Əzizim Həmidə! (26 iyun 1923)
Səndən 10 iyun tarixli bircə məktub və adamların həbs edilmələri və at barəsində teleqram almışam.
Mən hələ Bakıda sənə məsləhət görmürdüm ki, Qarabağa gedəsən. Bilirdim ki, oradakı cürbəcür xoşagəlməz əhvalatlar səni əsəbiləşdirəcək. Sən gedəndən sonra burada – Mərkəzi Komitədə keçmiş mülkədarların torpaqlarını əllərindən almaq barədə qərar çıxarılmışdır. Hərçənd mən bilmirəm hansı torpaqlardan söhbət gedir, çünki axı, heç kəsdə torpaq-zad yoxdur. Bununla səni xəbərdar etmək istəyirəm ki, dedi-qoduya yol verməməkdən ötrü torpaq şöbəsindən qətiyyən torpaq icarəyə götürməyəsən. Çünki sənin niyyətin nə qədər xeyirxah niyyət olsa da, axırda pis qələmə veriləcəkdir. Ümumiyyətlə, səndən çox-çox təvəqqe edirəm ki, birdəfəlik Bakıya köçüb gəlməyi qət eləyəsən. Burada nəinki yalnız uşaqların tərbiyəsi üçün sənin öhdənə çoxlu təklif düşür, həmçinin, istəsən mənim işlərimə də kömək edərsən. Əgər işləmək istəsən, bir neçə gün bundan qabaq Ağamalıoğlu məndən xahiş elədi sənə yetirəm ki, o səni ürəyin istədiyi işə qoya bilər.
Dustaqlar, at və silah barədə mən lazımi adamlarla danışmışam. Amma, Həmidə, vallah, mən kənd işləri barədə bu xahişlərdən tamam başımı itirmişəm. Çünki mən xahişlə bir işi düzəldincə kənddən bir neçə xəbərçilik kağızı gəlir. Ona görə mən belə hesab edirəm ki, bizim bircə çıxış yolumuz var: o da birdəfəlik şəhərə köçməkdir. Dəyirmanı icarəyə ver, faytonu sat, ya da şəhərə gətir. Nəhayət, axı, sənə də dinclik lazımdır.
Münəvvər üçün tibbi alətləri bir neçə gün əvvəl poçtla Ağdama – Müzəffərin adına göndərdim. Tənzif yadımdan çıxıb şkafda qalıb. Güzgü və çanaqölçən hələ tapmamışam, tapan kimi göndərərəm.
Lida oraya gəlməli olmadı, onun xoşuna gəlməyib ki, mən Cəlalı Kəhrizliyə göndərmək fikrimi dəyişmişəm. Mənsə fikrimi səndən əkinlərin tələf olduğu barədə xəbər alandan sonra dəyişdim. Lidanın nə üçün acıq elədiyi mənə aydın deyil. İndi bizim onunla heç bir əlaqəmiz yoxdur. Qoy Müzəffər onu özü çağırsın, məni bu işə qatmasın.
Canın-başın necədir? Uşaqların, Müzəffərin, Əliş bəyin kefləri sazdırmı? Nə üçün bu vaxtadək kənddə qalmısınız? Niyə mənə tez-tez kağız yazmırsan? Heç nədən korluğun yoxdur ki? Səbrsizliklə gözləyirəm ki, yayın axırı üçün sən uşaqları gətirib gələsən və bir yerdə olaq. İndi mən qışda başladığım pyesi yazıb qurtarmaq üzrəyəm, həmçinin əsərlərimin nəşri məsələsi ilə məşğulam və i. a. Sonra görək nə olur. Hələlik. Sağ ol, Əliş bəyə salam söylə.
Sənin Cəlilin
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-ezizim-hemide-26-iyun-1923
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən qərib adam, pulum da yoxdur. Gedirəm çörək almağa, səngəkçi qabaqca soruşur: yumşaq istəyirsən, quru? Deyirəm quru. Görürəm şatır səngəki səliqə ilə bişirir, o tərəfini bu tərəfini qızdırır, tutur qabağıma ki, götür apar. Mən də olan qalan bir abbasımı verirəm, çörəyi dürməkləyirəm və bir dəqiqədə qovurqa kimi yeyirəm, genə ac qalıram.Sabah genə getdim bir səngək istədim, genə çörəkçi soruşdu: yumşaq istəyirsən quru? Dedim qoy bu səfər “yumşaq” deyim, bəlkə bu səfər qarnım doya. Dedim yumşaq. Onda gördüm zalım oğlu şatır bir xəmir kündəsini yaydı, bir təhər burşaladı (məsələn, itə yal bişirən kimi), qoydu tərəziyə və bir-iki tikə də kəsdi, düzəltdi, verdi apardım yedim, doydum. Bəli, doydum, yəni möhkəm doydum. Amma qarnım şişdi və sancı elədi. Getdim davaxanaya, dava soruşdum, elə qiymət dedi ki, quruyub qaldım (amma davaxananın adını yadımda saxlamışam ha).
Təzə partilərAxır vaxtlarda Xoyda Amerika üsulu ilə dörd müstəqil parti təşkil tapıb.Birinci parti Qulu xan partisidir. Parlaman üzvləri İqbalüssəltənə atlılarından intixab olub. Rəisül-vüzəra məzkur Qulu xandır ki, prezident deməkdir.
Misyonerlərİranda hələ köhnə istibdaddan çox yadigarlar var, biri də misyonerlikdir.Rusiyada misyonerlik istibdadın atası birinci Pavel padşah tərəfindən təsis olunmuşdu. Hərçənd ikinci Aleksandrın azadixahlığı sayəsində misyonerlər hörmətdən düşdülər, amma axırıncı Nikolay əsrində misyonerlər yenə nüfuz qazanmışdılar; belə ki, Qazan müsəlmanları içində məşhur Radlov, Türküstanda Ostroumov və Qafqaziyada miropyevlər xeyli bir zaman müsəlmanların qanını şişəyə tutmaqda idilər ki, axır inqilabda onlar hamısı əziz ömürlərini İrandakı misyonerlərə bağışlayıb rədd oldular.
İanəTəbrizdə nəşr olunan “Minarə” adında erməni ruznaməsinə Qəzvin erməniləri tərəfindən iki yüz əlli tümən ianə göndərilibdir.Təəccüb eləmək lazım gəlir ki, iranlılar bu növ himmətdən uzaqdırlar, zira ki, İranda indiyə qədər nəşr olunan İran ruznamələrinin əksəri bir böyük mənbədən ya böyük əşxasdan pullar alıb o mənbəni və o əşxasın mürəvvici-əfkarı olublar, yəni onların əfkarına xidmət ediblər.
Başqa şairlərin şeirləri
Məgər məşuq aşiqin dərdindənHalı olmaz, xəbər bilməz, a zalım
Xosrov və Şirin, fəsil 110Ey könül, nur saçan bir şam yandır sən,Oda vurğun olma, şam ki deyilsən.
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Can bülbülü olmuş zəğəni-nəfsə giriftarCan bülbülü olmuş zəğəni-nəfsə giriftar,Daim qəfəsi-sinədə eylər ona azar.