Birinci pərdə
Məzmun
Səhifə 6 / 9 · 56%
Kitabı Xurşidbanuya verir.
Xurşidbanu
Lermontov bizim üçün də əzizdir.
Mixaylov
O burada olmuşdur.
Xurşidbanu
Bilirəm. Lermontov dünyada ən böyük səadət olan azadlığı tərənnüm etmişdir.
Mixaylov
Nə etməli, mütləqiyyət üsuli-idarəsinin yetişdirdiyi qəddar, xudpəsənd tufeylilər Lermontovu çox tez məhv etdilər. Şair axırıncı sözünü demədən getdi...
Xurşidbanu (dərindən nəfəs alaraq)
Həqiqəti söyləyən şairlərin taleyi həmişə faciəli olmuşdur.
Mixaylov
Elədir. Siz özünüzü satqınlardan gözləyin, Banu bəyim.
Xurşidbanu
Kimlərdir onlar, cənab zabit?
Mixaylov
Mən onların adlarını desəm, öz vəzifəmə xəyanət etmiş olaram, Banu bəyim, ancaq onlar vardır! Onlar rəzil qorxaqlar olduğu üçün açıq hərəkət etmirlər, qulaqlara pıçıldayırlar. Bu lənətə gəlmiş zəmanədə xeyirxah arzular, həqiqi sənət hər addımda xəyanətlə, kobudluqla üz-üzə gəlir! Yaltaqlar, satqınlarsa töhfə təbərcehi olub yuxarı başa keçirilir!
Xurşidbanu
Bu, hər dövrdə belə olmuşdur, cənab zabit, Nəsiminin dərisini soydular, doxsan yaşlı qoca Vaqifin boynunu vurdular.
Mixaylov
Lakin bir gün azadlıq günəşi doğacaqdır, Banu bəyim. Pridyot jelannaya pora:
...............
Okovı tyajkiye padut,
Temnitsı ruxnut – i svoboda
vas primet radostno u vxoda
i bratya meç vam otdadut!
Mən sizin igid xalqınızın böyük gələcəyinə inanıram!
Mixaylov təzim edərək çıxır.
Xurşidbanu (tək)
Mən nə günahın sahibiyəm ki, özümü müdafiə eləyim? Hansı satqından özümü gözləyim?!
Bu zaman rəqqasə Təhminənin bağçada kor kamançaçının müşayiətilə oynayıb oxuduğu pəncərədən görünür. Xurşidbanu onlara tamaşa edərək qulaq asır.
Təhminə
Xan Eyvazı bir quruşa satdılar,
Xan Eyvazı Savalanda tutdular,
Qara gözlərin xəncərlə oydular,
Ah, nə deyim sizə, ellər, obalar,
Ah, nə deyim sizə, igid cavanlar...
Xurşidbanu (tək)
Nə vaxta qədər bu xalq faciəli mahnılar oxuyacaq, ilahi! Nə oldu onun sevinci, bəxtiyarlığı?
İşıq sönür
Altıncı şəkil
Xurşidbanunun malikanəsi. İşıq yananda knyaz Xasay daxil olur. Hiss olunur ki, nə isə, dalğındır. Əsəbi hərəkətlə zəngi götürüb səsləndirir. Daşdəmir gəlir.
Knyaz Xasay
Banu bəyim Mil düzü səyahətindən hələ qayıtmayıb?
Daşdəmir
Xeyr, ağa.
Knyaz Xasay (dilxor halda)
Yaxşı, get.
Daşdəmir
Ağa, Dağıstandan qonaqlar gəlib.
Knyaz Xasay (təəccüblə)
Dağıstandan?
Daşdəmir
Bəli.
Knyaz Xasay
De, buyursunlar. (Daşdəmir çıxır. Sonra qoca knyaz daxil olur. Knyaz Xasay cəld onun qabağına yeriyərək böyük hörmətlə) Xoş gördük, əmi. Təşrif buyurduğunuzu bilsəydim, qabağınıza gələrdim.
Qoca knyaz
Tapşır, mənim müridlərimə yaxşı hörmət eləsinlər.
