Məzmun
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5

Səhifə 3 / 4 · 50%

Əkbərin nə yalvarması, nə vasitəsi, nə vədəsi Əlipaşanın bir qəpiyinə əvəz ola bilmədi. Əlipaşa, bu barədə vasitəçi olanları az qala söyüb qovurdu.

Axırda Ayaz özü Əlipaşaya yalvardı:

– Ağa, - dedi, - mənə atalıq haqqı qoyub, çörək veribsən. Mən də xəcalətindən çıxaram. Biz borclu olaq, sən də...

Ayaz öz təmənnasmı deməyə utanırdı. Əlipaşaya məsələ aydındı.

– İndi ki, sən xahiş edirsən, qız pulunu keçirəm. Amma qabaqca sən də mənim kiçik bir xahişimə boyun əyəcəksən.

– Ağa, gözüm üstə, buyurun.

– Bir söz deyəcəyəm sənə. Axşam danışarıq.

– Çox razıyam, indi buyurun, elə mən hazıram.

– Yox, elə məsələdir ki, gecə danışsaq yaxşıdır.

Ayaz Əlipaşanın - ürəyindəki "məsələni" anlamışdı. O gecə qorxudan özünü xəstəliyə vurub, bacılığı Gülzarın yarunda qaldı. Gecə səhərə qədər gizli-gizli ağladı.

Səhər suya gedəndə Əkbəri orada duran gördü. Əkbər Əlipaşanın mərhəməti haqqında xəbər soruşmağa gəlmişdi. Ayazın üzünə baxan kimi, ağladığını hiss etdi. Köyrəldi, o da ağlamaq istədi. Özünü toxtadıb soruşdu:

– Sənə nə olub? Niyə ağlayıbsan? De görüm? Niyə?

Əkbərin sualı Ayazı daha köyrəltdi. Güyümü yerə qoyub dizlərini qucaqladı, hönkür-hönkür ağlamaq istədi. Utandı, ayağa qalxıb, kəhriz başı ilə yuxarıya, bağçaya sarı getdi. Əkbər də onun dalınca düşdü.

Dalda bir yerdə dayandılar. Ayaz Əkbərə nə dedisə, Əkbər əvvəl kağız kimi ağardı, sonra pul kimi qızardı, bədəni alovlandı...

Həmin gecə Əkbər ilə Ayaz əl-ələ verib şəhərdən qaçdı.

3

Sərin bir payız axşamında Əkbər səfərdən qayıdıb, Ayazın qucağında uşaq gördü. Astanadaca dayandı, sevincindən nə edəcəyini bilmədi. Gəlin ananı - hələ dodağından ilk öpüşün istisi soyumamış, qəlbindən ilk təbəssümün narıncı alovu sönməmiş, ilk baxışın həsrəti getməmiş Ayazı təbrik etsinmi? Sabahkı qara günlərini, ağzını əjdaha kimi açmış ehtiyacın dəhşətlərini düşünüb ağlasınmı?

Sevinsin!

Heyvan da balasına baxıb fərəhlənir. Lakin insan müstəsna bir məxluqdur. Uşaq iki qəlbin bir məhəbbəti, iki keçmişin bir gələcəyidir. Süfrəsi uşaq şıltağı, uşaq həvəsi, övlad səsi ilə şənlənməyən ailənin kədəri dağlardan ağır, zəhərlərdən acıdır. Onu tənhalığın qara və iti dişləri meyit kimi gəmirər. Ölüm belə onları quldur kimi çalıb aparar.

Bunları düşünərək, oğlunu bağrına basan ata övladının qırmızı, balaca, yumşaq yanaqlarını öpüb, başından ayağa qədər süzdü. Nədənsə o, atalar sayağı, uşağın qaş-gözünə, sifətinə diqqət edib, özündən bir əlamət görmədi. Gözü, uşağın əsgiyə bükülmüş, soyuqdan göyərmiş bədəninə sataşdı. Ayağına baxdı. Boğazından tutan ehtiyac və yoxsulluğun əzabını bir daha dərindən duydu. Qarşısına böyük hədiyyə ilə çıxan Ayaza boş əllərini göstərməyə xəcalət çəkdi.

Əkbəri kədər basdı: budur, ay günəşi, gecə gündüzü, soyuq istini qovub, aparır, uşaq ayaq alıb küçəyə çıxır, dil açıb atasından paltar, ayaqqabı, yemək, əyləncə şeyləri istəyir. Ata isə təqsirini boynuna almış bir cinayətkar kimi susur, susur...

Ayaz anlamışdı. Ərinə baxıb, o da xəcalətindən boğulur, ona daha bir ac qarın gətirdiyi üçün özünü böyük günahkar sayırdı. Balasına, sonra da Əkbərə baxıb ağladı. Əkbər də Ayaza baxıb ağladı. Ürkdümü, bir şeymi hiss etdi, nəsə, körpə də qışqırdı. Uşaq uzaq keçmişlərdən, xəyali gələcəklərdən qopan sızıltı ilə xəcalətliliyini bildirirdi? Atasına təsəllimi verirdi? Dərdlərinə şərikmi olurdu? Yoxsa yalana, hiyləyə, bədxahlığa açılmayan dili ilə gələcəkdən, bədbəxt ata-anasına məlum olmayan böyük və ağ günlərdən müjdəmi verirdi?

4

Gün o gün oldu ki, Əkbər kərpic zavodunda həmişəlik işə götürüldü. Direktorun əmrini alanda sevincindən idarədə dayana bilmədi. Qapıya çıxıb yaxasını açdı. Bahar günortasının ilıq və duru havasını bulaq suyu kimi içdi, böyük bir rahatlıq hiss etdi.

Doğrudur, bu son illərin hadisələri Əkbər deyən kimi keçib-gedirdi. Bu bahar çox adamları qış çiçəyini günəşə çıxaran kimi, işıqlı həyata çıxarıb, can verdi, sevindirdi. Lakin o heç vaxt bugünkü qədər sevinib, eşqə gəlməmişdi, özündə belə cəldlik, cəsarət və möhkəmlik hiss etməmişdi.

İndi o bir istehsalat ocağının həmişəlik işçisi, işçi ailəsinin bərabər bir üzvü olmuşdu. Onu işsizlik, ailə xəcaləti, soyuq qış gecələri, istirahətsiz yay günləri gözləmirdi. O, daha qapı-qapı düşüb, "ayıbalası" (kərpic) kəsməyəcəkdi, Əlipaşaların tikintisində qarın çörəyinə tər tökməyəcəkdi, qılçası göynəməyəcəkdi, adaxlısı ağır söz eşitməyəcəkdi.

İnqilab onun canını, qanını, insanlıq hüququnu, hətta namusunu belə oğruların əlindən çəkib almışdı, canavardan saldıran kimi saldırmışdı. Aldığı maaşla ailəsini təmin edəcək, orta güzəran ilə üç uşağını böyüdüb, bəsləyə biləcəkdi. İllərdən bəri çeynənən həyatını isidəcək, şənləndirəcəkdi. Uşaqlar böyüyüb hərəsi bir işin qulpundan yapışandan sonra Əkbər tamam rahat nəfəs alacaqdı, ehtiyacın daşını atacaqdı.

Bir gün işdən çıxanda direktor onu çağırdı:

– Əyləş! İşlərin necə gedir?

Əkbərə elə gəldi ki, direktor görəsən, incimişdi, işdənmi narazıdır, ya vəzifə tapşıracaq, nədir...

– Niyə, pis deyil, - deyə cavab verdi.

Onun yarımçıq cavabı direktora xoş gəlmədi:

– Burunaltı danışma. De görüm, nəyin çatmır? Niyə bikefsən?

Əkbər çaşdı. Fikirləşməmiş, hazırlaşmamış cavab verməkdən çətinlik çəksə də, kirimədi:

– Bikef deyiləm.

– Bəs niyə sozalırsan?

– Durub sənə "dasnıcors" oynamayacağam ki? Yorğun adamam. İndicə çıxıram işdən!

– Get naharını ye, dincəl, axşam yanıma gəl.

Nigarançılıq ilə keçən bir neçə saatda Əkbərin ürəyinə nələr gəlmədi? Direktorun nə üçün çağırdığını bilə bilmədi. İntizarı get-gedə artırdı.

– Bilirsən, nə var?

– Nə var?

– Neçə uşağın var?

– Var bir üç-dördü. Necə bəyəm?

– Burada bağça düzəldirik. Fəhlə uşaqlarını yığıb tərbiyə verəcəyik. Hər xərci bizdəndir. Müəllimi, yeri, çarpayısı, yeməyi, içməyi...

– Mən verə bilməyəcəyəm.

– Niyə? Niyə gərək verə bilməyəsən? Səbəbi?

Direktor Əkbərin etirazına təəccüb edib, təkid ilə soruşurdu. Əkbər soyuqqanlılıqla cavab verirdi:

– Çünki maaşım çatmır.

– Səndən pul istəyən kimdir?

– Ayın başında çıxmayacaqsmızmı?

– Kim?

– Bəs necə?

– Boş danışma, ağzımda söz deyirəm, xərci hökumətdəndir.

– Elə şey olmaz! Bəs xərci sizdəndirsə, bizi niyə çağırırsınız!

– Çağırırıq, bütün ataları çağırırıq ki, övladlarım versinlər.

– İndi gedim gətirim?

– İndi yox, bağça düzələndən sonra.

– Üçünü də götürərsinizmi?

– Ayaq tutanın hamısını! Siz gərək arvadları da başa salasınız.

– Ona söz vermirəm.

– Burada bir çətin iş yoxdur.

– Yox, yoldaş direktor! Kimin arvadını deyirsən, gətir başa salım, ancaq mənim arvadımı başa salmaq çətindir.

