Səhifə 6 / 7 · 71%

Mürşüd dayı. Yavaş, yavaş.

Cahangir (yavaş-yavaş cuşa gəlir, səsini ucaldır). Belə olanda əsil insan ki, bir müəyyən vəzifəni boynuna götürüb, gərək o yükü mənzilinə aparıb çıxarda, gərək xətti-hərəkətini itirməyə. Yoxsa, özünü boş qoyub, hansı yola tuş gəlsə, onda o dəxi adamlıqdan çıxar. Bir əsgiyə, bəlkə zibilə dönüb, məhv olar.

Arvad otağından Mərcan xanım başını göstərən kimi Mürşüd dayı tez qaçır, onu rədd edir. Qapını çəkib, öz tərəfindən bağlayır. Mərcan xanıma tərəf işarə edir ki, dinməsin.

Mürşüd dayı. İndi qulaq as. Mən sənə tək bircə söz demək istəyirəm. Ancaq sənə yalvarıram ki, mən dediyim sözə məndən dəlil və sübut istəməyəsən. Və birdən cuşa gəlib partlasan, onda mən dəxi səninlə danışmayıb, çıxıb gedəcəyəm.

Cahangir. De görüm, nə deyirsən?

Mürşüd dayı (o tərəf-bu tərəfə baxa-baxa). Əgər sən bu gün professor və şahzadə Ərvahallah xan ilə qohum olmağa qədəm qoysan…

Cahangir (diqqətlə qulaq asır və bu yerdə deyir). Hə, nə olar?

Mürşüd dayı. O vaxt firqə səndən razı olar.

Cahangir (təəccüblə). Razı olar?

Cahangir əsəbi gülür və durur ayağa.

Mürşüd dayı. Bəs, şərt qoymuşduq ki, sən məndən dəlil və sübut istəməyəsən?

Cahangir. Xub, de.

Mürşüd dayı. Yəqin yaxşı diqqət verirsən.

Cahangir. Verirəm.

Mürşüd dayı. Xub, di qulaq as. Mənə məlumdur ki, sizin bu saat və bu dəqiqə mədəni hücumunuz heç bir nəticə bağışlamır. Səbəb də dağlı məhəlləsinin sahibsiz uşaqlarının dəftər, qələm və ayaqqabı pulunu tapa bilmirsiniz. Əgər belə deyilsə budur anan Mərcan xanım və bacın Çiçək ki, mədəni hücumda iştirak eləyirlər, bazar-dükanı qapı-qapı gəzir, ianə toplamaqda isə spekulyantlara da yalvarıb-yaxarmaqdadırlar. Bu səbəbdən də işləri bərk axsayır. Amma şahzadə Mirzə Ərvahallah xanın tək bircə Çərco mahalında Quvarcıq kəndindən gələn mədaxilindən yüz dağlı məhləsinin uşaqlarının təhsil xərcini yetirmək olar. Bu, bir. Əgər sən professor Ərvahallah xan ilə qohum olsan, o səni təhsil üçün öz xərcinə İngiltərənin Oksford darülfünunu-na göndərər. Bir neçə ildən sonra, sən də onun kimi professor olarsan. Bu, iki. Əgər sən şahzadə Ərvahallah xanla qohum olsan, ol vaxt Nadir bala da, mən də və sair yavuqların da onunla qohum olar, biz hamımız cəmi Türküstanda hərəmiz istəsək, böyük bir hörmət və vəzifəyə nail olarıq. Bax, götürək Qalxan bəyi. Doğru sözdü, mən özüm də heç bir vaxt onu dost tutmamışam. Ancaq onun dövlətinin xatirəsinə mən həmişə demişəm ki, ona hörmət eləyin.

Mərcan xanım. Dadaş, yəni professor Ərvahallah xan elə cəlallı adamdı?

Mürşüd dayı. Mən ancaq indi şahzadə Ərvahallahxan Mirzəni tanıya bilirəm. Bu vücud Fətullah xan Türküstanının nəvəsidir. Nadir şah tarixi 1151 hicridə Hindistanı təsxir edəndən sonra gəldi Türküstana və oranı Mirzə Fətullah xan Türküstanini də basıb, yenə məmləkəti özünə qaytardı. Ancaq Türküstandan neçə qatır yükü qızıl apardı. Bu, indiki Ərvahallahxan həmin Fətullah xanın nəvəsidir və Rzaqulu xanın oğludur.

Zərəfşan da, Çiçək də onun dalınca daxil olurlar.

Cahangir. Dayı, sən, deyəsən, İran tarixini yaxşı bilirsən?

Mürşüd dayı. Bəli, bilirəm.

Cahangir. Dayı, bu elmləri sən harada öyrənmisən?

Mürşüd dayı. Mən, doğrusu, məktəb üzü görməmişəm. Amma elmlərin çoxundan xəbərdaram.

Cahangir. Ancaq bu elmlərin içində mən filosofiya elmindən bir şey baş aça bilmədim.

Mürşüd dayı. Filosofiya gözəl elmdir.

Mərcan xanım (Cahangirə). Cahangir, yəqin ki, sənin şahzadə professorun filosofiya elmini ətraflı təhsil eləyibdir.

Mürşüd dayı. O baxır ki, şahzadə Ərvahallahxan hansı məktəbin tərəfdarıdır. Əgər köhnə filosoflar tərəfdarıdırsa, onda demək olar ki, şahzadə Ərvahallahxan filosofiyaya köhnədə əl verib və bu el-

11 min əsaslarına da lazimi qədər vaqifdir. Məsələn: Demokritçilər, ta əvvəl VII əsrdən filosofların axırıncısı Hegelədək yaranmış hər bir təsniyyə üsulu ilə şərh edilərdi və heç bir vaxt filosofiya elmində vəhdaniyyəti qəbul etməzdilər. Amma təzə filosoflar Şopenqa yerdən başlamış təklik söhbətini aralığa götürmüşsə də, bil, bir qol ayırıblar. İkilik ilə birlikdə başqa mücərrəd bir çığır da bina etdilər ki, bu da indiyədək Almaniya darülfünunda bir çox filosoflar arasında böyük mücadiləyə bais oldu. Xülasə, burada danışmalı söz çoxdur. (Saatını çıxarıb baxır). Amma heyif ki, vaxtım yoxdur.

Cahangir. Dayı, mən sənin bu elmi söhbətlərini çox xoşlayıram. Bu şərtlə ki, qeyri bir guşələrə əl atmayasan. Bəzi vaxt elə işarələr eləyirsən ki, xoşuma gəlmir.

Mürşüd dayı (yavuq gəlir). Get dolanginən, xamsan hənüz. Mən sənə hər nə ki, demişəm, istər xoşluyasan, istər xoşlaumayasan, tamamən, başdan axıradək səhihdir.

Mərcan xanım (Mürşüd dayıya). Dadaş, hara gedirsən?

Mürşüd dayı. Sözünü de.

Mərcan xanım (qabaqca bilmir nə desin). Axır görüm nə deyəcəkdim…

Mürşüd dayı. Hə... (Cahangirə). Çox burada filosofiyadan söhbət düşdü, mənim də xəyalıma gəlir ki, professor Ərvahallahxan istəsə, mənim şəkk-düyünümü aça bilər. Çünki məşhur Fransa filosofu-nun “Həyat və məmamət” adında bir risaləsi var. Orada filosof bir cümlə buraxıb ki, mən başa düşə bilmirəm. Orada 31-ci səhifədə 4-cü abzasda filosof səhv edib, ya mürəttib xəta edib. Mən bu barədə istərdim professor Ərvahallah xanla görüşüb, onunla danışım. Bilmirəm nə vaxt və harada müyəssər olar? (Mərcan xanıma göz vurur).

Mərcan xanım (Cahangirə). Cahangir, gəlsənə professoru və müəllimini bizə qonaq çağırasan. Oxuduğu elmlərdən söhbət eləsin, qulaq asaq. Və dayın da o vücud ilə görüşüb, bilmədiyini öyrənsin.

Zərəfşan xanım. Vallah, yaxşı sözdür.

Mərcan xanım. Görək Cahangir nə deyir?

Mürşüd dayı Mərcan xanıma tərəf baxır və bir söz demir.

Cahangir (dayısına). Mürşüd dayı, səni and verirəm əzizlərinin canına və ölənlərinin ruhuna, məni firqə yoldaşlarımın yanında biəzm eləmə. Əgər professor mənim müəllimimdir, mən bu qonaqlıqdan əl çəkirəm. Niyə? Əgər siz məni bir zərrə qədərincə istəyirsiniz, bu işdən əl götürün. Professor Ərvahallah xan bizə heç vaxt gəlməyibdir. Əgər biz onu qonaq çağırsaq, onun qabağına bircə bozbaşnan, bir tikə soğan qoyub, yola salmaq olmaz. Şahzadə professorun şəninə cəlallı və həşəmətli bir ziyafət yaraşır.

Mərcan xanım. Mən ona elə qonaqlıq verərəm ki, şaha layiq olsun.

Mürşüd dayı (Durub gedir əlini Mərcan xanımın ağzına basır). Bir kəs səsini, görək başımıza nə gəlir.

Cahangir. Dayıcan, mən heç bir vəchlə razı olmazdım ki, zəhmətkeşlərin qatili və rəiyyətin qanını soran və onları istismar edənlərdən bir kəs ilə əlaqədə olam. Onlar ilə iş tutam. Ancaq zəmani ki, filosofiya elmindən sənin bir məsələ həllinə ehtiyaclığın var və o məsələni də açmaqda sənə Şahzadə ilə bir münasib yerdə görüşmək lazım olub, bu səbəbdən onun bizə qonaq çağırılmasına razılıq verərəm.

Mürşüd dayı əlaltdan Mərcan xanıma baxır, xanımlar sevincək təşvişə düşürlər. Cahangir gedir otağına.

Mərcan xanım (gedir Mürşüd dayının üzündən öpür və cibindən bir-iki qızıl pul çıxardır, verir ona). Dadaş, mənim bazarın əhvalından xəbərim yoxdur. Apar bu pulları kağız eylə. Nə qədər olsa, onu şahzadənin qonaqlarına məsrəf eylə. Doğrudur, sən bilirsən ki, hər bir qonaqlığa biz bu qədər pul xərcləyə bilmərik.

Cahangir. Niyə xərcləyə bilmirsən? Sənin həftənin bu başı və o başına qonaqlığına bundan artıq xərcin çıxır.

Mərcan xanım. Bala, vallah, hamısını Çiçəyin yolunda xərcləyirəm. Bəlkə yazığın bəxti açıla.

Cahangir. Doğrusu, mən bilmirəm kimin yolunda xərcləyirsən.

Mərcan xanım. Eh, Allah kərimdi. Bir arxa ki, bir dəfə su gəlib, ümid var ki, bir də gələ. Allah kərimdi.

Zərəfşan xanım (Mərcan xanıma). Mərcan, Bədircahan arvadı çağıraq plovu o bişirsin.

Mürşüd dayı. Amma elə bilirəm ki, Məşədi Kərim arvad aşpazından yaxşıdır. Çünki Təbrizdə vəliəhdin plovunu həmişə Məşədi Kərim bişiribdir.

Cahangir (Mürşüd dayıya). Dayıcan, görəsən, Türküstanda quş ovu yaxşıdır?

Mürşüd dayı. Ax, necə?

Cahangir. Görəsən hansı quşun ovu orada şöhrətlidir?

Mürşüd dayı. Deyirlər Banabataqan quşu çox şöhrətlidir. (Mərcan xanıma göz eləyir).

Zərəfşan xanım (sandığından bir-iki qızıl çıxarıb verir). Dadaş, deyirlər Təbrizdən vəliəhdin öz xanəndəsi öz yoldaşları ilə burada ali məclislərdə oxuyub-çalırlar. Dadaş, sən mənim canım, onları çağır, oxuyub-çalsınlar. Bu da onların xərci (qızılları verir). Qoy, Çiçəyə qurban olsun.

Püstə (şad-xürrəm atıla-atıla girir içəri və Mərcan xanıma). Xala, qonaqlığımız nə vaxtdır?

Mərcan xanım (bir qədər fikirli). Qoy görüm, hələ bilmirik.

Püstə sevincək gedir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Niyə mən dərsdən qaçdım

Dünyada çox adam dərsdən qaçıb. Özgə millətləri bilmirəm, amma bunu bilirəm ki, yer üzündə bir müsəlman yoxdur ki, dərsdən qaçmamış ola. Əvvəlinci nüsxəmizdə demişdik ki, dərsdən qaçan alim olar və haman sözü indi təkrar edirik: müsəlmanların cümləsinin alim olmağına əvvəlinci və axırıncı səbəb dərsdən qaçmaqlarıdır.Müxtəsər, dərsdən qaçmayan – müsəlman deyil.

7 dəq
Çox qəribə

Şamaxıda pristav Cəbrayılov sahibsiz və fəqir bir müsəlman övrətinin evini viran edir, amma bunun əvəzində Şamaxı ruhanilərindən birisi mənim üstümə elə bərk çığırır ki, səsi Tiflisə gəlir. Buna iktifa etməyib götürüb mənə yazır: ey Molla Nəsrəddin! Gör sənin başına nə iş gətirəcəyəm!Qardaş, vallah mən Cəbrayılovun üzünü də görməmişəm. Aprelin 7-dən Tiflisdə Varansovski küçədə nağıl deyirəm və ömrümdə Şamaxıya getdiyim yoxdur.

2 dəq
Hansı elmlər lazım?

Dünən oğlanı göndərdim gedib Məşədi Məhəmməd Nəcəfin dükanından bir az həna gətirdi. Həna bir kağız parçasına bükülmüşdü, amma haman kağız kitab vərəqinə oxşayırdı. Hənanı bir özgə kağıza töküb və dükandan gələn vərəqə diqqət edib gördüm ki, səhifənin yuxarısında cədvəlin üstündə yazılıb: “Səyahətnameyi-İbrahim bəy”, səhifə 170. Haman səhifədə İbrahim bəy Təbrizdə qonaqlıq məclisində olmağından nağıl edir. Bu heyndə yoldaşım Lağlağı, əlində “Həyat”ın 106-cı nömrəsi, girdi içəri və dedi ki, xeyir-xahi-millət Əbutürab Axund oğlu “Həyat”da gözəl bir məqalə yazıb.Dedim:

4 dəq
Təzə təlim kitabı

Məlum şeydir ki, məktəblərdə təzə üsulla dərs vermək üçün kitablar azdır. Bu səbəbdən millət, vətən adına bir qulluq eləmək niyyətilə yoldaşlarım “Mozalan”, “Hop-hop”, “Lağlağı” və “Hərdəmxəyal”la himmət edib və köməkləşib bir hesab kitabı cəm etmək fikrinə düşdük.Hər bir məktəb şagirdi bu hesabların birini tapıb, cavabını yazıb idarəmizə göndərsə, ona həmin kitab çapdan çıxandan sonra bir cild göndəriləcək; amma bu şərtlə ki, şagirdin adının axırında “of” ola.

3 dəq

Başqa şairlərin şeirləri