Birinci pərdə
Məzmun
Səhifə 5 / 9 · 44%
Beşinci şəkil
Xurşidbanunun malikanəsi. Hələ səhnə qaranlıq ikən Xurşidbanunun şəninə şən alqışlar eşidilir: “Sağ olsun, Banu bəyim! Şairəyə uzun ömür!” Xurşidbanu, Mirzə Ruhullah, Nəvvab, Seyid Hüseyn, Mamayı, Ter Vahan və bir neçə başqa əyanın müşayiətilə səhnəyə daxil olur.
Nəvvab
Banu bəyim! Gur meşələrin, sərt qayaların arasından çəkdirib, bu uca qalaya çıxartdığınız o bulaq gələcək nəsillərə sizdən unudulmaz yadigardır.
Səslər
Təbrik edirik!
Xurşidbanu
Sağ olun, ağalar! Lakin mən əminəm ki, gələcək nəsillər elə kiçik bulaqlarla kifayətlənməyəcək!
Nəvvab
Varını verən utanmaz, Banu bəyim. Siz əlinizdən gələni əsirgəmirsiniz.
Mamayı
O kiçik bulaq gecə-gündüz sizin şəninizə nəğmələr oxuyacaq.
Səslər
Sağ olsun Xurşidbanu! Ömrü uzun olsun şairənin!
Xurşidbanu (Mirzə Ruhullaha)
Mirzə, tapşırın xəbər versinlər ki, bulağın açılışı münasibətilə sabah bütün şəhər əhli mənim qonağımdır. Bu axşam isə, siyahı üzrə bütün kasıblara şirniyyat, düyü və yağ paylansın.
Nəvvab
Sağ olun, Banu bəyim. Sizi bir daha təbrik edirik. Gedək, ağalar. Şairəyə dincəlmək lazımdır. Səhərdən ayaq üstündədir.
Hamı çıxır. Şairənin üzü fikirli, tutqun bir ifadə alır. Və o, zəngi səsləndirir. Bəyim daxil olur.
Xurşidbanu
Knyaz hələ gəzməkdən qayıtmayıb?
Bəyim
Xeyr.
Xurşidbanu (dərindən nəfəs alaraq, öz-özü ilə danışırmış kimi)
Knyaz darıxır...
Bəyim
Oy, Banu bəyim, knyaz sizi o qədər istəyir... Nə üçün darıxsın?!
Xurşidbanu
Görünür, darıxmamaq üçün təkcə istəmək azdır, Bəyim... Mənim həmyerlilərim onun yanında məni eyzən xar eləyirlər. Heç bir əyan onunla kəlmə kəsib danışmır, hansı onu görürsə, üzünü yana çevirir...
Bəyim
Qoy üz çevirsinlər, məgər, sizin sevginiz onun üçün kifayət deyilmi?
Xurşidbanu
Axı, biz knyazla yiyəsiz adada deyilik! Biz cəmiyyət içində yaşayırıq! Mən xəcalət çəkirəm.
Bəyim
Bir söz desəm, mənə acığınız tutmaz ki?
Xurşidbanu
Yox! Sənə demişəm ki, ürəyinin sözünü həmişə aç, de!
Bəyim
Cənab knyazın özü də adamlarla qaynayıb-qarışmır.
Xurşidbanu
Knyaz qəribədir! Məndən ötəri elini, vətənini atıb gəlib.
Bəyim
Cənab knyaz da, o biri ağalar kimi, çörəklərini halal zəhmətlə qazanan adamlara yuxarıdan aşağı baxır, amma sizin kasıb adamlarla rəftarınız məni fərəhləndirir, Banu bəyim.
Xurşidbanu (əsəbi halda)
Əgər, ağalar, çörəklərini halal zəhmətlə qazanan adi insanlara həqarətlə baxırlarsa, qoy onlar da, həmin ağaları adam yerinə qoymasınlar!
Bəyim
Bu mümkün deyil, Banu bəyim.
Xurşidbanu
Nə üçün?
Bəyim
Çünki... onda balaları ac qalar, yurdları viran qoyular!
Qısa pauza.
Xurşidbanu (dərindən nəfəs alaraq)
Görünür, elədir. Sən həqiqəti məndən aydın dərk edirsən, Bəyim.
Bəyim
Elə deməyin, Banu bəyim. Sizin qarşınızda mən kiməm ki...
Xurşidbanu (əsəbi halda)
Sən – insan! Allah, Peyğəmbər harada deyib ki, ağa rəiyyətdən əşrəfdir?! Heç vaxt demə “Mən kiməm ki...” (Bayırda at ayaqlarının tappıltısı eşidilir) Knyaz gəldi. Get aşpaza de stolu düzəltsin.
Bəyim tələsik gedir. Knyaz Xasay daxil olur.
Xurşidbanu
Ax, Xasay, nə üçün sən bu gün bizim şənliyimizdə iştirak eləməyib, çıxıb getmisən? Bircə görsəydin ki, bulağın açılışına qala əhli necə sevinir... Elə bil ki, bayram idi...
Knyaz Xasay (gizli dalğınlıqla)
Bir özünüz düşünün. Banu bəyim, arvad o cür işlər görür, camaat əl çalıb onu alqışlayır, ər isə, kənarda dayanıb gözünü döyür...
Xurşidbanu (alınaraq)
Mən hər bir yaxşı işimdə səni öz yanımda hiss edirəm, knyaz. Elə bil ki, biz bir adamıq...
Knyaz Xasay (pərt halda gülümsəyir)
Biz bir-birimizi nə qədər sevsək də, ər ərdir, arvad da arvad! (Xurşidbanunun pərtliyini hiss edərək) Mən sizi başa düşürəm, Banu bəyim. Sizin xalqınızı da qiymətləndirirəm... Lakin onu da etiraf edirəm ki, elə bu, məni öz gözümdən salır. Mən özüm-özümə avara-sərgərdan bir adam kimi görünürəm... İnanın ki, bunun səbəbini soruşsanız, izah eləyə bilmərəm, ancaq... elə bil ki, siz mənə məzəmmətlə baxıb soruşursunuz: “Heç öz xalqından xəbərin varmı?”
Xurşidbanu (son dərəcə pərişan)
Mən deməyə söz tapmıram, Xasay.
Knyaz Xasay (Xurşidbanunu öpərək)
Nə olursa-olsun, mən sizin məhəbbətinizdən başqa heç nə haqqında düşünmək istəmirəm. Əgər, mən indiyə qədər öz xalqımın taleyinə biganə olmuşamsa, günahkar özüməm.
Xurşidbanunun qoluna girərək o biri otağa keçirlər. Bəyim daxil olub fikirli-fikirli onların ardınca baxır.
Daşdəmir (qapıdan boylanaraq)
Bəyim...
Bəyim
Diksindim, Daşdəmir.
Daşdəmir (içəri girərək)
Yenə nə fikrə getmisən, Bəyimcan?
Bəyim
Bu axır vaxtlar knyaz bir cür olub...
Daşdəmir
Nə cür yəni?
Bəyim
Gününü eyzən dağlarda, meşələrdə keçirir.
Daşdəmir
Yəqin Dağıstan yadına düşüb...
Bəyim
Evdə olanda da, ya kitab oxuyur, ya da artırmada, bağçada var-gəl edir.
Daşdəmir
Tay neyləsin, xışın qulpundan yapışıb, yer şumlamayacaq, at tumarlamayacaq... Knyazdı dayna... Bəs, ağa nə cür olar?
Bəyim
Başa düş, Daşdəmir... Onun belə hərəkəti Banu bəyimə pis təsir eləyir...
Daşdəmir
Banu bəyim səhərdən axşamacan işdə-gücdə olur. Knyaz da qalır tək, bilmir neyləsin... Bizim ağaların da onunla arası yoxdur ki, knyaz onlarla qumar oynasın, şərab içib, kef çəksin. Eh, ağaların dərdi bizə qalmayıb ki, az, sən özümüzdən danış.
Bəyim
Daşdəmir, yenə “az”. Sarayda bütün qulluqçular mənə xanım deyir!
Daşdəmir
Yəni, deyirsən, mən də sənə xanım deyim?
Bəyim
Əlbəttə. (Daşdəmir pıqqıldayır) Niyə gülürsən, Daşdəmir?
Daşdəmir
Axı, xanım, bəylərin, xanların qızlarına deyirlər.
Bəyim
Mən xan qızının freylinasıyam. (Gizli zarafatla) Banu bəyim deyir səni elə oğlana verəcəyəm ki, lap bəy balası kimi olsun.
Daşdəmir
Nə danışırsan, Bəyimcan? (Oxuyur)
Bəs məni neyləyirsən?
Sürməni neyləyirsən?
Bəyim (gizli zarafatla)
Daşdəmir, mən bu cür xanım kimi geyinirəm, bu cür xanım kimi yaşamağa öyrənmişəm, bu cür sarayda oluram, gedib sizin qaranlıq daxmanızda neyləyəcəyəm?
Daşdəmir
Qaranlıq daxma nədi, az... Dədəmin üç mərtəbə bir imarəti var ki, baxan deyir bir də baxım. Dövlətdə də bəylər ona həsəd aparır... Kişidə qızıl xurcunla. Almaz... Brilyant... Eh... danışırsan da.
Bəyim
Bəs, niyə gəlib sarayda xidmət eləyirsən, Daşdəmir?
Daşdəmir
Mən gəlməmişəm. Xurşidbanu bizim kəndə gəlib kəndlilərin yaşayışlarıyla tanış olanda məni görüb, xoşuna gəlmişəm, atamdan xahiş eləyib ki, göndərsin məni onun sarayına. Bilirsən, qaydadır da, xan saraylarında gərək qəşəng oğlanlar olsun...
Bəyim (gülür)
Bah... bah... Çək özünü, Daşdəmir...
Daşdəmir
Nə var, yoxsa, məndən xoşun gəlmir?
Bəyim
Gəlir...
Daşdəmir
O nə cür “gəlir” deməkdi, az?
Bəyim
Səndən yaman xoşum gəlir, Daşdəmir.
Daşdəmir
Nə olsun? Məndən hamının xoşu gəlir, bu, sevgi oldu?
Bəyim (bərkdən gülərək)
Ölürəm səndən ötəri, Daşdəmir...
Daşdəmir
Ələ salırsan?!
Bəyim (oğlanın əlindən tutaraq məhəbbətlə)
İnsafsız!
Qapı astaca döyülür. Daşdəmir gedib qapını açır.
Daşdəmir
Oho, cənab Mixaylov! Buyurun, buyurun!
Mixaylov daxil olur.
Mixaylov
Salam.
Daşdəmir
Əleykəssalam. Xoş gəlmişsiniz. Bu da (qızı göstərir) mənim nişanlım Bəyim xanımdı. Banu bəyimin freylinasıdır.
Mixaylov, Bəyimə təzim edir.
Mixaylov (gülümsəyir)
Gözəl qızdır. Yaraşırsınız bir-birinizə.
Daşdəmir (Bəyimə)
Eşitdin ki...
Bəyim (zabitdən utanır)
Yaxşı.
Daşdəmir
Cənab zabit, deyirlər ki, siz də knyazsınız?
Mixaylov
Elədir.
Daşdəmir
Amma heç oxşamırsınız?
Mixaylov (gülümsəyir)
Nə üçün?
Daşdəmir
Özünüzü çəkib dağın başına qoymursunuz.
Mixaylov
Başa düşmürəm.
Bəyim
Demək istəyir ki, özünüz knyaz olduğunuz halda, Muradalı kimi, Daşdəmir kimi sadə oğlanlarla dostluq edirsiniz.
Mixaylov (gülümsəyir)
Hə... (Daşdəmirə) Çünki siz yaxşı oğlanlarsınız, knyazdan heç də əskik deyilsiniz.
Daşdəmir (coşğunluqla)
Sağ olun, vallah!
Xurşidbanu daxil olur.
Xurşidbanu
Xoş gördük, cənab Mixaylov.
Mixaylov ehtiramla təzim edir.
Mixaylov
Banu bəyim, mən sizin gözəl atlarınızı gördüm. Onların yerişi, duruşu, qaçışı insanı heyran edir.
Xurşidbanu
O atlar da bizə, bu qalalar kimi, babalardan yadigardır, cənab zabit.
Mixaylov
O atları minən Azərbaycan oğullarının öz vətənlərinin azadlığı uğrunda necə igidliklə vuruşduqları mənə məlumdur.
Xurşidbanu
Mən bilirəm ki, azadlıq həmişə böyük rus xalqının da müqəddəs amalı olmuşdur, cənab zabit.
Mixaylov
Bu sözləri sizdən eşitdiyim üçün qarşınızda baş əyirəm, Banu bəyim. (Təzim edir) Sizin öz xalqınız üçün necə fədakarlıqlar göstərdiyinizi bilirəm. İcazə verin, dərin hörmət əlaməti olaraq, bizim bu dünyadan çox tez gedən şairimiz Lermontovun təzə nəşr olunmuş kitabını sizə təqdim edim.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-xursidbanu-natevan-birinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ən çox xətrini istədiyim adamlardan biri də doktor İvan Sergeyeviç Quliyev idi. Ona görə ki, anamı həmişə o, müalicə edirdi. Özünün də, deyirdilər ki, ayağı sayalıdır. Doğrudan da, o, müalicəyə başlayan kimi anam sağalırdı. Ortaboylu, çənəsində balaca saqqalı olan, həmişə yaxşı geyinən, xoşsifət bir kişi idi, hələ mən bu dünyaya gəlməmiş Bayram babamın dostu imiş. Anamı, Nuru dayımı lap uşaqlıqdan o, müalicə edərmiş. Ona görə də anam, hətta Fatma nənəm də ona ev adamı kimi baxırdılar. O, Qarabulaqda çoxdan yaşadığı üçün azərbaycanca təmiz bilirdi. Həmişə bizə gələndə, mənə də, bacıma da, ya balaca oyuncaq, ya konfet gətirərdi. Bizim bayramımızda anam da həmişə öz bişirdiyi şirin şeylərdən doktora göndərərdi. Kürdobadan, ya babam naçalnik olduğu yerdən bizə ceyran, kəklik, turac gələndə, anam mütləq doktor üçün də pay göndərərdi...Anam bərk xəstə olanda doktor Quliyev gəlib mənimlə, bacımla zarafatlaşa-zarafatlaşa anamı müayinə eləyib deyərdi:
İmaşla Güllü necə qaçdılar...Dayım şəhərdən fışdırıq çala-çala kefikök gəldi, hətta mənə baxıb gülümsədi də. Sonra artırmada, stulda oturub:– Güllü, su gətir, – deyə çağırdı.
Bizim yaylağa köçməyimiz, o taylı qaçaqlar... Cavan Əhmədalının bir toğlunu tək yeməyi, Nuru dayımın törətdiyi işlər və onun acıq eləyib arana qayıtmağıYay isti gəldiyindən anam təkid edirdi ki, biz də Kürdoba yaylağına gedək. El çoxdan köçmüşdü yaylağa, demək, bizim ailə tək getməli idi. Fatma nənəm razı deyildi, «yollar doludur qaçaqla» deyirdi, anam da cavab verirdi ki, «bir ucu Kolqarabağı, bir ucu da Zəngəzur mahalı, hər yerdə kişini tanıyırlar, neyləyəcəklər bizə». Ancaq Fatma nənəm öz təşvişi barədə Nuru dayımın yanında bir kəlmə də danışmırdı, nənəm bilirdi ki, əgər danışsa, dayımın cini qalxacaq. Mən onu da hiss edirdim ki, nənəm yolların qorxulu olduğunu dedikdə, ən çox Nuru dayım sarıdan ehtiyat edir, bilir ki, əgər bir şey olsa, dayım dinc durmayacaq.Qarabulaqla Kürdoba yaylaqlarının arası üç yüz kilometrdən çox olardı. El köçü bu yolu qoyun-quzu, mal-qara otara-otara on-on iki günə gedib çıxırdı, ancaq biz üçatlı faytonla gedirdik. Atamla Nuru dayım isə faytonun yanınca atlı gedirdilər. Dayımın atı kürən, atamınkı isə boz idi. İkisi də cavan, qaçağan atlar idi. Dayım uzunboğaz çəkmə geyib, belinə üç patrondaş çəkərək zağlı, gödək beşaçılan, taxta beşaçılan, taxta qoburlu onatılan tapança götürmüşdü. Atam isə elə öz tacir paltarında idi, ancaq belində tapançası var idi. Atamın bu cür həşəri – boz ata minib tapança bağlaması mənə uyğunsuz görünürdü, çünki mən heç bir zaman onu Nuru dayım kimi at çapan, güllə atan görməmişdim.
QaracaMən Qaracanı görüb, onun yanına yüyürdüm, biz dərənin qırağına gedib sapandla daş atdıqda, mən ona dedim:– Gördün, Əhmədalı çılpaq-cilovsuz atı üzüaşağı çapanda heç yıxılmadı.