Birinci hissə
Səhifə 16 / 47 · 32%
...Və indi gün çıxırdı, qarşısında kiçik bir oğlanın böyük bir karvanın arxasınca yol getdiyini görürdü, gün batırdı – arxasında yenə haman oğlanın karvan dalınca gəldiyini görürdü və bu günlər dördüncü iqlim ölkəsi Azərbaycanda yayın oğlan çağı idi. Üç gün əvvəl Boz quş dağlarından gəlib Zəncanda dilənçi uşaqlara qoşulmuş, Barsisin də gözləri bütün qafilə içində o qara çalmalı, qara əbalı, qalın çatmaqaşlı, tosqun adamdan başqa heç kəsi görməmişdi, baxışları yalnız ona zillənib qalmışdı.
Bu adam isə əməvi xəlifələri dövründə Yəməndən köçüb Azərbaycanda məskən salmış Əzd qəbiləsinin rəisi Vəcna ibn Rəvvad idi ki, əcdadlarının qamarladığı torpaqlar Urmiya gölündən Bəzzeyn dağlarının ətəklərinə qədər uzanırdı və indi bütün şəhər IX əsrin Təbrizi dövrəsindəki bütün üzüm bağlarıyla bərabər onun mülkü və malikanəsi idi. O vaxt ki, karvan gözdən yox olmuşdu, Barsis də qaranəfəs qaçıb bazardan çıxmışdı və arxasından Turğayın bağırtısını eşitmişdi ki, dayansın. Amma dayana bilməmişdi, cavab verməyə macal tapmamışdı, çünki ayaqyalın, başıaçıq böyük bir karvanı təqib etməyə yüyürərkən, özü burda, bazar içində təqib olunmağa başlamışdı...
Bu günlər o çox vaxt ac qalırdı, susuzluqdan dili ağzında yanırdı, yuxusuzluqdan gözlərinə qan sağılırdı, amma dayanmırdı, geri dönmürdü, çünki ürəyinin hökmünü yerinə yetirməyə, sinəsində yanan qisas odunu söndürməyə gedirdi və çalışırdı ki, karvan adamlarından heç kəs onu görməsin və maraqlanmasın ki, ay uşaq kimsən, nəçisən, nə itirmisən bu yollarda, nə axtarırsan...
Amma hər dəfə arxasında at ayaqlarının tappıltısını eşidərkən diksinirdi, bütün vücudu tir-tir əsirdi, qaçırdı yoldan çıxırdı, dağa-daşa dırmaşırdı, qalın gicitkanlı, qədim qəbiristanlara girirdi, quru budaqlarından yüzlərlə cındır asılmış pir ağacları arxasında gizlənirdi, özünü hara gəldi, çalaya-çuxura, xəndəyə atırdı. Çünki hər dəfə ona elə gəlirdi ki, arxadan onu haqlayan Zəncan bazarındakı qəssabdır, nizə bağlı bazar darğasıyla çapıb onun dalınca gəlir və o bıçağı ki, haman qəssabın dükanından çırpışdırmışdı, indi tutub onun əlindən alacaqlar, özünü at qabağına salacaqlar. Yaxud biləklərini bir-birinə bənd eləyəcəklər, boynuna ip keçirəcəklər və sürüyəcəklər, dallarınca aparacaqlar.
Yox! Təslim olmayacaqdı! Bıçağın dəstəsini dikinə yerə sancacaqdı. Özünü üzüqoylu o bıçağın üstünə atacaqdı, amma nə əlindən bıçaq verəcəkdi, nə bu yoldan geri dönəcəkdi...
Karvan isə gecələr də yol gedirdi və yalnız o vaxt ki, ay batırdı, yollar qaralırdı, Vəcna ibn Rəvvad əmr eləyirdi, karvan dayanırdı. Bu zaman karvan oğlanları dərhal dəvələri yatırdır, yüklərini açıb yerə salır, ən əvvəl heyvanlara navala verir, sonra kəmərlərindən asdıqları meşin kisəciklərdən çaxmaq daşı və qov çıxardıb od alışdırır, ocaq qalayır, yol torbalarındakı duz qarışdırılmış arpa unundan xəmir yoğurub dəyirmi kündələri ocaqların qızmar külünə basdırır, alaçiy bişmiş bu kündələri ağızlarını pörşələyərək isti-isti yeyir (soyuyanda bu kündələr dişbatmaz, bıçaq kəsməz olurdu) və bir az əvvəl açıb yerə saldıqları, orda-burda taya vurduqları yüklərin yanında yerə sərilib yatırdılar.
Vəcna ibn Rəvvadın qapı xidmətçilərindən iki nəfər qara qul isə, səsləri çıxmayan iki qara kölgə idi ki, karvan dayananda dərhal ağaları üçün çadır qurur, çadır önündə ocaq qalayır və bir göz qırpımında bal qarışdırılmış nişastadan şam yeməyi hazır edir, sonra Vəcna öz çadırında qırmızı naxışlı Arran xalçası üstündə yatmağa gedəndə əbalarına bürünüb çadırın girəcəyi ağzında başlarını yerə qoyub döşədikləri yerdə daş kimi düşüb qalırdılar.
Bu vaxt karvan düşərgəsində səs-səmir kəsilir, bir-biri dalınca sönən ocaqların gözləri qaralır və düşərgədə yalnız dəvələr bütün gecəni çənələrini tərpədərək gövşək vururdu.
Yay gecəsi çox tez qurtarır, adamlar çimirini almağa macal tapmamış gümüş parıltılar içində yatan dan ulduzu altında göy əyrisi avazımağa başlayır, qoca sarvanın kal və xırıltılı səsi karvan oğlanlarını oyadır, hamı sıçrayıb ayağa qalxır, dəvələr yenidən yüklənir və böyük karvan qarşıdan, Həmədan üstündə ucalan Əlvənd dağının qarlı zirvəsindən qopub gələn soyuq küləklərə üz tutaraq son mənzilə doğru hərəkət edirdi.
Və bütün bunlara Barsis gündüzlər çox uzaqdan, axşamlar isə düşərgəyə yaxın gələrək, haradasa bir kol topası dalında, yaxud bir dikdir ardında pusquda dayanıb diqqətlə tamaşa eləyir və gözlərini Vəcnə üçün qurulmuş qara çadırdan çəkmirdi. Ta o vaxta qədər ki, yuxu birdən ixtiyarını əlindən alırdı, başı düşürdü, torpaq üstündə hərəkətsiz qalırdı.
Sonra karvan yola düşəndə səksəkəli yuxusundan oyanırdı və o vaxt ki, karvanın sonundakı arıq-arğız dəvənin boynundan asılmış zınqırovun səsi eşidilməz olurdu, durub gəlirdi, düşərgədəki sönmüş ocaqların yan-yörəsini araşdırırdı, çöplə ocaqların külünü eşələyirdi, əgər bir əppək qırıntısı, yaxud yerə tökülmüş yoğurt və pendir oxantısı tapırdısa, tələsik ağzına atırdı və yenə baş alıb karvanın dalısınca gedirdi.
Dünəndən aysız qaranlıq gecələr başlandığı üçün karvan daha gecələr yol getmirdi. Qaş qaralan kimi dayanırdı və indi karvan oğlanları topa-topa oturduqları ocaqlar başında daha çox yubanır, daha çox söz-söhbətə qurşanır, yaxud sinədəftər qoca sarvanın nağıl elədiyi rəvayətlərə qulaq asaraq, cərəyan edən hadisə cin düyünü vuranda ağızlarını nırçıldadır, mərd namərd toruna düşəndə nəfəslərini udub içlərinə çəkirdilər.
...Nəhayət bu dumanlı və qaranlıq gecələrin birində kiçik bir oğlanın böyük bir karvanı təqib etdiyindən elə bil hamıdan əvvəl dağın-daşın qurd-quşu xəbər tutdu və bu anlaşılmaz hadisə əvvəl onların içinə vəlvələ saldı. Hardasa yaxında bir çöl donuzu xortuldandı, yuxarıda təpə üstündə bir yalquzaq uladı, aşağıda dərə dibində çaqqallar səssəsə verib ağlaşdı, kolluqlar arasında tülkülər vaqqıldaşdı və Barsis vahimələndi, karvan düşərgəsinə tərəf süründü, sövqi təbiisi onu yalqızlığın girdabından insanlara tərəf qovdu və o hər dəfə ot içindən, burnu ucundan pırtlayıb dimdik yuxarıya göyə sancılan xırdaca quşların yuxarıya göyə sancılan xırdaca quşların kəsik çığırtılarından səksənərək o qədər irəli gəldi ki, qarağan çırpılarından qalanmış ən qıraqdakı ocağın işığında karvan oğlanlarından bir neçəsinin üzünü çox yaxından gördü və dayandı...
...Yolun uzunluğu hamını bıqdırmışdı, dağı-daşı duman bürümüşdü və bütün dünya bu ala-bula qaranlıqdan o tərəfdə, çox uzaqlarda qaldığı bir gecədə ocaq başında oturmuş karvan oğlanlarından Turac oğlu Rövşən boynunu qanırmışdı, başını geri atmışdı, bir an ulduzlara baxmışdı, sonra gözlərini qapamışdı və o vaxt “ağ üzlüsü, ala gözlüsü” gəlmişdi gözləri qarşısında dayanmışdı, ürəyində aşıb-daşan qüssəsi fəryada çevrilmişdi, göyə ucalmışdı:
Qurbanın olduğum bulağın yolu
Gedəndə boş gedər, gələndə dolu
Tər məmə üstündə bənövşə kolu
Dərsəm öldürərlər, dərməsəm ölləm!
Sonra sərsəri xəyalı düşmüşdü mahnısının ardınca getmişdi. Yoxuşlar aşmışdı, dağlar qalxmışdı. Göy əyrisi qat-qat gözləri qarşısında açılmışdı və gəlmişdi doğma el-obanın aşağı ətəyindəki “Ayrılıq çeşməsi”nə çatmışdı. O çeşməyə ki, el-oba qürbətə gedənlərdən o çeşmə başında ayrılardı və qız-gəlin uzaq yola gedənlər arxasınca o çeşmədən su atardı...
Əyilmişdi, o soyuq ulduzlu sudan ovuclamışdı ki, birdən dik atıldı, qamarladı, hər iki əlilə başını tutdu.
Karvanbaşı idi bu, nəhayət ki, qamçısı axtarmışdı qurbanını tapmışdı və ibn Mingə sözləri boğazında qaynadaraq deyirdi:
– Anda olsun bu göylərə və bu gecə orda zahir olan ulduzlara ki, adınız müsəlmandır sizin, ürəyiniz kafirdir. Gecənin bu çağında ki, ağamız orda öz çadırında sübhdən namazını qılır və göydən yerə enən ağ mələklər haqdan mömin bəndələrinə salam gətirir, – amma siz burda ulaşıb qara küfr dolu mahnılar çağırırsınız, qanınız yüz dəfə halaldır sizin, heyf ki, axıdanı yoxdur...
Və karvanbaşı yenə nəğməçi oğlanı vurmaq istəyirdi ki, qoca sarvan dedi:
– Toxta, ya ibn Mingə! Nocavandır, ürəyi qəribsəmişdir... Özüm gedib ağamızdan iltimas elərəm ki, günahından keçsin!
– Otur yerində, qoca! – dedi ibn Mingə. – Çəltik gərək döyülsün ki, düyü olsun və sizin lisanınızda ən fosih kəlam budur mənim üçün!..
Sonra karvanbaşı dilçiliyə dair mülahizəsini qamçısının yeni zərbəsilə tamamlamaq istəyirdi ki, Babək yerindən tərpəndi, kəskin bir hərəkətlə başın qaldırdı, uzatdı sol qolunu nəğməçi oğlanın çiyninə aşırdı və dedi:
– Toxta deyildi sənə, ya ibn Mingə və bil ki, daha məşhur bir kəlam sizin dilinizdədir! Rəhm et ki, sənə də rəhm etsinlər...
Karvanbaşı duruxdu, aşağıdan yuxarıya dik onun gözünün içinə baxan bu kafir bir dəfə də olsa gözlərini qırpmamışdı və bu qaradinməz ki, karvan oğlanları içində yeganə əyri dinli bir əhl-lənət idi, indi məhz o sərvər-kainatın kəlamını ona, ibn Mingəyə xatırlatmışdı, eyni zamanda bu cürətkar qolunu nəğməçi oğlanın çiyninə aşırmışdı və özünü qəsdən qamçının zərbəsi altına vermişdi ki, bu artıq ibn Mingəyə meydan oxumağa bərabərdi və ibn Mingə bir an çaşdı, sonra sağ əlinin yanına düşdüyünü görərkən içini yedi və ilan kimi fısıldadı:
Kitabxana.az · https://kitabxana.az/works/enver-memmedxanli-babek-birinci-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Qızıl qönçələrGün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.
Baş xiyabandaQaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.
Başqa şairlərin şeirləri
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Hərarətli şe'r və yaxud qızdırmalı halımda saçmalarımSəməd Mənsur qardaşıma*Gözüm bir gülməyir bu ərzi-fəryadı gören gündən,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.