Bayram babamın obaya gəlməsi və Qızyetərin əhvalatı
Səhifə 2 / 3 · 33%
– Gedək, sənin qurduğun cələyə baxaq. Bəlkə kəklik düşüb.
Biz dağın o tərəfindəki qayalığa getdik, cələnin içindəki çörək qırıntıları yox olmuşdu, amma cələ özü olduğu kimi dururdu, kəklik-zad yox idi.
Qaraca dedi:
– Yaman bicləşib buranın kəklikləri.
O cələni qurduğu yerdən çıxarıb dedi:
– Aparaq bu dəfə Dəvəuçanda quraq. Orada kəklik buradan çox olur.
Biz dolayı cığırla, Dəvəuçan dağına tərəf bir qədər yüyürmüşdük ki, birdən qabaqda gedən Qaraca dayandı. Mən də ona çatıb gördüm ki, Qaracanın anası Qızyetər çoban Mahmudla bir çökəkdə oturub danışırlar... Onlar bizi görmürdülər. Qaraca mənə bir söz demədən geri döndü, onun rəngi qaçmış, üzündə nə isə yazıq bir ifadə əmələ gəlmişdi.
Mən soruşdum:
– Bəs niyə geri qayıdırsan?
O, cavab vermədi. Mən təkrar çoban Mahmudla Qaracanın anasına baxdım. Gəlin gülə-gülə çobana nə isə deyirdi. Qaracanın birdən-birə bikefləməsi məni mütəəssir elədi. Bilirdim ki, bu qırmızısifət, qarabığ, cavan çoban Qaracanın atası deyil. Heç bir zaman onun Qaraca ilə danışdığını da görməmişdim. Məndən savayı Qaraca ilə heç kəs danışmırdı. Özündən böyük bacısı, qardaşı olmasına, anası, əmiləri olmasına baxmayaraq, Qaraca yalqız idi, yəni mən belə hiss edirdim. Mən onun yalqızlığını indi daha təsirli hiss edirdim... Onun özündən dörd-beş yaş böyük qardaşı Qulu Eyvaz əminin çobanlarından biri idi. Dan yeri sökülməmiş qoyuna gedir, bir də gecə gəlirdi. Əgər qoyun sürüləri uzaqda otarılırdısa, Qulu bəzən heç gecə də gəlmirdi, «cürcünəsinə» bürünüb qoyunun içində yatırdı. Özündən böyük bacısı Firuzə də gecə-gündüz Eyvaz əmigildə işləyirdi, nehrə çalxalayırdı, itlərə yal bişirirdi, bulaqdan gündə azı dörd-beş səhəng su gətirirdi. Bulaq isə, dediyim kimi, aşağı dərədə idi. Mis səhəng də otuz-otuz beş litr su tuturdu. Amma bütün bunlar Firuzənin halına təfavüt eləmirdi. Yanaqları lalə kimi qıpqırmızı idi. Özü də Qaraca kimi eybəcər deyildi, gözəllikdə o da, böyük qardaşı Qulu da analarına oxşamışdılar. Mən Firuzənin bir dəfə də olsun bikef olduğunu görməmişdim. Bulağa gedəndə qız-gəlinlərlə zarafatlaşa-zarafatlaşa, bir-birini çimdikləyə-çimdikləyə, yaxalarındakı gümüş pullar cingildəyə-cingildəyə dağı üzüaşağı uçurlanardılar. Bulaqdan qayıdanda hansı qızın kimə gedəcəyi barədə, hansı nişanlı oğlanın daha qoçaq olması barədə şirin söhbət eləyə-eləyə gələrdilər. Amma Qaracanın üzü gülməzdi.
Biz Qaracanın anasıgilin gizlin söhbət elədiyi yerdən xeyli uzaqlaşandan sonra mən təkrar soruşdum:
– Axı niyə geri qayıtdın?
O yenə də dinmədi. Mən elə burdaca xatırladım ki, Qaraca mənə neçə dəfə sapand toxuyub, mən onları itirmişəm, neçə dəfə Nuru dayım onun öz sapandını tutub alıb mənə verib, amma mən ona heç nə verməmişəm. Mənim pencəyimin yaxasında, ulduz şəklində balaca gümüş bir sancaq vardı, onu mənə anamın rəfiqələrindən biri bağışlamışdı. Qaraca da həmişə ulduza böyük maraqla baxırdı. Mən həmin ulduzu çıxarıb Qaracanın əldə toxunan şaldan tikilmiş köhnə pencəyinin yaxasına taxdım. O, təəccüblə soruşdu:
– Belə niyə eləyirsən?
Mən qürurla dedim.
– Sənə bağışlayıram.
Onun mismar deşiklərinə oxşayan gözləri işıqlandı, məndən soruşdu:
– Doğru sözündü?
Dedim:
– Hə, bağışlayıram sənə.
O, bir qədər susdu. Sonra pencəyinin cibindən bərk şaqqıldayan, alabəzək sapandını çıxarıb mənə uzadaraq dedi:
– Al, mən də bunu bağışlayıram sənə.
Mən böyük adamlar kimi özümü çəkib dedim:
– Yox, istəmirəm.
Həqiqətdə isə istəyirdim, amma əvəz-əvəz eləməyi şənimə sığışdırmadım. Qaraca dedi:
– A tanrısız, götür dayna.
Mən sapandı aldım, biz obanın qənşərinə çatanda gördük ki, Bayram babam çiynində yapıncı Qızılboğazdan enib gəlir. Babam indi də gözəl idi, üzünün sağ tərəfindəki qoşa, qara xal və bozarmaqda olan qumral bığı, qonur gözləri indi də qəşəng görünürdü. Uca qədd-qaməti indi də yaraşıqlı idi.
O, bizi görüb gülümsədi:
– Üşümürsən ki? – deyə məndən soruşdu.
– Yox, üşümürəm, – dedim.
Qaracanın əyni mənimkindən də nazik, çarığı, patavaları tamam su içində olmasına baxmayaraq, babam ondan üşüyüb-üşümədiyini soruşmadı. Ancaq onun da üzünə gülümsədi. Mən alabəzək sapandı göstərib həvəslə dedim:
– Baba, Qaraca verdi!
– O... – deyə babam sapandı təriflədi. – Bəs sən Qaracaya nə verdin?
– Mən də gümüş ulduz, – deyə Qaracanın köhnə pencəyinin yaxasındakı nişana işarə etdim. – Qaraca mənim üçün kəklik də tutacaq.
Babam dedi:
– Qaraca yaxşı oğlandı.
Sonra babam Qaracadan soruşdu:
– Eyvaz əmingil sizə yavanlıq-zad verirmi?
Qaraca gözünü babamdan çəkib yerə baxaraq yavaş səslə dedi:
– Verirlər.
Mən həyəcanla dedim:
– Baba, bunlar çox kasıbdırlar, heç bişmiş-zad bişirmirlər.
Babam dərindən nəfəs alıb mehriban səslə dedi:
– Eybi yoxdur, Qaraca da, qardaşı da böyüyüb qazanc gətirərlər, onda işləri də yaxşı olar.
Mən hiss elədim ki, babamın sözləri Qaracada bir canlanma əmələ gətirdi. Bayram babam pul çıxarıb Qaracaya verərək dedi:
– Anana denən, getsin Qarakilsə bazarından sizə ayın-oyun alsın.
Mən dedim:
– Baba, qoy Qaracaya təzə paltar da alsın.
Babam dedi:
– Qaracaya təzə paltar almağa da çatar.
– Yox, baba, birdən çatmaz, yenə ver.
Babam çıxarıb bir pul da verdi.
Babam yeganə adam idi ki, mən onun yanında ərköyünlük eləyirdim. Yəqin məsələdir ki, mən heç bir zaman atamdan Qaraca üçün, ya lap özüm üçün pul istəyə bilməzdim. Kim bilir, bəlkə istəsəydim, atam mənə acıqlanmazdı, ancaq mən atamla öz aramda, elə bil ki, həmişə soyuq, lal bir divar hiss edirdim.
Babam bizdən aralanıb alaçığa gedəndən sonra mən Qaracadan soruşdum:
– Bayram babamı sən də çox istəyirsənmi?
Qaraca cavab verdi:
– Niyə istəmirəm, ay tanrısız?
Sonra Qaracanın anası iti addımlarla gəldi. Onun üzü qızarıb pörtmüşdü, gözlərində elə həyəcanlı ifadə vardı ki, elə bil, heç nəyi, heç kəsi görmürdü. Qaraca da onu görəndə üzünə baxmayıb gözlərini yerə dikdi, mən Qaracaya dedim:
– Apar, pulları ver anana də...
