Məzmun
  1. Birinci şəkil
  2. İkinci şəkil
  3. Üçüncü şəkil
  4. Dördüncü şəkil
  5. Beşinci şəkil
  6. Altıncı şəkil
  7. Yeddinci şəkil
  8. Səkkizinci şəkil

Səhifə 4 / 9 · 33%

Dördüncü şəkil

Xurşidbanunun malikanəsi. Xurşidbanu yazı stolunun qabağında dəftərçədən öz şerini oxuyur.

Əgərçi xoşdu mənə ətri, həm səfası gülün,
Cəfası çoxdu, nə hasil ki, yox vəfası gülün.
Cəfayi-xan görüb, köçdü, köçdü bağidən bülbül,
Görən kim olub bu gülşəndə aşinası gülün?
Xəzanə meyl elədi, almadı vəfa nəzərə,
Yetişdi bülbülə çox-çox qəmü cəfası gülün.
Yazılsa nöqtəbənöqtə, deyilsə hərfbəhərf,
Qurtarmaz həşrə qədər halü-macarası gülün.
Cahanda zərrə qədər olmaz, ey könül, xəndan,
Ki, xuni-bülbül, əgər, olmasaydı qəzası gülün.
Tutardı xuni-cigərdən olaydı gər sirab,
Günəştək hər tərəfi, Natəvan, ziyası gülün.

Knyaz Xasay pərt gəlir.

Xurşidbanu (şadlıqla)

Xasay, sən gələnəcən mən də təzə bir şer yazdım, istəyirsən oxuyum.

Knyaz Xasay

Üzr istəyirəm, Banu bəyim... Sizin şair həmkarlarınız məni şerlə kifayət qədər doyurmuşlar.

Xurşidbanu

Nə olub, Xasay?

Knyaz Xasay

İndiyə qədər sizə deyib qanınızı qaraltmaq istəmirdim. Onlar mənə nalayiq həcvlər yazırlar. Hətta, biri məni “qab qalaylayan ləzgi” adlandırmışdır. (İsterik bir gülüşlə) Axı, bizim ləzgilərdən yaxşı qalayçı olur...

Cibindən bir konvert çıxarıb Xurşidbanuya verir. Xurşidbanu konverti açıb həcvi oxuyur. Əsəbi hərəkətlə cırıb tullayır.

Xurşidbanu

Bu nədir?

Knyaz Xasay

Siz bikef olmayın, Banu bəyim. Qoy nə deyirlər, desinlər. Onsuz da, bilirəm ki, sizin kübarların lap ilk gündən məni görməyə gözü yoxdur.

Xurşidbanu (sarsılmış halda)

Mən bilirəm ki, o həcvləri yazanlar bizim həqiqi şairlərimiz deyillər. Məgər, mənim haqqımda uydurduqları bəs deyilmiş, indi də sənin üstünə düşüblər?! Guya, mən sənin qadının ola-ola, Şuşaya çəkdirdiyim bulağın mühəndisi Əbdürrəhim Talıbzadəyə eşq yetirmişəm... Bulaq çəkilən yerləri səyahət elədiyim zaman gecə meşədə onunla bir çadırda qalmışam... (Ağlayır)

Knyaz Xasay

Bilirsiniz ki, mən də o barədə sizdən heç nə soruşmadım.

Xurşidbanu

Mən o cür alçaq böhtanlar haqqında təşvişə düşməyi belə mənliyimə sığışdırmadığım üçün heç özümü təmizə çıxarmağa da çalışmadım. Axı, doğrudan da, mən o gecə mühəndis Talıbzadənin işlədiyi meşədə qalmışdım.

Knyaz Xasay (həyəcanla)

Peterburqun, Parisin salonları üzümüzə açıq olduğu halda, axı, biz nə üçün bu uzaq qalanı kəsdirib oturmuşuq? Nə işimiz var bizim bu qaragüruhun içində?! Siz nə qədər zəhmət, xərc çəkib, bu dağın başına şirin su çəkdirirsiniz, onlar da sizi elə mükafatlandırırlar.

Xurşidbanu (əsəbi)

Mən bulağı onlar üçün çəkdirmirəm! Mən o bulağı qışın çovğununda yeddi-səkkiz kilometr piyada yol gedib, meşədən şirin su gətirən zəhmətkeş əhali üçün çəkdirirəm!

Daşdəmir (gəlir)

Cənab şairlər sizin hüzurunuza müntəzirdirlər, Banu bəyim.

Xurşidbanu (bir gümrahlıqla)

Elə xəbislərə tutarlı sillə bizim təmkinimizdir, Xasay! Bu gün “Məclisi-üns”ün məşğələsi var, bəlkə sən də iştirak eləyəsən? Orda maraqlı söhbətlər olur... Təzə şerlər oxunur...

Knyaz Xasay (soyuq)

Yox, Banu bəyim. Mən gəzib yorulmuşam. (O biri otağa keçir. Xurşidbanu fikirli-fikirli onun ardınca baxır)

Xurşidbanu (Daşdəmirə)

De, buyursunlar.

Daşdəmir çıxır. Nəvvab, Mamayı, Zahir bəy, Ter Vahan, Seyid Hüseyn və Mirzə Ruhullah daxil olur. İşıq sönüb-yanır və bu zaman şair Mamayının öz şerini oxuduğunu görürük.

Mamayı

Bir bikəsi zarəm vətənimdə, vətənim yox,
Bir bülbülü bibalpərəm, bir çəmənim yox.
Bir yanda vətən təhlükəsi canımı almış,
Bir fəhm edənim, ağlayanım, dərk edənim yox.

Zahir bəy

Abidar mənzumədir. Siz bir kəlamə baxın: “Bir bikəsi zarəm vətənimdə, vətənim yox...” Gözəl deyib şair...

Nəvvab

Şairin nidasında həddindən ziyadə ümidsizlik var, bu əhvali-ruhiyyə bizim xalqımıza xas deyil.

Seyid Hüseyn

Banu bəyim, icazənizlə möhtərəm şairə bir sual vermək olar?

Xurşidbanu

Əlbəttə. Ağalar, Seyid Hüseyn cənabları sənət və ədəbiyyat aləmindən baxəbər, açıqfikirli bir ziyalıdır. Mən istəyirəm ki, bizim ədəbi məclislərimizdə o da iştirak eləsin.

Zahir bəy

Da...a?!

Seyid Hüseyn

Cənab Mamayı, siz bu şerinizlə nə demək istəmisiniz?

Mamayı

Məgər, aydın olmurmu ki, mən millətimizin dərdini tərənnüm edirəm? Arazın o tayında İran şahlarının bizim qardaşlarımıza nə divan tutduqları gərək ki, sizə daha yaxşı məlumdur, cənab Seyid Hüseyn!

Seyid Hüseyn

Məlumdur... yaxşı məlumdur. Fəqət millətə vuruş lazımdır, ağalar, inilti yox!

Zahir bəy

Bizim əfkari-amalımız məhəbbət və şəfqət olmalıdır. Binaənəleyh cənab Seyid Hüseyn, bilmək istərdik ki, siz nə cür vuruş nəzərdə tutursunuz?

Seyid Hüseyn

Mən xalqı həqiqi azadlığa, birliyə qovuşduracaq mübarizədən danışıram, cənab Zahir bəy.

Zahir bəy

“Həqiqi azadlıq” bir qədər mücərrəd məfhumdur, bəlkə lütfən fikrinizi izah eləyəsiniz?

Nəvvab (zarafatyana)

Cənab Zahir bəy, siz neçə ildir qubernatora dilmanclıq eləyirsiniz, doğrudanmı, “həqiqi azadlığın” nə demək olduğunu anlamırsınız?

Zahir bəy

Bu olmadı... Olmadı, cənab Nəvvab! “Anlamırsınız” bir qədər qeyri-məqbul kəlamdır. Bilirsiniz ki, mən izzət-nəfsimi sevən adamam.

Nəvvab (zarafatyana istehza ilə)

Əlbəttə... Bağışlayın, bəy.

Seyid Hüseyn

Cənab Zahir bəy, həqiqi azadlıq odur ki, insanlar yaltaq, rəzil, casus olmağa məcbur edilməsin! Hamı, sizin buyurduğunuz kimi, izzət-nəfsinin sahibi olsun! Cənab Mamayı şerində bizim öz vətənimizdə vətənsiz olduğumuzu ürək yanğısı ilə yazır, fəqət neyləmək lazım olduğunu göstərmir!

Zahir bəy

Əfv buyurun, sizcə, neyləmək lazımdır?

Nəvvab (eyni zarafatyana ifadə ilə)

Boy, yenə deyəcəm, xətrinizə dəyəcək, məgər, siz bilmirsiniz ki, neyləmək lazımdır? Nə üçün məhz o sözü bu oğlandan eşitmək istəyirsiniz?

Zahir bəy

Yox, bu olmadı, olmadı!

Seyid Hüseyn

Cənab Zahir bəy, ilanı birdəfəlik məhv etmək üçün dərhal başını əzmək lazımdır, indi aydındırmı? İndicə siz də bir gözələ həsr etdiyiniz qəzəlinizi oxudunuz, axı, siz qul halına salınmış gözəlin neyini vəsf edirsiniz? Şahın ərbabları Azərbaycan qızlarının namusunu ayaqlar altına salıb tapdalayırlar! Ağalar, siz əvvəl o gözəli azad eləyin, sonra hüsnünə şer yazın. Əl çəkin bu fars-ərəb sözləri ilə dolu qəzəlçilikdən, mədhiyyəçilikdən, ağalar! Qəzəl – mədhiyyə öz dövrünü çoxdan bitirmişdir, ağalar! İrəliyə baxın!

Nəvvab

Doğrudur.

Zahir bəy (coşur)

Deməli, biz gərək Nizamidən, Füzulidən, Nəsimidən sərf-nəzər eləyək?

Xurşidbanu

O parlaq ulduzların əsərlərindəki fars, ərəb təbirləri əsrlərlə bizim torpaqları at tapdağı eləyən yadelli qəsbkarların təsiri idi ki, indi biz özümüz də o bədnam təsirdən qurtara bilmirik.

Zahir bəy (coşur)

Ağalar, ərəb, fars dilləri milləti islamın iftixarı olduğu üçün, onların təsiri bizim kəlamımızı müzəyyən edir. Milləti islamın fituhatı bizi ərəb-fars münəvvərlərinə yaxınlaşdırmışdır.

Nəvvab

Zahir bəy, bağışlayın, mən deyəndə ki, siz öz millətimizi tanımırsınız, rəncidə olursunuz. İslam millət deyil, dindir!

Ter Vahan

Rus şairi Lermontov Azərbaycan dilinə valeh olub, onu Şərqin fransız dili adlandırmışdır.

Xurşidbanu

Fransızların məşhur ədibi Aleksandr Düma bizə qonaq gələndə Azərbaycan dilinin musiqisinə heyran olduğunu söyləyirdi, fəqət hamıdan qabaq biz özümüz öz dilimizin qədir-qiymətini bilməliyik, ağalar.

Ter Vahan

Vaqifin təmiz Azərbaycan dilində yazdığı şerləri oxuyanda insanın ruhu təzələnir. Elə bil, qayalardan qaynayıb çıxan bulaqların səsini eşidirsən...

Nəvvab (zarafatyana)

Bəh... Bəh... əcəb deyirsən, Vahan.

Seyid Hüseyn

Öz dilinə, öz milli varlığına sahib sənətkar bütün millətlər üçün əzizdir.

Ter Vahan

Erməni ədibi Mirzə Yusif Nersesov Vaqifin şerlərini toplayıb Tiflisdə kitab halında nəşr etmişdir.

Xurşidbanu

Dil bizim milli varlığımızdır. Ağalar, nə qədər ki, Azərbaycan xalqı yaşayır, Azərbaycan dili də yaşayacaq! Mən Azərbaycan balalarının Homeri, Danteni, Şekspiri, Höteni, Puşkini öz doğma – gözəl ana dillərində oxuyacaqları günü görürəm!

İşıq sönür

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Doktor İvan Sergeyeviç Quliyev

Ən çox xətrini istədiyim adamlardan biri də doktor İvan Sergeyeviç Quliyev idi. Ona görə ki, anamı həmişə o, müalicə edirdi. Özünün də, deyirdilər ki, ayağı sayalıdır. Doğrudan da, o, müalicəyə başlayan kimi anam sağalırdı. Ortaboylu, çənəsində balaca saqqalı olan, həmişə yaxşı geyinən, xoşsifət bir kişi idi, hələ mən bu dünyaya gəlməmiş Bayram babamın dostu imiş. Anamı, Nuru dayımı lap uşaqlıqdan o, müalicə edərmiş. Ona görə də anam, hətta Fatma nənəm də ona ev adamı kimi baxırdılar. O, Qarabulaqda çoxdan yaşadığı üçün azərbaycanca təmiz bilirdi. Həmişə bizə gələndə, mənə də, bacıma da, ya balaca oyuncaq, ya konfet gətirərdi. Bizim bayramımızda anam da həmişə öz bişirdiyi şirin şeylərdən doktora göndərərdi. Kürdobadan, ya babam naçalnik olduğu yerdən bizə ceyran, kəklik, turac gələndə, anam mütləq doktor üçün də pay göndərərdi...Anam bərk xəstə olanda doktor Quliyev gəlib mənimlə, bacımla zarafatlaşa-zarafatlaşa anamı müayinə eləyib deyərdi:

3 dəq
İmaşla Güllü necə qaçdılar...

Dayım şəhərdən fışdırıq çala-çala kefikök gəldi, hətta mənə baxıb gülümsədi də. Sonra artırmada, stulda oturub:– Güllü, su gətir, – deyə çağırdı.

4 dəq
Bizim yaylağa köçməyimiz, o taylı qaçaqlar... Cavan Əhmədalının bir toğlunu tək yeməyi, Nuru dayımın törətdiyi işlər və onun acıq eləyib arana qayıtmağı

Yay isti gəldiyindən anam təkid edirdi ki, biz də Kürdoba yaylağına gedək. El çoxdan köçmüşdü yaylağa, demək, bizim ailə tək getməli idi. Fatma nənəm razı deyildi, «yollar doludur qaçaqla» deyirdi, anam da cavab verirdi ki, «bir ucu Kolqarabağı, bir ucu da Zəngəzur mahalı, hər yerdə kişini tanıyırlar, neyləyəcəklər bizə». Ancaq Fatma nənəm öz təşvişi barədə Nuru dayımın yanında bir kəlmə də danışmırdı, nənəm bilirdi ki, əgər danışsa, dayımın cini qalxacaq. Mən onu da hiss edirdim ki, nənəm yolların qorxulu olduğunu dedikdə, ən çox Nuru dayım sarıdan ehtiyat edir, bilir ki, əgər bir şey olsa, dayım dinc durmayacaq.Qarabulaqla Kürdoba yaylaqlarının arası üç yüz kilometrdən çox olardı. El köçü bu yolu qoyun-quzu, mal-qara otara-otara on-on iki günə gedib çıxırdı, ancaq biz üçatlı faytonla gedirdik. Atamla Nuru dayım isə faytonun yanınca atlı gedirdilər. Dayımın atı kürən, atamınkı isə boz idi. İkisi də cavan, qaçağan atlar idi. Dayım uzunboğaz çəkmə geyib, belinə üç patrondaş çəkərək zağlı, gödək beşaçılan, taxta beşaçılan, taxta qoburlu onatılan tapança götürmüşdü. Atam isə elə öz tacir paltarında idi, ancaq belində tapançası var idi. Atamın bu cür həşəri – boz ata minib tapança bağlaması mənə uyğunsuz görünürdü, çünki mən heç bir zaman onu Nuru dayım kimi at çapan, güllə atan görməmişdim.

27 dəq
Qaraca

Mən Qaracanı görüb, onun yanına yüyürdüm, biz dərənin qırağına gedib sapandla daş atdıqda, mən ona dedim:– Gördün, Əhmədalı çılpaq-cilovsuz atı üzüaşağı çapanda heç yıxılmadı.

8 dəq

Başqa şairlərin şeirləri