Səhifə 13 / 39 · 31%

– Elədir, – deyə Murad eyni şən əda ilə stul çəkib oturdu.

Nəhayət, mən də özümü ələ aldım:

– Zərgərə söz yoxdur, ancaq zər...

Qulu təntənəli bir görünüş alaraq, şəhadət barmağını yuxarı qaldırdı:

– Zər zərdir, Nuriyyə xanım! İncəsənət xadimi istər böyük olsun, istər kiçik, ona hörmət borcumuzdur. Hər gün kəndə o qədər təlimatçı gəlib-gedir ki, axırda özümüz də dönüb oluruq təlimatçı. Onun üçün də sizin kimi bir incəsənət ustadını görəndə ürəyimiz təzələnir. Əşi, adam nə qədər protokol yazar, nə qədər akt yazar, nə qədər nitq deyər...

Murad təbəssümlə mənə baxdı.

– Eşitdiniz ki?

Ağabəyim bacı, əlində göy-göyərti, salat boşqabları, içəri girərək:

– Bəs, Səadət hanı? – deyə Muraddan soruşdu.

O, başını aşağı salıb astadan cavab verdi:

– Gəlmədi.

– Qulu, biz burada deyək-gülək, o da tək otursun evdə?

– İndi deyirsən neyləyim, Ağabəyim?

– Neyləyəcəksən? Get özün götür gəl.

– Bu saat, – deyə Qulu Kəhrizli dərhal ayağa qalxdı və qapıdan yel kimi çıxdı.

Murad hələ də qarşısına baxaraq susurdu. Mən gümrah bir ifadə ilə:

– Yəqin ki, Əlimərdan kişi də gələcək?

Başını qaldırıb üzümə baxdı:

– Adı nə yaxşı yadınızda qalıb.

Mən qəsdən söhbəti dəyişdim:

– Deyəsən, bu səhər Hümmət yoldaş Söyüdlü arxı bura qədər uzatmaq barədə danışırdı. Elə olsa, işiniz yaxşı keçər.

Onun gözləri yenə də ciddi və sərt ifadə aldı:

– Elə olsa, uzağı iki-üç ildən sonra bu kəndi tamam ayrı cür görərsiniz. Bizim camaat zirəkdir.

Aralığa gərgin sükut çökdü. Birdən o, azca mənə tərəf əyilərək:

– Nuriyyə, – dedi, (birinci dəfə idi ki, o mənə “Nuriyyə” deyə xitab edirdi), – söz verin ki, bir köməyə-zada ehtiyacınız olsa, mənə deyəcəksiniz. Yaxşımı?

– Yaxşı, – pıçıldadım.

Lakin bu səadətin ömrü yalnız bir an oldu. Mən sonralar da ona heç nə demədim. Mən nankor deyiləm. Lap uşaqlıqdan həmişə qismətimə düşən kiçik bir səadət qığılcımı da məni fərəhləndirib, xoşbəxt etmişdir. Hətta, bəzən mənə elə gəlmişdir ki, bu dünyada əsl səadət şimşəktək parlayıb qeyb olan anlardan ibarətdir.

O mənə nə isə demək istəyirdi. Lakin bu vaxt, əvvəlcə danışıq və ayaq səsləri eşidildi. Sonra balaca Əlimərdanın əlindən tutmuş Səadətlə Qulu içəri girdilər. Biz ikimiz də ayağa qalxdıq. Qulu: “Nuriyyə xanım, tanış olun” dedikdə, gənc qadın gözəl ala gözləri ilə mənə soyuq bir nəzər salıb, istər-istəməz, əlini uzatdı.

Mən onun əlini hərarətlə sıxdım:

– Tanış olduğumuza çox şadam, Səadət xanım, – deyə bir anda qəlbimin hansı guşəsindənsə qalxıb gələn riqqətlə gülümsədim.

Lakin o mənə cavab verməyərək, keçib ərinin yanında oturdu.

– Murad, sən evdən çıxan kimi Hümmət zəng elədi, dedi axşam mənimlə danışsın.

– Harada olacaq? – deyə Murad onun üzünə baxmadan mülayim səslə soruşdu.

