Vətən torpaqlarında
Maşın-maşın dalınca taxta ev gətirirlər.Əlinə baltasını quş kimi, xarrat alır.Dəstə-dəstə adamlar qızğın işə girirlər,Sevinib qara torpaq ilk dəfə həyat alır.
Traktorlar işləyir, gülür torpağın üzü;Bu gün doğubdur deyir həyatımın gündüzü.
Kimisi yer şumlayır, kimisi ev ucaldır,Qarşılayırlar belə əzizimiz baharı.Deyirlər: “Ana torpaq, oyan, başını qaldır,Biz gərək canlandıraq boş qalan səhraları”.
Axşam...Quşlar elə ki, yuvalarına döndü,Onlara da, elə bil, yer qəribə göründü.Eşitdilər ilk dəfə burda insan səsini,Onun səadət adlı ən gözəl nəğməsini.Gecə gəldi...
Ulduzlar yenə məclis qurunca,Ay, üz-üzə duruncaİlk evlərin nurilə, süzdükcə süzdü mat-mat,O da bu səhralarda sezdi yeni bir həyat.Ay batdı...Dan söküldü. Aləm nura boyandı.Sanki torpaq ilk dəfə yuxusundan oyandı.Nəğmə deyib çağladı elə bil gedən sular,Elə bil axmamışdı bir yol belə şən sular.Göy otlar bu gün daha yaşıllanmışdı sanki,İnsanın qayğısını duymuşdu çox güman ki,Gülürdü daş-kəsək də,Biz desək, deməsək də.Meh sığal çəkən zaman aqronomun telinə,Bir ovuc torpaq aldı o, fərəhlə əlinə.Baxdı, güldü müqəddəs diyarı gözlərində,Güldü bu xam torpağın baharı gözlərində.Dedi: neçə əsrdir görən bu torpaq yatır,Burda baş qaldırmamış neçə yaşıl bağ yatır?Neçə pambıq çölləri, bərəkətli zəmi var,Bu xam çöllərin hələ bu gündən aləmi var.Canlandı ovucunda torpaq bir səhra kimi,Taxıllar dalğalandı gözündə dərya kimi.Fikir verib, sünbüllər gördü yaxşı dolubdur,Qızıl kimi hər dəni birə on beş olubdurTorpaq əlində getdi sevinib iş yerinə,Getdi vətən adından vətənin çöllərinə...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-veten-torpaqlarinda
← → düymələri ilə keçid, R — təsadüfi şeir