Bayram babamın obaya gəlməsi və Qızyetərin əhvalatı
Səhifə 3 / 3 · 67%
– Ay ləçər, görürəm, sən də anan kimi qızıxmısan, uşağı yoldan çıxarma!
Firuzə də and içir ki:
– Bibi, vallah, mən heç nə eləmirdim...
Fatma nənəmin dayıma uşaq deməyi mənə gülməli göründü və eyni zamanda, nənəmin Firuzəni bu cür danlamağı da mənə pis təsir elədi, axı, doğrudan da, Firuzə heç nə eləməmişdi. Sonra nənəmin Qızyetərin haqqında dediyi «qızıxmaq» sözü də mənə qəribə göründü. Mən bilirdim ki, nər dəvə yazdamı, ya payızdamı qızır, ağzından köpük daşlanır. Yad adam bu zaman onun həndəvərinə hərlənə bilmir. Əgər vaxtilə lap sahibi belə onu vurubsa, qızdığı zaman qarşısına çıxsa, nər onu alıb dizinin altına qoyub əzər. Birinin haqqında kim kimə deyər ki, «filankəsdə dəvə kini var...» Amma arvadın «qızmağını» birinci dəfə eşidirdim və bu «qızmağın» nədən ibarət olduğunu anlaya bilmirdim. Elə həmin günün səhəri Qızılboğazdan duman yeriyib bütün obanı bürümüşdü, bir addım irəlini görmək olmurdu. Qızyetər xala Eyvaz əmigildə nehrə çalxalayırdı, mən ondan soruşdum ki:
– Haradadı Qaraca?
Dedi:
– Yəqin komada olar, ölüm qabağında.
Mən onların komasına yaxınlaşanda, içəridə danışıq eşidib dayandım, gördüm Firuzə deyir:
– Qağa, başına dönüm, burax, gəlib görən olar, sonra bibim öldürər məni.
Nuru dayım da deyirdi:
– Dəli olma az, heç kəs sənə bir söz deyə bilməz.
Mən heç özüm də bilmirəm, nədənsə, utanaraq qapıdan aralanmaq istəyirdim ki, qucağında bir xəlbir təzək, dumanın içindən çıxan Qaraca ilə qarşılaşdım. O dedi: – Təzəyi komaya atıb gəlirəm. Gedək, cələyə baxaq, belə havada olsun ki, kəklik düşər.
Elə Qaraca bu sözü deyib qurtarmamışdı ki, Firuzə komadan hövlnak çıxıb yanımızdan yel kimi keçərək qaçdı, sonra da dayım çıxaraq mənə acıqlandı:
– Bu dumanda obadan uzaqlaşmaq olmaz, itil alaçığa.
Sonra da Qaracaya acıqlanıb dedi:
– Demirsən, canavar-zad düşər üstünüzə? Uşağı da öyrədib aparırsan!
... Mən alaçığa girəndə atam diqqətlə məni nəzərdən keçirib soruşdu:
– Bəs ulduzun hanı?
O, sərt soruşduğu üçün mən susurdum. O, təkrar soruşdu:
– İtirmisən?
Dedim:
– Yox.
– Bəs hanı?
Dedim:
– Vermişəm Qaracaya.
– Niyə vermisən? Dəli olmuşdun?
Mən dedim:
– O mənə bəzəkli sapand verib.
Atam dedi:
– Yerə soxum sənin kimi maymaq uşağı, gümüş şeyi aparıb bir qəpiklik sapanda dəyişirsən?!
Anam dedi:
– Nə olsun, dəyişib dəyişib də. Üç misqal gümüşdən ötrü uşağı niyə danlayırsan?
Mən ağladım, atam qəzəblə anama dedi:
– Belə danışa-danışa sən də bunu heç nəyin otu eləyəcəksən, uşaq gərək öz şeyinin qədrini bilsin. Maymaq olmasın, onsuz da bu, acizin biridi...
Anam mənə dedi:
– Ağlama, get üzünü yu, şəhərə qayıdanda zərgər Stepana deyərəm, sənə ondan da yaxşısını qayırar.
