədi, səslədi də. Ancaq kimsənin hay vermədiyini görüb xatırladı ki, onlar yoxdu. Ona qəhvə gətirən olmayacaq.

6 dəq
Birinci hissə, on altıncı fəsil

Əbdülün verdiyi yüzlük köz parçasına dönüb Heyranın əlini yandırırdı. Əvvəlləri yadına gəlmirdi, ancaq Cabbarla yaşadığı bu on beş-on altı ildə Heyran heç vaxt əlində yüzlük tutmamışdı, gördüyü pullar qəpik-quruş olmuşdu, ən çox dəmir pullar. Barmaqla sayıla biləcək qədər də onluq və iyirmilik görmüşdü. Cabbarın axşamlar şəhərdən — bazardan evə dönərkən gətirdiyi pullar arasında göy rəngli iyirmilik görəndə Heyran özünü xoşbəxt sayırdı, dövlətli hesab eləyirdi. Ancaq indi, birdən-birə yüzlüyü vardı və onu tanımadığı, birinci dəfə gördüyü bir şəxs vermişdi. Bacısının nökəri, indi Dünyanın uşağının dayəsi olan Əbdül. Pulu ovcunun içində bərk-bərk sıxmışdı, əlinin tərlədiyini də hiss eləmirdi. İti, tələsik addımlarla bazara tərəf gedə-gedə Allaha yalvarırdı ki, qan-qada bacısının başından uzaq olsun, qayıdıb balasının yanına gəlsin; o gəlsə, uşaq yetimçilik görməz, o gəlsə, Dünya Heyran xanıma da—xəstə əri ilə dörd divar arasında tək-tənha, köməksiz, ehtiyac içində çırpına-çırpına boğulan bacısına da əl tutar yəqin, bu qədər var-dövlətdən onlara da hərdən bir görüm-baxım eləyər. Ürəyində bacısından ötəri allah dərgahına əl qaldırıb dua-səna elədikdən sonra o, Əbdülü zahirən sakit, adicə bir nökər təsiri bağışlayan, əslində isə o cah-cəlallı ev-eşiyin sahibi olan, bacısının yeganə yadigarına öz doğma balası kimi baxan, ömrünün axırınacan da baxacağına and içən, nəhayət, yumşaq qəlbli, dar gündə başqasına əl tutmağı bacaran Əbdülü xatırlayır, ona uzun ömür arzulayırdı. Əbdül sadə idi, qayğıkeş idi, qonaqpərvər idi. O, necə də Heyranın danışığından vəziyyətlərinin ağır olduğunu başa düşmüşdü, minnətsiz-filansız ona yüz rupi gətirib vermişdi. Bunu indiki zamanada kim eləyərdi? Qonşunun evində axşamacan işləyəndə ona beş-on rupi pul verirdilər, onu da necə? Gecə yatanda da əlləri, ayaqları zoqquldayırdı, sümükləri sızıldayırdı? Ancaq Əbdül... yəqin bacısı Dünya evdə olsaydı, görüşübqucaqlaşıb ağlaşandan, sakitləşəndən, onun gününü-güzəranını öyrənəndən sonra lap çox pul verərdi. Yox, onun pulu da lazım deyil, təki özü sağ-salamat olsun, qayıdıb balasının üstünə, isti xanimanına qayıdıb gəlsin — ona, Heyran xanıma heç nə lazım deyildi.Heyran bu qatmaqarışıq düşüncələr əlində çırpına-çırpına özünü Çaharrahi meydanındakı bazara yetirmiş, ət, pendir, yağ, meyvə, göy-göyərti almış, Daruləmana gedən avtobusa minərək evə gəlmişdi. Bir əlində tor zənbil, o birində pulun qalanını—altmış beş rupini tutmuşdu. Ürəyi sevinc-qarışıq bir həyacanla döyünürdü. Dayanacaqdan evə gələnəcən düşünmüşdü ki, gedən kimi isti xörək bişirəcək, son vaxtlar lap zəifləyib əldən düşmüş Cabbarı doyunca yedirdəcək, alma verəcək. Cabbar yeyəcək, gözlərinə işıq gələcək, Heyrana «çox sağ ol» deyəcək. Ondan sonra necə gedib bacısının evini tapdığını, bacısı balasını gördüyünü danışacaq və Cabbar da sevinəcək.

7 dəq
Birinci hissə, on yeddinci fəsil

Ağayi Siracəddin şəhərə «ova» çıxmışdı. Maşınsız idi. Ləbidərya ilə sırayla düzülmüş dükanların qabağından keçə-keçə küçəyə, gəlib ötənlərə göz yetirir, əlsiz-ayaqsız, yurdsuz-yuvasız, sahibsiz qız-gəlinə rast gələcəyi ümidilə addımlayırdı. Əlindəki sür təsbehin dənələrini şıqqıltı ilə çevirir, dodağaltı zümzümə edir, hərdən, tanış dükan sahibləri, tacirlərlə salamlaşırdı.Havanın nəfəsi soyumuşdu, hardansa uzaqlardan ağır-ağır gələn payızın hənirtisi duyulurdu. Kefi kök, damağı çağ ağayi Siracəddinin əlində təbiətə hökm eləmək iqtidarı olsaydı, yağışlı leysanlı payızın gəlişini daha da sürətləndirər, bacardıqca onu tez yola salar, qarlı-çovğunlu, qasırğalı-tufanlı qışı gətirər, dağların ovcunun içində yerləşən bu şəhərə soyuğun hökmü ilə hökmranlıq edərdi. Bunun da səbəbi vardı — səbəbi bu idi ki, məhz qışda ağayi Siracəddinin «ovu» uğurlu olurdu, yazda-yayda — isti havalarda özünə yüngülvarı sığınacaq yeri tapmış yetim qızlar, ehtiyacın küçələrə saldığı qadınlar soyuğun kəskin qılıncının küt zərbələrinə dözməyərək küçələrə, bazarlara, dükan qabaqlarına çıxır, sadəcə, sığınacaq üçün gəlib-gedənlərə əl açır, bir qarın çörəyə, bir isti bucağa hər cür təklifə razı olurdular. Məhz bu zaman ağayi Siracəddin yağlı dilini, pulunu, «xeyirxahlığını» işə salır, toruna düşənləri öz «müəssisəsinə» gətirirdi. Bu gün də o, bu məqsədlə şəhərə çıxmışdı. Qəlbində müvəffəqiyyətə o qədər də inamı yox idi, amma hər halda «gəzən ayağa daş dəyər» deyərək küçələri dolaşırdı. Qocanın ürəyində xoş bir əhvali-ruhiyyə vardı, nəzərləri orda-burda olsa da Zərrintac xanımla keçirdiyi o qəribə gecəni tez-tez xatırlayıb gülümsünür, onun ağ bədənini, sərxoş baxışlarını, üstündən aydan çox keçsə də, unuda bilmirdi. Zərrintacın telefonda qışqır-bağır salmağını yad eləyib öz-özünə deyirdi: «heç çapalama, quzum. Sən daha mənim əlimdəsən, heç yana qaça bilməzsən, quzum.»

9 dəq

Başqa şairlərin şeirləri