Səhifə 3 / 6 · 33%

– Bəxtəvərə bax, gör nə ləzzətlə yatır! – deyə yan tərəfdən kim isə söz atdı.

On dəqiqə belə keçməmiş bütün düşərgə süst düşüb, sükuta qərq oldu. Mən də özümə yer düzəldib uzandım, bədənimdə nə isə bir gizilti vardı. Nə vaxt gözümə yuxu getdiyini bilmədim...

Yük maşınının səsinə oyandım. Şoferlə yanaşı oturmuş düşərgə rəisini gördüm. O, yerə düşüb bizə tərəf addımladı:

– Vətəndaşlar, – dedi, – hələ bura gələnlərin siyahısı hazır deyil, yoxsa sizi növbə ilə işlədərdim. Hələlik iyirmi nəfəriniz ayrılsın, çadırlar üçün yer qazıb düzəltsin, – o, əli ilə adamları göstərə-göstərə: – Siz, siz, siz... – deyib yalnız kişiləri çağırdı. – Maşından belləri, lapatkaları götürün, dalımca gəlin!

Bizdən ayrılan adamlar tez belləri, lapatkaları götürüb, düşərgədən on-on iki addım aralandılar və rəisin nişan verdiyi yeri qazmağa başladılar. Çadırlar üçün kvadrat şəklində yeri hamarlayıb düzəltmək, yağış sularının öz-özünə axını üçün xəndək qazmaq o qədər də ağır iş deyildi (hətta mən də bunu bacarardım. Bir zamanlar, Müdhətlə bərabər Göy gölün sahilində çadır quranda bunu kişilərdən heç də pis eləməmişdim!). Niyazov özü üst köynəyini çıxarıb bir tərəfə atdı və yanındakı adamların birindən beli alıb kişilərə nümunə göstərməyə başladı. Deyəsən onun bu hərəkəti yalnız mənim yox, çoxlarının xoşuna gəldi, onu hamıdan əvvəl tərifləyən Sədi Kamal oldu:

– Yox, balam, kişi öz vədinə xilaf çıxmadı. Deməli, çadırları gətirdəcək. Yoxsa özü bu cür həvəslə işləməzdi.

Keçisaqqal kişi yuxudan yalnız indicə oyandığı üçün bizim o tərəfə baxdığımızı da sonradan-sonraya gördü və bunun səbəbi ilə maraqlandı. Mən əhvalatı ona danışdım. O, yük maşınını göstərib soruşdu:

– Bəs su gətirmədi?

– Yox, – dedim. – Hələ gətirtməyib... Bir halda ki, sözünün ağasıdır, deməli, qanun-qaydaya əməl olunacaq.

– Ax, hayıf... – deyə o, köksünü ötürüb başını buladı. – Yaxşıca yuxu görürdüm. Bir dəstə dost-aşna İsa bulağına getmişdik. Uşaqlar tonqal qalayıb bax bu hündürlükdə köz salmışdılar. Biri qabırğa kababı üçün ət doğrayırdı, biri tikələri şişə taxıb duzlayırdı. Mən onlardan aralanıb bulağa yanaşdım, dalbadal iyirmi stəkan su içdim, amma yenə də ürəyimin yanğısı kəsmədi. Gördüm ki, stəkan kara gəlmir, dizi üstə qapanıb ağzımı bulağa söykədim. Ləzzətlə hey içirdim ki, sizin səsinizi eşidib oyandım... Dilim ağzımda lap quruyub.

– Siz qarabağlısınız? – deyə soruşdum.

– Necə məgər, oxşamıram?

– Yox, canım, elə-belə maraqlanıram. İsa bulağından danışanda, səsinizdə elə həyacanlı titrəyiş vardı ki, mən bunu ancaq qarabağlılarda, ən çox da şuşalılarda müşahidə eləmişəm.

– Mən qarabaqlı deyiləm, bacı, qazaxlıyam, – deyə keçisaqqal kişi birdən ləhcəsini dəyişib, doğrudan qazaxlıya oxşadı. – Ə, Sədi Kamal yoldaş, bə niyə o nəçənniyə demədilər ki, bizi susundan qırma?

Sədi Kamal onun sözlərini eşitmədi; yan tərəfdə uzanmış cavan bir oğlanla nə barədə isə söhbət eləyirdi.

– Hə, bacı, mən qazaxlıyam, amma Qarabağda düz iyirmi il külüng çalmışam, başımın tükü sanı dostum olub... Hansı qapıya getsəm, ən azı bir toğlu kəsəcəklər. Qarabağı mən qarabağlılardan az istəmirəm. Başa düşdün?..

– Düşdüm, qardaş, düşdüm, amma bircə bunu başa düşmədim ki, bu sözdən niyə acığın gəlir?

– Gələr da... Bə gəlməz? Elə bu cür məhləbazlıq bizim evimizi yıxmadı? Məni buraya sürgün elətdirən də həmən yerliçilik azarına tutulanlar olmadı? Nə var, nə var, analığımın əmisi nəvəsi it ilində Türkiyəyə qaçıb! Eh, ay bacı, görünür, hələ ağzının ləzzətini bilməmisən, İsa bulağının üstündə bir-iki yol kef çəkmiş adam vallah ölümünə də təəssüflənməz.

– Mən İsa bulağında olmuşam, – dedim, – çox da xoşuma gəlib.

– Hə, eləsə, mən deyəni başa düşürsən. Ey fani dünya, sənə heç etibar yoxmuş... – Kişinin səsi birdən qırıldı və gözləri uzaq, məchul bir nöqtəyə dikilib qaldı. Mən duyurdum ki, onun İsa bulağı ilə nə isə çox unudulmaz xatirələri bağlıdır. – Vaxt olar, yenə oralara qayıdarıq, o dostları, aşnaları yığıb, yenə o kabablardan yeyərik...

Doğrusu, kişinin səmimi və yanıqlı danışığı məndə istər-istəməz ona rəğbət oyadırdı. Bu qədər söhbətdən sonra onun adını hələ də öyrənə bilmədiyim üçün bərk sıxılırdım. Aralığa çökən qısa sükutdan istifadə eləyib ondan üzr istədim və soruşdum:

– Adınız nədir, dayı? Görürəm, siz də mənim kimi günahsızsınız.

O, mənim bu sözlərimdən xoşlanıb gülümsündü və bir azca əvvəl mənə “bacı” deyə müraciət elədiyini unudub cavab verdi:

– Eh, qızım, Yevlaxdan o yana ötən kimi qabağına çıxan hər kəsdən soruşsan, Ağdam neft bazasının müdiri Rəcəb kişini tanımayan olmaz. Lap uşaqlar da mənim idarəmi, evimi sənə nişan verər, əgər familiyam səni maraqlandırırsa, onu da deyə billəm. Rəcəb Səlimov... Qaldı mənim günahım...O, susdu və ah çəkir kimi dərindən köksünü ötürdü.

– Əlbəttə, günahım var. Özü də lap böyük.

Mən təəccüb elədim:

– Var? O nə günahdır, elə?

– Günahım odur ki, neft bazasını nə özüm yeyib dağıtdım, nə də ona-buna yedirtdim. Axırda əllərinə bəhanə düşdü, əleyhimə material düzəltdilər, məndən yaxşıca hayıf aldılar.

– Kim aldı hayıfı?

– O adam ki, mənə sifariş yollayıb demişdi: “Bakıya gedirəm, on-on beş dəqiqəliyə mənim yanıma gəlsin”. Mən də getmədim, cavab yolladım ki, vaxtım yoxdur.

Mən Rəcəb dayının qarğa dilindən heç nə başa düşmədim:

– Gedəydin də... Nə itirirdin, axı? – Mən onun istehza ilə qımışdığını görəndə, nə isə çox adi bir şeyi bilmədiyimi başa düşüb, qızardım.

– O səni niyə çağırırdı, sən niyə getmirdin?

– Eh, ay qızım, görürəm sən çox sadədil adamsan, dünyada heç nədən xəbərin yoxdur. Bu saat ərz eləyim, sən də mültəfit ol.

– Yaxşı, ərz elə, Rəcəb dayı.

– Bizim rayonun təhlükəsizlik orqanına təzə bir rəis yollamışdılar. Kolxozu, sovxozu, meşə idarəsini, yəni ən yağlı yerləri döndərmişdi öz dədəsinin baqqal dükanına. Hamıdan da pul, çervon qızıl istəyirdi. O mənə sifariş yollayanda ki, on-on beş dəqiqəliyə mənim yanıma gəlsin, gərək başa düşəydim ki, hərifə on-on beş qızıl aparmalıyam. Mən də belə şeylərə adət eləməmişdim. Aparmadım. Nə dədəm qızıl kəsəndi, nə də özüm. Hardan alaydım qızılı? Əgər olsaydı, özüm xərclərdim, daha ona niyə verirdim?.. O gündən başladı ayağımın altını qazmağa, babamın, ulu babamın nə dərddən öldüyünü yoxlamağa... Bədxahın biri onun qulağına pıçıldayır ki, bəs nə durmusan, ay dili qafil, Rəcəb Səlimov Türkiyəyə qaçmış filankəsin qohumudur. Hərifin əlinə girəvə düşür. Sədi Kamal demiş, məni də qatır beşinci kalonnaya... İndi də başa düşmədin, qızım?

– Düşdüm, Rəcəb dayı, düşdüm. Bu, doğrudan da lap ağ olub. Ancaq sən dedin ki, yerliçilik...

– Bəli, yerliçilik... Gözünə döndüyüm bir qarabağlı vardı. Hara göndərildilərsə, işin öhdəsindən gələ bilməyib üzüqara qayıdırdı. Savadsız, cahil, yekəbaş bir heyvərə. Oturub-durub hey mənə deyirdi ki, niyə gedib öz xaraban qazaxda işləmirsən ki, mən də sənin yerinə təyin olunam? Mənim də həmişə cavabım bu olurdu ki, elə bura da mənim xarabamdır, evim, eşiyim burda, arvad-uşağım burda, niyə gedim? Yerini dar eləyirəm? Bir yol lap qızıl-qırmızı üzümə dedi: “Bu qədər sən yedin bəsdir, indi də qoy bir az mən yeyim...” Görünür təhlükəsizlik rəisinə beləsi lazımmış. İndi yəqin ikisi də xımır-xımır yeyir, can bəsləyir...

Mən qulaqlarıma inana bilmirdim. Deyəsən Rəcəb dayı mənim barəmdə tamam düz deyirdi. Vaxtı ilə mənim komsomol sıralarına ərizə verdiyim illərdə təhlükəsizlik idarələrinin haqq və ədalət timsalı olduğuna dair necə təsəvvürüm vardısa, indi də elə təsəvvürüm vardı.

Düşərgə rəisi Niyazov bizə yanaşdı, mənim ətrafımdakı kişiləri çağırdı:

– İndi də siz gəlin, o biri çadırın yerini düzəldin! – dedi və yenə bir dəstə ayırdı. Sədi Kamal da Rəcəb dayı da onlara qoşuldu.

Mən nə fikirləşdimsə, rəisə müraciət elədim:

– Bəs bizi nə üçün işlətmirsiniz?

Bu sual Niyazovu təəccübləndirdi. O, məni təpədən dırnağa qədər süzərək və bununla da görünür, cavab fikirləşməyə vaxt qazanmaq istəyərək, nəzakətlə dedi:

– Axı, biz hər halda şərqliyik, bacı. Ağır fiziki işlərdə qadınların əziyyət çəkməyinə necə razı olaq?

– Bağışlayın, üzr istəyirəm, – dedim, – siz bununla guya bizə xətir qoyursunuz, amma əslində müəyyən dərəcədə heysiyyətimizə toxunursunuz, təhqir eləyirsiniz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Sabir – novator

Deyilənə görə XIX əsrdə Azərbaycan ədəbiyyatı meydanına yüzdən artıq “şair” gəlmişdir. Bunların da çoxusu tamamilə unudulmuşdur. Bunda xalqı taqsırlandırmaq olarmı? Yox. Müqəssir yalnız şairlərin özüdür. Xalqımız gözəl şairlərini sevməyi bacarır. Buna bir neçə misal da göstərə bilərik. Budur, dindarların, molla və axundların tələbi ilə böyük bir insan, dərin bir filosof, gözəl bir şair işgəncə ilə öldürüldü. Onu ölümlə xatirələrdən silmək istədilər, lakin xalq, avamlıq dünyasının qatı qaranlığı içində parlayan bu məşəli sönməyə qoymadı, bəlkə, tərsinə, onu günəş kimi daha da yüksəklərə qaldırdı, onun nurunu içdi, *lakin yenə də yuxulu gözlərini aça bilmədi, yalnız aşıqların qəmli səsi* ilə uzun əsrlər boyu dərdli-dərdli inlədi:Nəsimini dabanından soydular!..

19364 dəq
Böyük aşıq

Azərbaycan aşıqları içərisində ən görkəmli yeri Göyçə mahalının xalq aşıqı Ələsgər tutur. Bir əsrdən artıq yaşamış bu böyük aşıq, elə bir bədii səviyyəyə yüksəlmişdir ki, bu gün biz onu Vaqif, Vidadi kimi şairlərimizlə yanaşı tədqiq edib öyrənsək, ona ədəbiyyat tariximizdə olduqca fəxri bir yer versək, məktəblərimizin ədəbiyyat dərsi proqramlarına belə salsaq heç yanılmarıq. Çünki Aşıq Ələsgərin qoşmaları, təcnisləri, dodaqdəyməzləri, həcvləri yüksək mündəricə ilə yanaşı ən zəngin şeir formalarını da qavrayır. Aşıq Ələsgər böyük bir talantdır. Heç də təsadüfi deyildir ki, bu günkü aşıqlarının çoxu onu öz müəllimi hesab edir.Ələsgər şüurlu olaraq öz yaradıcılığı qarşısında müəyyən vəzifələr qoyur. Dünya filosoflarının estetik görüşlərindən tamamilə xəbərsiz olan bu böyük sənətkarın özünə məxsus müəyyən ədəbi kodeksləri də vardır. Görün o, aşıqdan nə tələb edir:

19385 dəq
M.F.Axundovun dramaturgiyası haqqında bəzi qeydlər

Deni Didro “Dramatik poeziya haqqında”kı kitabında yazır: “Əsər barəsində düzgün mühakimə yürütmək üçün onu başqa əsərlərlə müqayisə etmək lazım deyildir”.Bu fikir müəyyən dərəcədə doğrudur. Müəyyən dərəcədə deyirik, çünki bəzən yerli müqayisə xeyir verə bilər. Lakin Didro bu fikri söylərkən bitkin sənət əsərlərini nəzərdə tutur. Xüsusən dramlardan bəhs edildiyi zaman, müqayisə, tədqiqatçıdan böyük risq tələb edir.

194026 dəq
Dahi sənətkar

I**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.

194210 dəq

Başqa şairlərin şeirləri