Atam əsəbi hərəkətlə papiros yandıraraq qalxıb alaçıqdan çıxdı. Xüsusən biz Kürdoba yaylağına gələndən bəri atamla anamın münasibətində anlaşılmaz bir gərginlik hiss edirdim. Nuru dayım gedəndən sonra da anam oba cavanları ilə alaçığın qabağında, ya da yastı qayanın üstündə söhbət edir, zarafatlaşırdı. Atam isə heç vaxt onlara yaxınlaşmırdı. Anamla-atam gündüz bir yerdə az olurdular. Bayram babam da gündüzlər obada az görünürdü. Qızılbaşoğlu ilə gedib o biri obalara da baş çəkirdilər. Evdə olanda da kənar ellərdən beli qurşaqlı hacılar, ağsaqqallar görüşünə gəlirdilər, oturub saatlarla söhbət edirdilər. Onlar üçün qoyun kəsilirdi, çay qoyulurdu və onların bütün məclislərində Səkinə nənə də iştirak edirdi, bu da Fatma nənəmə acıq gedirdi, amma bu barədə bir söz demirdi. Yeganə adam idim ki, Fatma nənəm dərd-sərini məndən gizlətmirdi. Mən qəsdən tez-tez onun uzaq Kürdüstan meşələrində qalan qardaşları, bacıları haqqında soruşurdum, nənəm də «ah» çəkib onlardan şirin həsrətlə danışırdı və elə bil ki, bu zaman arvadın dərdi dağılıb onu yüngülləşdirirdi. Nuru dayım gedəndən sonra arvadın ürəyi lap kövrək olmuşdu. Mən kədərlə düşünürdüm ki, Nuru dayım gedəndə heç bir dəfə də olsun başını döndərib anasına tərəf baxmadı, amma Fatma nənəm saatlarla alaçığın böyründə oturub o gedən yollara baxırdı. Elə bil ki, yollar oğlunun ardınca onun da ürəyini çəkib, dumana qarışan uzaqlara aparırdı. Görəsən, nə üçün dünya bu qədər qüssəlidir? Nə üçün Qaraca bircə dəfə də olsa, atasını xatırlamır? Bir dəfə də olsa, onun haqqında danışmır? Nə üçün Qızyetər uşaqlarının atası olmayan çoban Mahmudla heylə şirin-şirin deyib-gülür? Nə üçün onların belə gizlində görüşünün Qaracanı necə qəmgin etdiyini Qaracanın anası hiss eləmir? Nə üçün anam bir dəfə də olsun, öz anasının, yəni Fatma nənəmin dərdini-sərini soruşmur? Heç onlar diz-dizə oturub ürəkdən söhbət eləmir? Bütün bu suallar dumanlı halda mənim zehnimdən gəlib keçir və məni qüssələndirirdi.
... Sonra qəribə bir əhvalat oldu... Dedilər ki, Qızyetər gecə obanı yuxuya verib, çoban Mahmudla qaçıb.
Eyvaz əmi qəzəbindən dünyanı dağıdırdı. Səkinə nənənin üstünə qışqırıb deyirdi:
– Vaxtında sən qoymadın o qancığı mən öldürüm! Bizi binamus elədi!
Eyvaz əmi hər dərəyə bir od vurdu. Bacısı oğlu Gəməndi bir tərəfə göndərdi, maması oğlu Dadaşı bir tərəfə, Əhmədalını bir tərəfə, Hacını bir tərəfə, özlərinə də tapşırdı ki, «harda tapdınız, hərəsinin təpəsinə bir güllə vurun, it kimi murdar olsunlar!» Ancaq ikisi də yağlı əppək olub göyə çəkildi. Kimi xəbər gətirdi ki, deyirlər, Təhlə yaylağına tərəf getdiklərini görüblər, kimi xəbər gətirdi ki, arana sarı gedirmişlər, kimi də xəbər gətirdi ki, Arazbasara yollanıblar.
Mən key kimi oturmuşdum. Qaracanın üzünə baxa bilmirdim. O özünü elə aparırdı ki, elə bil, nədəsə müqəssirdi. Heç kəsə, hətta mənə də yaxın gəlmirdi, biz olan alaçığa tərəf də çıxmırdı.
Eyvaz əmi qışqırıb deyirdi:
– O qancığın uşaqları da özü kimi olacaq! Qovun, çıxıb getsinlər!
Eyvaz əmi bu sözləri deyəndə, gördüm ki, Firuzə öz komalarının dalında ağlayır. Qaraca da o tərəfdə qayanın böyrünə qısılıb durub. Sonra da Eyvaz əminin arvadı, Firuzənin yanına gəlib dedi:
– Niyə gözünün yaşını tökürsən, ay qaragün, yeri səhəngi götür, su gətir.
Elə bil ki, qız arvadın bu buyruğuna sevindi, güllü yaylığının ucu ilə cəld gözünün yaşını silərək iti addımlarla gedib iri mis səhəngi götürüb yollandı bulağa.
Ananın uşaqlarını bu cür qoyub qaçmağı mənə ağlasığmaz bir iş kimi görünürdü və eyzən düşünürdüm ki, bu yazıq Qaraca anasız neyləyəcək? Ana belə işi necə bacardı? Səkinə nənə də acığından bilmirdi neyləsin. İndi o, mənim gözümdə dağ kimi olmuşdu. İndi mənə elə gəlirdi ki, o da, onun oğulları da dünyanın ən xoşbəxt adamlarıdır, çünki o, ərindən sonra Qızyetər kimi heç kəsə qoşulub qaçmayıb, oturub uşaqlarını böyüdüb. O, alaçığın qapısında dayanıb gurultulu səslə deyirdi:
– Binamus köpəkqızı! Mən iyirmi beş-iyirmi altı yaşımdan dünyanın zövq-səfasından nəfsimi çəkib beş uşaq böyütdüm. Bayram kimi, Eyvaz kimi oğul anası oldum, amma bu qancıq üç il ərsiz dayana bilmədi!
Sarısaqqal Mustafaoğlu da öz komasının qabağında dayanıb deyirdi:
– Ay Səkinə, sən Kərbəlayı İbixanın qızısan! Halal süd əmmisən, amma o, bic Gülmalının belindən gəlib... Kimi kimə tay tutursan?!
Arvad yana-yana əlavə elədi:
– Mənə də Səkinə deyərlər, ömrümə bir gün də qalsa, onu qoşulub qaçdığı binamusla qarın-qarına bağlatdırıb Dəvəboynundan atdırmasam, dədəmin qızı deyiləm.
Bütün bu sözləri qayanın daldasına qısılmış Qaraca eşidirdi. Mən onun yanına gedib dinməz dayandım. O da mismar deşiklərinə oxşayan gözlərilə üzümə baxıb heç bir söz demədi. Biz xeyli dinməz-söyləməz dayandıq. Sonra atam alaçığın qabağına çıxıb məni səsilədi:
– Gəl, xörəyin soyuyur.
Bilirdim ki, bizdə bu gün nahara kəklikli plovla dağ pencərindən dovğa bişirilib. Mən Qaracaya baxıb susurdum, xəcalət çəkirdim. Mənə elə gəlirdi ki, Qaracanı burada çiskinləşməyə başlayan yağışın altında ac qoyub, kəklikli plov yeməyə getsəm, çox ayıb bir iş görmüş olaram. Qaracanın uzun, əyri burunlu üzü sakit və tutqun idi. Mənə elə gəlirdi ki, onun mismar deşiklərinə bənzəyən balaca gözlərinin dərinliyində mənə məlum olmayan qorxulu bir aləm var. O ağlamırdı, ona görə də, o, mənə yazıq görünmürdü, amma sirli görünürdü, ha baxırdımsa, ondan bir şey başa düşmürdüm.
– Səni nahara çağırmırlar? – deyə atam məni acıqlı-acıqlı səslədi.
Qaraca dönüb bərk çiskinləyən yağışın altında uzaqlaşdı, yaylaqda tez-tez yağış-çiskin olduğu üçün və Qaraca da eyzən çöldə-bayırda olduğu üçün köhnə şal pencəyi, tumansız geydiyi köhnə şalvarı həmişə nəm olardı və onun bu yaş paltarda heç bir zaman xəstələnməməyi məni təəccübləndirirdi.
Axşamçağı anam Firuzəni xəlvətcə çağırıb, iri bir kasanı nahardan qalmış plovla dolduraraq ona verib dedi:
– Apar, Qaraca ilə yeyin.
Firuzə də kasanı yaylığının altında tutaraq apardı öz komalarına.
Yağış yağdığı üçün anam məni bayıra buraxmırdı. Mən qapının ağzında dayanıb gözümü dikmişdim Qaracagilin komasına. Qaranlıq düşəndə gördüm ki, Qaraca o yan-bu yana baxa-baxa oğru kimi gəlib girdi öz komalarına. (Sonralar da, biz yaylaqda olduğumuz müddətdə bişən xörəklərdən anam həmişə bir qab dolusu verirdi Firuzəyə, o da xəlvətcə aparırdı öz komalarına).
Səhəri gün Bayram babam Qızılbaşoğlu Alı ilə elatı gəzməkdən qayıdıb gəldi.
– Qancıq bizim papağımızı yerə vurdu, – deyə Eyvaz əmi əhvalatı ona danışdı.
Səkinə nənə də qəzəblə dedi:
– Aləm səni tanıyır, Bayram! Hər dərəyə bir od vur, bic Gülmalının qızını tapdır, çarmıxa çəkdir!
Amma Bayram babam heç bir söz deməyib papiros yandıraraq çıxdı bayıra.
