Səhifə 2 / 4 · 25%

– Süleyman əfəndi yazıb. Başına dönüm, ağa! Bir təhər elə, – deyə ona yalvarmağa başladı.

Ərizəni yazan əski müəllim idi. Naçalnikin yanında az-çox hörməti vardı.

Naçalnik kağızın o biri üzünə bu sözü yazdı: “udovletvorit”¹.

Ərizə verən adam şəhərin kənarında bir evi kirayə götürüb orada yerləşmək istəyirdi. Özü kərpic zavodunda fəhləlik edirdi. Ailəsi bir sahibkarın zirzəmisində yaşadığından uşaqlarının hamısı yel azarına tutulmuşdu. Bir neçə gün əvvəl pristava müraciət edib, ondan müsbət cavab almadığına görə, naçalnikin bu qərarı onu çox sevindirirdi. Ərizəni götürüb sevinə-sevinə düz pristavın üstünə getdi.

Dişarıda isə qalmaqal qopmuşdu. Kəndlilərin çoxusu torpaq işi üçün gəlmişdi.

İndi Əhmədlə Abdulla kişinin növbəsi yetişirdi. Əhməd uzun xəncərinin dəstəyindən tutub, cürətlə içəri girdi və naçalnikin qarşısında dayandı:

¹ Təmin edilsin.

– Hə, sən nə istəyirsən? – deyə naçalnik soruşdu.

O, öz başına gələn hadisəni qəmgin bir səslə danışdı və bu haqsızlığın qarşısını almağı rica etdi. Naçalnik bu işdən bir o qədər baş açmadı. Qoca Abdulla kişi içəri girən kimi onu danışdırdı və əhvalatı bir qədər anlayan kimi oldu.

– Mən bu işi suda verərəm! – dedi, – ancaq bir ərizə yazdırmalısınız.

Naçalnik, o qədər də sərt xasiyyətli deyildi. Əksinə onda bir soyuqqanlılıq vardı. Hər bir işə etinasız baxmaqdan həzz alırdı. Çox zaman şikayətə gəlmiş adamı dinləmək əvəzinə, ağzındakı papirosu dumanladaraq halqalarını sayardı. O, bütün bu hərəkətilə əski rus zabitlərini xatırladırdı.

Bundan başqa hər şeydən çox ona ruh verən, onun sevinc və nəşəsini artıran bir şey də vardı: rüşvət!

Abdulla kişi gətirdiyi təzə xalçanı torbadan çıxaranda, naçalnikin dodağı titrədi, gözləri parıldadı.

Bu zaman naçalnik sözünü dəyişdi:

– Hə! – dedi, – mən bu işi tezliklə yoxlaram. Ümidvaram ki, düzələ.

Əhmədlə Abdulla kişi dəftərxanadan çıxdı. Naçalnik isə xalçanı masa arxasında gizlətdi. Dişarıda gurultu yenə davam edirdi. Kəndlilərin həyəcanı artırdı.

Naçalnikin əmrinə görə pristavın göndərdiyi strajniklər, bu həyəcanı boğurdular.

Əhmədlə Abdulla kişi isə ağır addımlarla, atlarını bağladıqları yerə gedirdilər.

II

Bu hadisədən bir həftə sonra, Nazlı ilə Həmzəni məhkəməyə çağırmışdılar. Əhmədlə atası da orda hazırdı. Hakim işin məzmunu ilə tanış olub, Həmzəni müqəssir gördü. Əhmədi danışdırmadı. Ancaq Nazlının kimə getməyə razı olduğunu bilmək istəyirdi.

– Özün bil... Mən atanı... Əhmədi bir gülləyə qurban eləyəcəyəm – deyə Həmzə onu hədələmişdi. Bu sözdən sonra Nazlı öz razılığını bildirəcək, iki adamı ölümə verməyə razı olmayacaqdı. Onun qoca, namuslu atası, öz sevgili qızına dərin bir ümid bəsləyirdi.

– Nazlı Abdulla qızı! – deyə məhkəmə sədri onu çağırdıqda, Nazlı atasının yanında yox, gizli danışdırılmasını rica etdi. Atasını, Əhmədi və başqa şahidləri dişarı çıxardılar. Nazlı: “Həmzəyə gedirəm!” dedi.

Bir azdan sonra hər ikisi əlləri-qoynunda içəri girdi.

Əhmədlə Abdulla kişiyə Nazlının cavabını söylədilər. Qızının bu hərəkəti qocanı çıxılmaz vəziyyətə saldı.

Əhməd isə qızardı, son dərəcə həyəcanlı bir hal aldı. Onun qəlbində bütün bu haqsızlığa qarşı bir üsyan alovlandı.

Abdulla kişi:

– Mən qızıma çəkdiyim əməyi istəyirəm. Onu mən bu yaşa çatdırmışam... – dedi.

Əhmədin Nazlıya etibarı çoxdu; o, Nazlının namuslu olmasına inanırdı. Ancaq Həmzənin işlədiyi qəbahətdən xəbərsizdi.

O, dinməz-söyləməz çıxdı, atını minərək Abdulla kişi ilə birlikdə kəndə yola düşdü.

Məhkəmə binası qarşısında duranlar arasında mübahisə davam edirdi. Çıxarılan qərardan razı qalan çox az idi.


Abdulla kişi:

– Əhməd! – deyirdi, – mən özüm dünya görmüş adamam. İndiyədək bir dəfə də görməmişəm ki, divanlarımız işi haqqına kəssinlər. Hamı bilir ki, Məhəmmədlilər bizim kəndin dövlətli, hörmətli, qüvvətli bir məhəlləsidir. Görünür ki, divan adamlarımız onlardan qorxurlar. Mən bu hökumətdən çox ümid gözləyirdim. Ancaq belə hökumət camaatı yola apara bilməz. Bunlar bu gün-sabahlıqdır...

– A kişi! Qız götürüb qaçmaqdan pis adət yoxdur; ancaq bu işdə təqsiri olana cəza veriləsi yerdə onun tərəfi saxlanır. Belə insafsız divana mən nə deyim? Biz dedik. Nikolay yıxıldı, kasıb-kusubun canı qurtuldu. Amma bu Nikolaydan da yaman oldu ki... – deyə Əhməd ona cavab verdi.

Əhməd özü də çoxdan tapdalanmış bir qızı ala bilməzdi. Alsa, o dəqiqə qohum-qardaşı arasında dedi-qodu qalxacaqdı. Onu namussuz adlandırıb hər yerdə abırdan salacaqdılar.

Günorta zamanı idi. Hava istiləşirdi. Yolun alt yanında parlayan Kür çayı, göydə uçuşan çəhrayı buludlar, böyük düzdə göyərən taxıllar, hər şey hərəkətdə idi.

– Bu belə getməz canım! Nikolayın yoğun boyunlu uryadniklərindən canımız yeni qurtarmışdı. İndi də kənd bəylərinin caynağına keçmişik... – deyə Abdulla kişi əlavə etdi.

Onlar kəndə yaxınlaşır, yorğun atları yavaş-yavaş sürürdülər.

Bu aralıq sahildə üç-dörd qaraltı göründü. Onları uzaqdan tanımaq olmazdı. Ancaq hər günkü kimi bu gün də səhər tezdən ta axşama qədər bir dəqiqə belə istirahət bilmədən əlləşən bu adamları kəndin uşaqları da tanıyırdılar. Onlar gəmiçilər idi.

Abdulla kişi:

– Əhməd! Bu gün Qarayazıya getsək, yaxşı olardı. Qoyunları yoxlayıb gələrdik, – dedi.

Əhməd razılığını bildirib əlavə etdi:

– Getsək, bir əmlik də kəsərlər! – dedi.

Onlar Kür sahilinə enərək atlarını gəmiyə çəkdilər.

Gəmi balaca idi. Hər tərəfi qovaq taxtalarından qayrılmış, üzəri də yaşıl rənglə rənglənmişdi. Gəmiçi cavan bir oğlandı. Gözlərində dərin bir səmimiyyət vardı. Bu günkü aclıq sanki ona təsir etməmişdi. O, öz atasından yalnız bu gəmini irs almışdı. Ev yox, yer yox, çörək yoxdu.

Hər zaman belə olur: yoxsulun həyatı onun qolunun qüvvətindən asılıdır. Cavan gəmiçi həyata olduqca nikbin bir gözlə baxırdı.

Müştərilərini görərkən sevinmiş kimi:

– Abdulla dayı! Uğurlar olsun, – dedi. – Haraya gedirsiniz.

– Sürüyə baxmaq istəyirik, oğlum! – deyə qoca istər-istəməz qımışdı.

Əhmədlə Abdulla kişi atlarının cilovundan yapışaraq o biri sahilə tərəf üzən gəminin altında dalğalanan Kürü seyr edirdilər. Kür bu gün sanki bir şeydən narazı qalmış kimi əsəbi dalğalarını sahildəki daşlara çırpır, gəmini o biri sahilə doğru sürüyürdü.

Onlar sahilə çıxanda atlarını mindilər və meşənin arasındakı cığırla getdilər. Qoyun sürüsünü tapa bilmədilər. Yenidən gəmi ilə keçib kəndə gəldilər.

Əhmədlinin qocaları, cavanları bu iki atlını yerə düşməmişdən qarşıladılar.

Abdulla kişi müztərib və qəmgin bir səslə:

– Qızı Həmzəyə verdilər, – dedi.

Bu xəbər hamını kədərləndirdi.

Əhməd o qədər qəmgindi ki, şəhərlə kənd arasındakı uzun yolu nə cür gəldiyini də bilmirdi.

Əhmədlə Abdulla kişi evə getdilər, bu qəmli xəbəri qonşularına da söylədilər.


Məhəmmədlidə öz qoçaqlığı ilə hörmət qazanmış Rəsul Hacı oğlu:

– Mən onları qırıb tükətməyi öz öhdəmə alıram, – dedi.

Bu sözdən sonra çöldə Əhmədli çobanlarını, araba yolunda odunçuları, əkin yerlərində qoca kişiləri incitməyə başladı. Ancaq əhmədlilər də o qədər qüvvəsiz deyildi. Onların da içində kəndlilərin yaxşı tanıdığı dəliqanlılar vardı. Süleyman Həsən oğlu bir az oxuyub-yazmağı bacarırdı. O, bir gün Rəsula belə bir kağız göndərdi:

“Rəsul!

Biz əvvəlləri dost və qardaş kimi dolanırdıq. Əhmədli və Məhəmmədli kimi iki böyük nəslin düşmənçiliyi çox pis nəticə verər. Siz özünüzü kəndin ağası hesab edib, bizim çoban-quzuçuları, nökərləri və hətta bəzi cavanlarımızı döyüb, bizi camaat içində rüsvay eləyibsiniz. Mən, səni xəbərdar edirəm və çox təvəqqə edirəm ki, ağalığınıza hüdud qoyasınız, axırı çox pis olar.

Süleyman”

Rəsul kağızı alıb məhəllədəki mollaya oxutdu. Məzmunu ilə tanış oldu. Ancaq Süleymanın təklifindən heç razı qalmadı. Bir qədər düşündü; Süleymanla əvvəlki dostluğunu xatırladı. Bu işdən vaz keçib heç kimi incitməməyi qərara aldı.


Bir neçə il əvvəl qulluq üçün şəhərə getmiş Şamil Qasım oğlu bu günlərdə kəndə qayıtdığına görə onun böyük qardaşı Cavad, ziyafət verib Əhmədli cavanlarını qonaq çağırmışdı.

Əhmədlə Süleyman da burada idi. Qonaqlıq o qədər də sadə deyildi. Otuz nəfərə qədər cavan, kefə məşğul olmuşdu.

