Səhifə 2 / 2 · 50%

Zalkind otaqdan yenicə çıxmışdı ki, komendant zəng etdi:

– Mister Hüseyn Məhbusi sizi görmək istəyir.

– Buraxın gəlsin.

Məhbusi iti, lakin səssiz addımlarla içəri girdi. Oğrun və soyuq baxışlarla fon Valteri süzdü. Fon Valter başını kağızlardan qaldırıb, gözucu baxdı və əllərini başına çəkdi. Şərq ölkələrində on beş illik fəaliyyəti dövründə o, Məhbusi kimi adamlara az rast gəlməmişdi. Daha doğrusu, onun sənəti bu cür adamlar tərbiyə etmək idi. Əxlaqı pozğun, mənəviyyatı çürük, vətənini satan bu adamlar, onun hər şeyi görən gözləri, eşidən qulaqları, gizlində vuran əlləri idi. Fon Valterin gücü bu adamlarda idi. Yabançı bir məmləkətdə ümumi xalq nifrəti şəraitində bu adamlar onun torpağa atdığı ilk rişələr idi. Lakin onların həyasızlığı da fon Valterə məlum idi. Özbaşına buraxsan, yabançı mənbələrə gedib çıxacaq, şirə verdikləri bədəni çürüdəcəkdilər. Buna görə də onlarla həmişə ehtiyatla rəftar edər, mütləq əlini cibindəki tapançanın üstünə qoyub danışardı. Məhbusinin salamını alıb, ayağa durdu. Qabağında dayandı:

– Deməli, sərtiblə əlaqə düzəldə bilmədin...

Məhbusi yavaş və boğuq səslə:

– Yox, – dedi, – əvvəldən ki, əyri gəlmişik, yaxına buraxmır.

Fon Valter qaşlarını gözünün üstünə endirdi:

– Yadında saxla, sən etiraz və mübahisə üçün deyilsən. Sənsiz də şahpərəstliyi müdafiə edə biləcək təşviqatçılar tapılar.

Məhbusi özünü doğrultmaq üçün dəlillər gətirməyə çalışdı. Onsuz da az şey öyrənmədiyini söyləyib, Təbriz hadisələri, Həmid Həmidi haqqında neçə gün əvvəl dediklərini təkrar etdi. Fon Valter onun bu uzun nağılına qulaq asıb, yeni bir fikir tapmadıqda sözünü kəsdi:

– Tapşırıqlarımı eləmisənmi?

Məhbusi sevincək cavab verdi:

– Bəli, hər şey hazırdır. Bu, dediyiniz evin ünvanı – Sahibi Qəmərbanudur. Bir adı da Səadət xanımdır. Danışmışam. Bizim əlimizdədir. Şəhərdə mötəbər adamların gəlib-getdiyi ev buradır. Bu da ərbab Yavərinin ünvanıdır. Zirəkdir. Hər tapşırığa yarar... Desən get ananın başını...

Fon Valter əllərilə başını tumarlayıb, yenə onun sözünü kəsdi:

– Qəmərbanu ilə əlaqə saxla. Xanımların hamısını öyrən, üç günə siyahısını mənə gətir. Həmçinin ora gəlib-gedən adamların siyahısını, ərbab Yavərini isə sabah gecə saat on ikidə yanıma göndər. Xudahafiz...

Məhbusi getdi... Fon Valteri elə stolun dalında qəribə bir xəyal apardı. Bu xəyal içində Rza şah, Həkimülmülk, Hikmət İsfahani və Məhbusilərin siması canlanırdı... Onların “əzəmətli keçmişi”, “yeni qaydalar”, “yeni torpaqlar”, “böyük dövlət” kimi sözləri yadına düşdükdə qeyri-iradi gülümsədi:

– Əbləhlər! Əbləhlər!..

Birdən şəkillər dəyişdi. Rza şahlar, Həkimülmülklər, Hikmət İsfahanilər ani olaraq uzağa çəkildilər. Sehrkar bir əl dünyanın yeni xəritəsini divardan asdı. Burada “Alman imperiyası” yazılmış hərflər LaManş sahillərindən başlanır, İran körfəzindən keçərək, Hind dəryasında qurtarırdı. Yenə şəkil dəyişdi. Yenə başqa bir mənzərə açıldı. Fon Valter böyük imperiyanın İran valisidir... Paltarını dəyişmiş, başqa nişanlar taxmış Rza şahlar, Həkimülmülklər bellərini azca əyərək, onun qabağında durub, yerli idarə qaydaları haqqında göstəriş alır. Yavaşca, lap Məhbusi kimi otaqdan çıxırlar.

Telefon zəngi onu bu xəyalat dünyasından ayırdı. Danışan səfir idi. O, tacirlərlə görüşü tez təşkil etməyi lazım bilirdi.

Fon Valter:

– Bu gün başlayıram, – deyib dəstəyi asdı və İfahani ilə görüşəcəyini xatırlayıb, saatına baxdı. Vaxt yaxınlaşırdı. Zəng edib, maşını çağırdı. Nazik yun maldan tikilmiş boz rəngli pencəyini asılqandan götürüb geydi. Həmin rəngdə şlyapanı çırpıb, başına qoydu. Dairəvi güzgüdə bir də özünə baxıb, qara eynəkləri taxdı və otaqdan çıxdı.


Hikmət İsfahani fon Valteri gülə-gülə, rəngi açıq, kefi saz qapıya qədər ötürdü. Hətta astanada durub, bir az dalınca da baxdı. Qayıdıb yerində oturdu. Yumşaq təbəssüm çöhrəsini tərk etdikdə, cəld xidmətçini çağırdı:

– Qəlyan gətir, ağayi Kürd Əhmədi də çağır... Sofi İranpərəsti də.

Kürd Əhməd Bəsrədən iki həftə olardı ki, qayıtmışdı. Hər bazar günü Fridunu gözləmiş, onun gəlmədiyini gördükdə qəlbində bir nigarançılıq baş qaldırmışdı. Neçə dəfə anbar müdirindən soruşmaq istəmişdi. Lakin ehtiyat ucundan susmuşdu. Anbar müdiri də ona bir söz deməmişdi, çünki hər gün beş-altı tanımadığı adam ondan Kürd Əhmədi soruşardı. Bu adamların içində Fridun da onun xatirindən çıxmışdı.

Kürd Əhməd Fridun haqqında müxtəlif təzadlı şeylər düşünürdü. Bəlkə, o, peşman olub, geri çəkilmişdir, xırmandakı hərəkəti də təsadüfi bir qızğınlıq nəticəsidir! Ani bir ehtirasla hər cür qəhrəmanlığa hazır olan, lakin soyuduqda geri çəkilib süstləşən adamlar azdırmı? Belə adamların hərəkətləri sabitlik sevməyən bir hissiyyat üstündə qurulur. Bu hərəkətlərin səbəbi əqli və idrakı dəlillər və əqidələr olmadığı üçün etibarsız və məntiqsiz olur. Fridun haqqında qəlbən o belə bir şübhəyə yol vermək istəyirdi. Bəlkə, Fridun ona inana bilmir, ehtiyat edir. Lakin Kürd Əhmədi bunların hamısından çox narahat edən daha qorxulu bir fikir vardı: bəlkə də, o tutulub, ələ keçmişdir? Belə bir hadisə vaqe olsaydı, sərhəng Səfai mütləq biləcəkdi, o da hikmət İsfahaniyə danışmamış olmazdı. Hikmət İsfahaninin də bu barədə susmağı Kürd Əhmədin başında yeni şübhələr oyadırdı... Bütün bu fikirlər son günlər özü də hiss etmədən onun simasında qeyri-adi kədər yaratmışdı.

O içəri girəndə Sofi İranpərəst ağanın qabağında oturmuş, adəti vəchlə yaltaqlıq maskasını yenə üzünə keçirmişdi.

Hikmət İsfahani Kürd Əhmədi mehriban qarşıladı. Halını soruşdu, “gözümə bir cür dəyirsən, naxoş-zad deyilsən ki?” deyib üzünə baxdı. O, təşəkkür edib, ağanın bu mərhəmətinin səbəbini düşünməyə başladı. Hikmət İsfahani bir yoldaş, bir həmdərdlə məsləhətləşir kimi yumşaq səslə:

– Ağayi mən, – dedi – sizi çağırmaqda məqsədim kömək istəməkdir. Bərkə düşmüşəm. Ağıl isətyir ki, tədbir tökə...

Kürd Əhməd təəccüblə ona baxdı. Sofi İranpərəst də yerində qımışdı. İsfahani onu özünün, doğrudan da, ağır vəziyyətdə olduğuna inandırmaq üçün bir az da səsini yumşaltdı. Süni bir kədərlə dedi:

– Heç belə çətinliyə düşdüyüm olmayıb. Ya görək əqidəmi, insafı büküb qoyam bir tərəfə, ya da iflas eləyib ac-lüt qalam. Birincini ki, eliyə bilmərəm. Kişi də əqidəsini, insafını dünya malına satar?! Ey tövbə, əgər mən məsləkimi ticarətə qurban verəm. O biri tərəfdən iflas etmək də olmaz. Mən iflasdan, ac qalmaqdan qorxuramsa, heç kişi deyiləm. Bu, başımdakı papaq deyil, arvad ləçəyidir. Yox, mənim qorxum çörək qorxusu deyil, namus qorxusudur. İflas etsəm bu Bədr, Nikipur, Manuk Martinlər¹ irzimi, namusumu ayaq altında aparacaqlar. Torpağımı xəlbirnən daşıtdıracaqlar. Nə eləyim, qardaş, sən bir məsləhət ver, bir yol göstər!

Kürd Əhməd ağzını açıb, “heç şey anlamıram, bir deyin görək nə olub” demək istədi. Lakin Hikmət İsfahani ona macal vermədi:

– İş bu yerdədir, bəradəri-mən, – dedi, – ağayi fon Valter indicə qulağıma pıçıldadı ki, bu Bədr, Nikipur, Manuk Martin köpək oğlu, alman və ingilis ticarətxanəsilə gizlicə danışıblar ki, hazırda bazarda xaricdən gəlmə qənddir, çitdir, parçadır nə mal var yığsınlar, ixrac olunacaq nə qədər yun, dəri, yağ, xəz malları var töksünlər bazara.

Başa düşürsən bu nə biinsaflıqdır. Pambıq ilə xalqın boğazını kəsməkdir.

¹ Böyük tacirlər İkinci dünya müharibəsi dövründə faşist siyasətini İranda yaymışlar

Kürd Əhməd bunun bazarda necə böhran yaradacağını, yüz minlərlə kəndliləri, xırda alverçi və yoxsulları dilənçi halına salacağını təsəvvür edib qəzəblə:

– Ağa, buna yol vermək olmaz, – dedi, – kəndlinin indi yunu, dərini, xəzi gətirib satan vaxtıdır. Bizlər də bu tərəfdən bu malları töksək bazara, qiymət birə üç sınacaq. Heç qoyulan zəhmətin ondan birini çıxarmayacaq. O yandan da xarici malı bazardan anbarlara yığmaqla qiymətini eyni dərəcədə qalxızmış olacağıq. Ehtikar başlanacaq. İflas yoxsulluq, aclıq baş verəcək. Çünki malik² onsuz da burda bazarda itirdiyini kənddə kəndlinin dərisindən çıxaracaq...

Kürd Əhməd danışdıqca gözlərini yumub, qəlyanı xortuldadan Hikmət İsfahani birdən ah çəkdi:

– Belədir, qardaş, belədir. Bunlarda nə insaf var, nə vicdan... Bəs biz neyləyək?

Kürd Əhməd həyəcanla:

– Dünyada bazar qurtarmayıb ki, alman almır, ingilis almır, başqasına satmaq lazımdır. Bizə mal verib, mal alan tapılar.

