Gözəlim, başına dönür fələklərSevgi dünyasında sultansan, nəsən?Ətrin məst eləyir aşiqlərini,Yoxsa qızıl gülsən, reyhansan, nəsən?

Nədir bu gözəllik, nədir bu camal?Üzünü görəndə utanır hilal.Sən bu lətafətlə, a dərya kamal,Sirlər xəzinəsi ümmansan, nəsən?

Sakit sular kimi bəzən axırsan,Canlar yandırırsan, evlər yıxırsan,Bəzən tovuz kimi süzüb baxırsan,Yoxsa öz-özünə heyransan, nəsən?

Məcnunun Leylası neylər yanında?Başqa lətafət var şirin canında.Eşqin bu varılmaz asimanındaBelə ki, süzürsən, tərlansan, nəsən?

Sənsən gözəllərin başının tacı!Aşiqlər hüsnünün olmuş möhtacı,Rahimin dərdinin sənsən əlacı,Özüm də bilmirəm loğmansan, nəsən?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq