Köhnə il
Adətdir, köhnə il qurtaranda və təzə il daxil olanda hamı qəzetələr köhnə ilin müddətində üz verən əhəmiyyətli vüquatı bir-bir yazıb oxuculara bildirərlər.
Bu adətə biz də əməl eləyirik.
Min doqquz yüz səkkizinci ilin ərzində böyük vüquatdan biri budur ki, Avstriya hökuməti Bosna və Hersək vilayətlərini zəbt eliyib öz məmləkətinə qarışdırıb və Bakının Bülbülə kəndində bir müqəddəs seyid bir lal müsəlmanın dilini açıb və danışdırıb. Həmin 1908-ci ildə İranda Səttarxan baş qaldırıb və gəncəli Məhəmmədovların köməkliyi ilə Azərbaycana sahib olub. Peterburq şəhərində rus xanımlarının yığıncağı baş tutub və hər vilayətin və hər tayfanın arvadlarından o yığıncaqda olublar. Qafqaz xanımları tərəfindən yığıncaqda ancaq Gəncə xanımlarından altı nəfər olub və bunlar orada hüquq barəsində çox nitqlər söylüyüb və Molla Məyub yeddi yaşında bir qıza kəbin kəsib, bir nəfər Molla Əliyə verməyi barəsində çox danışıqlar olub. Rus xanımlarının bir parası deyib ki, bunun eybi yoxdur. İslam aləmində iki böyük xeyir iş üz verib: Biri budur ki, Türkiyədə cavan türklər məşrutiyyət elanı eliyiblər, biri də budur ki, Gəncənin Qazax şəhərində müsəlman uşaqlarına ölü qüslü öyrətmək üçün məscid həyətində qüslxana açılıb və ölü öləndə məşhur müəllim Kərbəlayı Əli uşaqları başına cəm eliyib onlara dərs öyrədir.
Amerikada Taft adında bir şəxs cümhuriyyətlərə rəis seçilib. Həmin 1908-ci il bərəkətli il olub. Dünyanın hər bir yerində yaxşı məhsulat əmələ gəlib. Naxçıvan mahalında çox pambıq olub. Dağıstanın Axtı kəndində müsəlmanlar içində araq və pivə artıq rəvac tapıb. Bakıdan iki min manat gətiriblər ki, barı heç olmasa bir məktəb açsınlar, amma İtaliya məmləkətində Messina şəhərində zəlzələ olan kimi Axtıda məktəb pulları birdən yox olub.
Musiqi aləmində genə şad xəbərlər eşidilib: Bakıda teatr yazıçılarına müsəlmanlar tərəfindən dünyada misli olmuyan hörmətlər göstərilib. Tiflisdə gürcülərin ali bir teatrı başa gəlib və nayibin sifarişinə görə Lənkərandan Çornıqoroda üç mütrüb dəstəsi göndərilib.
Bu ilin abu havası hər yerdə bir cür olub. Bəzi yerdə yağış yağıb, bəzi yerdə qar yağıb. Baharda gah gün çıxıb hava xoş olub, qışda qar yağıb hava soyuq olub. Ağdaşda məktəb vəkilləri təzə müəllimə paltar veriblər ki, bir-iki gecə yatsın ki, sora özünə paltar alsın, amma naqafil gecə vaxtı vəkillər birdən gəlib biçarə müəllimdən paltarı alıb aparıblar. Bu da gedib o gecə hamamda yatıb ki, üşüməsin.
Həmin 1908-ci ildə Gəncə şəhərinə təzə konsul varid olub və Mir Bağır ağa konsulun qabağına çıxıb və ağa ilə konsul İran məşrutəsi barəsində çox şirin söhbətlər eliyiblər.
Bu il Səmərqənddə çox toylar olub və bu toylarda mollalar içki məclisində gözəl nitqlər söylüyüblər. Bu nitqlərin təsirindən Aşqabad cavanları o dərəcədə şəraba məhəbbət yetiriblər ki, şərabı içə-içə stəkanları da ağızlarında sındırıb tikə-tikə eləyiblər (hələ hirslərinə bax).
Noyabr ayının 12-də Culfanın yanında qaçaqçılar Arazdan keçəndə on dörd tay qaçaq malı salıb qaçıblar. Bu malların hamısı İran mətaidir: iki tay seyid və mərsiyəxan əmmaməsi, bir xurcun təsbeh, bir tay ”Cameüd-dəvat” kitabı, bir dəvə yükü talaqqa, iki tay tiryək və bir çuval həna.
(Mabədi gələn il 52-ci nömrədə).
Lağlağı
“Molla Nəsrəddin”, 28 dekabr 1908, № 52
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-kohne-il-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ağac çox gözəl bir şeydir. Ələlxüsus yayın istisində ağacın kölgəsi gözəl nemətlərin biridir. Məsələn: Gəncə, Tiflisdə Müştəhid bağı (canımsan a Bakı!).Amma Şuşa qalası, doğrudur, yay fəslində bimisl bir yerdir. Amma hayıf ki, indiyə kimi ağacı yox idi. Çünki şəhər dağın təpəsində düşüb və bu nainsaf su bilmirəm niyə aşağıdan yuxarı getmir. Onun üçün də Şuşa qalasında indiyə kimi küçələrin heç birində nə arx, nə kölgə verən ağac olmazdı.
MətbəələrQəzetlərdənİnşallah, bəlkə axırda hamı təngə gəlib yuxudan ayıla və görə ki, mətbəə baş idarəsi qəzetçilərin və kitabçıların başına nə iş gətirir.
MüəllimRus dilində nəşr olunan Bakı qəzetləri “müəllimlər” məsələsini ortalığa qoyub danışmaqdadırlar ki, yəni indi yay daxil olur, sonra da payız gələcək, bəs, lazımdır indidən bu fikirdə olaq ki, payızda müəllimlərimiz hamı öz yerində olsun və qulluqdan Quba meydanına qaçmasınlar.Bu rus dili məktəbləri müəllimləri barəsindədir.
Mayın biriBu gün küçələrdə özgə bir cəlal var; evlər qırmızı bayraqla bəzənib, balkonlar əlvan fərşlər və parçalarla bəzənib, avtomobil və faytonlar gül-çiçəklə bəzənib, küçələr dolu camaatla. Əsgərlər, şagirdlər, əmələlər qırmızı bayraq əllərində oxuya-oxuya dolanırlar. Qızlar, uşaqlar avtomobillərlə yainki piyada, qoşa-qoşa, cərgə ilə, əl-ələ verib oxuyurlar və gəzirlər, musiqi dəstələri bunlara səs verirlər.Bu gün mayın biridir; yəni bu gün azadlıq bayramıdır.
Başqa şairlərin şeirləri
Ey əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Əvvəl AllahƏvvəl Allah – imdi qüvvətHind elinin saf ürəkli ərləri!
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır