Yan tütəyi
Səhifə 1 / 2
Cavan vaxtlarımda mən İrəvanda naçalnik divanxanasında qulluq edirdim. Qulluğumun adı dilmanclıq idi; yəni şikayətə gələn kəndlilərin sözünü naçalnikə rusca tərcümə elərdim, naçalnikin də sözünü türkcə yetirərdim kəndlilərə. Şikayətçi olmayan vaxtda da naçalnik tərəfindən pristavlara və yüzbaşılara hökmlər və qeyri kağızlar yazardım və kağızları öz əlimlə yazandan sonra verərdim naçalnik qol çəkərdi, göndərərdik öz yerinə.
Bir gün divanxanada oturub yazı yazırdım. Yoldaşlarımın çoxu ruslar idi; ancaq bir-iki nəfər müsəlman mirzələri hərə öz işinə məşğul idi. Günorta vaxtı idi. Burada birdən mənim başıma bir iş gəldi; oturduğum yerdə akoşkadan gördüm ki, divanxana həyətinə çoxlu kənd camaatı gəlməkdədir. Bu təbiidir: yaraşar ki, qəza naçalniki divanxanasında həmişə kəndli olsun. Amma məni təəccübləndirən iki şey oldu: biri bu idi ki, camaat adəti həddən artıq gəlirdi və ikincisi də bu idi ki, kəndlilərin bir çoxunun əlində bir şey görürdüm: uzaqda çubuq sapına oxşadırdım, amma akoşkaya yavıq gəldim və diqqətlə baxıb gördüm ki, kəndlilərin əlindəki yan tütəyidir.
Təəccüb! Məgər bunlar hamısı çobandırlar? Və əgərçi çobandırlar, tütəklərini niyə əllərində gətiriblər və nə münasibətlə buraya bu gün cəm olublar və kim bunları çağırıb?..
Mən, – necə ki, naçalnik dilmancı, – borc bildim çıxam həyətə və bu əhvalatdan xəbərdar olam, həyətə çıxan kimi camaat töküldü üstümə və başladı şikayətə:
– Ay ağa, bizə naçalnik ağanın rəhmi gəlsin. Biz Gərmə-çataq camaatındanıq. Həyə bu tütəkləri istəyirsiniz – bax, beş-on dənə yığıb gətirmişik. Vallah, billah, tapılmır. Çobanların çoxu dağdadır; hərə öz tütəyini götürüb aparıb. Sarvanlar kəndinə də adam göndərmişik deyirlər: orda ustası var, olsa qayırtdırıb gətirəcəklər. Yoxsa İrəvanı vurduq bir-birinə, ancaq beş-üç dənə tapdıq.
Mən bir şey başa düşmədim; çünki nə qədər fikir eləyirdim yadıma düşmürdü ki, naçalnik divanxanası Gərmə-çataq camaatından yan tütəyi istəmiş olsun və niyə istəsin? Mən bu fikrimi camaata dedikdə qabaqda duran kəndlilər belə bəyan etdilər ki, guya naçalnik divanxanasından hökm göndərilib Gərmə-çataq yüzbaşısına ki, bu gün yəni iyun ayının ikisində, İrəvandakı kazak qoşunundan ötrü əlli dörd dənə yan tütəyi camaatdan yığıb göndərsin.
Mən daha təəccüb elədim və soruşdum ki, bəs hanı naçalnik hökmü və yüzbaşı özü haradadır?
Bu heyndə bir kazak böyüyü, yanında bir neçə kazak, onların dalınca Gərmə-çataq yüzbaşısı Əbdül Kərim, əlində şallaq, onun dalınca yasovulu Heydərəli və bunların da yanlarında bir neçə nəfər Gərmə-çataq ağsaqqalı hücum çəkdilər divanxanaya və kazak böyüyü qeyzli, uca səslə naçalniki soruşdu və cavab almayıb, soxuldu naçalnikin kabinəsinə, yanındakılar da bunun dalınca.
Burada məni təəccübləndirən bu oldu ki, indi gələn kazakların birinin əlində dörd dənə “fleyta”, yəni yan tütəyi vardı. Bunlar, daha çobanlar çaldığı sadə yan tütəyi deyildilər; çünki “fleyta” dedikdə düyməli, uzun və şəvə kimi qara tütəklərdir ki, əsgəri musiqi dəstəsində bunun öz yeri var.
Çox qəribə! Kəndlilər bir yandan, bu kazaklar da bir yandan, – bunlar hamısı bu gün bizə yan tütəyi daşıyırlar.
Mən məəttəl qalmışdım və heç macal eləmədim ki, huşumu başıma yığam. Burada naçalnikin çox uca və çox acıqlı səsini eşitdim:
– Mirzə Abbas! (Məni çağırırdı).
Cəld özümü yetirdim naçalnikin otağına və gördüm ki, kazak böyüyü əyləşib naçalnikin yanında, o qalan adamlar da kənarda səf çəkib durublar. Naçalnik elə bir halətdə mənim üzümə baxırdı ki, deyirdim bu saat durub məni yeyəcək. Hirsindən kişinin gözləri qızarmışdı və mənə bir qədər dik-dik baxandan sonra əlini stolun üstə tərəf uzatdı və soruşdu:
– Bu nədi?
Mən kefli adam kimi, qabaqca stolun üstündə bir şey görmədim; amma stolun üstündəkilər haman dörd dənə fleyta idi (yəni yan tütəkləri idi) ki, bayaq kazakların əlində gördüm.
Naçalnik bir də dedi:
– Bu nədi?
Mən cavab verdim ki, bunlar fleytadır, yəni yan tütəyidir. Naçalnik belə giley-güzar başladı:
– Bəs sən ki, keflənməyə adətkərdə imişsən, nə cürət eləyib mənim idarəmə qulluğa girdin?
Mən cavab verdim:
– Cənab naçalnik, bizim şəriətimizdə keflənmək məndir və siz cənabın hüzurunda mən o qələti eləmərəm və eləyə də bilmərəm.
Elə ki, bu söz mənim ağzımdan çıxdı, naçalnik yerindən dik atıldı, stolun üstündən bir yazılmış kağız götürdü və mənə tərəf bir qədər əyilib, az qaldı kağızı soxa mənim ağzıma və çığırdı:
– Oxu.
İndi mənim yadımda deyil ki, mən o kağızı necə oxudum; çünki gözlərimi toz bürümüşdü. Amma kağızın məzmunu belə idi:
“Hökm. Gərmə-çataq yüzbaşısına, İrəvan qəza naçalniki tərəfindən. Hökm edirəm, əlbəttə və əlif əlbəttə iyun ayının ikisində İrəvan şəhərinə, Cəfərabad məhəlləsində olan kazak qoşununun böyük əfsəri polkovnik Afanasyevin hüzuri-şəriflərinə əlli dörd dənə yan tütəyi (fleyta) camaatdan yığıb göndərəsən; çünki həmin qoşunlar haman tarixdə haman yan tütəklərinə minib Kənakir kəndinə yaylağa gedəcəklər və məbada-məbada bu işi təxirə salasan ki, məsuliyyət altına düşəsən. Vəssalam.
İrəvan naçalniki Petrov”.
Demək, həmin hökm yazılıb bizim divanxanadan, hökmə qol çəkib həmin bizim naçalnikimiz Petrov və hökmü də öz dəsti-xəttilə yazan kimdir? Mən bədbəxt, mən yazıq, mən başıbəlalı Mirzə Abbas Fərzəliyev, yəni İrəvan naçalnikinin dilmancı.
Hə, yavaş-yavaş huşum başıma cəm olur və indi yuxu ilə həqiqəti seçirəm. İndi bilirəm ki, günah kimdədir, kimdə deyil. Və ancaq indi qanıram ki, mətləb nə üstədir və indi görürəm ki, bu fəsadı törədən kim imiş.
Vallah-billah, əgər naçalnikin yerinə mən olsaydım, yapışardım bu lənətə gəlmiş dilmanc Mirzə Abbasın boğazından (yəni özümü deyirəm ha) və o qədər sıxardım ki, boğulardı və boğulub öləndən sonra ağlı başına gələrdi.
Əhvalat belə imiş: hər kəs istəyir həmən qilü-qalın əslindən xəbərdar olsun, aşağıda yazılan bir neçə sətri zəhmət çəkib oxusun.
İki ay bundan qabaq naçalnikdən izn alıb getmişdim kəndimizə anamın ziyarətinə. Orada mən bir həftə qaldım. Amma necə qaldım? Əmoğlum Pirverdinin bərəkətindən, elə yadıma gəlir ki, kəndimiz behiştin bir güşəsi idi. Pirverdi bir məharətlə yan tütəyi çalırdı ki, onun çalmağına qulaq asanda mənim yemək-içmək yadıma düşmürdü.
