Əvvəlinci məclis
Səhifə 3 / 7 · 29%
Mərcan xanım (Püstəyə). Hə, kərimdi, mən də bilirəm kərimdi. Ancaq o kərim Allah bilmirəm havaxt harayıma çatacaq? Bu yazıq arvadın (Şərəf xalaya işarə ilə) harayına çatacaq?
Şərəf xala. Mərcan bacı, bəs, bu yazıq Zərəfşan bacını niyə demirsən. Bunun nə vaxtıdır indidən dul qalsın, tək-tənha ömrünü yoldaşsız çürütsün, hələ görəcəkli günü qabaqdadır. (Zərəfşana) Yenə dinmirsən, ay yazıq.
Zərəfşan xanım (stəkanları şkafa düzür). Eh, Şərəf xala, mənimki dəxi keçibdi, hələ yekə-yekə qızlarımız gözləri yolda qala-qala heç bilmirəm nə vaxt nobat mənə çatacaqdır.
Mərcan xanım. Axır, nobat neyləsin? Gör nə qədər gözü yolda olanlar var. Heç bir evi nəzərinə gətirirsən ki, orada yetişmiş qız, qartımış qız olmasın, dul gəlin olmasın.
Şərəf xala. Doğrudur.
Mərcan xanım. Bax, elə bizimkilər dörd nəfər oldu.
Şərəf xala. Doğrudur.
Mərcan xanım. Bax, bu məhlədə Xırda xanımın qızı.
Şərəf xala. Elədir.
Mərcan xanım. Hacı Gülməmmədin qızı Ərik.
Zərəfşan xanım. Kəblə Musanın qızı Mehri.
Çiçək. Xanoğlanın qızı Dilbər.
Şərəf xala. O məhlədən Fizzənin qızı.
Mərcan xanım. Nazlı xalamın qızı Xeyransa.
Həsrət xala (girir içəri, əlində yuyulmuş çəngəl-bıçaq). Bəs, biçarə Tutunu niyə demirsiz? Bəs Məmməd bəyin qızı Nərgizi niyə demirsiz?
Çiçək. İldırımın qızı Telli.
Zərəfşan xanım. Zeynəb qaldı, Fatma xanımın qızı Zeynəb. O nədir ey, Qubad bəyə nişanlı idi, sora qızı tulladı, getdi yəhudi qızı aldı.
Mərcan xanım. Hələ bizim yadımıza düşənlər bunlardı. Bəs, gör, yadımıza düşməyənlər nə qədərdir?
Şərəf xala. Mərcan bacı, sənin başın üçün həddi-hesabı yoxdu. Ax, yazıqlar.
Həsrət xala. Şərəf bacı, vallah, heç bilmirəm nə günə qalacayıq.
Çiçək. Nə günə qalacayıq, hamımız dul qalacayıq.
Püstə. Heç yüz il də bundan sora bu qədər qıza ər tapılmaz.
Mərcan xanım (acıqlı, Püstəyə). Hə tapılmaz, sən yaxşı bilirsən ki, tapılmaz. Sənin nə vecinə ki, tapılmaz. Sən yəqin özünə arxayınsan ki, sənin üçün tapılar. Onunçün belə arxayın danışırsan. Bəs, necə olar ki, sənə tapılar, özgələrinə tapılmaz? Elədə bu qədər qız aparıb özünü Kürə töksün? Dəxi beləliklə, baş saxlamağın nə faydası, vallah, mən lap bezikmişəm. Allah mənə bir müftə ölüm göndərsin, ta bu günləri görməyim. Axır mənim qızımın günahı nədir ki, bu yaşa çatsın və gözəl-gözəl oğlanlara həsrət qalsın? Bəs, o biri yazıqların günahı nədir? Dünən gördüm ki, qızım Çiçək qəmgin oturub fikir dəryasına cumubdur. Deyirəm, qızım, nəyin fikrini eləyirsən? Gör, mənə nə deyir? Deyir, anacan, bəs, mən nə vaxt ərə gedəcəyəm? (Doluxsunur) Deyirəm, qızım, Allah kərimdir, ürəyini sıxma, inşallah, sənin də bəxtin açılar, gedərsən. Yazıq qız gör, nə deyir:– Ana, deyəsən, indiki əsrdə ər-zad moddan düşübdür. Görürəm heç mənim üzümə baxan da yoxdu (ağlayır).
Şərəf xala (ağlayır). Doğrudan da, görəsən, bunun axırı nə olacaqdır?
Zərəfşan. Ax, ər, ər. Dəxi ər-zad moddan düşübdür.
Mərcan xanım (ağlaya-ağlaya). Yox dəxi biz ər üzü görmənik.
Həsrət xala (ağlaya-ağlaya). Yox dəxi biz ər üzü görmənik.
Çiçək və Zərəfşan da yavaşca ağlaşıb, çarqatlarının ucu ilə göz yaşlarını silirlər. Mərcan xanım da, Şərəf xala da, Həsrət xala da, Püstə də yavaşca ağlaşırlar. Bu heyndə iki nəfər qonşu arvadlarından başlarını içəri uzadıb soruşurlar.
– Ay bacılar, bura yas yeridi?
İçəri girib, başlayırlar ağlaşmağa. Bunlardan savayı, üç-dörd arvad girib və müvafiq qaydada hərə öz ölənlərini ünvan edib, başlayır ağlamağa. Mərcan xanımın ev adamları ağlaya-ağlaya deyir:
Ər, ər, vay, yazıq canımız.
Bu heyndə Nadir bala əlində kitab girir içəri və durur arvad məclisində, otağın ortalığında və üzünü tutur anasına və təəccüblə soruşur:
Nadir bala. Ana, bu nə ağlaşmadı?
Mərcan xanım. Bala, o yazıq atan yadıma düşdü, başladım ağlamağa. Bu ataları rəhmətliklər də səsimizi eşidib gəldilər. Bunların da qəlbləri nəzildi, başladılar bunlar da ağlaşmağa.
Nadir bala ortada durub təəccüblə gah o arvada və gah bu arvada baxır. Arvadlar da buna baxırlar. Bir ovqat heç kəs dinmir.
Nadir bala. Mən heç zad başa düşmürəm.
Zərəfşan. Xalan qadanı alsın, dəxi niyə başa düşmürsən? Hərənin bir dərdi var, ağlayır da. Sən niyə arvad işinə qarışırsan, keç get otağına da.
Həsrət xala. Bala, xalan yaxşı deyir, keç get işinə.
Nadir bala. Həsrət xala, sən Allah, məni başa sal görüm bu nə yasdı, bəlkə bir adam ölüb?
Mərcan xanım (gözünün yaşını silə-silə). Vallah, oğlum bir kəs ölməyib. Doğrusu, bu yazıq qızların dərdinə ağlaşırıq.
Nadir bala. Necə qızların?
Mərcan xanım. Nə bilim, əvvəl elə öz bacın Çiçəyin.
Nadir bala (təəccüblə). Çiçəyə nə olub?
Həsrət xala. Boy, başıma xeyir. Hələ soruşur da ki, Çiçəyə nə olub. Deyəsən ki, öz doğma bacısı deyil.
Nadir bala (Həsrət xalaya tərəf çönür). Axır, soruşuram ki, Çiçəyə nə olub?
Həsrət xala. A balam, axır nə vaxtadək iyirmi üç yaşında bir qız evdə qalıb ərə getməz?
Nadir bala (təəccüblə). Elə bu?
Birinci yad arvad. Boy, başıma xeyir, hələ bu azdı?
Nadir bala (birinci arvada tərəf çönür). Sən nə deyirsən ey?
Mərcan xanım. Bala, hirsini ye, bir qulaq as gör nə deyirlər.
İkinci yad arvad. Boy, başıma xeyir, deyəsən ki, heç bunun bacısı deyil.
Nadir bala. Xub, bacımdı, axır, ona nə olub?
Üçüncü yad arvad. Nə olacaq, deyirdik ki, yazıq qız indiyə kimi niyə ərə getməsin?
Nadir bala (ucadan, acıqlı). Cəhənnəmə getsin, gora getsin.
Zərəfşan. Bala, bir de görüm oğlanlarla sən gəzib-dolanırsan, bir de görüm niyə onların biri gül kimi bacına elçi göndərmir?
Dördüncü yad arvad. Bax, bu yaxşı sözdü.
Beşinci yad arvad. Hələ bir bundan soruşmalı ki, bu özü niyə hələ evlənmir? Niyə? Bunun evlənməli vaxtı deyil?
Birinci yad arvad. Çox əcəb vaxtıdı.
Nadir bala (birinci yad arvada). Ay arvad, məndən əl çəkin!
Mərcan xanım. Boy, başıma xeyir.
Həsrət xala. Axır səndən soruşurlar ki, sən özün niyə evlənmirsən?
İkinci yad arvad. Di, cavab ver görək, özün niyə bu qızların birini almırsan?
Nadir bala (kitabı qaldırır başının üstə və istəyir vursun). Əl çəkin məndən, yoxsa, vallah, bilmirəm neyləyəm.
Mərcan xanım. Ay balam, da niyə çığırırsan?
Nadir bala. Çox yaxşı eləyirəm çığırıram. Mənim nə vaxtımdı ki, evlənəm?
Həsrət xala. Necə nə vaxtımdı? Sən məgər, uşaqsan?
İkinci yad arvad. Necə nə vaxtımdı?
Üçüncü yad arvad. Çox əcəb vaxtındı.
Nadir bala (onun üstə çığırır). Əl çək məndən kaftar.
Mərcan xanım. Boy, başıma xeyir.
Zərəfşan gəlir yapışır Nadir balanın qolundan və çəkə-çəkə aparır o biri otağa və Nadir bala gedə-gedə arvadlara çəmkirir, arvadlar da buna çəmkirir. Elə bil bir dəstə it dilənçinin başına qomarıb və dilənçi özünü qoruya-qoruya dalı-dalı gedir.
Mərcan xanım. Hey, indi deyirsən, qızlarımıza ər tapılmır. Onların biri də elə mənim öz oğlanlarımdı. Hələ bunu niyə deyirsiniz. Böyük qardaşı Cahangirin iyirmi bir yaşı var, onun yanında heç evlənmək sözü danışmaq olar? Hələ bu yaxşıdı.
Birinci yad arvad. Vallah, Mərcan bacı, and olsun Həzrət Abbasa, gecələri yuxu yuxulamıram. Axır bilmirəm ki, o başıdaşlı Gülpəri nə vaxt ərə gedəcək, vallah, bu qüssə məni öldürəcək.
İkinci yad arvad (qabaqkı arvada). Bacıxanım, imam Hüseyn haqqı, elə mən də o gündəyəm.
Üçüncü yad arvad. Hələ sizinki birdi. Allaha and olsun, qızlarımın üçü də yetişib, üç-dörd ildi ki, gözləri yoldadı (ah çəkir). Vallah, heç bilmirəm ki, axırı necə olacaq. Ax, vay!
Həsrət xala. Peyğəmbərə and olsun ki, bu dərd yaman dərddi.
Zərəfşan. Ax, aman Allah!
Nadir bala (qapıdan başını uzadır və deyir). Ay arvadlar, mən heç başa düşə bilmirəm ki, özünüzə ər axtarırsınız, ya qızlarınıza ər axtarırsınız?
Həsrət xala. O nə sözdü? Allah nə istəsə o olacaqdı. Qismətin nədi?
Mərcan xanım. Niyə? Elə bircə qız ərə gedər? Dul arvad ərə getməz?
Şərəf xala. Hələ onu de ki, görək ər tapılır ki, ya özümüz, ya qızımız ərə getsin?
Dördüncü yad arvad. Xudavəndi-aləmin dərgahına and verirəm ki, o yazıq qızlarımıza bir gün ağlasın. Onların baxtını açsın.
Mərcan xanım (arvadların birinə). Zeynəb bacı, Allah sənin o gülüzlü qızına bir nişanlı yetirsin, yoxsa onun da ərə getmək vaxtıdı.
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-er-evvelinci-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünyada çox adam dərsdən qaçıb. Özgə millətləri bilmirəm, amma bunu bilirəm ki, yer üzündə bir müsəlman yoxdur ki, dərsdən qaçmamış ola. Əvvəlinci nüsxəmizdə demişdik ki, dərsdən qaçan alim olar və haman sözü indi təkrar edirik: müsəlmanların cümləsinin alim olmağına əvvəlinci və axırıncı səbəb dərsdən qaçmaqlarıdır.Müxtəsər, dərsdən qaçmayan – müsəlman deyil.
Çox qəribəŞamaxıda pristav Cəbrayılov sahibsiz və fəqir bir müsəlman övrətinin evini viran edir, amma bunun əvəzində Şamaxı ruhanilərindən birisi mənim üstümə elə bərk çığırır ki, səsi Tiflisə gəlir. Buna iktifa etməyib götürüb mənə yazır: ey Molla Nəsrəddin! Gör sənin başına nə iş gətirəcəyəm!Qardaş, vallah mən Cəbrayılovun üzünü də görməmişəm. Aprelin 7-dən Tiflisdə Varansovski küçədə nağıl deyirəm və ömrümdə Şamaxıya getdiyim yoxdur.
Hansı elmlər lazım?Dünən oğlanı göndərdim gedib Məşədi Məhəmməd Nəcəfin dükanından bir az həna gətirdi. Həna bir kağız parçasına bükülmüşdü, amma haman kağız kitab vərəqinə oxşayırdı. Hənanı bir özgə kağıza töküb və dükandan gələn vərəqə diqqət edib gördüm ki, səhifənin yuxarısında cədvəlin üstündə yazılıb: “Səyahətnameyi-İbrahim bəy”, səhifə 170. Haman səhifədə İbrahim bəy Təbrizdə qonaqlıq məclisində olmağından nağıl edir. Bu heyndə yoldaşım Lağlağı, əlində “Həyat”ın 106-cı nömrəsi, girdi içəri və dedi ki, xeyir-xahi-millət Əbutürab Axund oğlu “Həyat”da gözəl bir məqalə yazıb.Dedim:
Təzə təlim kitabıMəlum şeydir ki, məktəblərdə təzə üsulla dərs vermək üçün kitablar azdır. Bu səbəbdən millət, vətən adına bir qulluq eləmək niyyətilə yoldaşlarım “Mozalan”, “Hop-hop”, “Lağlağı” və “Hərdəmxəyal”la himmət edib və köməkləşib bir hesab kitabı cəm etmək fikrinə düşdük.Hər bir məktəb şagirdi bu hesabların birini tapıb, cavabını yazıb idarəmizə göndərsə, ona həmin kitab çapdan çıxandan sonra bir cild göndəriləcək; amma bu şərtlə ki, şagirdin adının axırında “of” ola.