Səhifə 23 / 47 · 47%

Sonra əynindən gödəkcəsini də çıxartdı uşağın cır-cındıra çevrilmiş və tər köynəyin içində açıq qalmış arıq çiyinlərinə atdı, özü qalın köynəkdə qaldı. Uşaq başını əyib sol ovcundakı yoğurt qurusu, pendir oxantısını yaladı, amma gödəkçəni çiynindən rədd eləmişdi. Babək uşağa təpindi.

– Qulaq as qurd balası, – dedi, – ayaq üstündə dura bilmirsən, kim bilir dağ gecəsinin bu ayazında hələ nə qədər yol gedəcəyik... Əzmini nahaq yerə mənə əzəmət satırsan. Yıxılıb bu yol qırağında can vermək heç rəva deyil ki, qəbrini də mənə qazdırasan və məni qürbət dağlarında məəttəl qoyasan.

Barsis dinmədi və artıq dirənmədi, qüvvəsini topladı, ayağa qalxdı. Düzdür gödəkçə ayaqlarına dolaşdı, amma dərhal canının bir az qızdığını hiss elədi.

Sonra aşırımı üzü aşağı endilər və çox darısqal bir təngənin dibində qara batıb qaldılar və burda o tərəf, bu tərəfə boylananda irəlidə və arxada ulduzların işığında gah yanan, gah sönən yaşıl parıltılı bir neçə göz gördülər.

Axşamkı çovğun qayalardan silib süpürdüyü qar ilə bərabər, görünür bu ağzı qaraları da qovub bura doldurmuşdu. O isə dayanmışdı, nə isə fikirləşirdi. Eyni zamanda uşağa dedi:

– Bircə kəlmə din, danış oğlan, heç olmasa adını de bilim yoldaşım-ayaqdaşım kimdir?

Uşağın dodaqları tərpəndi və o nə isə dedi:

– Eşitmədim, Bar-sis?

Uşaq başının hərəkətilə dediyini təsdiq elədi və əlbət ki, indi ayaq üstə durmağa taqəti qalmamış bu uşağı sorğu-suala tutmaq vaxtı deyildi və indi onun gözləri ətrafda vurnuxan o qara kölgələrdə idi. Axşamkı çovğunun bu darısqal təngəyə tıxadığı qar içində ağzı qaralar yuxarıya doğru dikinə sıçrayışlarla hərəkət etdikcə qar tozu ulduzların işığında kiçik ağ fəvvarələrlə ətrafa səpələnirdi. Nə eləyirdilər bu ağzı qaralar? Təngənin qarı içindən çıxmağa yol axtarırdılar, yoxsa təbiətən çox mahir bir ovçu kimi məqsədləri irəlidən və arxadan bənd-bərəni kəsib onları mühasirəyə almaq idi. Hər ehtimala qarşı əyildi, uşağın çiyninə saldığı gödəkçənin astarına tikilmiş meşin qın içindən tiyəsi əyri qəməsini dartdı, çıxartdı və uşaq onun bu hərəkətini gördüyü üçün dedi:

– Qulaq as, Barsis, deyirlər ki, bir qaplanın vücudunda nə qədər gücü varsa, ürəyində də bir o qədər gücü olur. Amma bir Barsisin vücudunda nə qədər gücü varsa, ürəyindəki gücü ondan on qat artıq olur... və əgər dədən də yanılmayıb sənə Barsis adı qoyubsa... – böyrünə qısılmış uşağın ürəyinin dərhal uçunduğunu hiss elədi və başa düşdü ki, uşaq qorxduğu üçün yox “dədə” sözünü eşitdiyi üçün belə uçunmağa başladı və əlbət ki, uşağın sirrini açmaq üçün bu hələ çox azdı. Amma əlinə keçən kələfin ucun buraxmamalı idi və o heç bir şey hiss eləməmiş kimi dedi:

– Dediyim o idi ki, Barsis, bu ağzı qaralar vəhşi heyvanlar içində ən dərrakəli yırtıcılardır. Təkcə bunlar bilirlər ki, iki adam bir-birinin yanında duranda ikisi bir yerdə bir qoşun kimi qüvvətli olur.

Bu vaxt Barsis onun qolun dartışdırmışdı və əlilə çox yuxarıda yamac başında nəyi isə ona göstərmişdi. O da çox baxmış və nəhayət, görmüşdü ki, çox zəif və qızartdaq bir parıltı gah görünür, gah yox olurdu. Və o dərindən rahat nəfəs alaraq demişdi:

– Laçın, şahin gözləri varmış səndə qurd balası. Elədir. Od var orda, ocaq var orda və haydı, ölsək də, da, diri qalsaq da gərək dırmaşaq ora...

Sonra o bomboş dəri dağarcığı bir az yaxına gəlmiş iki ağzı qaranın üstünə vızıldatdı və dedi:

– Çox acdılar, qoy gəmirsinlər başları qarışsın!

Bir az sonra isə dik və kolluq yamacla yuxarı dırmaşarkən o arxadan dəri dağarcığının necə quru çatırtı ilə cırıldığını və ağzı qaraların çənələrindən qopan şaqqıltını eşidərkən elə bil buzlu bir dil boz köynəyi altında bir anlığa kürəyini yalamışdı.

Nəhayət, ölüm-zülüm dik yoxuşu qalxıb qaya altındakı daş bir yerə çıxdılar və burda qara ağzını geniş açmış bir dağ mağarası onları içəriyə, qızartılı qaraltıya dəvət edərkən birdən o ani tərəddüd içində dayanmışdı. Əgər bu dağ mağarası dağ quldurlarının yatağı idisə? Nə alacaqdılar ondan? Bir halda ki, toqqasından asılmış dəri kisəcikdə çaxmaq daşından, qovdan və səkkiz dirhəmdən başqa heç bir şeyi yoxdur? Bəs uşaq. Barsisi ala bilərdilər onun əlindən. Və sonra uşağı aparıb qul tacirlərinə satmaq üçün əlbəttə ki, onu da sağ qoymayacaqdılar.

– Qulaq as Barsis, – dedi, – Sən dur burda... Mən içərini yoxlaram...

Barsis qoymadı onu sözü qurtarsın. Kəskin bir hərəkətlə başını buladı və dərhal əyildi, yerdən iri bir daş götürdü, irəli keçdi. Döndü əlilə ona işarə elədi ki, yəni sən dayan burda, qoy mən yoxlayım, görüm içəridə nə var, nə yox. Babək ixtiyarsız olaraq güldü:

– Qurd ürəyi yedirib anan sənə qurd balası – dedi. – Yaxşı, dalımca gəl, ya dövlət başa, ya quzğun leşə.

İçəridə alaqaranlıq içində on-on beş addım irəlidə ilk öncə ocağı görmüşlər. Lakin ocaq başında heç kəs yoxdu. Sonra gəlmişdilər ocaq yanında dayanmışdılar, diqqətlə yan-yörələrinə baxmışdılar. Səssiz dayanıb gözləmişdilər ki, hardansa bir xışıltı, bir ayaq səsi və yaxud bir hənirti gələcəkdir.

Və bu zaman Barsisin əlindəki daş birdən yerə düşmüşdü, dizləri qatlanmışdı yerə çökmüşdü və dərhal başı sinəsinə əyilmiş və uşaq üzü üstə yerə seriləndə alnı ocaq qırağındakı külə batmışdı.

Əyilmişdi uşağın başın yerdən qaldırmışdı... diqqətlə üzünə baxmışdı. Mağaranın sahibi quldur idimi, div idimi, əjdaha idimi, fərqi yoxdu, artıq gecəni burda qalmalı idilər. Uşağı gödəkcəsinə bürmələdi, başını ocağın yanında, divar dibindəki quzulamış torpaq üstündə rahatladı, sonra qalxdı mağaranın içini gözdən keçirdi. Mağara boşluğun qaranlıq içində harayacan uzanıb getdiyi və harda qurtardığı görünmürdü. Amma yaxında gözünə bir çırpı şələsi dəymişdi, getdi o şələdən bir çəngə çırpı çıxartdı, qatdı gözü qaralan ocağı gur qaladı.

Quru çırpılar çox tez tutaşdı, bir az əvvəl qaramat mağaranın sirli səssizliyindən qulaq cingildəyirdi, indi hər tərəf ocağın çatırtısıyla doluydu və sükut mağara boşluğundakı qaranlıq ənginliyində geri çəkildi. Sonra çəkildiyi o yerdə rəşəli və tələsgənliklə dingildəməyə başladı. İndi dabanları üstə ocaq qarşısında oturmuşdu, dirsəklərini qatlanmış dizləri üstə qoymuşdu, əllərini irəliyə ocağın alovuna doğru uzatmışdı; yer nəmişlik olanda gecə ocaqları başında da həmişə belə oturardı, gözləri oda baxardı, fikri uzaqlara çapardı.

Sonra əlini daha da irəli uzatdı, alovun qırmızı dilləri içində əllərini yuyub ovuşdurdu və əllərini geri çəkəndə alov dolu ovuclarını üzünə çırpdı.

Bu vaxt pərdə arxasında nə isə bir hənirti eşidən kimi oldu, dərhal qeyri-ixtiyari olaraq əlini toqqası altına keçirdiyi qəmənin üstünə qoydu. Çevrildi geri baxdı və qulaq kəsildi.

Hənirti yaxından gəlirdi və el bil kimsə yer altında inildəyirdi və o yerdən ki, bu səs gəlirdi, orda bir çuxur qaralırdı. O çuxurun solunda daşlı-kəsəkli torpaqdan kiçik bir təpəcik ucalırdı. Qalxdı ayağa və ağzı qaralan o çuxura doğru yönəldi. Və ona elə gəldi ki, dərhal ordan qaranlığa iyrənc çəkildi ki, ombası, sağrısı, bel sütunu bir az yuxarı əyildi¹ gəlib gördü ki, çuxur səliqə ilə qazılmış bir qəbir quyusudur və indi ağzı açıq qalmış bu qəbir inildəyirdi, yaxud sayıqlayırdı və daha doğrusu titrək və həzin bir avazla nəğmə oxuyurdu:

– ...Ey rəbim, vay həbibim, mən ki, hər axşam dərgahına gəldim, gecəm də vahəsrata oldu, gündüzüm də. Və bu minval ilə ömrüm tükəndi. Amma bir dəfə mənə lütf etdiyini görmədim... Və indi bu növbət hüzurundan getmərəm, ta ki mənə bildirmiyincə. Bunca ki, mən səni sevdim, sən dəxi məni sevmirsən? Getmərəm, ta ki mənə aşkar olmayınca. Bunca ki, mən sənə doğru gəldim, sən dəxi mənə intizarmısan? Getmərəm ta ki mənə bildirmiyincə. Bunca ki, mən səni sevdim, sən dəxi mənim həsrətimlə ağladığım pərişan halıma yanarmısan?

Əllərini dizlərinə dirəyib aşağı əyildi, diqqətlə qəbrin dibinə baxdı, əlbəttə ki, orda kim isə vardı. Və o şəxsin saçı-saqqalı dümağ idi, lakin qəbrin dibindəki qaranlıq bundan artıq görməyinə mane olurdu. Döndü ocağa doğru getdi. Bayaq orda gözünə bir neçə quru gərməşöv çubuğu dəymişdi (ta qədimdən dağ kəndlərində yoxsul daxmaların, yeraltı qazmaların şamı, çırağı, qaranlıq gecələrinin istisi bu çubuqların alovu idi). Gəldi o quru gərməşov çubuqlarından üç dənə götürdü, bir-bir ocaqdan alışdırdı. Sonra yenə geri döndü, qəbrin qırağında diz çökdü. Ağca siftə bir anlığa yanan və maraqlı yanım ilə şamı işıqlandıran bu çubuqların işığında zənn ilə qəbrin içinə baxdı. Bir qoca uzanmışdı orda, üstünə yırtıq bir keçə salınmışdı və yastığı bir qucaq küləş idi. Qocanın gözləri açıqdı və iri qara gözlərinin baxışlarında elə bir qaynarlıq və parıltı vardı ki, son iqamətgahında uzanmış bir qocanın
¹ Əlyazmasında bu cümlə oxuna bilmədi bunca diri gözləri istər-istəməz onu heyrətə saldı. Qocanın dodaqları yenə tərpənirdi və eyni nəşəli sayıqlama, dalğa-dalğa qəbirdən yuxarı qalxırdı: “Və ey həbibim, bunca ki, yoxsulluğumda mən səni gördüm, mümkün deyil ki, sən məni görməyəsən. Çünki bu yer üzündəki dirilik nədir. Əgər sənin pərişan və qorxunc röyaların deyilsə və yaxud o göylər nədir, sənin qənd sünbülün ilə bəzənmiş mənim obalarım deyilsə? Və indi xaraba qalmış can evimdə və yorulmuş və usanmış bir ürəkdə son yuxumdan əvvəl su kənarı ilə keçəm...”

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ay işığında

Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*

19 dəq
Karvan dayandı

Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.

27 dəq
Qızıl qönçələr

Gün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.

14 dəq
Baş xiyabanda

Qaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.

7 dəq

Başqa şairlərin şeirləri