Çiçəkləri ətri-ənbər qoxuyan,Al günəşli cənnəti var yurdumun;Bülbülləri cəh-cəh vurub oxuyanBir səfalı xilqəti var yurdumun.

Şərq elinə işıq saçan məşəldir,Gözəlləri mələklərdən gözəldir,Eşqi sönməz bir müqəddəs əməldir,Çox mənalı söhbəti var yurdumun.

Ağ cunadan yaşmaq tutur dağları,Gəlin kimi al geyinir bağları,Ağızlarda gəzir, qədim çağları,Qəhrəmanlıq şöhrəti var yurdumun.

Gen dünyaya ətir dadan bal verən,Qatar-qatar, karvan-karvan mal verən,İpək verən, tirmə verən, şal verənAşıb-daşan dövləti var yurdumun.

Göz üstündə əzizləyir qonağı,Düşmən gəlsə alov saçar torpağı,Namərd üçün zəhər olur bulağı,Dost içəndə şərbəti var yurdumun.

Ceyran otlar, maral gəzər düzündə,Sədaqət var söhbətində, sözündə,Əzəl gündən ocağında, közündəTükənməyən neməti var yurdumun.

Min yol düşüb dastanlara azından,Quşlar ötüb baharından, yazından,Doymaq olmaz söhbətindən, sazından,Xeyli qədim sənəti var yurdumun.

Sənətkarlar ondan alır pərvazı,Qoynundadır Nizaminin avazı,Cavanşiri, Koroğlusu, Eyvazı,Yenilməyən qüdrəti var yurdumun.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən