Səhifə 8 / 47 · 15%

İki nəfər xidmətçi qulam hamamın ön otağında vəziri soyundurmağa başladılar, sonra uca boylu vəzir başını əyərək alçaq bir qapıdan içəri keçdi. Və burda onu qarşılayan döşü ağ önlüklü qoca təbib vəzirə xoş gəldin dedi və baş əydi. Hamamın xəzinəsi ilə gülxanı¹ arasında isə böyük taxt yerləşmişdi. Üstünə dəvə yunundan toxunmuş yumşaq parça salınmış və taxtın baş tərəfində böyük bir nazbalış qoyulmuşdu.

Vəzir bu taxt üstündə oturdu və bir müddət hamamın kəllə divarındakı yağlı boya ilə çəkilmiş əfsanəvi ənqa quşuna baxaraq fikrə getdi, divardakı ənqa quşunun üzü qadın sifəti kimidi. Sasani minyatürlərindəki şərq gözəlləri kimi çatma qaşları vardı, amma qarmaqvarı dimdiyi qartal dimdiyini andırırdı və dörd qanadı ilə caynaqlı iki əli fantastik görkəmini tamamlayırdı.

¹ Od yandırılan yer belə adlanır

– Bu dünya belə dünyadır, ya Cəbrayıl, – dedi vəzir, – bu dünyada böyük vəzirlərin aqibəti bu olub ki, gül əkib tikan dəriblər və Aristotel ki, əqli ümman bir vəzir idi nəhayət, bədxahları onu İskəndər Quminin gözündən salmadılarmı? Və Büzürk Məhr ki, hər sözü hikmətli bir vəzir idi. Onu da Nuşiravanın gözündən salmadılar? Və Cəfər Bərməki kimi fazil və comərd bir vəziri nəhayət bədxahları Harunəlrəşidin gözündən salmadılarmı?.. Və indi də mənim bədxahlarım qoşun başçıları nəhayət, mənə qarşı Məmunun ürəyinə xal salmayıblarmı? Amma çox bilən çox yanılar deyiblər ya Cəbrayıl heç vaxt yanılmayan yalnız başımız üstündəki xudadır və ona ağır gedər – əgər xəlifə öz taxttacıyla Xorasana, mənə və qardaşıma minnətdar olduğunu bir gün yadından çıxartsa...

Vəzir bir an susdu. Sonra qəhərlənmiş bir səslə nida elədi:

– Xub və bismillah ya təbib, başla və qoy Allah bu işin axırını xeyir eləsin.

– Amin! dedi qoca təbib və sağ əlinin üç barmağının uclarını alnına, sinəsinə və hər iki çiyninə toxunduraraq xaç çəkdi.

Vəzir üzü üstə taxta uzandı, çənəsini nazbalış üstündə çarpazladığı qolları üstünə qoydu və yenə baxışları kəllə divardakı Ənqa quşuna zillənib qaldı. Hamam çox isti qalanmışdı, yağlı boyalı divarlar tərləmişdi. Ənqa quşunun iri girdə gözlərində bərkiyən damlalar ağırlaşanda quşun gözlərindən qopub üzüaşağı yuvarlanırdı. Və indi bu əfsanəvi quş vəzirin fikrini çəkib əfsanəvi Qaf dağlarına apardı, o dağlara ki, yaşıl zümrüd idi və dünyanın qurtaran yerində dik bir divar kimi göyə ucalmışdı və gözə görünməz Ənqa quşu o dağlar qoynunda məskən salmışdı. Burda vəzirin fikri o uca divar əyrisini aşmaq istədi. Lakin o divar arxasında dərhal varlıq qurtardı, heçlik başlandı və bu heçlikdə vəzirin qorxu ilə çulğalanmış fikri ildırım sürətiylə geri döndü və gəldi Quranın “Qaf” surəsinə sığındı. “Qaf” surəsində Qaf dağları yoxdu, amma vəzirin fikri o ayələrə penah gətirdi ki, orda deyiblərdi ki, səbr elə, qoy nə deyirlər desinlər və yenə deyiblərdi ki, sən günçıxandan ol və gün batmamışdan ol, həmişə öz dualarında rəbbini müqəddəs elə və sonra yenə deyiblərdi ki, sən gecənin qoynunda və səcdələrinin ardınca həmişə rəbbini yad et və rəbbinə şükr elə...

Bu vaxt vəzir piy basmış kürəyini çərtən neştərin ilk təmasından azacıq diksindi. Əlbəttə ki, vəzir birinci dəfə deyildi ki, özünə həcəmət qoydururdu. Amma bu dəfə bu artıq hər il yazın ortalarında təkrarlanan adicə və yüngül bir cərrahiyyə əməliyyatı deyildi. Bəlkə vəzirin düyün düşmüş taleyi ilə ölüm-dirim mübarizəsi idi və indi o neştərin ikinci təmasında artıq diksinməməyi və qoca təbib qarşısında özünü rüsvay etməməyi qət eləmişdi ki, birdən qoca təbibin boğuq bir fəryad ilə taxt yanında yerə serildiyini eşidərkən yay kimi yerindən sıçradı, arxası üstə çevrildi və başı üstündə dörd yalın qılıncın donuq parıltısını görərkən, qatillərin üzünə baxmağa belə macal tapmayaraq, ani bir sövqi-təbii ilə hər iki əlinin yuxarı çevrilmiş ovuclarını qoşa qalxan kimi dörd qılıncın qarşısına vermişdi ki, Qalib əl Əsvədin elə birinci zərbəsilə başı bədənindən üzülüb taxt üstünə düşdü və taxtın üstündən yerə diyirləndi. Sonra Konstantin Ruminin, Fərəc Dəblimçinin və Məkik Soğdaklının zərbələri yalnız qılınclarını vəzirin qanına bulaşdırmaq xatirinə idi ki, ortaq işdə, dördünün də iştirakı müsavi olsun!..

...İndi qoca təbib vəzirin nəşi yanında taxt üstündə oturmuşdu və elə bil xəstə üstünə gəlmişdi, başını aşağı salaraq, xəstənin oyanmasını gözləyirdi.

Qatillərin içəri girdiklərini qoca görməmişdi. Çünki başı aşağı idi. vəzirin üstə əyilmişdi və qüvvətli bir əl arxadan, boynundan tutub onu kənara atandan sonra nə eləmişdisə elə bil bir başqası tərəfindən idarə edilmişdi. Çünki sarsılmış şüur yaxasını gen çəkmişdi, qıraqda dayanmışdı. Amma əlləri ayaqları və gözləri səliqə ilə öz işlərini yerinə yetirmişdi, əlləri vəzirin başını yerdən götürmüşdü və yenidən taxt üstündəki bədəninə bənd eləmişdi, sonra cənazənin üstünü örtmək üçün gözləri nə isə axtarmışdı və keçmişdi qonşu otaqdan vəzirin zərlizibalı kaftanını gətirmişdi və bu vaxt gözləri vəzirin xidmətçi qulamlarının və hamam icarədarının qolları, ayaqları bağlı, ağızları tıxaclı bir-biri yanında çapaladıqlarını görmüşdü. Bir dəqiqə yubanmışdı və yalnız hamam icarədarının qollarını açmışdı, sonra gəlmişdi kaftanı vəzirin nəşi üstünə atmışdı və indi cənazənin yanında oturub, keşiyində dayanmışdı...

Nəhayət, birinci olaraq Sirac çapıb hamama gəlmişdi.

– Bu nə müsibətdir, ya Cəbrayıl, demişdi, – necə nəfər idilər? Dörd? Amma vəzirin qulamlarından biri deyir ki, səkkiz nəfər idilər, o birisi iddia edir ki, doqquz idilər. Hamamçı isə and içir ki, daha çoxdular... tanrıya şükr olsun ki, kafirlər sənə rəhm eləyiblər və bu qara xəbər əmirəlmöminin qəddini əydi, belini sındırdı, əmirəlmöminin ata belə süvar olmadı və bu saat müqəddəs qədəmlərilə culfaçılar məhəlləsinin çamurunu tapdayaraq bura gəlir...

...Və Məmun gəldi.

Birbaşa cənazəyə yaxınlaşdı, qaftanın ucunu qaldırdı, vəzirin üzünə baxdı, sonra iki əlilə başına döyərək hönkürdü. Xəlifənin arxasınca içəri doluşmuş saray ağaları və qoşun başçıları da ağlamağa başladılar. Lakin xəlifənin hüzurunda səs-küy salmaq olmazdı, ona görə səslərin qısaraq xəlifənin coşğun ağlayışına yalnız züy tutmağa başladılar. Və buna görə idi ki, Məmunun hönkürtüsü və fəryadı hamamın günbəzi altında tağlı tavana çaparaq qüvvətli əks-səda ilə qoca təbibi içindəki viranəlikdən çəkdi özünə qaytardı və indi qocanın da gözləri yaşla dolanda xəlifə döndü, yaxın gəldi və dedi:

– Ağla ya Cəbrayıl, ağla, təqdirin hökmünü təğyir etmək mümkün deyilmiş...

Və heyrətindən qocanın göz yaşları bir anda qurudu, çünki bu dəqiqə Məmunun dəyişilmiş səsi eynilə atası Harun-ərrəşidin o gecəki səsi idi ki, abbasilərin beşinci xəlifəsi o gecə vəzirin kəsilmiş başının üstündə çubuqla nə isə yazıb pozarkən başını qaldırmışdı qaşlarını çatmışdı və qocaya demişdi:

– Ağlayırsan, ya Cəbrayıl? Buna ağlayırsan və yainki mənə?

Amma o vaxt, qocanın gözləri qupquru idi və indi də heyrətindən göz yaşları quruyarkən birinci olaraq onu gördü ki, xəlifənin sürməli gözlərindən axan qara göz yaşları yanaqlarında qara şırımlar açmışdır və qoca tez ağ önlüyü açıb atdı, sonra qoltuğundan çıxardığı ipək bir məndil ilə Məmunun ağlar gözlərini sildi və bu gözlərin öz ağlayışında iştirak etmədiyini və bəbəklərinin dərinində nə isə şeytani bir işıltı rəqs etdiyini görərkən davam gətirmədi, gözlərin qaçırtdı və başını aşağı saldı...

...Məmunun qafiləsi iki gün Sərəxs şəhərində qalacaqdı, amma vəzirinin qətli münasibətilə xəlifə yas məclisi qurub bir həftə Sərəxsdə yubandı və dərhal bir neçə çapar yola salaraq vəzirin qardaşı Həsən ibn Səhlə başsağlığı göndərdi. Həsən ibn Səhl Bağdaddan qovulmuşdu; amma hələ İraqda idi. Başında qoşunu və ixtiyarında dövlət xəzinəsi vardı, əgər böyük qardaşının ölümündən şübhələnsəydi, qorxuya düşərdi, hətta gedər Bağdadda xəlifə olmuş Məmunun əmisi İbrahim ibn Məhmədiyə sığınardı. Bütün bunları nəzərə alaraq Məmun yas məclisindən Həsən ibn Səhlin iqamətgahına xüsusi nümayəndə göndərib qızına elçi düşdüyünü bildirdi və toyu Bağdadda eləyəcəyini xəbər verdi ki, beləliklə, öldürülmüş vəzirin qardaşını özünə qayınata rütbəsinə qaldırdı və təbiidir ki, bu da Həsən ibn Səhl üçün çox böyük bir şərəf idi. Sonra vəzir üçün qurulan yasın yeddisi tamam olanda Məmun qoşun başçılarından tələb elədi ki, qatillər tapılmalıdır və qatilləri tutub hüzuruna gətirənlərə on min qızıl dinar vəd elədi və Məmun qafiləsi ilə bərabər Tus şəhərinə doğru hərəkət elədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ay işığında

Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*

19 dəq
Karvan dayandı

Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.

27 dəq
Qızıl qönçələr

Gün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.

14 dəq
Baş xiyabanda

Qaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.

7 dəq

Başqa şairlərin şeirləri