Knyaz Xasay
Narahat olmayın, əmi, nə lazımsa, eləyəcəklər. Buyurun, əyləşin.
Qoca knyaz (kresloda əyləşərək)
Yolda bizə dedilər ki, xan qızı Xurşidbanu Mil düzünə səyahətə çıxıb...
Knyaz Xasay
Bəli, əmi, Xurşidbanu Arazdan Mil düzünə arx çəkdirmək istəyir.
Qoca knyaz
Oho... Bu çox maraqlıdır. (Kinayə ilə) Bəs, sən niyə xanımı müşayiət eləməmisən?
Knyaz Xasay
Mən getmək istəmədim, əmi.
Qoca knyaz (eyni ifadə ilə)
Qorxmadınmı, bu, Xan qızının kefinə toxunsun?
Knyaz Xasay (tutularaq)
Siz çox qəzəblisiniz, əmi...
Qoca knyaz (yaşına uymayan bir ötkəmliklə)
Bir arvaddan ötəri vətənini – ata-baba yurdunu atan oğula qarşı mən nə cür olmalıyam? Mən on il səni Petroqradda bunun üçünmü oxutdurdum?! Sən ordan qayıdanda dağıstanlılar Allaha dua eləyirdilər ki, onların da elmli, əqilli adamları yetişir. Onlar sənə ümid bağlayırdılar. Canişinin idarəsində sənin kimi adamları olduğuna sevinirdilər. Onlar səninlə fəxr edirdilər. Sən isə, qaçıb girdin sehrkar bir şiə arvadının tumanına!
Knyaz Xasay
Əmi! Xurşidbanu Allahın buyurub, Peyğəmbərin xəbər verdiyi qanunla mənim halal zövcəmdir. Rica edirəm onun haqqında nalayiq kəlama yol verməyəsiniz! Şiə-sünnü məsələsi avam ruhanilərin uydurmasıdır. Peyğəmbər heç bir zaman müsəlmanları bu cür iki yerə ayırmamışdır. Əgər, şiəni də, sünnünü də bir olan Allah yaradıbsa, nə üçün biri yaxşı olsun, o biri pis?
Qoca knyaz
Bəsdir! İcazə vermirəm mənim hüzurumda böyük olan Allahın işlərinə əl aparasan! Əgər, bir atanın beş oğlu varsa, beşi də o zaman atanın əziz-xələfi olar ki, heç biri onun göstərdiyi yoldan çıxmasın! Biri o birinin köməyi olsun! Arvad kimi əlinə, saçına həna qoyan biqeyrət İran şahı islam aləminin heç bir xeyir-şərinə qarışmır. Dara düşən, öz azadlığı üçün vuruşan heç bir müsəlman xalqının imdadına çatmır! Xarici dövlətlərin qarşısında isə, “Ağayi fərmayiş” deyib ikiqat olur!
Knyaz Xasay
Ədalətlə desək, bu, İran xalqının təqsiri deyil, əmi, bütün bunların Xurşidbanuya da heç bir aidiyyəti yoxdur. İran şahı azərbaycanlıların da düşmənidir.
Qoca knyaz
Mən doxsan yaşlı qoca dörd gün at sürüb, Dağıstandan bura gəlmişəm ki, Xan qızı barədə səninlə söz güləşdirəm? (Qısa pauza. Dərindən nəfəs alaraq mülayim səslə) Özün bilirsən ki, məndən sonra, bizim neçə yüz il tarixi olan o müqəddəs yurdumuzda bir başıpapaqlı sən qalırsan. Sən də böyük əcdadımızın çırağını söndürüb, düşmənlərimizi sevindirmə! İgid babalarının ruhundan utan, qayıt vətəninə! (Peşmetinin cibindən iri qızıl saatını çıxarıb baxır) Mən gedirəm namaza. Özüm də səhərə qədər sənin qərarını gözləyirəm. Səhər qayıdasıyam Dağıstana.
Qalxıb ağır addımlarla çıxır. Knyaz Xasay əsəbi halda var-gəl edir.
Xurşidbanu şən əhvalla daxil olur.
Xurşidbanu
Salam, əzizim. (Knyazı öpür) Mil düzünü gəzdiyimi eşidib, Şahsevən, Afşar camaatı tökülüb gəlmişdilər. Mənim Arazdan Mil düzünə arx çəkdirmək istədiyimi bilib o qədər sevinirdilər ki, əllərindən güclə qurtarmışam. Axı, yarı canım qalmışdı sənin yanında. Deyir, Dağıstandan qonaqlarımız gəlib...
Knyaz Xasay
Bəli, əmim gəlib.
Xurşidbanu
Nə yaxşı oldu, mən əmini o qədər görmək istəyirdim ki. Yəqin hələ nahar eləməyiblər. Aşpaza tapşırıq vermək lazımdır. Görəsən, əmin hansı təamları xoşlayır.
Knyaz Xasay
Zəhmət çəkməyin, Banu bəyim, əmim şiə əli dəyən xörəyi yemir.
Xurşidbanu
O... bu nə pis oldu. Bəs, sən nə üçün bikefsən?
Knyaz Xasay
Əmim məni aparmağa gəlib.
Xurşidbanu
Yəqin qonaq dəvət edir. Axı, sən Dağıstandan çoxdan çıxmısan...
Knyaz Xasay
Yox, Banu bəyim, əmim istəyir ki, həmişəlik qayıdım Dağıstana.
Xurşidbanu (bərk sarsılaraq)
Həmişəlik?
Knyaz Xasay
Bəli.
Xurşidbanu (bərk sarsılır. Ağır pauza)
Bəs sən nə düşünürsən, Xasay?
Knyaz Xasay
Mən heç bir qərara gələ bilmirəm!
Xurşidbanu
Nə qədər də olsa, siz kişilər biz qadınlardan güclüsünüz... Xahiş edirəm, neyləmək lazım olduğunu sən özün deyəsən!
Pauza.
Knyaz Xasay
Əmimin yaşı doxsanı keçib... Ondan sonra ata-babamızın yurdunda tək mən qalıram. Əgər, mən də oranı həmişəlik tərk eləyib, xaraba qoysam, düşmənlər sevinəcək, dostlarsa mənə nankör, yaramaz bir oğul kimi lənət yağdıracaq.
Xurşidbanu (sanki bütün cəsarətini toplayaraq)
Knyaz, mən sənin öz həmvətənlərinin lənətlərinə məruz qalmağına dözmərəm!
Knyaz Xasay
Bilirəm ki, siz dünyanın ən alicənab qadınısınız! Gedək, Dağıstana, Banu bəyim. İndiyə qədər Qarabağda yaşamışıq, qoy bundan sonrakı ömrümüz də Dağıstanda keçsin.
Xurşidbanu
Yox, Xasay! Öl desən, ölərəm, amma bu faciəli vətənimi atıb getmərəm. Mənim kəndlilərim mənə ana kimi baxırlar. Dərdlərini-sərlərini mənə açırlar. Məndən kömək umurlar.
Knyaz Xasay
Siz tez-tez gəlib onlara baş çəkərsiniz. Axı... axı... Sizin öz həyatınız da var, Banu bəyim!
Xurşidbanu heç bir cavab verməyərək, qəti addımlarla knyaz Xasaya yaxınlaşaraq boynundakı medalyonu açıb onun boynundan asaraq, yaxasını düymələyir.
Xurşidbanu
Bu medalyonun içində bizim övladlarımızın – Mehdiqulu ilə Xanbikənin şəkilləri qoyulub. Apar özünlə! Allah səni həmvətənlərinlə xoşbəxt eləsin.
Knyaz Xasay (həyəcanla)
Ax, Banu bəyim.. (Xurşidbanunu sinəsinə sıxır)
Xurşidbanu (onu bərk-bərk öpür)
İndisə get, knyaz! Bizim birlikdə keçirdiyimiz günlərin xatirələri mənim üçün o qədər əzizdir ki, bundan sonra ömrümə on ömür də calansa, yenə də onlar məni yaşatmağa kifayət edər!
Knyaz Xasay sürətlə otaqdan çıxır. Xurşidbanu bütün gücünü toplayaraq, mərdanəliklə ayaq üstə dayanıb onun ardınca baxır.
İşıq sönür
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-xursidbanu-natevan-birinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ən çox xətrini istədiyim adamlardan biri də doktor İvan Sergeyeviç Quliyev idi. Ona görə ki, anamı həmişə o, müalicə edirdi. Özünün də, deyirdilər ki, ayağı sayalıdır. Doğrudan da, o, müalicəyə başlayan kimi anam sağalırdı. Ortaboylu, çənəsində balaca saqqalı olan, həmişə yaxşı geyinən, xoşsifət bir kişi idi, hələ mən bu dünyaya gəlməmiş Bayram babamın dostu imiş. Anamı, Nuru dayımı lap uşaqlıqdan o, müalicə edərmiş. Ona görə də anam, hətta Fatma nənəm də ona ev adamı kimi baxırdılar. O, Qarabulaqda çoxdan yaşadığı üçün azərbaycanca təmiz bilirdi. Həmişə bizə gələndə, mənə də, bacıma da, ya balaca oyuncaq, ya konfet gətirərdi. Bizim bayramımızda anam da həmişə öz bişirdiyi şirin şeylərdən doktora göndərərdi. Kürdobadan, ya babam naçalnik olduğu yerdən bizə ceyran, kəklik, turac gələndə, anam mütləq doktor üçün də pay göndərərdi...Anam bərk xəstə olanda doktor Quliyev gəlib mənimlə, bacımla zarafatlaşa-zarafatlaşa anamı müayinə eləyib deyərdi:
İmaşla Güllü necə qaçdılar...Dayım şəhərdən fışdırıq çala-çala kefikök gəldi, hətta mənə baxıb gülümsədi də. Sonra artırmada, stulda oturub:– Güllü, su gətir, – deyə çağırdı.
Bizim yaylağa köçməyimiz, o taylı qaçaqlar... Cavan Əhmədalının bir toğlunu tək yeməyi, Nuru dayımın törətdiyi işlər və onun acıq eləyib arana qayıtmağıYay isti gəldiyindən anam təkid edirdi ki, biz də Kürdoba yaylağına gedək. El çoxdan köçmüşdü yaylağa, demək, bizim ailə tək getməli idi. Fatma nənəm razı deyildi, «yollar doludur qaçaqla» deyirdi, anam da cavab verirdi ki, «bir ucu Kolqarabağı, bir ucu da Zəngəzur mahalı, hər yerdə kişini tanıyırlar, neyləyəcəklər bizə». Ancaq Fatma nənəm öz təşvişi barədə Nuru dayımın yanında bir kəlmə də danışmırdı, nənəm bilirdi ki, əgər danışsa, dayımın cini qalxacaq. Mən onu da hiss edirdim ki, nənəm yolların qorxulu olduğunu dedikdə, ən çox Nuru dayım sarıdan ehtiyat edir, bilir ki, əgər bir şey olsa, dayım dinc durmayacaq.Qarabulaqla Kürdoba yaylaqlarının arası üç yüz kilometrdən çox olardı. El köçü bu yolu qoyun-quzu, mal-qara otara-otara on-on iki günə gedib çıxırdı, ancaq biz üçatlı faytonla gedirdik. Atamla Nuru dayım isə faytonun yanınca atlı gedirdilər. Dayımın atı kürən, atamınkı isə boz idi. İkisi də cavan, qaçağan atlar idi. Dayım uzunboğaz çəkmə geyib, belinə üç patrondaş çəkərək zağlı, gödək beşaçılan, taxta beşaçılan, taxta qoburlu onatılan tapança götürmüşdü. Atam isə elə öz tacir paltarında idi, ancaq belində tapançası var idi. Atamın bu cür həşəri – boz ata minib tapança bağlaması mənə uyğunsuz görünürdü, çünki mən heç bir zaman onu Nuru dayım kimi at çapan, güllə atan görməmişdim.
QaracaMən Qaracanı görüb, onun yanına yüyürdüm, biz dərənin qırağına gedib sapandla daş atdıqda, mən ona dedim:– Gördün, Əhmədalı çılpaq-cilovsuz atı üzüaşağı çapanda heç yıxılmadı.