Səhifə 3 / 4 · 50%

Süleyman onların cavabından anladı ki, Məhəmmədlidən iki nəfər adam, yolda Əhmədli çobanını döyüb yapıncısını alıblar, bu çoban sahibi Əsədi acıqlandırmış və belə təhqirlərin qarşısını almaq məqsədilə məhəmmədlilərin yolunu kəsib söyüşmüşdür.

Əsəd indi döyülmüş çobanın nə təqsiri olduğunu soruşur, ağzına gələni deyirdi:

– ...Uşaqlar, hamınızı bir gülləyə qurban edəcəyəm, – deyə bağırırdı.

Məhəmmədlidən Mikayıl adlı birisi, qırmızı osmanlı tüfəngini qaldırıb Əsədə doğru uzatdı. Onun kəlləsindən vurub yerə sərdi. Bunu görən Süleyman, səngərə bənzər bir yerə girib işin sonunu gözlədi. O, düşüncəli və ciddi olmasına baxmayaraq çox davam edə bilmədi, tüfənginin tətiyini basmağa məcbur oldu.

Süleymanı görə bilmədilər. O, məhəmmədlilərin arxasını kəsmişdi. Onlar da çuxurlara dolub, güllə yağdırmağa başladılar. Süleymanın arxa tərəfindəki damın üstünə çıxan qızlar və gəlinlər gizləndilər, ortalıq təmizləndi.

Bu məhəllədə Cavad Şamil oğlunun arvadı Məhəmmədli nəslindən olduğuna görə tez atası evinə qaçıb Süleymanın gizləndiyi yeri nişan verdi.

– O, bir adamı da sağ qoymayacaq. Hamınızı öldürəcək... – deyə xəbərdarlıq etdi.

Bir azdan sonra Süleymanın arxasından zəhərli güllələr yağdı. Əhmədli gənclərinin hamısına bərabər ola biləcək bu adamı qızıl qana boyadılar. Onun tüfəngi özündən iki addım kənara düşdü...


Yenidən başlanan bu ədavət, bir gün ara verdi.

Əhməd bu işə biganə qalmadı. O, bütün Əhmədlini öz düşmənləri əleyhinə qaldırmağa çalışır və ciddi hazırlıq görürdü.

Məhəmmədlilər, Əhmədin əmisi oğlunu və bir neçə Əhmədli çobanını tutub dama salmışdılar. Keçən gün çöldə mallarını otararkən, bir-iki heyvan biçənəyə düşüb, azacıq bir yeri ayaqlamışdı. Onları döydükdən sonra qollarını bağlayıb gətirmiş və iki gün ac, susuz saxlamışdılar. İndi də malları buraxmaq istəmirdilər.

Əhməd, cavanları öz başına yığıb gecə vaxtı məhəllənin ətrafını kəsmiş, dişarı çıxanları bir-bir vurub öldürmüşdü.

Ancaq məhəmmədlilər qüvvətli olduqlarına görə heç bir şeydən qorxmayaraq, malları buraxmamışdılar.

Hökumət də bu işə qarışmırdı. Onların bu hərəkətinə qarşı heç bir tədbir görmürdü.

Bu vəziyyət, məhəmmədlilər üçün daha əlverişli idi. Onlar istədiklərini edə bilərdilər.

Əhməd bunların hamısını görürdü. O, Məhəmmədli nəslindən qüvvəsiz olduğunu da anlayırdı.

Bir yaz səhəri, birdən Əhmədlini atəşə tutdular. Evləri mühasirəyə alıb, Əhmədi diri-diri tutaraq aparmaq istədilər. Ancaq o, bir neçə yoldaşı ilə bərabər, evlərinin qarşısında qazdığı səngərə girib üzərinə hücum edən düşmənləri güllələyirdi. Məhəmmədlidən üç nəfər, Əhmədlidən isə çörək aparmaq üçün qışlaqdan kəndə gəlmiş bir çoban öldürüldü. Toqquşma çox sürdü. Axşam qaş qaralanda məhəmmədlilər geri çəkilib gizləndilər.

Gecəyarı olmamışdı. Ay öz solğun işığını ətrafa sərib kənd üzərini işıqlandırırdı. Hər tərəfdə dərin bir sükut qanad gərmişdi. Əhmədin gözünə isə yuxu getmirdi. O, kiçik qardaşını göndərib, qonşularının ayıq olmasını tapşırdı. Atasını səslədi və yenə düşmənləri ilə vuruşmağa gedəcəyini söylədi. Atası əvvəlcə razı olmayıb dedi:

– Oğlum! Biz onsuz da qırılıb qurtardıq. Əhmədli kimi böyük bir nəslin əli tüfəng tutanlarını qara torpağa tapşırdıq. İndi sən, bir də ki, əmin uşaqları qalıb. Heç bir vuruşma lazım deyil. Qoy onlar sənin üstünə gəlsinlər.

Süleyman kişinin bu sözləri ona təsir etmədi. Əhmədin bir məqsədi vardı; ya ölmək ya öldürmək! O, atasının sözünə qulaq asmayıb cəld dişarı çıxdı və yoldaşlarını çağırdı.

Bir azdan sonra kənddə yenə də gurultu-partıltı qopdu. İtlər hürüşdülər. Evlər üzərində güllələr vıyıldayaraq uçdu.

Əhmədlə yoldaşlarının dayandığı yer möhkəm və dalda idi. Əhməd, Məhəmmədli nəslindən olan mülkədar Aslanın evinə yaxın bir çuxurda səngər qazmışdı. O, birdən irəli sıçrayıb, əlindəki tüfəngi yerə atdı, özü mal damına girdi. Tez dişarı çıxıb:

– Uşaqlar! Neft gətirin, evə od vuracağam! – deyə bağırdı.

Əhməd özünü itirmiş kimi idi, yanındakı yoldaşları bu əmri o dəqiqə yerinə yetirdilər. Aslanın evi alovlanır, içəridə yatanlar yanıb külə dönürdülər.

İndi məhəmmədlilər əzilir, tökdükləri qanın əvəzini verirdilər.

Ancaq çox keçməmişdi, onlar bu hücumun qarşısını almağa başladılar. Alovu sürətlə yararaq, ətrafı bürüdülər və Əhmədgili tez geri çəkilməyə məcbur elədilər...

III

Məhəmmədlilər su yolunda Əhmədli nəslindən iki qızı tutub tikə-tikə doğradılar.

İndi kimsə dişarı çıxa bilməzdi. Yalqız olaraq bir kəndə getmək, son dərəcə çətinləşdi. Bu günlərdə kənddən yaraqsız iki addım uzaqlaşmaq ölümə getmək kimi bir şeydi. Ona görə də hər iki nəsil, atlı dəstələr düzəltdi. Bir nəfər yola salınanda bütün dəstə yaraqlanır, atlanırdı.

Bir gün əhmədlilər yuxarı gedib qohumlarından birinin evinə düşmüş və bir az istirahət etdikdən sonra Qarayazı meşəsinə keçərək yoldaşlarının ikisini Tiflisə patron gətirməyə göndərmişdilər. İndi təkrar onları qarşılamaq üçün Kür qırağına yola düşürdülər.

Onlar bu kənddən bir neçə tüfəngli adam da apardılar. Kür sahilinə çatıb gəmiçiləri aradılar, tapa bilmədilər. O taya keçmək də mümkün deyildi. Atlılar geri dönüb şose yoluna çıxdılar.

Günorta zamanı idi.

Məhəmmədlilər, tez bunları görüb hazırlanmağa başladılar. Həmzə hamıdan əvvəl atlıları tanıdı və yoldaşlarını çağırdı:

– Gəlirlər, hazır olun! – dedi.

Bu zaman iki düşmən nəslin heç birinə qohum olmayan qoca bir kişi Məhəmmədliyə yaxınlaşırdı.

O:

– Ay bala, Həmzə, zəhmət çək, buraya gəl! – deyə səsləndi.

Həmzə ona yaxınlaşdı və salam verdi. Qoca kişi onun qolundan tutub kəndin ortasına apardı. Təpədə oturdular. Qoca qan intiqamına nifrət bəsləyən bir adamdı. Aradakı sakitlikdən istifadə edib, gənclərə nəsihət vermək və onları bu işdən saqındırmaq üçün gəlmişdi.

– Oğlum, atanı buraya çağır, yoldaşlarını da gətir, gəl! – dedi.

Həmzə elə bil düşmənlərini unutdu. Onun ricasını rədd etmədi. Bir dəqiqədə məhəllənin bütün başı papaqlılarını topladı. Qoca kişi öyüd verməyə başladı:

– Camaat! Ay camaat! Bu vuruşmaların bizə nə xeyri var? Divanın gözü yumulub, heç kimə bir söz deyə bilmir. Amma arada bizim qanımız tökülür, biz zərər çəkirik. Kəndin qiymətli cavanları tələf olub gedir, axır buna nə üçün razı olursunuz?

Dəliqanlılardan biri mırıldandı:

– A kişi! Burax, qoy işimizi görək!..

Qoca yenə sözünə davam etdi:

– Kəndimizdə düşmənçilik çox olub. Ancaq mən bu cürəsini ömrümdə görməmişəm. Əl çəkin bu qan tökməkdən, kəndin çox yarısını ölümə verməkdən əlinizə nə gələcək? Allaha baxın, yola gəlin!..

Qocalar başlarını yerə dikib onu dinləyirdilər. Geridə oturmuş dəliqanlılardan bəzisi onun bir kəlməsini belə eşitmək istəmirdi.

– ...Xalq uşağını oxudub adam eləyir, amma siz balalarınıza çapıb-talamağı, öldürüb-yıxmağı öyrədirsiniz, – deyə qoca bir qədər sükuta daldı, sonra üzünü Həmzəyə tutdu:

– Oğlum! Sənin xətrini oğlumdan çox istəyirəm. Səndən heç gözləməzdim ki, bu qədər cavana qıyasan. Axı canından niyə keçirsən? Sənin kimi cavanlar qulluğa girib, adam olub. Amma sən qan tökürsən, adam öldürürsən. Mənim Əhmədliyə qohumluğum çatmaz, oraya gedəcəyəm. Özümə söz vermişəm ki, o tərəfi də razı salım.

Qoca çox qəmli və məhzun görünürdü. Onun dodaqları və səsi titrəyirdi. O, çox çətin danışır, tez-tez dayanıb, müvafiq sözlər arayırmış kimi fikrə gedirdi.

– ...Siz mənim məsləhətimə qulaq asın, camaat! Kənd dağılıb gedir, kənardan sizə baxanlar gülürlər. Dost var, düşmən var. Onları niyə üstünüzə güldürürsünüz?

O, çox danışdı. Onun sözləri deyəsən təsirsiz qalmamışdı. Ancaq Həmzənin məqsədi isə Əhmədi öldürmək, Nazlının ümid qığılcımını söndürmək idi.

Qocalar sabah barışmağı məsləhət gördülər. Cavanlara ayrı-ayrılıqda öyüd verib onları da razı saldılar.

Atlılar isə kəndə yaxınlaşırdılar. Onlar da söhbət edib, atlarını qamçılayırdılar. Əhməd:

– Nə üçün bir-birimizi öldürüb tələf edirik? – deyə öz-özünə sual verirdi.

Hər kəs öz qoçaqlığından danışır, yoldaşından geri qalmamağa çalışırdı. Ancaq Əhmədli ağsaqqallarının yığıncağı hamının planını pozdu.

Əhmədin atası:

– A bala, Əhməd! Atlarınızı uşaqlara verin, gəzdirsinlər, özünüz buraya gəlin, – deyə səsləndi.

Əhməd yoldaşlarını çağırdı, yığıncağa gətirdi.

Hələ qocalar ucadan söhbət edirdilər. Yaxın məhəllələrdən də gələnlər vardı.

Bu arada cənub tərəfdən göy gurladı. Səmanı qara buludlar sardı. Günün işıqları buludlar arasında itib getdi.

Həmin qoca burada da əvvəlcə dediyi sözləri təkrar etdi. Sonra üzünü camaata tutub:

– Mən, – dedi, onları razı elədim, ümidvaram ki, siz də mənim məsləhətimə qulaq asacaqsınız.

Qocanın dediyi gənclərdən bəzisini narazı salsa da, hamı barışmağa razılıq verdi. Hər kəs öz evinə dağıldı.


Nazlının həyatı son dərəcə ağır keçirdi. O, Həmzədə heç bir sevgi nişanəsi görmürdü. Üç-dörd gün davam edən səmimiyyət də son günlərdə aradan silinib getmişdi. Həmzə kiçik bir şey üçün əsəbiləşir, bəzən də Nazlını döyüb qabırğalarını əzirdi. Nazlı bu evə gələn gündən bəri qaçmaq üçün müsaid bir vaxt arayırdı. Lakin o haraya, kimin yanına gedəcəkdi? O, belə bir sualı qarşısında qoymadığı üçün cavabını da tapmamışdı. Atası, “qızım var” demirdi, Əhməd isə Həmzə kimilərinin arvadını almayacaqdı. Nazlıya elə gəlirdi ki, onun bu işdə heç bir suçu yoxdur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Sabir – novator

Deyilənə görə XIX əsrdə Azərbaycan ədəbiyyatı meydanına yüzdən artıq “şair” gəlmişdir. Bunların da çoxusu tamamilə unudulmuşdur. Bunda xalqı taqsırlandırmaq olarmı? Yox. Müqəssir yalnız şairlərin özüdür. Xalqımız gözəl şairlərini sevməyi bacarır. Buna bir neçə misal da göstərə bilərik. Budur, dindarların, molla və axundların tələbi ilə böyük bir insan, dərin bir filosof, gözəl bir şair işgəncə ilə öldürüldü. Onu ölümlə xatirələrdən silmək istədilər, lakin xalq, avamlıq dünyasının qatı qaranlığı içində parlayan bu məşəli sönməyə qoymadı, bəlkə, tərsinə, onu günəş kimi daha da yüksəklərə qaldırdı, onun nurunu içdi, *lakin yenə də yuxulu gözlərini aça bilmədi, yalnız aşıqların qəmli səsi* ilə uzun əsrlər boyu dərdli-dərdli inlədi:Nəsimini dabanından soydular!..

19364 dəq
Böyük aşıq

Azərbaycan aşıqları içərisində ən görkəmli yeri Göyçə mahalının xalq aşıqı Ələsgər tutur. Bir əsrdən artıq yaşamış bu böyük aşıq, elə bir bədii səviyyəyə yüksəlmişdir ki, bu gün biz onu Vaqif, Vidadi kimi şairlərimizlə yanaşı tədqiq edib öyrənsək, ona ədəbiyyat tariximizdə olduqca fəxri bir yer versək, məktəblərimizin ədəbiyyat dərsi proqramlarına belə salsaq heç yanılmarıq. Çünki Aşıq Ələsgərin qoşmaları, təcnisləri, dodaqdəyməzləri, həcvləri yüksək mündəricə ilə yanaşı ən zəngin şeir formalarını da qavrayır. Aşıq Ələsgər böyük bir talantdır. Heç də təsadüfi deyildir ki, bu günkü aşıqlarının çoxu onu öz müəllimi hesab edir.Ələsgər şüurlu olaraq öz yaradıcılığı qarşısında müəyyən vəzifələr qoyur. Dünya filosoflarının estetik görüşlərindən tamamilə xəbərsiz olan bu böyük sənətkarın özünə məxsus müəyyən ədəbi kodeksləri də vardır. Görün o, aşıqdan nə tələb edir:

19385 dəq
M.F.Axundovun dramaturgiyası haqqında bəzi qeydlər

Deni Didro “Dramatik poeziya haqqında”kı kitabında yazır: “Əsər barəsində düzgün mühakimə yürütmək üçün onu başqa əsərlərlə müqayisə etmək lazım deyildir”.Bu fikir müəyyən dərəcədə doğrudur. Müəyyən dərəcədə deyirik, çünki bəzən yerli müqayisə xeyir verə bilər. Lakin Didro bu fikri söylərkən bitkin sənət əsərlərini nəzərdə tutur. Xüsusən dramlardan bəhs edildiyi zaman, müqayisə, tədqiqatçıdan böyük risq tələb edir.

194026 dəq
Dahi sənətkar

I**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.

194210 dəq

Başqa şairlərin şeirləri