O, dinməz getdi komalarına, mən də onun ardınca getdim. Qızyetər balaca, dəyirmi əl güzgüsündə üzünü diqqətlə nəzərdən keçirirdi. Onun tər yanaqları lalətək qızarırdı. Qaraca pulları cibindən çıxararaq, altdan-yuxarı anasına qıyqacı baxıb, soyuq ifadə ilə dedi:
– Bayram əmim verdi.
Qızyetər tez balaca güzgünü arxalığının cibinə qoyub, pulları Qaracadan aldı. Gördüm ki, Qaraca daha bir söz demir, ona görə də mən dedim:
– Qızyetər xala, Bayram babam ayrı pul da verdi ki, Qaracaya paltar alasan.
Qızyetər gülümsədi və onun qar kimi ağ dişləri mənim xoşuma gəldi. Qızyetər xala dedi:
– Bayram babanın ömrü uzun olsun, ancaq qadan alım, Qaracadan qabaq ərgən bacısı var, əvvəl gərək onun əyin-başını düzəldək.
Gördüm Qaraca da anasının bu sözünün üstündən bir söz demir. Ona görə mən də dinmədim. Mən görürdüm ki, Qaracanın anası kimi gözəl, boy-buxunlu bacısı həmişə ayaqyalın gəzir. «Gəzir» demək də düz deyildi. Firuzənin gəzməyə bir dəqiqə də vaxtı yox idi. Eyvaz əmigilin işləri qoymurdu ki, o, gözünü açsın. Amma Firuzənin həmişə kefi kök olurdu, həmişə məni görəndə gülümsəyirdi. Bəzən də əyilib o üzümdən-bu üzümdən bərk-bərk öpürdü və onun öpməyi məni İmaşa qoşulub qaçan Güllünün öpüşü kimi acıqlandırmırdı, onun öpməyi mənim xoşuma gəlirdi. Onun ağzından yemlik qoxusu gəlirdi. Yemlik dağların döşündə bitirdi və onu yeməyi mənə Qaraca öyrətmişdi. Mən onu da görmüşdüm ki, Firuzə Nuru dayıma necə baxır və onun qabağından neçə dəfə belədən-belə gəlib keçir, dayım isə, elə bil, heç Firuzəni görmürdü. Amma bir dəfə məzəli bir iş oldu.
Nuru dayım gəzməkdən gəlib alaçıqda ayaqlarını soyunmaq istəyirdi, ancaq uzunboğaz çəkmələri şehdən islandığı üçün ayağından çıxmırdı, alaçıqda da məndən başqa heç kəs yox idi. Bu vaxt Firuzə içəri girib dayımın əlləşdiyini görəndə dedi:
– Qağa, qoy gəlim çəkim çəkmələrini.
Dayım da dedi:
– Gəl çək.
Firuzə çəkmənin ikinci tayını daha bərk çəkib çıxaranda özünü saxlaya bilməyib arxası üstə yıxıldı və tumanı geri çirmənəndə ağ, qəşəng qılçaları göründü. Firuzə qəhqəhə ilə gülərək dikəldikdə dayım onun biləyindən yapışıb özünə tərəf çəkərək yanağından öpdü və bir də öpmək istəyəndə:
– Oy, qağa! – deyə Firuzə qəribə bir səs çıxardı.
Bu vaxt alaçığa girən Fatma nənəm bu əhvalatı gördü. Dayım da fışqırıq çala-çala zər qotazlı mütəkkəni başının altına çəkib, təzə, ağ keçənin üstündə uzanaraq yarımçıq qoyduğu rus kitabını götürüb tutdu gözünün qabağına. Mən də bayıra çıxıb gördüm ki, alaçığın böyründə Fatma nənəm qəzəblə Firuzəyə deyir:
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-bayram-babamin-obaya-gelmesi-ve-qizyeterin-ehvalati
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ağabəyim ağa qara paltarda kənizləri ilə birgə səhnəyə daxil olur. Saday bəy ilə Əbülfət xan da oradadırlar.*Ağabəyim ağa**
SəriyyəBiz bir ilə yaxın idi ki, evlənmişdik. Mən yol texnikumunu qurtaran kimi də toyumuz olmuşdu. Baş yollar idarəsində mühəndis olan ərim Adil hər gün səhər saat doqquz tamama on dəqiqə qalmış işinə gedər, mən də bazardan ayın-oyun alıb gətirər, biş-düş edərdim. Dörd ay bundan qabaq bizə üçotaqlı təzə mənzil vermişdilər. O zaman mən otaqları gəzərək:– Ay Adil, – deyə zarafat eləmişdim, – biz bu boyda evlərə nə qoyacayıq?
Adil... Mən o dəhşətli fırtına buludlarının sıxlaşa-sıxlaşa bizim çadırımızın üzərinə yeridiyini görürdüm... Mən, hər şeydən əvvəl, öz hərəkətlərimi diqqətlə təhlil edirdim.Oçerkdə deyilənlərin hamısı həqiqət idi. Mən dağların o biri tərəfindəki fermalara gedən yolu bacardıqca tez qurtarmağa can atır və bunun üçün əlimdən nə gəlirdisə eləyirdim. İş sahələrinə baş çəkmədiyim bir gün də olmurdu. Fəhlələrin məəttəl qalmaması üçün bütün materialları həmişə vaxtından bir neçə gün qabaq daşıtdırırdım. Adamların maaşını bir gün də gecikdirmirdim. İstər yerli idarələr, istərsə də mərkəz mənim işimdən çox razı idi. Mən hər ikimizin (Səriyyənin və özümün) həyatı qarşısında məsul idim. Bilirdim ki, bu çəkdiyimiz yol, eyni zamanda, bizim gələcəyimizə gedir. Sadəcə desək, əgər mən pis işləsəm, yolu vaxtında qurtarmasam, bir də heç bir zaman bu cür müstəqil, məsul iş üzü görmərəm. Mən fatalist deyiləm. Bilirdim ki, hər gənc ailənin gələcək səadəti, birinci növbədə, ailə başçısının ağıllı hərəkət etməsindən asılıdır. Mən boş xəyallara, təsadüflərə bel bağlayanlardan deyildim. Mən bütün şahmat fiqurlarının qabaqcadan əsaslı surətdə düşünülmüş möhkəm plan üzrə hərəkət etməsini istəyirdim, həyata qarşı həmişə hücumçu olmaq fikrindəyəm. Daha doğrusu, bu mənim prinsipim, əqidəm idi. Mən müdafiə mövqeyində dayanmağa nifrət edirdim. Ona görə də yola rəis təyin olunub gəldiyim ilk gündən işi elə qurdum ki, adi idarələrin qarşısında mən yox, idarələr mənim qarşımda başlarını itirirdilər. Mən smeta üzrə yola lazım olan materialları, məsələn, sementi, betonu, boruları dərhal daşıtdırır, qalanını isə vaxtından azı bir ay qabaq tələb edirdim. Onlar materialı tələb etdiyim vaxtdan gec verdikdə isə aləmi bir-birinə vururdum.
Səriyyə... Mən körpüsalanlar briqadasından ayrılmayacağımı qəti bildirəndən sonra, Adil bir də bu barədə danışmadı. Mənə qarşı daha mehriban, daha şən oldu. Tez-tez zarafat edir, axşamçağları mənimlə birlikdə meşəyə gəzməyə çıxırdı. Nə körpü barədə, nə də bizim briqada haqqında heç nə soruşmurdu. Lakin rayona köçmək söhbətindən dörd gün sonra biz körpünün böyük borularını bərkitdiyimiz zaman, motosikletdə bir oğlan gəlib buldozerçiyə bir zərf verdi. O da cəld açıb, içindəki balaca kağızı gözdən keçirdi. Buldozerçi gülümsəyərək kağızı Soltana uzatdı. O da alıb bərkdən oxudu. Bu, buldozerçinin birinci sahəyə dəyişilməsi barədə yol rəisi Adil tərəfindən verilmiş əmr idi. Soltanla Kərəmxanın nəzərləri bir anlıq mənə dikildi.– Bəyəm bizə buldozerçi lazım deyil? – deyə Kərəmxan soruşdu.
Başqa şairlərin şeirləri
Xal düşübdü yamac-yala,Qar gedir, yaz vədəsidi.
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
İki ildir vafat edib Sabirİki ildir vgfat edib Sabİr,Onu millət gözəlcə yad eliyib,
Cəfərqulu xanın vəfatı münasibətilə təziyənaməƏfsus, cəfakar zəmanənin gərdişinə ki,Gül kimi ürəklər onun əlində xar oldu.