Bizim qoca dünyanı dolaşır bu əfsanə;Şam gözəldən gözəl qız, oğlan imiş pərvanə.Aşiqləri mat qoyan qızın camalı varmış,Eşqə düşən gözləri şölə çəkib yanarmış.Bir gün şam pərvanəyə deyir: “Dildar, yaxın gəl!Sənə xəlvət deməli sözlərim var, yaxın gəl!”Pərvanə ehtiramla yaxınlaşır yarına,Yetişmək istəyərkən ömrünün baharınaBirdən od tutub yanır, eşqinə qurban gedir,Bir yerindən vurulur, min yerindən qan gedir.Qız görür itirəcək sevimli dildarını,O, söndürmək istəyir göz yaşilə yarını,Ağlayır, gözlərindən yaş gəlir gilə-gilə,Həlak olur Pərvanə, gəlmədən əsla dilə...Şam o gündən sızlayır öz nakam aşiqinə,İnci göz yaşlarının o gündən işığınaPərvanələr yığılır. Qızı təskin edirlər,Onlar da alovlanıb eşqə qurban gedirlər.Şam ağlayır, alışır, bunu bilməyir ancaq,O, ağladıqca hələ, çox pərvanə yanacaq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq