Səhifə 2 / 2 · 50%


Bir gün səhər yerimdən durdum, geyindim, tez bir stəkan çay içdim ki, gedim divanxanaya qulluğuma və ehtiyat üçün tütəyi götürdüm, dayadım dodağıma. Aha!.. Qurban olduğum tütək çalındı; yəni bundan bir səs çıxdı. Haman səs idi ki, Pirverdinin kəndimizdə çalmağını yada salırdı.

Ax, haradasan, əmoğlu, səni bir qucaqlaya idim və basa idim bağrıma, doyunca öpə idim!..

Saata baxdım; qulluğumun vaxtından yarım saat keçirdi. Tütəyi bir neçə dəfə öpdüm, səliqə ilə qoydum qutuya və qaçdım küçəyə.

Pəh-pəh, nə gözəl dünya! Günün istisi, küçənin tozu, adamların yaxşı, ya pis hərəkəti, dağ, daş, otlar və ağaclar, – guya bunların hamısı bu gün dilbir olublar ki, mənə mübarəkbadlıq versinlər ki, bu gün mənim tütəyim səs çıxardıb.

Divanxanaya yetişdim, yoldaşlarımın cəmisinə salam verdim və bir-ikisinin qulağına pıçıldadım ki, bü gün mənim tütəyim çalınıbdır. Oturdum, kağız-kuğuzu çıxartdım, başladım yazmağa. Amma hər nə ki yazıram, – heç bilmirəm nə yazıram, hər kəslə danışıram, – bilmirəm nə danışıram; çünki fikrim tütəyin yanındadır. Saatı çıxardım qoydum stolumun üstə ki, görüm saatın şümarələri nə vaxt gəlib 3-ün üstündə duracaqlar ki, börkümü götürüb qaçım evə.

Bu arada naçalnik məni çağırdı və belə dedi:

– Götür, bu saat bir hökm yaz Gərmə-çataq yüzbaşısına ki, iyun ayının ikisində əlbəttə və əlif-əlbəttə Cəfərabad məhəlləsində olan kazak qoşununun böyük əfsəri polkovnik Afanasyevin hüzuri-şərəflərinə əlli dörd dənə araba camaatdan yığıb göndərsin; çünki qoşunlar haman tarixdə, haman arabalara minib Kənakir kəndinə yaylağa gedəcəklər və bu işi məbada təxirə salasan ki, məsuliyyət altına düşərsən. Vəssalam.

Mən naçalnikə “baş üstə” deyib getdim. Hökmü yazdım və gətirdim naçalnikin qabağına qoydum. Bu da bir-iki sətir başdan və bir-iki söz axırdan oxudu və qələmi götürüb qol çəkdi, qaytardı mənə; amma bircə bunu dedi ki, “tez, tez, bu saat göndər”.

Hökmü haman dəqiqə dəftərə saldılar, qoydular paketə və göndərdilər.

Amma araba nədir, zad nədir? O gün mənim beynimə belə-belə sözlər çox çətin girə bilərdi; çünki o gün mənim fikrim-zikrim məhz yan tütəyinin yanında idi. Və o gün məndən ötrü yan tütəyindən savayı heç bir şey yoxdu və ola da bilməzdi. Və gör o günü məndə olan yan tütəyinin eşqi nə qədər qəliz imiş ki, naçalnikin hökmündə “araba” əvəzinə “yan tütəyi” yazmışam.

Hökm də gedib Gərmə-çataq yüzbaşısına çatandan sonra, o da hökmü verib mirzəsinə oxudub və camaata xəbər veriblər ki, naçalnik camaatdan əlli dörd dənə fleyta, yəni yan tütəyi istəyir. Hamı məəttəl qalıb, aya, bu qədər yan tütəyini haradan yığmaq mümkündür və aya, görəsən qoşuna bu qədər yan tütəyi nə lazımdır; çünki axı yan tütəyini minmək olmaz! Bu at deyil, eşşək deyil. Və axırda yüzbaşı və kənd mirzəsi ki, camaat içində hamıdan çox bilən imişlər, camaatı başa salırlar ki, yəqin qoşunların musiqi dəstəsinin çalğılarının xərcini hökumət istəyir kənd camaatının öhdəsinə qoysun.