Mən təəccüb edirdim ki, nə üçün Eyvaz əminin, Səkinə nənənin Qaracaya yazıqları gəlmir? Mən həyatımda birinci dəfə olaraq adamların qəddarlığını vahimə ilə hiss edirdim və bunun səbəbini anlamırdım.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-bayram-babamin-obaya-gelmesi-ve-qizyeterin-ehvalati
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ağabəyim ağa qara paltarda kənizləri ilə birgə səhnəyə daxil olur. Saday bəy ilə Əbülfət xan da oradadırlar.*Ağabəyim ağa**
SəriyyəBiz bir ilə yaxın idi ki, evlənmişdik. Mən yol texnikumunu qurtaran kimi də toyumuz olmuşdu. Baş yollar idarəsində mühəndis olan ərim Adil hər gün səhər saat doqquz tamama on dəqiqə qalmış işinə gedər, mən də bazardan ayın-oyun alıb gətirər, biş-düş edərdim. Dörd ay bundan qabaq bizə üçotaqlı təzə mənzil vermişdilər. O zaman mən otaqları gəzərək:– Ay Adil, – deyə zarafat eləmişdim, – biz bu boyda evlərə nə qoyacayıq?
Adil... Mən o dəhşətli fırtına buludlarının sıxlaşa-sıxlaşa bizim çadırımızın üzərinə yeridiyini görürdüm... Mən, hər şeydən əvvəl, öz hərəkətlərimi diqqətlə təhlil edirdim.Oçerkdə deyilənlərin hamısı həqiqət idi. Mən dağların o biri tərəfindəki fermalara gedən yolu bacardıqca tez qurtarmağa can atır və bunun üçün əlimdən nə gəlirdisə eləyirdim. İş sahələrinə baş çəkmədiyim bir gün də olmurdu. Fəhlələrin məəttəl qalmaması üçün bütün materialları həmişə vaxtından bir neçə gün qabaq daşıtdırırdım. Adamların maaşını bir gün də gecikdirmirdim. İstər yerli idarələr, istərsə də mərkəz mənim işimdən çox razı idi. Mən hər ikimizin (Səriyyənin və özümün) həyatı qarşısında məsul idim. Bilirdim ki, bu çəkdiyimiz yol, eyni zamanda, bizim gələcəyimizə gedir. Sadəcə desək, əgər mən pis işləsəm, yolu vaxtında qurtarmasam, bir də heç bir zaman bu cür müstəqil, məsul iş üzü görmərəm. Mən fatalist deyiləm. Bilirdim ki, hər gənc ailənin gələcək səadəti, birinci növbədə, ailə başçısının ağıllı hərəkət etməsindən asılıdır. Mən boş xəyallara, təsadüflərə bel bağlayanlardan deyildim. Mən bütün şahmat fiqurlarının qabaqcadan əsaslı surətdə düşünülmüş möhkəm plan üzrə hərəkət etməsini istəyirdim, həyata qarşı həmişə hücumçu olmaq fikrindəyəm. Daha doğrusu, bu mənim prinsipim, əqidəm idi. Mən müdafiə mövqeyində dayanmağa nifrət edirdim. Ona görə də yola rəis təyin olunub gəldiyim ilk gündən işi elə qurdum ki, adi idarələrin qarşısında mən yox, idarələr mənim qarşımda başlarını itirirdilər. Mən smeta üzrə yola lazım olan materialları, məsələn, sementi, betonu, boruları dərhal daşıtdırır, qalanını isə vaxtından azı bir ay qabaq tələb edirdim. Onlar materialı tələb etdiyim vaxtdan gec verdikdə isə aləmi bir-birinə vururdum.
Səriyyə... Mən körpüsalanlar briqadasından ayrılmayacağımı qəti bildirəndən sonra, Adil bir də bu barədə danışmadı. Mənə qarşı daha mehriban, daha şən oldu. Tez-tez zarafat edir, axşamçağları mənimlə birlikdə meşəyə gəzməyə çıxırdı. Nə körpü barədə, nə də bizim briqada haqqında heç nə soruşmurdu. Lakin rayona köçmək söhbətindən dörd gün sonra biz körpünün böyük borularını bərkitdiyimiz zaman, motosikletdə bir oğlan gəlib buldozerçiyə bir zərf verdi. O da cəld açıb, içindəki balaca kağızı gözdən keçirdi. Buldozerçi gülümsəyərək kağızı Soltana uzatdı. O da alıb bərkdən oxudu. Bu, buldozerçinin birinci sahəyə dəyişilməsi barədə yol rəisi Adil tərəfindən verilmiş əmr idi. Soltanla Kərəmxanın nəzərləri bir anlıq mənə dikildi.– Bəyəm bizə buldozerçi lazım deyil? – deyə Kərəmxan soruşdu.
Başqa şairlərin şeirləri
Xal düşübdü yamac-yala,Qar gedir, yaz vədəsidi.
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
İki ildir vafat edib Sabirİki ildir vgfat edib Sabİr,Onu millət gözəlcə yad eliyib,
Cəfərqulu xanın vəfatı münasibətilə təziyənaməƏfsus, cəfakar zəmanənin gərdişinə ki,Gül kimi ürəklər onun əlində xar oldu.