Səhifə 4 / 47 · 6%

Hekayə

Abbasilərin beşinci xəlifəsi Harun-ərrəşid öz qafiləsi ilə növbəti Məkkə ziyarətindən təzəcə qayıtmışdı, amma Bağdada getməmişdi, Fərat çayı sahilindəki qəsrlərindən birində oturub qalmışdı. Xəlifənin burda üç gün, üç gecə üzü açılmadı, gülmədi, eyş-işrət məclisləri qurmadı, baş təbibinin nəzarəti altında açılan süfrələrdəki əlvan xörəklərə əl uzatmadı və qoca baş təbib dəfələrlə xəlifənin nəbzini yoxlamaq istədi, lakin xəlifə onu rədd elədi.

Bütün qəsr həyəcan və təlaş içində idi. Xəlifə hər gün beş dəfə namazını qılırdı, heç kəsi də hüzuruna çağırmırdı. Səfərləri zamanı özüylə bərabər gəzdirdiyi hərəmxanasına baş çəkmirdi. Hətta xilafətin birinci xanımı Zübeydə xatunla da görüşmürdü.

Nəhayət, dördüncü gün xəlifə öz dairəsindən çıxdı, uşaqlıq yoldaşı canbir-qəlbbir dostu, xilafətin dövlət möhürünü əlinə tapşırdığı və bir dəqiqə ayrılığına dözə bilmədiyi, özündən sonra xilafətdə ikinci şəxs mərtəbəsinə qaldırdığı Xorasanlı vəziri Cəfər Bərməkini hüzuruna çağırdı və yarım saatdan sonra xəlifə ilə vəziri başlarında bir alay süvari ilə ova getdilər və axşam hava qaralanda ovdan qayıtdılar və qəsrdəki bütün saray adamları gördülər ki, xəlifə ilə Cəfər Bərməki atlarından yerə endilər və bir-birinin əlindən tutaraq ov alayı qarşısına gəlirlər.

Qəsr önündəki fəvvarəli çarhovuzu yanında Xəlifə Cəfər Bərməkini qucaqlayıb sinəsinə basdı və dedi:

Ya Cəfər, canıma və başıma and olsun ki, beləliklə bu axşam məclis qurub zövq etməlisən. Bəlkə mənə də öz məclisimdə zövq olmayacaq.

Sonra xəlifə döndü, qoca təbibinə də iltifat göstərdi:

Ya Cəbrayıl, – dedi, – səni də bu axşam hüzurumdan azad edirəm. Təki Cəfərin məclisində vaxtını xoş keçirəsən!

Hər ikisi xəlifəyə baş əydilər və xəlifənin əmrini yerinə yetirməyə, şadlıq məclisi qurub uzun qış gecəsini xoş keçirməyə getdilər.

Lakin qoca təbibin gözündən qaçmadı ki, xəlifənin öz vəzirinə və yaxud can-ciyərinə göstərdiyi bu axşamkı nəvaziş və mehribanlıqdan nədənsə Cəfər Bərməki bir az özünü itirmişdi və rəngi də bir az qaçmış kimi idi.

Qəsrin vəzir üçün ayrılmış dairəsində dərhal eyş-işrət üçün hazırlıq başlandı. Musiqiçilər, nəğməçilər, rəqqasələr – cariyələr bir-birinə dəydi və Cəfər Bərməki məclislərinin daimi iştirakçısı olan xorasanlı əyanlar qara kaftanlarını çıxardıb kimi ağ, kimi yaşıl geyindi.

...Xəlifəni isə öz dairəsinə qalxan kimi qızlar ağası qarşılamışdı və xəbər vermişdi ki, Zübeydə xatun bir saatdır axıtdığı göz yaşlarıyla şirin canına qəsd edir və cariyələri hələ də Seyidəni ovuda bilməyiblər.

Zübeydə xatun xəlifə Mənsurun nəvəsi və əmisi oğlu xəlifə Harun-ər-rəşidin baş hərəmi idi və Bağdad sarayının ifrat cah-cəlalı içində, xilafətin birinci xanımı kimi bir çox əyləncələri içində xüsusi yer tutan kiçik və sevimli bir meymunu vardı ki, otuz nəfər səhər-axşam bu meymuna xidmət edərdi, dərzilər hər həftə meymun üçün yeni paltar biçirdi. Başmaqçılar günaşırı meymuna qırmızı və yaşıl papuc tikirdi və meymun zərli-zibalı əlbəsələr geyinirdi. Belindən qılınc asırdı. At minib gəzməyə çıxanda sağında və solunda 30 nəfər qulam at çapırdı...