– Dedi ya evdə, ya da idarədə olacağam.

Gənc ər-arvadın rəftarında qəribə bir hal var idi. Elə bil, onlar öz danışıqları ilə bir-birini incidəcəklərindən qorxurdular. Lakin bunun mənə nə dəxli vardı? Ailə həyatında min cür söz-söhbət ola bilər. Mən onlara baxmamağa cəhd edərək, çiçək kimi təmiz, qəşəng yay paltarı geyindirilmiş Əlimərdanı qucağıma aldım. Təbiətin qəribə qanunları var! Necə olur ki, bəzən uşaq öz ata-anasına bu qədər çox bənzəyir? Əlimərdanın nəinki iri qara gözləri, geniş ağ alnı, balaca qulaqları, hətta, xırdaca barmaqlarının uzunsov çəhrayı dırnaqları da eyni ilə atasınınkı idi. Ağzı da atasınınkıtək böyük idi. Mən balaca, qəşəng uşaqları çox sevirəm. Əlimərdanı sinəmə sıxıb o üzündən, bu üzündən bərk-bərk öpdüm və bu zaman bir sövq-təbii ilə gözucu Səadətə baxdım. Onun gözəl ala gözləri elə bir qəzəblə mənə zillənmişdi ki, sanki bu dəqiqə qışqırıb “uşağı burax!” deyə əmr edəcəkdi. Mən balaca Əlimərdanı yavaşca yerə qoydum.

Bu gözəl gəlinin mənə qarşı bu qədər acıqlı və kinli olmasının səbəbi nə idi? Mən ki, ona bir pislik eləməmişdim.

Əlimərdan hər dəfə mənə yaxınlaşmaq istəyəndə, o, dərhal bir bəhanə ilə uşağı geri çağırırdı. Mən isə, onun bu hərəkətlərini görməməzliyə vururdum. Mən təbiətən kinli adam deyiləm. Mən bu dəniz kimi dərin gözlərin sahibində, bu cür gözəl oğlu, əri olan ananın qəlbində özümə qarşı hər an duyub-hiss etdiyim anlaşılmaz nifrətə çətinliklə dözürdüm. Lakin, bununla belə, mən onu sancmaq fikrinə düşmürdüm. Mən belə xoşbəxt, gözəl bir qadının nifrətinə səbəb olduğum üçün özümü alçalmış hiss edirdim.

Murad isə, aramsız danışıb-gülür, Qulu və Ağabəyim bacı ilə zarafat edir, tez-tez məni söhbətə tuturdu. Belə dəqiqələrdə gözəl ala gözlər qəzəb qığılcımları saçdığından, mən çox pis vəziyyətdə qalırdım. Hər dəfə Murad mənə müraciət edəndə biganə görünüş almağa çalışırdım. Lakin hiss edirdim ki, bu çox süni və gülməli çıxır (görünür, o qədər də yaxşı artist ola bilməyəcəyəm). Murad mənə baxan kimi hər şey – Səadətin qəzəb və nifrəti də, mənim öz sevgimə həmişəlik vida etdiyim də – dərhal yadımdan çıxır və mən sonsuz bir xoşbəxtlik içində gülümsəyirdim.

Sonra nəzərlərim gənc qadının kinli baxışları ilə qarşılaşır və mən dərin bir peşmançılıq içində gözlərimi yerə dikirdim.

Qulu bizim üçün kabab bişirib gətirir və arabir də macal tapıb Muradla çəhrayı “Novruzlu” şərabı içirdi. Lakin mən onların içməsini istəmirdim. Çünki içdikcə Muradın şənliyi yox olub gedir, üzü tutqunlaşırdı. Qulu isə, əksinə, çox şən və xoşbəxt idi. Ağabəyim bacı ayaq üstə hərlənir, tez-tez bir qədər gülməli görünən oğrun nəzərlərlə mənə və Səadətə baxırdı.

Birdən Qulu vəcdə gələrək əlini üzünə qoyub rast oxumağa başladı. Səsi olmasa da, avazı ürəyəyatan idi. Yeri gəlmişkən deyim ki, bu yerlərdə hamıda musiqiyə dərin maraq vardı. Mənim təsadüf etdiyim kişilərin əksəriyyəti muğamata bələd idi. Qulu oxumağa başlayan kimi Ağabəyim bacı gəlib stulda oturaraq gözlərini yerə dikdi. Mən çox tutqun idim. Lakin Ağabəyim bacının kök, qırmızı çöhrəsi indi elə məzəli bir yazıqlıq ifadə edirdi ki, bilaixtiyar gülümsəyərək Səadətə baxdım. Doğrudanmı, Qulunun oxuduğu “Rast”ı bu qədər təsirli idi? Gözəl ala gözlər indi fırtınası sovuşmuş dəniz kimi sakit və mehriban görünürdü.

Yeməkdən sonra çıxıb eyvanda oturduq. Qulu özü bizim üçün çay dəmlədi. Görünür, belə incə şeyləri Ağabəyim bacıya etibar eləmirdi. Səadət çaya qalmayaraq, Əlimərdanı da götürüb getdi və gedərkən mənimlə xudahafizləşmədi. Murad əsəbi hərəkətlə papiros çıxarıb yandırdı. Lakin mən Səadətdən inciməmişdim. Güman edirdim ki, burada, nə isə, bir anlaşılmazlıq var. Aşağılar hələ gün idi, lakin Quzey qışlağın üzərinə xoş bir sərinlik enmişdi. Yaxın evlərin həyətlərində işdən qayıtmış arvadlardan kimi sac asıb çörək bişirir, kimi hisdən qaralmış mis qazanın böyründə oturub soğan doğrayır, kimi də samovara od salırdı. Naxırdan qayıdan inəklər ağır yerişlə kəndə girir, bəzən küçədə dayanıb boyunlarını uzadaraq, çoxdan qurumuş çəpərlərin dibini qoxlayırdılar. Görünür, kövşəndən o qədər də tox qayıtmamışdılar.

– Bunlar xüsusi heyvanlardır? – deyə kolxoz sədrindən soruşdum.

– Bəli. Fermanın heyvanları yaylaqdadır.

– Yəqin ki, onlar belə arıq olmazlar.

– Hamısı birdir. Yaylaqdan qayıdandan sonra yenə arıqlayıb belə olacaqlar. Suyumuz yoxdur. Ona görə də, yem düzəldə bilmirik. Həmişə yaz əkinçi, qış dilənçi oluruq.

Murad papirosundan dərin bir qullab vurub nə isə demək istədi, lakin bu zaman balaca bir qız gəlib, onu evdə çağırdıqlarını söylədi. Murad çağıranın kim olduğunu soruşmadı və qıza cavab verməyərək: – Nuriyyə xanım, – dedi, – sizin kitabxanada Miçurinin külliyyatı yoxdur?

– Xeyr, yoxdur. Oxumaq istəyirdiniz?

– Bəli. Buraxılış imtahanlarına hazırlaşmalıyam.

– Məgər, siz bir yerdə oxuyursunuz?

– Kişi bu il Kənd Təsərrüfatı İnstitutunu bitirir, – deyə Qulu onun əvəzindən cavab verdi.

Sonra da təəssüflə başını bulayaraq əlavə etdi:

– O zaman mən də Muradla birlikdə qiyabiyə girmək istəyirdim. Ancaq iş elə gətirdi ki...

– Nə olub, ay Qulu, – deyə Ağabəyim bacı sözləri uzada-uzada ərinə təsəlli verdi. – Bir tikə çörəyin var, yeyirsən.

– Eh, sən də... Bu saat çörək dərdi çəkən kimdir...

Qulu birdən şəhadət barmağını yuxarı qaldırıb şax tutdu:

– Elm lazımdır, Ağabəyim, elm!

– Qulu, özünü niyə ucuz tutursan? Bura bax görüm, əgər, elmin yoxdursa, bəs, o boyda kolxozun haqq-hesabını nə cür saxlayırsan?

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Mən və yeni həyat

Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.

12 dəq
Gözlənilməyən sevgi

Darülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.

16 dəq
Apardı sellər Saranı

Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.

3 dəq
Su dəyirmanı

O gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..

59 dəq

Başqa şairlərin şeirləri