Birinci hissə
Səhifə 35 / 47 · 72%
Və Babək ilə Barsis bu qarışqa kimi qaynaşan izdihamı yararaq gedirdilər.
Burda hər peşənin və hər növ ticarətin öz “əlaqə cərgələri vardı” çünki bütün şəhərin çörəyi burda bişirilirdi, geyimi burda tikilirdi. İstehlak etdiyi mallar burda istehsal olunurdu. Və şəhər nə satırdısa burda satırdı, nə alırdısa burda alırdı. Acları burdan dilənirdi, xəzpuşları burda vurnuxurdu, dünyada nələr olduğundan xəbər tutulurdu. Gecə gördüyün yuxular da burda təbir olunurdu. Kiminsə doğuluşu ilə dünyaya gəlişi və kiminsə ölümü ilə dünyadan gedişi bir hadisəyə çevrilirdi, burda müəyyən edilirdi.
Yuxarıdan uca tağlı damlardan göyə doğru açılmış xırdaca pəncərələr hətta yay günlərinin bol işığından belə aşağıdakı bu dərin tunellərə çox cüzi bir işıq buraxırdı. Və buna görə bütün cərgələrdəki yan-yana düzülmüş irili-xırdalı saysız hesabsız dükanların içərisində küncüt, zeytun, gənəgərçək yağlarıyla yanan çıraqlar işıldayırdı. Dükanların tavanından asılmış mallar üstündə isə bir ucu nazik, bir ucu yoğun, çox uzun, əlvan rəngli şamlar yanırdı və hansı malların üstündə nə qədər şam yanırdısa, pərakəndə satış tacirləri bu çıraqbanlıq ilə satdıqlarını bir o qədər daha yaxşı çağırışla təmin edirdilər.
Lakin oturaq ticarətdən fərqli olaraq başlarındakı dolu tabaqlarla izdiham içində vurnuxan səyyar xırdavatçılar bütün günü boğazlarını yırtaraq mallarını şifahi olaraq tərifləməyə məcbur idilər. Və bir qayda olaraq satıcı nə qədər yoxsul idisə, bir o qədər çevik tərpənişli idi və əksinə bir tacir nə qədər ləng tərpənirdisə deməli bir o qədər zəngin idi.
Qırmızı kərpicdən hörülmüş taxtlar altında uzanıb gedən çit, qumaş, şal, kotan, yun parça satılan bəzzazlar cərgələrini isə başdan-ayağa kimi qatar-qatar çiyinləri ağ çadralı, üzləri qara rübəndli qadınlar işğal eləmişdi ki, bir-birinə qarışmış civiltiləri quş bazarına çevirmişdi. Çünki əndərunilər əsiri bu qadınlar yalnız üç yerdə – hamamda, örtülü bazarda və qəbiristanlıqda ürəklərini boşaldırdılar. Və bu üç yerin hər birinə səhər gedib – axşamüstü qayıdırdılar və beləliklə hər üçündə bəs deyincə çənə döyürdülər.
Və burda örtülü bazarda bir kişi öz çadralı arvadının yanından keçərkən öz halalını tanımırdısa, qadınlar hələ çox uzaqdan dərhal bir-birilərini tanıyırdılar.
Babək ilə Barsis çadralarla çulğanmış quş bazarını andıran bu cərgəni sağda buraxıb, çox tez sola tərəf dönmüşdülər. Peşəkarlar cərgəsi başlananda palaz döşənmiş dükanlarında bardaş qurub oturmuş dərzilər görünmüşdülər. Burda ustalar biçirdilər, şagirdlər tikirdilər və Həmədan bazarında bütün bu dərzilər xristian idilər.
Sonra gələn cərgələrdə qoca sərraflar vardı yəhudilərdən, boyaqçılar isə yoxsul yəhudilərdən ibarət idi və uzun saqqallı, qartal burunlu sərrafların sandıqçaları üstündə bütün dünyanın qızıl, gümüş və mis pullarından nümunələr vardı, boyaqçı yəhudilərin isə qara və iri gözləri qazan və küplərdən qalxan buxar içində par-par parıldayırdı.
Babək ilə Barsis bu cərgələrdə dayanmadan keçib getmişdilər.
Və gəlmişdilər yüzlərlə irili-xırdalı çəkiclərin zindanlar üstündə mis döydüyü misgərlər cərgəsinə çıxmışdılar. Burda Babək bir hovur ayaq saxlamışdı, qarşısında dayandığı dükanın içində on üç nəfərin bir zindan üstündə bir nöqtəni döyən çəkiclərinin aramsız və ritmik hərəkətinə bir an tamaşa eləmişdi. On üç çəkic, on üç mizrab kimi zindan üstündə musiqi çalırdı. Və Babək dönmüşdü Barsisə baxmışdı, gülümsəmişdi. Yəni burda bir inciklik eləyən olmayacaq və olsa belə bu kol biz girən kol deyil. Barsis də gülümsəmişdi ki, başa düşdüm nə deyirsən.
Və burda onlar dəmirçi Mehran ilə üz-üzə gəlmişdilər. Usta Mehran iki yeniyetmə oğlunu dalınca salıb öz dükanını açmağa gedirdi. Gecikmişdi və fikirli idi. Çünki ağır gürz vuran oğlu xəstə yatırdı. Ona görə iki yeniyetmə oğlu ki, növbələşdikləri körüyü basırdılar, indi onlardan biri çəkic vurmalı olurdu. Amma yeniyetmənin vurduğu zərbələrdə kəsər yoxdu. Buna görə ustanın işləri ləng gedirdi. Özü də elə bir vaxtda ki, bu günlər Həmədan bazarının ən rəvac günləri idi. Örtülü bazarda bir canlanma vardı, çünki xəlifə Məmunun qafiləsi şəhərə yaxınlaşırdı. Təbii idi ki, başqa mənzillərdə olduğu kimi burda da peşəkarlar çoxlu sifariş alacaqdılar. Nalbəndlər bütün günü Məmunun qafiləsindəki nalları düşmüş atları nallayacaqdılar. Və dəmirçilər nalbəndləri nal ilə təmin etməli idilər. Sərraclar yüyən-yəhər əsbabını səhmana salacaqdılar. Dərzilər və papaqçılar da boş dayanmayacaqdılar: gələnlər libaslarını burda təzələyirdilər.
Və indi dəmirçi usta Mehran misgərlər cərgəsindən keçərkən ustanın yeniyetmə oğlanlarından kiçiyinin əli dinc durmamışdı. Barsisin böyrünə bir dürtmə ilişdirmişdi. Ayaqyalın, başı açıq, çiyinləri boz köynəyinin yırtıqlarından çıxmış bir uşağa dürtmə ilişdirmək ən adi bir iş idi.
Amma dürtmə yeyən kimsəsiz dilənçi bir uşağın borclu qalmaq istəməyərək cəld geri dönüb ustanın oğlunun boğazından basması və ustanın oğlunun gözlərinin az qala kəlləsinə çıxması tamamilə gözlənilməz bir iş idi.
Yaxşı ki, Babək tez geri dönmüşdü, Barsisin qolundan tutub geri çəkmişdi və dəmirçi usta Mehran bir Babəkə baxmışdı, bir Barsisə baxmışdı və demişdi:
– Yanılmıramsa qəribsən oğlan?
– Yanılmırsan, – demişdi Babək. – Mən də qəribəm, uşaq da qəribdir.
Usta xınalı bığları altında qımışdı:
Qonşu həyətə keçən xoruzun gözü adətən qıyıq olur, amma sənin bu beçə xoruzun...
Babək də gülümsəmişdi.
– Bu beçə xoruz deyil, bu qurd balasıdır, amma heç kəslə işi yoxdur. Bu şərtlə ki, heç kəsin də onunla işi olmasın.
– Əgər desəm ki, bura nə satmağa gəlibsən, nə almağa, yanılmaram ki?
– Yox, – demişdi Babək, – yanılmazsan...
– Və əgər yenə desəm ki, iş axtarırsan zənnim məni aldatmaz ki?
– Yox aldatmaz. Və xahiş eləyərəm, çox uzatma!
– Elə isə getdik – demişdi usta, – böyük oğlum xəstə yatır, gürz vuranım yoxdur.
Sonra gəlib dəmirçilər cərgəsinə çatanacan usta həftədə üç dirhəm muzd verməyi barədə şərt kəsmişdi. Babək: – azdır, – demişdi, amma razı olmuşdu...
...Günorta idi və dəmirçi usta Mehran dəmirçixananın arxasında günorta namazını qılırdı.
Barsis ilə ustanın hər iki oğlu qonşu karvansaraya dallarında nalla dolu torbaları aparmışdılar. Babək kötük üstündə süfrə açmışdı, süfrədə iki səngək ilə bir cürdək ayran vardı. Amma süfrəyə əl uzatmamışdı. Barsisi gözləyirdi. Və başını divara söykəyərək bu günlər getdikcə şiddətlənən istidən yorğun bir halda mürgüləyirdi.
Və bu gün ki, cümə axşamı idi, bazarın ən gur, adamların ən çox səxavət göstərdikləri bu cümə axşamında şəhər zindanının dustaqları örtülü bazara dilənməyə göndərilmişdilər.
Qolları zəncirli bu adamlar kiçik dəstələrə bölünərək nizəli mühafizələrinin nəzarəti altında bazarın cərgələrində dilənməyə başlamışdılar. Bir-birinin arxasınca dükanların qabağından keçirdilər. Hər dükan qarşısında bir an dayanırdılar. Səslərini çıxarmadan gözləyirdilər, sədəqə verilmirdisə ötüb keçirdilər.
Və indi usta Mehranın dəmirçixanası qapısında bir-birinin dalınca iki dustaq dayanmışdı və sədəqə verən olmadığı üçün səslərini çıxarmadan keçib getmişdilər. Sonra üçüncü bir dustaq gəlmişdi, dükan ağzında dayanıb bir an gözləmişdi, keçib getmək istərkən birdən ayaq saxlamışdı və gözləri Babəkə zillənib qalmışdı. Sonra sağ əlini gözlərinə çəkmişdi və gözlərini döymüşdü. Bu vaxt pərdə arxasından çıxan usta gəlmişdi və təəccüblə keçib getməyən dustağa baxmışdı, amma dustaq ustaya baxmamışdı və baxışlarıyla ustadan sədəqə istəməmişdi, fikri Babəkdə idi və Babəkdən gözlərini çəkmirdi. Və usta Babəkə demişdi:
– Nə fikrə getmisən, oğlan, bu gün cümə axşamıdır və bu gün bu binəvalardan heç olmasa birinə sədəqə vermək savabdır. Əgər xırdan varsa, bir şey qoy ovcuna, çıxıb getsin. Çünki məndə ən xırda pul bir danaqdır. Babək mürgü sərsəriliyi içində:
– Kimdir ki? – demişdi.
– Görmürsən, dustaqdır.
Və Babək sıçrayıb ayağa qalxmışdı: dərhal cərgələri dolanmalı idi. Bütün cərgələrdə dolaşan dustaqları görməli idi. Əgər mümkün olsaydı bu və ya digər bir dustaqdan Tərxanı soruşacaqdı.
Dükan qabağında isə saçı-saqqalı bir-birinə qarışmış bir dustaq dayanmışdı və Babək tələsik cibindən bir danaq çıxartdı. Usta gördü, etiraz elədi.
– Bir danaq sədəqə olmaz, bir fəs ver, çünki bu günün sabahı da var.
Babək dustağa doğru yönəldi. Dustağın biləkləri zəncirlə bir-birinə elə bağlanmışdı ki, ovuclarına qoyulan sədəqəni iki əlilə qaldırıb köynəyinin yaxasından içəri atmağa imkan verirdi. Babək yaxınlaşdıqca dustağın gözləri heyrət və sevinclə parıldayırdı. Babək yaxın gəlib danağı dustağın ovcuna qoydu, lakin gözləri Babəkin üzünə zillənmiş dustaq ovcuna qoyulan sədəqəni yerə saldı. Babək əyildi. Mis pulu yerdən qaldırdı və yenidən dustağın ovcuna atmaq istəyirdi ki, birdən gözləri dustağın üzünə sataşdı və bu dəfə danaq Babəkin öz əlindən yerə düşdü. Və Babək boğuq bir fəryad ilə:
Kitabxana.az · https://kitabxana.az/works/enver-memmedxanli-babek-birinci-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Qızıl qönçələrGün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.
Baş xiyabandaQaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.
Başqa şairlərin şeirləri
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Hərarətli şe'r və yaxud qızdırmalı halımda saçmalarımSəməd Mənsur qardaşıma*Gözüm bir gülməyir bu ərzi-fəryadı gören gündən,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.