Altıncı şuralar qurultayında qəza nümayəndələri məzəli gileygüzar edirdilər; adam qulaq asanda elə bilirdi ki, bu danışan zarafat eləyir.

Amma bunlar hamısı doğrudur. Ağdam nümayəndəsi söyləyirdi ki, Şuşa şəhərinin fazili Ağa Əbdürrəhim ağa köçüb gəlmişdi ki, Ağdam məscidini döşəsin, səliqəyə salsın və oranı özü üçün mənzil qərar versin, həm də orada moizə eləsin, Allah baisin evini yıxsın: bu nadinc komsomollar bir gün dəstə tutub çıxdılar minarənin üstə və başladılar muzika çalmağa. Haman gün Ağa Əbdürrəhim ağa şələ-şüləsini yığıb məsciddən çıxdı qaçdı və ağanın pişmiş aşına su qatdılar.

Xızı dairəsindən nümayəndə belə deyirdi: Şura hökuməti yapışıb bizim vəhşi kənd əhalisinin qulağından və deyir ki, səni mən xahinəxahi gərək adam eləyəm və sənin təsərrüfatını yüksəldəm; ancaq Şura hökuməti onu bilmir ki, bizim vəhşi əhaliyə təsərrüfat-zad lazım deyil; onlara yaxşıca saz tüfəng-tapanca lazımdır ki, bir-birini vurub öldürsün. Hazır həmin mart ayında bizim dayirədə mən biləsi üç adam əldə ölübdür. Dəxi bizə təsərrüfat nə lazım?

Gəncənin Samux dayirəsindən gələn nümayəndə belə deyirdi: bizim ölkədə yol yoxdur; bu indiki qışda ölkəmiz az qalmışdır aclıqdan qırıla qurtara; onunçün ki, bir az qar da yağandan sonra heç yavuq dəyirmanlara da dən aparmağa yol tapa bilmədik. Yolsuzluğumuzun da səbəbi müsəlmançılığımızdır; çünki mollalarımız bizə həmişə söyləyiblər ki, yol, yol – o da tək bircə yoldur. O yol haman axirət yoludur ki, o da ibadətlə tapıla bilər. Onunçün də biz camaatı həmə vəqt məscidlərdə ibadətə məşğul edib bizi avara qoyublar.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 11 aprel 1929, №15

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Təbriz işləri

İndi şükür olsun Allaha, Təbriz sakitlikdir. Bir müddət bundan irəli, Allah göstərməsin, çox şüluğ idi. Amma indi, Allaha şükür olsun, bir qiylü qal-zad yoxdur. Allah bir də keçən günləri göstərməsin. Yəni məşrutənin xasiyyətindəndir: hər yerə ki, məşrutə gəlir, dünya guya ki, az qalır bir-birinə dəysin. Təbrizdə həmçinin, nə qədər ki, bu zəhrimar məşrutə yox idi, qoyunlar qurdlar ilə otlayırdılar və hərçənd ki, qurdlar acanda qoyunları tutub yeyirdilər, amma genə elə bir qarışıqlıq olmurdu. Amma bu məşrutə çıxan kimi əhali neçə tirə oldu: mollalar ayrılıb bir dəstə bağladılar, Ağa Seyid Haşım bir dəstə bağladı, Ağa Şeyx Səlim bir dəstə bağladı, bir dəstə Ağa Mirzə Əlinin dəstəsi, bir dəstə Xiyaban dəstəsi, bir dəstə Leylaabad dəstəsi, Sürxab dəstəsi, Dəvəçi dəstəsi, Bağmeşə dəstəsi, İsmayıl dəstəsi, Hacı Səməd dəstəsi, Qələbanbaşı dəstəsi, Kərbəlayı Həsən, nə bilim, qurd dəstəsi, meymun dəstəsi və genə bilmirəm nə dəstəsi.Hələ bunlar kifayət edər, sözüm burada deyil. Sözüm burasındadır ki, bu dəstələrin heç biri özgə arzuları və niyyətləri yox idi, məhz istədikləri bir-birini yox eləmək idi. Zalımların gözləri elə qızmışdı ki, ədavətlərinin şiddətindən məşrutə-flan yaddan çıxıb getmişdi Rusiya vilayətinə, yəni getmişdi orada verilən məşrutənin yanına.

2 dəq
Cəfərin anası

Dünən özümü soyuğa vermişdim, heç keyfim yox idi və kürəklərim ağrayırdı. Ayıb olmasın, bizim Cəfərin anasına dedim: “ay arvad, sən Allah gəl çıx mənim dalımı bir yaxşıca ayaqla”.Əvvəl nainsaf arvad acıqlı-acıqlı yavaşca öz-özünə dedi: “başına daş düşsün”. Mən eşitdim və bildim ki, mənə deyir.

2 dəq
Bakı dəryası

Nə gözəlsən, ey Bakı dəryası! Və necə xoşbəxtsən, ey Bakı dəryası! Ey Bakı dəryası, ey dəryaların seçilmişi! Ey göllərin padşahı! Nə göl kimi gölsən, ey Bakı dəryası, çünki yer üzündə sənin kimi böyük göl yoxdu! Nə dərya kimi dəryasan, Bakı dəryası, çünki çəkilib şir kimi durmusan kənarda və heç bir özgə dəryalara qarışmırsan, heç kəs ilə işin yoxdur!Nə gözəlsən, ey Bakı dəryası!

2 dəq
Cümə günləri

Biz müsəlman tayfası bir sözü danışanda heç o sözün dalınıqabağını fikirləşmirik. Elə, məsələn, indi mən özüm də bu sözləri yaza-yaza nə dalını fikirləşirəm, nə qabağını, elə ha zora salıb yazıram və heç fikir eləmirəm ki, görək axır bu sözləri yazmaqdan nə fayda, gərək bu sözləri kim oxuyacaq və kimə lazımdır və nəyə lazımdır ki, oxusunlar? Niyə də ki, oxusunlar və nə səbəbə gözlərinin nurunu töküb oxusunlar? Nə cəhətə “İxtiyarat” kimi kitabları qoyub bu cür cəfəngiyatı oxusunlar?Deyəsən bir az uzun oldu.

4 dəq

Başqa şairlərin şeirləri · Satira