Birdən dişarıda bağırtı qopdu. Onlar əvvəlcə buna əhəmiyyət vermədilər. Səs birdən kəsildi. Bir neçə dəqiqə də keçdi. Sonra daha müdhiş bir bağırtı qopdu.

Süleyman bu səsi eşidərkən Məhəmmədin səsini tanıdı və tüfəngini götürüb dişarı çıxdı. O, araba yolunun altındakı ətrafı qalın otlarla çulğalanmış kiçik cığırla gedib söyüşənlərə yaxınlaşdı, bütün qüvvəsini toplayıb onların hərəsini bir tərəfə itələdi:

– Nə olub? Nə üçün bir-birinizə yaman deyirsiniz? – deyə soruşdu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Sabir – novator

Deyilənə görə XIX əsrdə Azərbaycan ədəbiyyatı meydanına yüzdən artıq “şair” gəlmişdir. Bunların da çoxusu tamamilə unudulmuşdur. Bunda xalqı taqsırlandırmaq olarmı? Yox. Müqəssir yalnız şairlərin özüdür. Xalqımız gözəl şairlərini sevməyi bacarır. Buna bir neçə misal da göstərə bilərik. Budur, dindarların, molla və axundların tələbi ilə böyük bir insan, dərin bir filosof, gözəl bir şair işgəncə ilə öldürüldü. Onu ölümlə xatirələrdən silmək istədilər, lakin xalq, avamlıq dünyasının qatı qaranlığı içində parlayan bu məşəli sönməyə qoymadı, bəlkə, tərsinə, onu günəş kimi daha da yüksəklərə qaldırdı, onun nurunu içdi, *lakin yenə də yuxulu gözlərini aça bilmədi, yalnız aşıqların qəmli səsi* ilə uzun əsrlər boyu dərdli-dərdli inlədi:Nəsimini dabanından soydular!..

19364 dəq
Böyük aşıq

Azərbaycan aşıqları içərisində ən görkəmli yeri Göyçə mahalının xalq aşıqı Ələsgər tutur. Bir əsrdən artıq yaşamış bu böyük aşıq, elə bir bədii səviyyəyə yüksəlmişdir ki, bu gün biz onu Vaqif, Vidadi kimi şairlərimizlə yanaşı tədqiq edib öyrənsək, ona ədəbiyyat tariximizdə olduqca fəxri bir yer versək, məktəblərimizin ədəbiyyat dərsi proqramlarına belə salsaq heç yanılmarıq. Çünki Aşıq Ələsgərin qoşmaları, təcnisləri, dodaqdəyməzləri, həcvləri yüksək mündəricə ilə yanaşı ən zəngin şeir formalarını da qavrayır. Aşıq Ələsgər böyük bir talantdır. Heç də təsadüfi deyildir ki, bu günkü aşıqlarının çoxu onu öz müəllimi hesab edir.Ələsgər şüurlu olaraq öz yaradıcılığı qarşısında müəyyən vəzifələr qoyur. Dünya filosoflarının estetik görüşlərindən tamamilə xəbərsiz olan bu böyük sənətkarın özünə məxsus müəyyən ədəbi kodeksləri də vardır. Görün o, aşıqdan nə tələb edir:

19385 dəq
M.F.Axundovun dramaturgiyası haqqında bəzi qeydlər

Deni Didro “Dramatik poeziya haqqında”kı kitabında yazır: “Əsər barəsində düzgün mühakimə yürütmək üçün onu başqa əsərlərlə müqayisə etmək lazım deyildir”.Bu fikir müəyyən dərəcədə doğrudur. Müəyyən dərəcədə deyirik, çünki bəzən yerli müqayisə xeyir verə bilər. Lakin Didro bu fikri söylərkən bitkin sənət əsərlərini nəzərdə tutur. Xüsusən dramlardan bəhs edildiyi zaman, müqayisə, tədqiqatçıdan böyük risq tələb edir.

194026 dəq
Dahi sənətkar

I**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.

194210 dəq

Başqa şairlərin şeirləri