Əmoğlumun peşəsi qoyun saxlamaq idi və qoyunları da kürd çobanlarına tapşırmışdı. Bununla belə özü də həmişə qoyunlarının yanında olardı və qeyri çobanlar kimi bu da yan tütəyini çalmağı adət eləmişdi. Amma Pirverdinin çalmağı özgə bir çalmaq idi və çox ittifaq düşərdi ki, qonşu kəndlərdən bunun yan tütəyi çalmağına qulaq asmağa gələrdilər və mənim özümün bu çalğıya o qədər həvəsim vardı ki, daha doya bilmirdim. Axırda mən özüm də bir belə eşqə düşdüm ki, özümə bir yan tütəyi ələ gətirib başlayım yavaş-yavaş çalmağa ki, bəlkə, pənah Allaha, mənə də elə xoşbəxtlik üz verdi ki, mən də Pirverdi kimi çalan oldum. Əmoğlum bu xəyalı bilən kimi öz yan tütəyini bağışladı mənə və mənim bir həftə məzuniyyətim qurtarandan sonra tütəyi səliqə ilə basdım pambığın arasına, qoydum bir balaca qutuya ki, yolda arabada sınmasın və gəldim İrəvana. Burada mənzilimdə qutudan tütəyi çıxardım və üst-başımın tozunu silməmiş və yoldan rahat olmamış, başladım tütəyi çalmağa.
Amma, heyif və heyif; nə qədər püfləyirəm – tütək heç bir səs vermir. Dodağımı gah belə tuturam, gah elə tuturam, gah yavıqdan çalıram, gah bir az uzaqdan üfürürəm. Tütək ancaq körük kimi fısıldayır, ancaq bir səs çıxartmır.
Daha yorulub, bir qədər məyus oldum. Tütəyi qoydum stolun üstünə, çıxdım getdim divanxanaya. Qulluğumu qurtarıb gəldim evə və çörəkdən qabaq genə götürdüm tütəyi və genə istədim çalam. Xeyr, çalınmır.
Dedim bəlkə yolda tütək xarab olub; diqqətlə o tərəfə-bu tərəfə baxdım. Xeyr, salamatdır, amma çalınmır. “Allahü-əkbər”. Genə yoruldum və qoydum kənara. Çörək yedim və çıxdım getdim gəzməyə və qayıdıb gələndən sonra genə istədim imtahan eləyəm. Xeyr, çalınmır. Bari pərvərdigar, bu nə bədbəxtlik?! Niyə sən məni elə bir nemətdən məhrum qılırsan ki, o neməti sən hər bir çobana kəramət eləmisən? Mən nə günahın sahibiyəm?
Və belə-belə Allahı çağırmaq genə bir fayda bağışlamadı, çünki bu xeyir-duadan sonra nə qədər əlləşdim, – tütəyim çalınmadı.
Yada salıram Pirverdinin çalmağını: tütəyi belə tuturdu, sağ əlini qoyurdu, sol əli ilə belə yapışırdı, barmaqları burada olurdu, dodaqlarını belə yumurdu. O ki, bunları belə eləyirdi ki, mən də belə eləyirəm, bəs niyə bu şoğərib tütək onun əlində çalınsın, mənim əlimdə çalınmasın!..
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-yan-tuteyi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu zülm doğrudan da, nə yerə sığışar, nə göyə.Əhvalat belədir:
MətbəəMən necə vəsf edim şəhənşahıMəhü, xurşidrüxi-fələkcahi
PapaslarMən hər vaxt məcmuəmizdə bir məqalə yazanda, ya bir kəsə bir məktub yazanda, yainki bir məclisdə söhbət eləyəndə, bircə şeydən çox nigaran olaram: həmişə qorxaram ki, oxucular elə xəyal eləyələr ki, mənim fars dilindən və ərəb dilindən heç xəbərim yoxdur; qorxuram bilməyələr ki, mən fars və ərəb dili də oxumuşam. Və bu cəhətdən bir məqalə, ya məktub yazanda nə qədər mümkündür səy edirəm ki, yazılarımın içində bacardıqca çox fars və ərəb kəlməsi işlədim.Yəqin ki, qeyri yazıçılar da mənim günümdədir və hər kəs desə ki, “xeyr”, – əlbəttə, yalan deyir.
Məhəbbətİnsan bir yerdə nə qədər vaxt qalıb oradan uzaq düşəndən sonra genə haman qabaqca qaldığı yeri çox dost tutur və özü üçün vətən kimi bir şey hesab edir.Tiflisdə bir vaxt İran konsulu və indi İstambulda İran səfiri – kəbiri prins Mirzə Rza xan Ərfəüddövlə həzrətlərinin dünyada heç bir kəsə o qədər məhəbbəti yoxdur, nə qədər ki, Qafqaz müsəlmanlarına vardır. O gündən ki, Qafqaz müsəlmanları şeyxülislamsız qalıblar, cənab prins bu fikirdə olub ki, Qafqaz şeyxülislamlığına elə bir zat təyin olunsun ki, onun qeyrəti və hümməti sayəsində Qafqaz müsəlmanları xoşbəxt olsunlar.
Başqa şairlərin şeirləri
Şeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Səhər-səhər həsrət ilən gəzirdimSəhər-səhər həsrət ilən gəzirdim,Cüt qoşa nar gördüm iki sinədə.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin