Səhifə 1 / 7

Mərcan xanım qolu çırmalı mizin üstə xamır qatır. Püstə durub onun yanında tamaşa eyləyir. Bir qədər keçəndən sonra Cahangir girir və o biri otağa keçir. Anasını görüb soruşur.

Cahangir. Ana, nə qayırırsan?

Mərcan xanım. Bala, zəncəfil-çörək bişirirəm.

Cahangir. Nə əcəb, ana?

Mərcan xanım. Necə nə əcəb? Bəs, demirdin Teymur bəy bu gün bizə qonaq gələcək?

Cahangir. Yox, gəlməyəcək.

Mərcan xanım (təəccüblə). Necə yəni gəlməyəcək?

Cahangir. Gəlməyəcək də. Teymur bu gün Vəzirovgilə qonaq gedibdir.

Mərcan xanım. Bəs, niyə deyirdin bizə qonaq gələcək?

Cahangir. Deyəndə nə olar? Mən elə bilirdim bizə gələcək, amma küçədə mənə rast gəldi, üzr istədi. Dedi, Qasım bəy qonaq çağırıb və söz də vermişəm.

Mərcan xanım (bir qədər dinmir və üzünü tutur Püstəyə). Qız, su gətir, əlimə su tök.

Püstə gedir, Cahangir də gedir öz otağına. Püstə su gətirənədək Mərcan xanım xamıra baxır. Püstə su gətirir. Mərcan xanım bidamağ əllərini yuya-yuya və hirsli-hirsli danışır.

Bax, bu oldu adam aldatmaq, adamı ələ salmaq. Qardaş gələcəksən, de ki, gələcəyəm, gəlməyəcəksən, de ki, gəlməyəcəyəm. Dəxi sənə yalvaran yoxdu, bu ağır zamanda özün bilirsən ki, qonağa tədarük görmək çətindir. Nə un tapılır, nə yumurta tapılır. Əlimizə düşəni veririk yağa-bala ki, qonaq qabağında xəcalət olmayaq. Deməyələr ki, filankəs kasıb düşübdür. A rəhmətliyin oğlu, sən görürsən ki, biz sənə nə qədər hörmət qoyuruq. Axır sən vədə verməsən, biz bu təmtarağı tək özümüzdən ötrü qurmarıq. Axır gör bu zamanda bu dəstgah nə ilə başa gəlir. Biz bu tədarükü görürük ki, sənə layiq olsun, bəy balasısan, öyrənmisən cəlallı məclislərə, biz də çalışarıq ki, cərgədən geri qalmayaq.

Çiçək (təəccüblə). Bəs, Teymur bəy gəlməyəcək?

Mərcan xanım (bikef və bir azdan sonra). Gəlməyəcək.

Çiçək. Bəs, niyə gəlməyəcək? Məgər özü deməmişdi ki, gələcəyəm?

Mərcan xanım. Çox da demişdi. Bizim ona zorumuz ki, yoxdu. Kefi istəmişdi demişdi ki, sizə gələcəyəm. Sora kefi istəyib, Qasım bəygilə gedib. Zorumuz ki, yoxdu. Kefi belə istəyib.

Cahangir qapını açır və bacısına tərəf baxır və dinmir. Görür ki, bikefdi.

Cahangir. Qız, Çiçək, sən bu gün bikefsən?

Çiçək başını aşağı salıb, dinmir. Cahangir yox olur.

Çiçək (guya öz-özünə). Teymur bəy dəli deyil ki, Vəzirovgildə gözəl-gözəl qızları qoyub, bizə gəlsin.

Mərcan xanım (acıqlı). Cəhənnəmə gəlsin, gora gəlsin, heç gəlməsin, heç də ona yalvaran yoxdu ki.

Cahangir (qapıdan). Ay qız, Çiçək, mən acam, əgər bir şey bişirmişsiniz, verin yeyək, əgər verməyəcəksiniz mən çıxım gedim.