Hikmət İsfahani əlini-əlinə vurub, “bəh-bəh” edə-edə otaqda gəzindi.

– Kişi, mal satıb-alan niyə tapılmır. Biri elə o şimal qonşumuz. Mənim nə borcuma sosialistdir, nədir. Mən ona, qardaş, məslək satıb-almıram ki! Qoy mənim kişmişimi, yunumu, dərimi alsın. Mənə qənd versin, çit versin, maşın versin. Aləm də bilir ki, Rusiyanın çitinə, qəndinə mal çatmaz. Di gəl ki, bizim bu ağalar deyir bolşeviklərnən ticarətimiz tutmaz. Görmədin necə kontraktı pozdular? Hə, indi qal yana-yana görüm. Bolşevikə satmazsan, ingilis, alman gələr, iki ayağını soxar bir başmağa, onu da qoyar sənin boğazına. Xırılda görüm nə qədər xırıldayacaqsan.

Hikmət İsfahaninin 1938-ci ildə İranın Sovetlərlə ticarət müqaviləsini pozmasına işarə edən bu sözləri Kürd Əhmədi düşünürdü. Onlar ona qeyri-səmimi və şübhəli göründüyündən söhbət dəyişdi:

– İndi, ağanın əmri nədir?

Hikmət İsfahani yenə qəlyanı sümürüb, gözlərini yumdu:

– Nə bilim, əzizi mən. Sən de görək neyləyək?

Lakin onun cavabını gözləməyib əlavə etdi:

² Mülkədar

– Yaxşı, deyir ki, tələ qurana gərək tələ qurasan. Dur get Bəsrədən nə gətirmisən ağzını bağla, yığ anbarlara! Orta, xırda tacirdə də nə var, al. Dərini, yunu, xəzi, yağı da tök bazara. – Kürd Əhməd etiraz etmək istədi. Hikmət İsfahani onu danışmağa qoymadı.

– Bir ərzimə mültəfit ol. Sənə dedim ki, mən insafımı satmayacağam. Bir siyasətin dalına bax. Elə ki, ağayi Bədr və Nikipur gördülər ki, biz də malı tökmüşük bazara, daha anbarda bir tikə də vətən malı saxlamayacaqlar, yerini xarici mallarla dolduracaqlar. Onda biz dostumuz fon Valterin vasitəsilə onların anbarlarındakından on dəfə artıq həmin mallardan alıb, tökərik bazara və xarici malın qiyməti birə-beş düşər. Kəndli, yoxsul, qoy istədiyi qədər alsın. Bu andan da bazarda olan bütün dəri, xəz, yun – nə varsa yığıb verərik alman ticarətxanasına. Əlbəttə ki, köhnə qiymətə... Kəndli qoy gətirsin, nə qədər varıdır satsın. O da varlansın, xırda tacir və alverçi də. Qoy onda bilsinlər ki, xalq başsız deyil, onun da fikrini çəkənlər var...

Kürd Əhməd bütün bunların necə olacağını düşünə-düşünə çıxdı. Hikmət İsfahani bütün danışıq zamanı gah onu, gah Kürd Əhmədi təsdiq etdiyinə baxmayaraq, varlığı tamamilə yaddan çıxmış Sofi-İranpərəstə döndü:

– Hə, ağa, sən nə dönüb üzümə baxırsan? Dur get, yaz ruznaməyə, görürsən ki, vətənpərəstlik, azadixahlıq üçün ürəyimin yağını əridib içirəm, get, bu gördüyünün heç olmazsa, onda birini yaz, qoy xalq bilsin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci fəsil