Əkbər bağçanın pulsuz olacağına heç inana bilmirdi. "Uşağın hökumətə nə xeyri var? Uşağı nə üçün bəsləsinlər? Yox, hökumət gəlir-çıxarını yaxşı bilir. Sabah-birisi gün görəcəksən budur, maaşlardan lutdular..."

Hər ay o maaş alanda, bağçada tərbiyə alan uşaqlarını yadına salır, onlara pul çıxacaqlarını güman edirdi. Hesabdar isə az qala, əlli-altmış manat da artıq verirdi. "Bu, fəhlənin paltar puludur", "bu dəfə mükafatın da var"- deyirdi.

Aylar, illər keçdi, Əkbərdən bağça haqqı tutmadılar.

Bir gün zavodda iclas vardı. Özgə yerdən də fəhlələr gəlmişdi. Direktor haqq-hesab vermək üçün pilləkənli kürsünün üstə çıxdı. Dedi, dedi. Zavodda görülən işləri saydı. Bağça məsələsinə gəlib çatanda Əkbərin ürəyi tıp-tıp elədi. "Deyəcək, Əkbər filan qədər borcludur."

Direktor elə demədi, belə dedi:

– Fəhlə uşaqları üçün qırx nəfərlik bir bağça düzəltmişik. Əvvəllər fəhlələrin bəzisi qorxub, uşağını vermirdi. Elə bilirdilər, onlardan pul çıxacağıq. Halbuki, idarə bağça üçün ildə dörd min beş yüz manat pul buraxır!

– Azdır, çox azdır! - deyə mərkəzdən gələn bir çeşməkli oğlan dözə bilməyib, yerindən səsləndi.

O, məruzədən sonra çıxıb direktoru bərk tənqid elədi:

– Mən baxmışam, o bağça ilə az məşğul olursunuz. Yoldaşlar, hökumətimiz qənaət deyir, ancaq qənaətin yeri var. Fəhlə uşağının tərbiyəsinə əsirgəmək qənaət deyil, xəyanətdir. Bəli, xəyanətdir! Yoldaş müdir anlamalıdır ki, zavod fəhlələrindir. Mən təklif edirəm: zavodun hesabına uşaqlara xüsusi bağça binası tikilsin. Həyəti, bağı, oyun otağı, hamamı, mətbəxi də içində. Orada hər cür oyun şeyləri olsun. Şəhərdən iki nəfər yaxşı tərbiyəçi çağırılsın. Uşaqlar bizim gələcəyimizdir, umudumuzdur.

Bunları eşidəndə Əkbəri heyrət götürdü. Ömründə ikinci dəfə idi ki, o, bu qədər təəccüb edirdi. Təəccüb etsə də, tamamilə inandı, Sovet hökumətinin, böyüklərə olan kimi, kiçiklərə də ata qayğısı bəslədiyini yəqin etdi. İxtiyarsız təbəssüm edən dodaqlan tərpəndi: "Sovet hökuməti dedimi, eləyəcək! Buna nə söz!"

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Mənim utancaq tələbəm

– Əmikişiyevin məsələsinə baxmaq istəyirik, – dedi, – zəhmət olmasa, siz də iştirak eləyəsiniz.Partkom katibi xahiş ədası ilə mənim üzümə baxdı, cavab gözlədi. Hər bir institutda cari ictimai işlərdən başqa, tələbənin təqaüd, mükafat, məzuniyyət, dərsə davam məsələsi təşkilatı çox məşğul edir. Həftə olmur ki, belə müzakirələrə vaxt sərf edilməsin.

19655 dəq
Qanadlı qızlar

Dünən bir ziyalı yoldaşım ilə heç nə üstündə qızğın deyinm əli, hətta əsəbiləşməli olmuşam.– Qardaş, – deyir, qıza-qız deyiblər, oğlana-oğlan! Mən heç vaxt razı olmaram ki, qız uşağı qollarını çirməyib maşın, əkin, tikin işinə gedə, sabah da qolu-qıçı şikəst qayıda.

19658 dəq
Ad günü

Deyirlər, nəvə şirin olur. Mən inanmazdım. İndi görürəm ki, bu sözdə bir həqiqət var. Nəvə ilə oturub-durmaq cavanlıq günlərini xatırladır. Güman edirsən ki, o, balanın balası yox, öz balandır. Günlər də pardaxlanan gəlinlik günlərindir. Canına həvəs, gözünə işıq, dizinə taqət gəlir.Mənim iki nəvəm var, bir-birindən dəcəl.

19663 dəq
Fərəh məclisi

Dostlarımın əhatəsində olduğum zaman özümü xoşbəxt sayıram. Müsahiblər şikayətlənir ki, yaxşı dost azdır. Mən belə bir şikayətdən uzağam. Çünki mehriban dostum çoxdur. Müsahiblər dostlar ilə az və çətin görüşmələrindən gileylənirdi. Burada da mən seçilirəm. Mən dostlarım ilə istədiyim zaman görüşürəm.Deyəcəksiniz, nə üzüyola dostlarınız var.

19666 dəq

Başqa şairlərin şeirləri