Əvvəlinci məclis
Səhifə 5 / 7 · 57%
Mürşüd dayı (qaçır, öz zoru ilə qapını basır ki, Mərcanın səsi kəsilsin və qaça-qaça deyir). Sus!..
Cahangir (üzünü iki əli ilə örtür) Bax, bax, indi yoldaşların gör nə deyəcəklər: – Budur, firqəmizin aktiv üzvləri və hətta rəhbərləri. Budur, onların ictimai mənşəyi. Cahangir kimi hər biri xan-sultan balaları. Bir üzlərini firqəyə tərəf tutub deyirlər: Bizik Mars-Leninin xəttilə hərəkət edənlər və eyni zamanda da ikinci üzlərini köhnə dudmanlarına tutub, yetişmiş qızlarını ictimai işlərdən qaçırtmaq üçün onların tez bir vaxtda ərə getməklərinə səbrsizlik ilə müntəzirdirlər. Elə bir səbrsizlik ilə ki, bu işin təxirinə yas tutub, cici-bacılar məclisində yas qururlar. Vay, vay (üzüörtülü yıxılır divan döşəyinin üstə və ağlayır).
Mürşüd dayı (böyük təşvişlə Cahangirə). Sus, dinmə, dinmə…
Cahangir danışdıqca qaçır və axırda da gedir hərəmxana otağının qapısını daldan bağlayır. Kimsə oradan gəlmək istəyir.
Mürşüd dayı (yavaşcadan deyir). Allah xatirinə gəlməyin, Allah xatirinə gəlməyin.
Cahangir birdən uzandığı yerdən qalxır və papağını qoyur ki, dursun bir yana getsin. Mürşüd dayı bərk yapışır onun qolundan və yavaşca deyir.
Mürşüd dayı. Sənin canın üçün, qoymanam. Sən çox narahatsan, gəl, gedək otağında yarımca saat uzan, sinirlərin dincəlsin.
Cahangir bir qədər dinmir və dayısının üzünə baxır. Sonra deyir:
Cahangir. Mürşüd dayı, istəyirəm acıqnan bu saat gedəm ərizə verəm, firqədən çıxam.
Mürşüd dayı bir addım çəkilir geri və bir söz demir. Cahangir cəld durur ayağa. Dəxi bir söz deməyib çıxır küçəyə, gedir. Mürşüd dayı gedir, arvad otağının qapısını yavaşca açır. Mərcan xanım yavaşca girir içəri və o üzə-bu üzə baxır, Cahangiri görmür. Mürşüd dayı sağ əli ilə ağzında danışmamağı işarə edir.
Mərcan xanım (yavaşca). Deyəsən, Cahangir gedibdi.
Mürşüd dayı (yavaşca). Gedibdir.
Mərcan xanım. Dadaş, sən Allah, akoşkanın birini aç, lap təngənəfəs olduq.
Mürşüd dayı (bir ah çəkəndən sonra). Mərcan get Zərəfşanı, Çiçəyi və anamı çağır, gəlsinlər bura. Amma dəxi saydığını adamlardan savayı bir kəs gəlməsin (Mərcan gedir).
Mürşüd dayı əlləri dalında otaqda var-gəl eləyir. Mərcan girir içəri.
Mürşüd dayı. Bəs, Nadir bala hardadı?
Mərcan xanım. Bu gün o çörəyə gəlməyib, ancaq, arvadlarnan bayaq sözləşdi, yenə çıxdı, getdi.
Zərəfşan, Çiçək və İzzət nənə gəlirlər. Mürşüd dayı gedir yenə akoşkaların qapılarını örtür, ancaq birini açıq qoyur. Mərcan xanıma tərəf üzünü tutur.
Mürşüd dayı (yavaşca). Mərcan, o qonşu arvadlarını bayaq kim bura çağırmışdı?
Mərcan xanım. Dadaş, sənin canına, bir kəs çağırmamışdı, ancaq özləri gəlmişdi.
Mürşüd dayı. Bəs, ərə getmək söhbətini (o üzə-bu üzə baxır və küçə akoşkasına tərəf baxır. ) kim burada açmışdı?
Arvadlardan bir kəs dinmir. Çiçək utandığından yavaş-yavaş getmək istəyir. Mürşüd dayı gedib onu qaytarır.
Mürşüd dayı. Çox böyük səhv, çox böyük qələt (Çiçəyə tərəf) Çiçək, sən gedə bilərsən.
Çiçək gedir, Mürşüd dayı gedib onun dalınca qapını bağlayır.
Mürşüd dayı. Mərcan, əvvəla, o yas məclisini ki, bu gün burada qurdunuz, o məclisi burada qurmağa heç lüzum yox idi. İkinci də budur ki, o məclisə qonşu arvadlarını çağırmaq və yad arvadlara sirr vermək böyük bir qəflətdir.
Mərcan xanım (öz-özünə). Bax, bunu dadaşım düz deyir.
Zərəfşan xanım. Dadaş, bəs, Cahangir hara getdi?
Mürşüd dayı bu suala cavab vermir və öz tərəfindən arvadlara bu sualı verir.
Mürşüd dayı. Söz yox ki, bu gün Qalxan bəy çörəyə gəlmədi.
Mərcan xanım. Dadaş, sən yəqin bilirsən ki, gəlmədi?
Mürşüd dayı. Mən onu bilirəm ki, (o üzə-bu üzə baxıb, papirosunu eşir) mən onu bilirəm ki, (yavaşca o tərəfə bu tərəfə baxandan sonra durub gedir akoşkadan küçəyə baxır) hamı cahil-cuhulu bu evdən ürküdüb qaçırdacaqsınız.
Mərcan xanım. Dadaş, biz nə eləyirik ki, cahıl-cuhul bizdən qaçır?
Mürşüd dayı. Onları müştəbeh eləyirsiniz.
Mərcan xanım. Biz axır nə eləyirik?
Mürşüd dayı. Onlar qonaq gələndə zəncəfil-çörəklərin və şəkər-çörəklərin, qurabiyələrin dalını kəsmirsiniz. Müşənbə plovların, fisincan plovların dalını kəsmirsiniz, onlar müştəbeh olub qaçırlar.
Zərəfşan xanım. Dadaş, sən də elə Cahangir kimi danışırsan.
Mürşüd dayı (o üzə-bu üzə baxıb və lap yavaşcadan). Cahangiri mən çox xoşlayıram. Çünki çox qeyrətlidir. Bircə məsləkcə mən ondan ayrıyam. Bu da əvvəl-axır düzələcək (durub gedir küçəyə xəlvətcə baxır). Amma Mərcan, bu sözləri ancaq sizə deyirəm ha! Zərəfşan, bax mənim xasiyyətimi bilirsən ha. Bu sözləri ancaq sizin ikinizə deyirəm.
Mərcan xanım. Dadaş, Qalxan bəy barəsində dediyinə mən şərik deyiləm. Qalxan bəy zəncəfil-çörəkdən və fisincan plovdan qaçan deyil.
Mürşüd dayı (o üzə bu üzə baxır). Qız, bir az yavaşdan danışsan xəta ki, olmaz.
Mərcan xanım. Qalxan bəy bizim evdən o səbəbə qaçır ki, Cahangir onu istəmir.
Mürşüd dayı. Mərcan, (akoşkalara baxır) bu məsələdə günah yenə sizdədir.
Mərcan xanım (darıxır). Eh, dadaş, sən elə dünyanın günahlarının hamısını bizim üstümüzə deyəsən yıxacaqsan. Axı biz başıdaşlı nə eləyirik?
Mürşüd dayı. Cahangir istəyir ki, Çiçək ali məktəblərə girsin və dərs oxusun. Ancaq siz Çiçəyi ərə vermək istəyirsiniz. Özü də Qalxan bəyə. Bəy və xanla da Cahangir qohum olmaq istəmir. Vəssəlam.
Zərəfşan xanım. Ay dadaş, vallah, belə deyil, billah, belə deyil. Nə eləyirik, heç Qalxan bəy olmasın, qoy rəiyyət olsun, qoy çoban olsun, tərəkəmə olsun, kəndli olsun, ancaq ər olsun. Söz yox ki, qanacağı və dərsi olsun. Hər kəs olur-olsun, yoxsa yazıq qız bu il 24-ə ayaq qoyur. Bəs axırı necə olsun? Elə ölənə kimi evdə çürüməyəcək ki?
Cahangir girir içəri və Zərəfşanın axırıncı sözlərinin cavabında belə söyləyir.
Cahangir. Xala, belə sənin başına dolanım, axır bir de görüm, hərənin bir məsləki, hərənin bir əqidəsi olar? Görürsən biri müsəlmandı, biri xaçpərəstdir, sünnüdür, şiədir. Mənim də məsləkim budur.
Sən bəyi-xanı xoşlayırsanmı? Mən də çoban və tərəkəməni xoşlayıram. Sözün nədir? Yoxsa, sən elə bilirsən mən Çiçəyi istəmirəm? Sənin canın üçün dünyalarca istəyirəm (Mərcan xanım dəsmalını gözlərinə basır). Ancaq mən Qalxan bəyi istəmirəm. Ondan ötrü ki, o bəy və bəypərəstdir. Onunla qohum olmaq da istəmirəm, hərçənd ki, bir
7 qədər dövləti də var. Hazır öz professorumuz Şahzadə Ərvahallah xan ki, Qalxan bəydən min dəfə dövlətli, nəcabətlidir. Mən belə bir vücudu da qohumluğa qəbul etməkdən uzağam. Bir surətdə ki, elm və tərbiyəcə çox da professordu. Hazır günü dünən mənə söhbət arasında professor Ərvahallah xan deyir ki, Cahangir bəy dünən mən sizin evin qabağından keçəndə akoşkanızda 4-5 nəfər qadın xeylağı gördüm. Onlar zahirdə nəcib, yəqin ki, batində tərbiyəli və nəcabət sahibi olarlar. Gərək əcaba öz professorunu o alicənab xatınlarla görüşdürüb, onların şirin söhbətinə şərəfyab edəsən. Mən belə bir təklifin müqabilində ancaq “ya qismət” deyə bildim. O yerdə ki, özgə yoldaşlarım mənim yerimə yapışardı professorun qolundan, onu dalına mindirib, gətirərdi evinə. Mən də belə adamam. Dəxi nə eləyim. Mənlə deyil ki, özü də kim? – professor, əsəbilər xəstəxanasının baş direktoru, Türküstan şahzadəsi Ərvahallah xan.
Bu sözü eşidən kimi Mürşüd dayı təəccübdən qalxır ayağa. Mərcan xanım da dikəlib qalxır və gəlib Cahangiri qucaqlayır və o üzündən, bu üzündən öpür. Zərəfşan qapını açır.
Zərəfşan xanım. Çiçək, Çiçək!
Çiçək və Püstə gəlirlər.
Çiçək. Nə var?
İzzət nənə ah-vayla gəlir. Həsrət xala, Şərəf xala gəlirlər.
Arvadlar qarışır bir-birinə.
Həsrət xala. Boy, başıma xeyir.
Şərəf xala. Boy, ay uşaq, nə vaxt şahzadə bizi görüb?
Mürşüd dayı arvadları sakit eləyir, hərəni öz yerində oturtdurur. Gedir Mərcan xanımın qulağına bir şey deyir. Mərcan xanım arvadları aparır. Mürşüd dayı ilə Cahangir qalır. Mürşüd dayı akoşkaları örtür və elektrik çıraqlarını yandırır ki, səs bir yana getməsin və gəlir oturur Cahangirin yanında. Əlini qoyur onun əlinin üstə və o tərəf-bu tərəfə baxa-baxa qorxan adam kimi deyir.
Mürşüd dayı. Bəzi vaxt xoşbəxtlik insanın lap yanından ötür, ancaq insan onu duymur. İndi də bacıoğlu, mən lazım bilirəm, səni agah edəm ki, indinin bu saatında xoşbəxtlik sənin və ailənin çox yavuğundadır. Ancaq istifadə etməyi də bacarmaq lazımdır.
Cahangir. Əzizim dayı, sənin də, bütün ailəmin də mənə gərək yazıqları gəlsin. Mən firqəçiyəm. Firqə mənim öhdəmə min vəzifə qoyub və bu müəyyən xüsusi cığıra xüsusi xətt tuş edibdir. Dünya xoşbəxtliyindən başqa, bədən xoşbəxtliyindən başqa axırda insanda bir ruh xoşbəxtliyi də var. Hə, bəlkə belə deyil?
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-er-evvelinci-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünyada çox adam dərsdən qaçıb. Özgə millətləri bilmirəm, amma bunu bilirəm ki, yer üzündə bir müsəlman yoxdur ki, dərsdən qaçmamış ola. Əvvəlinci nüsxəmizdə demişdik ki, dərsdən qaçan alim olar və haman sözü indi təkrar edirik: müsəlmanların cümləsinin alim olmağına əvvəlinci və axırıncı səbəb dərsdən qaçmaqlarıdır.Müxtəsər, dərsdən qaçmayan – müsəlman deyil.
Çox qəribəŞamaxıda pristav Cəbrayılov sahibsiz və fəqir bir müsəlman övrətinin evini viran edir, amma bunun əvəzində Şamaxı ruhanilərindən birisi mənim üstümə elə bərk çığırır ki, səsi Tiflisə gəlir. Buna iktifa etməyib götürüb mənə yazır: ey Molla Nəsrəddin! Gör sənin başına nə iş gətirəcəyəm!Qardaş, vallah mən Cəbrayılovun üzünü də görməmişəm. Aprelin 7-dən Tiflisdə Varansovski küçədə nağıl deyirəm və ömrümdə Şamaxıya getdiyim yoxdur.
Hansı elmlər lazım?Dünən oğlanı göndərdim gedib Məşədi Məhəmməd Nəcəfin dükanından bir az həna gətirdi. Həna bir kağız parçasına bükülmüşdü, amma haman kağız kitab vərəqinə oxşayırdı. Hənanı bir özgə kağıza töküb və dükandan gələn vərəqə diqqət edib gördüm ki, səhifənin yuxarısında cədvəlin üstündə yazılıb: “Səyahətnameyi-İbrahim bəy”, səhifə 170. Haman səhifədə İbrahim bəy Təbrizdə qonaqlıq məclisində olmağından nağıl edir. Bu heyndə yoldaşım Lağlağı, əlində “Həyat”ın 106-cı nömrəsi, girdi içəri və dedi ki, xeyir-xahi-millət Əbutürab Axund oğlu “Həyat”da gözəl bir məqalə yazıb.Dedim:
Təzə təlim kitabıMəlum şeydir ki, məktəblərdə təzə üsulla dərs vermək üçün kitablar azdır. Bu səbəbdən millət, vətən adına bir qulluq eləmək niyyətilə yoldaşlarım “Mozalan”, “Hop-hop”, “Lağlağı” və “Hərdəmxəyal”la himmət edib və köməkləşib bir hesab kitabı cəm etmək fikrinə düşdük.Hər bir məktəb şagirdi bu hesabların birini tapıb, cavabını yazıb idarəmizə göndərsə, ona həmin kitab çapdan çıxandan sonra bir cild göndəriləcək; amma bu şərtlə ki, şagirdin adının axırında “of” ola.