Bir qədər də danışdıqdan və məsləhətdən sonra belə qərar qoyurlar ki, camaat içindən üç nəfər ağsaqqal seçib göndərsinlər şəhərə ki, bazarı gəzib nə qədər tapsalar, yan tütəyi alsınlar və çobanlardan da hər nə bacarsalar, yığıb aparsınlar. Bundan əlavə qubernata da bir ərizə yazdırsınlar ki, bundan sonra qoşunların musiqi dəstəsinin xərcini camaatın üstünə yıxmasınlar; çünki Gərmə-çataq camaatı çox kasıbdır.


İrəvanda Cəfərabad məhəlləsində oturan kazak qoşunları iyunun ikisində Kənakir dağına yaylağa gedəsi idilər və İrəvan naçalnikindən haman gün əlli dörd araba istəmişdilər və naçalnikdən kazak böyüyünə cavab gəlmişdi ki, lazımi qərardad olunub və vəqti-müəyyəndə əlli dörd araba hazır olacaq.

Haman iyunun ikisində arabalar gözlənilən vaxt kazak böyüyü polkovnik Afanasyevə ərz edirlər ki, Gərmə-çataq yüzbaşısı dörd dənə fleyta gətirib. Polkovnik bu işə təəccüb edir və fleytaları qəbul etməyib, arabaları soruşur. Yüzbaşının da ki, arabadan xəbəri yox. O da naçalnikin hökmünü nişan verir. Hökmdə də araba yazılmayıb, yan tütəyi yazılıb.

Polkovnik bir neçə dəfə ayaqlarını yerə döyəndən sonra və yüzbaşının atasını və anasını bir neçə dəfə söyəndən sonra yüzbaşını da, onun yasavulunu da və gətirdikləri yan tütəklərini də götürüb, bir neçə kazak əsgərləri də onların dalınca gedirlər naçalnik divanxanasına ki, görsünlər bu nə əməldir.

Xülasə.

Amma naçalnikin və mənim başıma bu mərəkəni açan yan tütəyindən də axırda elə bir mətləb hasil olmadı; axırda belə məlum oldu ki, yan tütəyi çalmaqda əmoğlum kimi məharət göstərmək və qulaq asanları valeh etmək mənə xudayi-taaladan qismət deyilmiş.

Bir qədər keçəndən sonra musiqiyə olan həvəsim o qədər azaldı ki, başıbəlalı tütəyi bilmərrə gözdən saldım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Zülm

Bu zülm doğrudan da, nə yerə sığışar, nə göyə.Əhvalat belədir:

2 dəq
Mətbəə

Mən necə vəsf edim şəhənşahıMəhü, xurşidrüxi-fələkcahi

3 dəq
Papaslar

Mən hər vaxt məcmuəmizdə bir məqalə yazanda, ya bir kəsə bir məktub yazanda, yainki bir məclisdə söhbət eləyəndə, bircə şeydən çox nigaran olaram: həmişə qorxaram ki, oxucular elə xəyal eləyələr ki, mənim fars dilindən və ərəb dilindən heç xəbərim yoxdur; qorxuram bilməyələr ki, mən fars və ərəb dili də oxumuşam. Və bu cəhətdən bir məqalə, ya məktub yazanda nə qədər mümkündür səy edirəm ki, yazılarımın içində bacardıqca çox fars və ərəb kəlməsi işlədim.Yəqin ki, qeyri yazıçılar da mənim günümdədir və hər kəs desə ki, “xeyr”, – əlbəttə, yalan deyir.

3 dəq
Məhəbbət

İnsan bir yerdə nə qədər vaxt qalıb oradan uzaq düşəndən sonra genə haman qabaqca qaldığı yeri çox dost tutur və özü üçün vətən kimi bir şey hesab edir.Tiflisdə bir vaxt İran konsulu və indi İstambulda İran səfiri – kəbiri prins Mirzə Rza xan Ərfəüddövlə həzrətlərinin dünyada heç bir kəsə o qədər məhəbbəti yoxdur, nə qədər ki, Qafqaz müsəlmanlarına vardır. O gündən ki, Qafqaz müsəlmanları şeyxülislamsız qalıblar, cənab prins bu fikirdə olub ki, Qafqaz şeyxülislamlığına elə bir zat təyin olunsun ki, onun qeyrəti və hümməti sayəsində Qafqaz müsəlmanları xoşbəxt olsunlar.

2 dəq

Başqa şairlərin şeirləri