Çiçək çıxıb gedir aşpazxanaya tərəf.

Cahangir (anasına). Ana, doğrusu mənim fikrimə bir şey gəlir. Siz bu gün, əlbəttə, Teymuru nahara gözləyirdiniz və ondan ötrü zəncəfil-çörək tədarük edirdiniz. Çünki Teymur bəy gəlmədi, siz analı-qızlı bərk bidamağ və dilxor oldunuz. Elə dilxor oldunuz ki, zəncəfil-çörəyi bişirib qurtarmaq istəmədiniz və uşaqlarınızın da aclığı yaddan çıxdı. Mən onu istəyirəm deyəm ki, sizin tərəfinizdən bu bir dəlilikdir. Səbəb budur ki, yad bir adamın bizə gəlməməyi sizin halınıza bir zərrə qədər təfavüt eləməyə və əgər təfavüt eləsə də, onu siz hər halda büruzə verməyin. Bu, hər ikinizin tərəfindən səfahət və bəlkə də biədəblikdir. Teymur bəy kimi oğlan dünyada hədsizdir. Teymur bəy mənim yoldaşımdır. O bizə gələndə mənə qonaq gəlir, sizə gəlmir. Onun vədə xilaf olmağı və ya olmamağı əvvəl gərək mənə təsir edə, sora sizə. Əgər o bizə vədə verib, gəlmək əvəzinə Vəzirovgilə getdi, bu ki, bizə təfavüt eləməz. Ancaq bunu sizə demək istəyirəm ki… (Çiçəyə) Qız, bir dur gör çörək olacaq, ya olmayacaq. (Çiçək durub gedir).

Hə, ancaq sizə bunu demək istəyirəm ki, indi bu saat acından danışa bilmirəm, amma çörəkdən sonra sizə başa sala bilərəm ki, Teymur bəyi sizin gözləməyiniz lap əbəsdir.

Mərcan xanım. Nə deyirəm, qoy əbəs olsun, qoy Teymur bəy xoşbəxt olsun, nə deyirəm ki?

Cahangir. Sən bilirsənmi niyə əbəsdir?..

Mərcan xanım. Dayan, bir də dayan, gör nə deyirəm…

Cahangir. Ondan ötrü əbəsdir ki…

Mərcan xanım. Dayan bir, sən demirsən əbəsdir, qoy bunu Teymur bəy aşkar desin, açıq-açığına desin sən də bil, mən də bilim ki, bizim ümidimiz əbəsdir. Dəxi gizlənpaç oynamağın nə mənası? Dəxi burada ikiüzlülük lazım deyil. Qardaş, bax, sən mənə lazım deyilsən, mən də sənə lazım deyiləm, vəssəlam. Qoy biryolluq açıq-açığına desin ki, qardaş, əzizim, qonşum, sənin qızın mənə lazım deyil. Mən də müştəbeh olmuyum.

Cahangir. Ay arvad, axı bu nə sözdü ki…

Mərcan xanım. Dayan, dayan, mən də müştəbeh olmuyum. (Gedib xamırı yığışdırır). Püstə, ay Püstə, Çiçək, gəl bu xamırı buradan yığışdır (öz-özünə danışır). Hələ ümidimiz əbəsdir. Amma bir gün zəncəfil-çörək, bir gün şəkər-çörək, bir gün paxlava olanda ziyanı yoxdur, amma, ümid söhbətinə gələndə ümidimiz əbəsdir. Bu milyonlar əbəs deyil, vədəxilaf olmaq əbəs deyil, amma biz yazıq, müntəzir olmağımız əbəsdir, qonağın yolunu gözləməyimiz əbəsdir, əbəsdir.

Cahangir (qapıda durub, xamırı yığışdıranlara tamaşa edir). Ana, bəs, deyirdin zəncəfil-çörək bişirəcəyəm. Məgər Teymur burada olmasa, bizim boğazımızdan keçməz?

Mərcan xanım (gileyli). Mənim işim yoxdu, hər kəs bişirəcək bişirsin.

İzzət nənə (əlində boşqabda göyərti, vayıldaya-vayıldaya girir içəri və Cahangirə). Bala, nənən qadanı alsın bə qonağın niyə gəlmədi?

Cahangir dinmir və nənəsinin əlindən göyərtini alır, gedir otağına. İzzət nənə qayıdır. Püstə bişmiş qabını buğlana-buğlana aparır içəri.

Püstə (Cahangirə). Bəs, Nadir bala çörəyə gəlməyəcək?

Cahangir. Mənim Nadirdən xəbərim yoxdu. Bu nədir?! (Bişmişə baxır. Püstə istəyir getsin). Bu nədir? Bu nədir? Plov da varmı?

Püstə. Var.

Cahangir. Qarası nədir?

Püstə. Hincamadı.

Cahangir. Necə hincama?

Püstə (gülə-gülə). Vallah, dilim tutmur. Bilmirəm hincamadı, ya sincama.

Cahangir. Bəs, anamgil niyə çörəyə gəlmir, Çiçək niyə gəlmir, xalam haradadı?

Püstə. Evdədirlər, bilmirəm niyə gəlmirlər.

Cahangir (şorbadan bir-iki qaşıq götürüb çağırır). Ana, (sonra bir-iki qaşıq da götürüb yenə çağırır) Çiçək.

Çiçək. (Plov nimçəsi əlində girir içəri). Dadaş, sən rahat çörəyini ye, biz də gəlirik.

Cahangir. Bəs, Nadir niyə indiyə kimi gəlməyib?

Mərcan xanım (qapıdan girir). Cahangir, bala sən çörəyini ye. Ola bilər ki, Nadir bu gün çörəyə gəlməyə.

Cahangir. Səbəbi?

Mərcan xanım. Nə bilim, deyir məni yoldaşlarımdan birisi nahara çağırıb. Ona mal əti bişirmisiniz. Ancaq Teymur bəyi qonaq çağıranda ona fisincan plov bişirirsiniz. Onun sözü budur (plovun qarasını düzür Cahangirin qabağına). Bax, çolpanı yavuq qoy, bu da xurma-badam qarasıdır.

Cahangir. Bax bu doğru sözdür. İnsan gərək haqq tərəfdarı ola. Mən bu barədə Nadiri heç qınamıram, bu aşikar bir işdir ki, Teymur bəyi siz hamıdan artıq istəyirsiniz.

Mərcan xanım. Əlbəttə, bunun bir səbəbi var ki, istəyirik.

Cahangir. Nədir səbəbi?

Mərcan xanım. Səbəbi odur ki, Teymur bəy də bizi hamı qonaqlardan artıq istəyir.

Cahangir. Xub, əgər bu söz doğrudursa, mən bunu bilmək istərdim ki, Teymur bəy axır bizi niyə özgələrindən artıq istəsin?

Mərcan xanım dinmir və könülsüz şorbadan bir qaşıq götürüb yemək istəyir.

Cahangir (yeməkdən əlini çəkir). Axır mən səndən söz soruşuram?

Mərcan xanım. Çörəyini ye, soyutma.

Cahangir. İndi mən doymuş olsam, onda sən gərək mənə cavab verməyəsən.

Anası yenə dinmir. Cahangir bir-iki qaşıq da götürüb durur ayağa. Dodaqlarını çörək dəsmalı ilə silir və istəyir çıxsın getsin. Zərəfşan gəlir.

Cahangir. Ana, bugünkü söhbətlər, doğrusu, mənim heç xoşuma gəlmədi. Bilmirəm bu nə danışıqdı. Teymur bəy belə gəldi, Nadir belə getdi, bu sözlərin mənasını mən heç başa düşə bilmirəm.

Zərəfşan xanım. Vallah, bilmirəm çörək üstə bu qədər danışıq olar ki, siz eləyirsiniz?

Çiçək. Xala, vallah, lap doğruca deyirsən.

Püstə. Siz ki, bu plovu yeməyəcəkdiniz, bəs, niyə bizə bu qədər əziyyət verdiniz?

Mərcan xanım. Cahangir, vallah, sən nahaq yerə bizə baxıb çörəyini yarımçıq qoyubsan, bax, çolpaya, xurma-badama heç əl vurmadın. Axər mən qanmıram sən niyə bizə baxırsan. Hərənin bir dərdi olar, sən axır, niyə bizə baxırsan və çörəyini yarımçıq qoyub arvad-uşaq söhbətinə qarışırsan.

Cahangir (gəlir anasının yanına və onun qabağında durub, bir qədər dinmir və sonra deyir). Ana, gəl, sənnən açıq danışaq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Niyə mən dərsdən qaçdım

Dünyada çox adam dərsdən qaçıb. Özgə millətləri bilmirəm, amma bunu bilirəm ki, yer üzündə bir müsəlman yoxdur ki, dərsdən qaçmamış ola. Əvvəlinci nüsxəmizdə demişdik ki, dərsdən qaçan alim olar və haman sözü indi təkrar edirik: müsəlmanların cümləsinin alim olmağına əvvəlinci və axırıncı səbəb dərsdən qaçmaqlarıdır.Müxtəsər, dərsdən qaçmayan – müsəlman deyil.

7 dəq
Çox qəribə

Şamaxıda pristav Cəbrayılov sahibsiz və fəqir bir müsəlman övrətinin evini viran edir, amma bunun əvəzində Şamaxı ruhanilərindən birisi mənim üstümə elə bərk çığırır ki, səsi Tiflisə gəlir. Buna iktifa etməyib götürüb mənə yazır: ey Molla Nəsrəddin! Gör sənin başına nə iş gətirəcəyəm!Qardaş, vallah mən Cəbrayılovun üzünü də görməmişəm. Aprelin 7-dən Tiflisdə Varansovski küçədə nağıl deyirəm və ömrümdə Şamaxıya getdiyim yoxdur.

2 dəq
Hansı elmlər lazım?

Dünən oğlanı göndərdim gedib Məşədi Məhəmməd Nəcəfin dükanından bir az həna gətirdi. Həna bir kağız parçasına bükülmüşdü, amma haman kağız kitab vərəqinə oxşayırdı. Hənanı bir özgə kağıza töküb və dükandan gələn vərəqə diqqət edib gördüm ki, səhifənin yuxarısında cədvəlin üstündə yazılıb: “Səyahətnameyi-İbrahim bəy”, səhifə 170. Haman səhifədə İbrahim bəy Təbrizdə qonaqlıq məclisində olmağından nağıl edir. Bu heyndə yoldaşım Lağlağı, əlində “Həyat”ın 106-cı nömrəsi, girdi içəri və dedi ki, xeyir-xahi-millət Əbutürab Axund oğlu “Həyat”da gözəl bir məqalə yazıb.Dedim:

4 dəq
Təzə təlim kitabı

Məlum şeydir ki, məktəblərdə təzə üsulla dərs vermək üçün kitablar azdır. Bu səbəbdən millət, vətən adına bir qulluq eləmək niyyətilə yoldaşlarım “Mozalan”, “Hop-hop”, “Lağlağı” və “Hərdəmxəyal”la himmət edib və köməkləşib bir hesab kitabı cəm etmək fikrinə düşdük.Hər bir məktəb şagirdi bu hesabların birini tapıb, cavabını yazıb idarəmizə göndərsə, ona həmin kitab çapdan çıxandan sonra bir cild göndəriləcək; amma bu şərtlə ki, şagirdin adının axırında “of” ola.

3 dəq

Başqa şairlərin şeirləri