Tehrandan şimala, Azərbaycana doğru uzanıb gələn və çöllərdən, çoxlu kəndlərdən keçən daş yolun qırağındakı çayxanada qeyri-adi bir canlılıq vardı. Çayçı qollarını çırmayıb, yenicə kosdiyi toyuqları pöşləyərək, tükünü yolur, tüstüləyən ocağa odun atır, on üç-on dörd yaşlı oğlan uşağına “samovarın odunu artır, əlimə bir stəkan su tök” kimi əmrlər verirdi. Ocağın üstündə sədri düyüsüylə dolu, yanları his bağlamış böyük bir qazan qaynayırdı. Qazanın ağzından çıxan buğ və düyü iyi ətrafa yayılırdı. Ay qaranlığı başlamışdı. Kələ-kötür ocaq daşlarının arasından siyrilən qırmızı dilli alov gecənin qaranlığını yararaq, nəhayətsiz səhrada itirdi. Ara-sıra bu işıq sütunu sanki dairəvi bir şüaya rast gələrək sınırdı. Bu zaman ocaqdan əlli-altmış addım aralıda bir cüt göz ani olaraq müstəsna bir parlaqlıqla işıldayaraq, yenə qaranlıqda qeyb olurdu. Bu, ət iyi duyaraq çayxananın dalında, yolun kənarında vurnuxan çaqqal gözləri idi. Əllərinə heç bir şey keçməyən çaqqalar hərdənbir ulaşırdılar. Buralarda səhraların əbədi görünən sükutunu pozacaq başqa bir səs, başqa bir hərəkət yox idi. Səhraların bu əsrarəngiz sükutuna adət etmiş çayçı heç şeyə fikir vermir, böyük bir səylə qonaqlara çay və xörək hazırlayırdı. O, nə başının üstündəki mavi göylərə səpələnmiş parlaq ulduzlara, nə ucsuz-bucaqsız çöllərə. nə də təlaşla o yan-bu yana qaçan çaqqallara baxırdı. O, çayxananın yeknəsəq sakit və ölgün bir adiliklə damğalanmış həyatına hərəkət və canlılıq gətirmiş müsafirləri razı salmağa çalışırdı. Qəlbində də insanla ünsiyyətdən doğmuş bir sevinc vardı. Çünki hər gün, ilk axşamdan başlayaraq, buralarda həyat ölərdi. Nə bir gələn, nə bir gedən olardı. Nüdrətən keçən maşınlar da burada dayanmazdılar. Gün batıb, qaranlıq qovuşan kimi o, çayxananın qapısını bağlayıb, mitil yorğanına bürünərək yatardı. Ya çaqqalların ulaşmasına qulaq asardı, ya da mövcudiyyətinə inandığı gözəgörünməz qorxunc ruhlar təsəvvürlərində canlandıraraq, yuxuya gedərdi. Yalnız səhər erkən karvanlar buraya gəlib çatanda o, vahiməli və qorxunc yuxulardan ayılar, samovara od salar, çayxananın ətrafını süpürər, sarbanlara çay verərdi. Gün batana qədər adi və yeknəsəq bir həyat davam edərdi. Gün batdıqdan sonra isə bütün əbədi sükut və hərəkətsizlik içərisində qərq olub gedərdi. Heç şeydə həyat və yaşayış əlaməti qalmazdı. O, yenə mitil yorğanına bürünüb yatar, yenə çaqqalların səsinə qulaq asar, yenə qorxunc ruhları təsəvvüründə canlandıraraq, ağır yuxulara dalardı. Hər gün beləcə!Bu gün isə qeyri-adi gün idi. Bu gün axşamdan çox keçməmiş dörd nəfər müsafir qara bir maşında buraya gəlmişdi. Gecə qalacaqlarını deyib, yaxşıca yemək hazırlamağı əmr etmişdilər. Onlardan biri nizami paltarda idi. Yoldaşları ona ağayi sərtib¹ deyə müraciət edirdilər. Sərtib çayçıya:

22 dəq
Üçüncü fəsil

Tehranın böyük və mərkəzi küçələrindən sayılan və sonra Rza xan tərəfindən adı dəyişilərək, Xiyabani Şah adlanan İstambuli küçəsi adamla qaynaşırdı. Səkilər və mağazaların yanları yorulmadan qışqırıb malını tərifləyən xırda alverçilər və müxtəlif çeşidli adamlarla dolu idi. Daş döşəməli küçədə isə faytonlarla yanaşı hər cür minik və yük maşınları arasıkəsilmədən o tərəf-bu tərəfə hərəkət edirdi. Əsrlərdən bəri davam edib gələn bir adət üzrə faytonçular atların boynuna bəzəkli qotazlar asmış, onları bəzəmişdilər. “Ağa, mənə bir çörək pulu!”, “Ay ürəyi yanan, burdan gəl!”, “Əla Amerika corabı”, “Son cahan xəbərləri!”, “Göbbelsin yeni nitqi” – deyib qışqıran dilənçi, su satan, xırdavatçı və qəzetçilərin səsindən qulaq tutulurdu. Ticarət və şəhər həyatının qızışan zamanı idi. Hikmət İsfahani ətli və böyük vücudunu qəribə bir yüngüllüklə irəli verərək, sanki bu səsləri eşitmədən yeriyirdi. Kənarları sarı haşiyəli cib dəsmalı ilə mütəmadiyən çənəsindən, alnından və boynundan süzülən tər damlalarını silirdi. Əynində nazik mil-mil parçadan tikilmiş kostyum vardı. Başına, onu bir mülkədar və tacirdən daha artıq avropalı səyyaha oxşadan panama qoymuş, gözünə qara rəngli eynək taxmışdı. Yeridikcə əlindəki əsanı qürurla və müstəqil bir hərəkətlə qaldırıb endirirdi. Onu şəxsən tanımayanlar belə ciddi və heybətli zahirini görən kimi yana çəkilərək, baş əyən tanışları panamasını azca qaldırmaqla salamlayır və eyni mütəkəbbir, yavaş və etinasız addımlarla ötüb keçirdi. Sola burulub, ayağını balaca bir qapının birinci pilləsinə qoyduqda adəti üzrə iti bir hərəkətlə əlini gözünün qabağına gətirdi və qolundakı qızıl zəncirli “Omeqa” saatına baxdı. Qan qızaran dodaqlarında özündən razılıq andıran xəfif bir təbəssüm göründü: saat ona on beş dəqiqə işləmişdi. On il ərzində o hər dəfə eyni saat və eyni dəqiqədə ayağını bu pilləyə qoyardı. Hələ bir dəqiqə gecikdiyi və ya tez gəldiyi olmamışdı. Kərpic pillələri çıxıb, dar bir dəhlizə və oradan pəncərələri geniş və güllüçiçəkli həyətə açılan böyük bir otağa keçdi. Xidmətçi baş əyib, qapını açdı və onu içəri buraxdı. O, pencəyini çıxarıb oturdu, üzünü yelləyib tərini sildikdən sonra Kürd Əhmədi çağırmağı əmr etdi və xidmətçinin gətirdiyi bir dəstə qəzet və məcmuəni bir-bir çevirməyə başladı. Gözləri 25 iyun tarixli “İttilaat”ın “Cahan xəbərləri” şöbəsində ilişib qaldı. Burada o, almanların Polşa sərhədlərində və Dansik ətrafında yaratdığı əndişəli vəziyyət haqqındakı xəbərləri nəzərdən keçirdikdən sonra, Göbbelsin nitqini oxumağa başladı. Azca keçməmiş Kürd Əhməd dik başını şax tutaraq, içəri girdi. Hikmət İsfahani ona yer göstərdi:– Əyləşin, ağayi-mən, – dedi, əyləşin və Göbbelsin tələblərinə qulaq asın!

9 dəq
Dördüncü fəsil

Fridun həyatının yeni bir dövrü, məlum olmayan mübarizələr, iztirablar, həyəcanlar dövrü başladığını hiss edirdi. O, artıq qanundan xaric, adi vətəndaşlıq hüquqlarından məhrum bir adam idi. Yeni mühit, dövlət və məmləkət qanunları əbədi olaraq başının üstündə asılmış bir qılınc kimi idi. O, həyatın qeyri-müəyyən və dolaşıq yollarında daima özünü bu qılıncdan gözləməli, boynunu onun ağzına verməməli idi. Bəzən ona elə gəlirdi ki, kənd əmniyyəsinin əlindən qaçmayıb, məhkəmə qarşısında dursaydı, vəziyyəti bu qədər ağır olmazdı. O, özünü müdafiə edərdi. Ərbabın ədalətsizliyi və insafdan xaric hərəkətini hakimlərə açıb söylərdi. Bir tikə çörəyə möhtac olan kəndlilərin ağır və dözülməz həyatını təsvir edərdi, hakimlərin ürəyini yumşaldar, mərhəmətə gətirərdi... Daha dərinlərdə baş qaldıran bir duyğu orada haqq və ədalət vardımı?.. Hakimlər Hikmət İsfahani və mübaşir Məmmədləri qoruyub, onun dəlillərinə qulaq asacaqdılarmı? Yox, qaçmaqdan başqa yol yox idi. Diri-diri boğazını kəndirə keçirmək axmaqlıq olmazdımı? Ancaq şüursuz, hüququnu qanmayan, qorxaq bir adam qanun adına öz taleyini bu alçaq əmniyyətlərin əlinə verə bilər! Onsuz da məmləkətdə hər alçaqlığa dözən, hər təhqirə boyun əyən müti və məzlum bədbəxtlər az idimi?Yox, geriyə yol kəsilmişdi. Onun həyatı nə isə öz hüdudlarını dağıtmış bir çay kimi idi. İndi o başqa məcra ilə axmalı idi. Lakin bu necə məcra idi, hara gedirdi? Onu haralara aparıb çıxaracaqdı, bilmirdi.

17 dəq
Beşinci fəsil

İlk zamanlar Fridun gözləyirdi ki, Kürd Əhməd gəlib ona bir iş düzəldəcək, bir yol göstərəcəkdir. Lakin günlər keçir. Kürd Əhməddən heç bir xəbər çıxmırdı. İki dəfə də həmin ünvana getmiş, hələ Kürd Əhmədin qayıtmadığın öyrənmişdi. Nəhayət, “xalqın boğazına suvaşmaq nəyə gərəkdir” deyib, öz-özünə bir çarə düşünməyə başladı. Darülfünunda hələ dərslərin başlanmasına iki ay qalırdı. Ora daxil ola bilsə belə yenə əlini bir işə çatdırmalı idi. İşsiz nə yaşamaq, nə də oxumaq mümkün idi. Tezliklə özünə bir iş tapmasa saatdan aldığı pul da qurtaracaqdı. O zaman istər-istəməz Sərxangilin boynuna düşəcəkdi. Əlbəttə, buna yol vermək olmazdı. Bir gün belə onların hesabına yaşadığını təsəvvür etdikdə öz-özünə artıq və yaramaz bir şey kimi görünürdü. Lakin Tehranda o özünə necə bir iş tapa bilərdi? Təbrizdə olduğu kimi, ibtidai məktəbdə müəllimlik yeri alsa, yaxşı olardı. Lakin buna ümid az idi. Tehranda ali təhsilli adamların belə işsiz gəzdiyini bilirdi. Halbuki, onun məlumatı orta təhsil həcmində idi. Buna baxmayaraq, evdən çıxdıqda birinci olaraq maarif vəzarətinə getdi və vəzarətin qapılarında oturub söhbət edən, gəzişən, tez-tez girib-çıxan çoxlu müəllim gördü. Onların qeydkeş simaları, bir-birilə olan qırıqkəsik söhbətləri iş dalınca gəldiklərini göstərirdi. Fridun içərisindəki həyəcanı boğaraq, sakit bir görkəm almağa çalışıb, cavan bir müəllimə yaxınlaşdı, yeni təyinat almaq üçün kimə müraciət etmək lazım gəldiyini soruşdu, müəllim başdan-ayağa onu süzüb:– Təhsilin nədir? – deyə soruşdu.

18 dəq

Başqa şairlərin şeirləri