Səhifə 45 / 47 · 94%

Amma qızlar gülmürdülər. Bir dəri bir sümük idilər və hər iki tərəfdən batmış ordlarının çuxurları aclığın möhürlədiyi acı qəmzələr kimi solğun bənizlərində həkk olub qalmışdı.

Barsisin isə rəngi qaçmışdı, alt dodağını dişləri arasına almışdı və bu vaxt arxasında bir-birinə qonşu dükanlarını bağlayan nalbəndlərdən biri demişdi:

– İmansıza bax. Elə bil at almağa gəlib və hər dəfə dağ kəndlərində aclıq başlayanda burda bu əcuzənin bazarı rəvac olur, bu bədbəxtlər də ki, nə müsəlman kimi müsəlmandılar, nə xaçpərəst kimi xaçpərəst.

İkinci cavan demişdi:

– Oğlan, qarın ac olanda nə din, nə məzhəb, nə tanrı? Deyirlər vaxtı ilə bir tayfa varmış və o tayfa xurma unundan xəmir yoğurub özləri üçün çoxlu tarı və büt quraşdırırmış, amma sonra bir dəfə qıtlıq və qəhətlik ilində aclıq o tayfaya o dərəcədə güc gəlib ki, səcdə etdikləri bütün Allahlarını bir günün içində yeyib qurtarıblar və yaxşı da eləyiblər, çünki acın imanı olmaz deyiblər. İndi bu bədbəxtlər də oğlan uşaqlarını aclıqdan qurtarmaq üçün qız uşaqlarını qurban verirlər.

Sonra arxadan gələn o səslərdən biri Barsisə təpinmişdi:

– Sən nə durmusan burda ay uşaq? Get bala, bu söhbət hələ sənin xörəyin deyil.

Amma Barsis çıxıb gedə bilməmişdi və qeyri-ixtiyari olaraq qızları əlləşdirən qarıya doğru addımlamışdı. Qarı isə bu vaxt qızları əlləşdirib qurtarmışdı və indi kəndlilərdən birini burnu qabağında tutaraq, sövdələşməyə başlamışdı:

– Ortancıl oğlum üçün alıram bu qızı. Gəlinim olacaq, xınalı kəkliyim olacaq, buyur bu da məhriyyəsi, aç ovcunu, Allah xeyir eləsin!

Kəndli isə qarının ovcuna baxmışdı, köksünü ötürmüşdü və zarımışdı:

– Azdır qarı nənə, insafın olsun!

– Azdır? Əlamən sizin kimi əkinçidən. Əkinçi tayfası kimi naşükür bir tayfa, acgöz məxluqat yoxdur. Bir qızına bax, bədheybət, gərək buna bir il sərasər yağlı bozbaş yedirdəsən ki, heç olmasa bir qucaq dolduran sağrısı olsun...

Barsis boğazında düyünlənən acı qəhərdən boğulurdu. Qoca nalbənd haqlı idi, əlbəttə ki, bu adamlar oğlan uşaqlarını aclıqdan qurtarmaq üçün qız uşaqların qurban verirdilər. Necə ki, Barsisi aclıqdan qurtarmaq üçün Cunay da özünü qurban vermişdi.

...Yeraltı qazmada gecənin hansı aləmindəsə birdən yuxudan yuxudan oyanmışdı və qoca babası ilə Cunayın qazmanın ortasındakı sönmüş ocaq başında xısın-xısın nə barədəsə danışdıqlarını eşitmişdi. Uzun azarı olan babasının səsi gah sürəkli öskürəklər içində batırdı, gah elə bil quyu dibindən gəlirdi. Cunayın cingiltili səsi isə gah titrəyirdi, gah qırılırdı.

– Apar baba, – deyirdi Cunay, – qaravaş durmaq lazımdır, qaravaş duraram, kəniz olmaq lazımdır kəniz olaram təki Barsis ac qalmasın, təki odumuz-ocağımız sönməsin.

– Elədir qızım. Mənim uzun azarım var, bir ayağım qəbirdədir. Sən ki, qızsan, köçəri quşsan. Allah deyən olsa, səni aparıb bir Allah bəndəsinə nişanlasam, əvəzində otuz-qırx dirhəm mehriyə alsam o tifili aclıqdan qurtararıq və bir Allah şahiddir ki, bircə dənə qara pul versəydilər əvvəlcə mən özümü satardım və qapılarda qul durardım, təki o uşağın öynədə bir tikəsi olsun.

Yenə Cunayın səsi eşidilmişdi ki:

– Apar baba, apar, yüz canım olsaydı, hamısının bir-bir o uşağa qurban verərdim, apar baba. Zəncana aparırsan, Zəncana apar, Həmədana aparırsan, Həmədana apar. Qoy qismətim qürbətdə kənizlik olsun, amma Barsisim, körpə quzum ac qalmasın, böyüsün boya-başa çatsın.

Sonra Cunay susmuşdu. O Cunay ki, cəmisi ondan dörd yaş böyükdü və hələ Barsis çağa ikən onu dalına sarıyıb həyət-bacanı süpürərmiş, xamır yoğurmamış, sac üstündə yuxa çevirərmiş, meşəyə gedərmiş, ot-əncər yığarmış, qayıdarmış qazan asarmış, doğa bulayıb Barsisin qarnını doyurarmış. O isə əvəzində Cunayın saçlarını yolarmış, çünki qanmaz-arınamaz bir cin toxumu imiş. Sonra o da böyümüşdü və Cunayın hərdən axşamlar qazmanın damı üstündə ağı deyib anasını yad etdiyinə qulaq asmışdı, çünki Cunay anasını görmüşdü, şəklini yadında saxlamışdı. Barsis isə anası öləndə bir yaşında imiş. Və anasının şəkli yadında qalmamışdı, buna görə Cunay ona böyük bacıdan artıq kiçik ana olmuşdu...

Handan-hana qoca yenə dillənmişdi:

– Ölməli mən idim, qız, – demişdi, – amma gəldilər və əhdi sındırdılar, sizi atasız, məni oğulsuz qoydular. Amma indi lazımdır ki mən ölməyəm, yoxsa bütün əbavü-əcdadım o biri dünyada yaxamdan yapışar ki, o uşağı orda ac qoyub hara gəlmisən. Məgər bilmirsən ki, qara bığ nəslinin yurdunda bayquş ular. Əgər ocağımızın külü altındakı o qor da sönsə. Elə özün görmüsən ki, dədən can verəndə bir yol da olsun nə sənin üzünə baxdı, nə mənim, çünki gözləri ancaq o uşağa zillənmişdi, nə sözü vardısa o uşağa demək istəyirdi. Amma deyə bilmədiyi o sözü ürəyində apardı...

...Qaranlıq yeraltı qazmalarda yaşayan Günabad kəndi üç ildi ki, xərac vergisini ödəyə bilməmişdi və hər dəfə Təbrizdən gələn ibn Rəvvadın təəssübdarları əliboş geri qayıtmışdırlar.

Nəhayət bu yay Vəcna ibn Rəvvad xəstə yatan böyük qardaşının əmrilə başında böyük bir atlı dəstəsi özü Günabad kəndinin üstünə gəlmişdi.

Və o vaxt ki, Vəcna ibn Rəvvad qaşqa ürgəsini kəndin yuxarı başındakı bir qazmanın damı üstünə sıçratmışdı. Günabad kəndinin qazmaları, damları tir-tir əsmişdi.

Bütün kəndi Vəcnanın atlıları sarğı içinə almışdı və bu artıq bir kəndin düşmən qoşunu tərəfindən basqına uğramasını andırırdı; nə ələ keçirdisə qarət edilirdi. Bütün həyətlərdə güman gələn yerlər qazılırdı. Buğda-arpa basdırılan quyuların ağızları axtarılırdı. Çünki dağ kondlərdə pərinc buğdası basdırılan bu quyuların ağzı suvanırdı, hamarlanırdı, üstünü ot-əncər basırdı və əgər kəndə basqın olurdusa, bütün kənd qaçıb dağa-daşa düşdürsə, yaxud meşələrdə gizlənirdisə, basqından sonra bu quyulardan salamat qalanları kəndi aclıqdan qurtarırdı.

İndi yoxsul bir kəndin qarəti nə qədər az nəticə verirdisə, qarətçilər getdikcə daha artıq quduzlaşdığı üçün kənd qadınları ilə uşaqların fəryadı göyə ucalırdı. Bu vaxt Vəcnanın atlılarından iki nəfəri Barsisgilin həyətində atlarından yerə sıçramışdılar və qazmanın qapısı ağzında ayaqlarına dolaşan Barsisi vurub qırağa ataraq içəridə bir başa Cunayın üstünə cummuşdular. Cunay isə çığırmışdı, qaçıb özünü atasının üstünə atmışdı...