Və o əyanlar ki, Zübeydə xatun onlara hamilik edərdi, hər dəfə saraya xilafətin xanımının görüşünə gələrkən əyilib o meymunun əlindən öpərdilər.

İndi bu axşam qəfildən fəlakət baş vermiş və cah-cəlala alışqanlığı, yaxud pərəstişə düşgünlüyü bədbəxt meymunu məhv eləmişdi – çünki səhradan, Fərat çayının o tayından bədəvi bir ərəb cəngavəri çapıb gəlmişdi, ovladığı ahunu xəlifəyə sovqat gətirmişdi. Xəlifə hələ ovdan qayıtmadığı üçün Zübeydə xatun Bədəvini hüzuruna çağırtmışdı. Amma qapı ağzında beli qılınclı, əlbəsələri zər-zibalı meymun bədəvi cəngavərin qabağın kəsib qapqara balaca əlini uzatmışdı ki, bədəvi cəngavər əvvəlcə onun əlini öpüb sonra içəri girsin. Və bir anda hər şey qurtarmışdı – məğrur səhra oğlunun qan beyninə vurmuşdu. Bir göz qırpımında qılıncı sıyırmışdı və bədbəxt meymunu tən ortasından iki yerə bölmüşdü. Qəsrdə vəlvələ qopmuşdu. Zübeydə xatun qəşş eləmişdi və bədəvi cəngavəri qapalı bir otağa salmışdı ki, ovdan qayıdan xəlifə hökmünü versin!

...Dustağı ovdan qayıtmış xəlifənin hüzuruna gətirdilər və Bədəvi xəlifənin hüzurunda yeri öpüb ayağa qalxdı və Harun ər-rəşid başını qaldırıb:

– Ey ərəblərin ən vəhşisi, – dedi, – Qəbih hərəkətini doğrultmaq üçün bir sözün varmı?

Səhra oğlu xəlifənin sualına sual ilə cavab verdi:

– Ya əmirəlmöminin, – dedi, – bir dəfə sənin əlini öpmək şərəfinə nail olan bir şəxsin sonra bir meymunun qapqara əlini öpməsini istərdinmi? Səni bilmirəm ya əmirəlmöminin, amma mən heç vaxt belə bir hərəkəti qəbul edə bilməzdim.

Xəlifə təngişmiş halda “kişi” deyib çıxdı və əlini çırparaq bədəvi cəngavəri hüzurundan rədd elədi.

...Bu vaxt vəzirin məclisi isə cəm olmuşdu. Birinci piyalələr dolubboşalmışdı. Və indi o kor nəğməçi ki, həmişə vəzirin məclislərində hazır olurdu, uzun və nazik barmaqlarıyla əmudun simlərini darayaraq oxumağa başlamışdı. Və Cəfər Bərməkinin məclisində yenə ərəbi boğaz səsini fars dilinin musiqisi əvəz eləmişdi.

Məclisdə qoca təbib də iştirak elədiyi üçün salonu iki yerə bölən sırapərdə sıyrılmamışdı. Və kor nəğməçi susanda vəzirin o pərdə arxasındakı dilrüba cariyələri cəng və tənbur çalaraq rəqs edirdilər. Məclis onların yalnız pərdə üstündə uçuşan qızıl bilərzikli ağ göyərçin əllərinə tamaşa edirdi...

Vaxtilə xəlifənin öz sevimli vəzirinə bağışladığı iki qul isə hər beş dəqiqədən bir süfrəyə yeni-yeni əlvan yeməklər düzür, boşalan piyalələri doldurur və bucaqdakı manqalın atəşi üstünə məxmur¹ atdıqca bütün ətrafı od üstündən qalxan xoş bir rayihə bürüyürdü. Lakin yenə də bu şadlıq məclisində heç kəsin könlü açılmırdı. Bəlağətilə məşhur olan məclis sahibi isə susqun bir halda fikir dəryasına qərq olmuşdu. Kor nəğməçi Vəli Nemətinin² – vəzirin ruhu halətini hamıdan artıq hiss edirdi və bir aralıq dedi:

Ya vəzir, ürəyim hiss edir ki, çox məlulsan, aya səbəb nədir ki, əmirəlmöminin səni bunca əziz tutduğu halda bu şadlıq məclisində könlün açılmır?

– Ya Əbu Zəkəriyyə, – dedi Cəfər Bərməki çox yavaşdan, – əmrə tabe olub şadlıq məclisi qurmaq olar. Amma əmr ilə könül şad olmur və nə əqlin, nə məntiqin dəlili ilə pərişanlığa qapılmış ürək ovunmur. Çünki bizi gözləyən fəlakətdən qəlbimiz, ürəyimiz ağlımızdan tez xəbər tutur...

Bu zaman xəlifənin göndərdiyi bir qulam Cəfər Bərməkinin süfrəsinə xəlifənin süfrəsindən gətirilmiş noğul və şəkər qoydu, sonra baş alıb getdi.

Bu xəlifə tərəfindən yenə yalnız öz vəzirinə göstərilən xüsusi bir iltifat idi. Amma qoca təbibin yenə gözündən yayınmadı ki, noğul və şəkər süfrəyə qoyularkən və məclisdən “Allah xəlifənin ömrünü uzun eləsin” nidaları ucalarkən, Cəfər Bərməkinin rəngi bir az daha artıq qaçmışdı. Kor nəğməçi isə yenidən ilhama gəldi və “gözəl zeynəblər” silsiləsindən ərəbcə bir şərqi oxudu, sonra yenə piyalələr Gəncə ulduzunun şərabı ilə dolub boşaldı.

Və bir azdan xəlifənin göndərdiyi ikinci qulam bu dəfə vəzirin süfrəsinə gümüş sinidə Girman xurması gətirdi və birinci qulam kimi baş əyib getdi və bu dəfə qoca təbibin də ürəyində nə isə anlaşılmaz bir təlaş baş qaldırdı...

¹ Kökü ətirli ot

² Ona çörək verənin

Daha sonra Harunəlrəşidin göndərdiyi üçüncü qulam xəlifənin qış süfrəsi üçün xüsusi qalaylı qablarda saxlanan bir Fərqanə qovunu gətirdi və ikinci qulam kimi baş əyib getdi. Cəfər Bərməkinin süfrəsinə göndərilən bu Fərqanə qovunu doğrudan da şahanə bir nemət idi.

...Xəlifə ilə baş hərəmi Zübeydə xatun xidmətçini, yaxud baş qazini bir yerdə, yan-yana salınmış qoşa səccadələr üzərində gördülər və onlar iki rükət namaz qılıb qurtarmışdılar. İndi hər ikisi dizləri üstə yan-yana oturmuşdular, fikrə getmişdilər və susmuşdular, qarşılarında isə heç bir təam süfrəsi yoxdu, vəzirin süfrəsinə göndərilən paylar xəlifənin tapşırığı ilə xəyalı bir süfrədən göndərilən paylar idi...

Zübeydə xatun xəlifə ərinin azğın eyş-işrət məclislərində əlbəttə ki, iştirak edə bilməzdi və incimirdi. Lakin o ərinin məhrəm, ailəvi məclislərindən də qaçınırdı. Çünki Harun ər-rəşid hərdən süfrə başında oturarkən yanında Cəfər Bərməkini görməsəydi yediyi-içdiyi boğazından keçmirdi. Zübeydə isə Cəfər Bərməkiyə nifrət edərdi. Ərinin vəzirinə qarşı bu hörmətinə, vurğunluğuna bəlkə də dözə bilərdi. Lakin Cəfər Bərməkinin təkidi ilə Harun ər-rəşid böyük oğlu Məmunu da özünə ikinci vəliəhd təyin edəndə, Zübeydənin ürəyində alışıb-yanan kin odu, artıq o gündən qurban istəyirdi, qan istəyirdi. Və indi axşam ağlayışından gözləri qızarmış Zübeydə xatun başını çevirdi, ərinə baxdı və dedi:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ay işığında

Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*

19 dəq
Karvan dayandı

Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.

27 dəq
Qızıl qönçələr

Gün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.

14 dəq
Baş xiyabanda

Qaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.

7 dəq

Başqa şairlərin şeirləri