Bir qayda olaraq xərac vergisini ödəyə bilməyən kəndlərə basqın zamanı çox vaxt qara gözlü, uzun kirpikli yeniyetmə qızlar ovlanaraq girov kimi şəhərlərə aparılır və xərac vergisi toplayan təəssübdarlar qızların vergi ödənildikdən sonra kəndlərinə, evlərinə, ata-analarına qaytarılacağını şərt qoyurdular. Amma gedənlərdən çox azı geri dönürdü, Çünki bir parası xəbərsiz-ətərsiz yoxa çıxırdı, digərlərinin sorağı çox uzaqlardan gəlirdi. Bəziləri isə özləri şəhərlərdə ilişib qalırdılar və doğma yurdlarını ürəklərində dəfn edirdilər.

İndi Cunayın çığırtısını eşidərkən Barsis yıxıldığı yerdən sıçrayıb ayağa qalxmış və yarıqaranlıq qazmada atasının o iki nəfərlə əlbəyaxa olduğunu görərək qaçmışdı, qazmanın ağzına atılmış çırpı şələsi üstündəki dəhrəni qaparaq o iki nəfərin üstünə cumarkən bu dəfə Cunay ikinci dəfə çığırıb atasının arxasından çıxmışdı və özünü Barsisin üstünə ataraq, dəhrəni Barsisin əlindən almaq istəmişdi. Və bu vaxt Barsisi taparaq Cunayı aradan çıxarıb xilas eləmişdi, böyüklərin görə bilmədiyi bir işi görmüşdü. Cunayı arxasınca sürüyüb qazmadan çıxarkən həyətdə cilovları yəhərləri üstünə atılmış atlardan birinin belinə sıçramışdı, əlini uzadıb Cunayı tərkinə qaldırmışdı, sonra kəndin yuxarı başından dağ döşündəki meşəliyə doğru çapmışdı və orda meşənin qalınlığında Cunayın təkidilə atı çubuqlayıb geriyə kəndə tərəf qovmuşdu. At isə çapıb getdiyi yolu baş aşağı addımlaya-addımlaya geri dönərkən qarabuğ oğlunun qazmasında artıq fəlakət baş vermişdi. Atının oğurlandığından quduzlaşan qarətçinin qılıncı Barsisin atasını ölümcül bir zərbə ilə yerə sərmişdi...

Barsis ilə Cunay isə hava qaralandan, Vəcnanın atları kəndlərdən uzaqlaşandan sonra, meşədən çıxmışdılar, Və kəndə doğru yüyürmüşdülər. İşıqsız qaranlıq kənddə artıq kişi səsi eşidilmirdi. Gah uzaqda, gah yaxında ağı deyən qadınların səsləri, kənd itlərinin üzüntülü ulartıları və kiçik uşaqların ağlayışları bir-birinə qarışmışdı.

Cunay ilə Barsis qaranəfəs özlərini içəri salanda, çoxdan xəstə yatan babaları ölümcül yaralanmış oğlunu gətirmişdi, öz yatağında uzatmışdı və qocanın bir qoyun dərisindən ibarət olan yatağı yanında torpaq döşəməyə sancılmış bir gərməşov çubuğu yanırdı ki, ta qədimdən dağ kəndlərinin şamı və çırağı olan o yanar gərməşov çubuğunun işığında can verən ata başı yanında diz çökən Barsisi gördüyü üçün gözləri geniş açılmışdı. Elə bil əzraildən möhlət almışdı və bu anda baxışları yalnız Barsisə zillənib qalmışdı və dodaqları tərpənməyə başlamışdı, amma dili söz tutmamışdı və Barsisin babası can verən oğlunun üstünə əyilmişdi, oğlunun nə dediyini eşitmədiyi üçün fəryad eləmişdi:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ay işığında

Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*

19 dəq
Karvan dayandı

Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.

27 dəq
Qızıl qönçələr

Gün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.

14 dəq
Baş xiyabanda

Qaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.

7 dəq

Başqa şairlərin şeirləri